31 dekabr tarixinə keçmədən hər şey alt-üst olmuşdu. Körpüdən qanad açıb qaçmaq istəyən Ay göy üzünün qollarında yuxuya daldı...
Əziz dostum, sənin "ən sevimli dostun" olaraq deyil, bu dəfə sənə yad olan bir şəxs kimi bu yazını qələmə alıram. Sənə qəlbimdə sevgidən çox, böyük bir boşluq hissi var. Bu boşluqda nə nifrət, nə də sevgi var. Səni artıq aylardır ki, görmürəm, bax, yenə bir neçə gündən sonra Yeni ilə qədəm qoyacağıq. Bir saatdan sonra soyuq, tozlu küçədə bir balaca qızcığaz səni gözləyəcək. O, sənə heç nə deməyəcək, amma sən onun gözlərinə diqqətlə bax. Nə görəcəksən, nə hiss edəcəksən, bilmirəm, amma diqqətli ol...
Aybəniz evdə oturub, telefona baxırdı. Bu gün məktəb olmadığı üçün istirahət edirdi. Küçədə hava çox soyuq olduğundan evdə pəncərənin kənarından seyr edirdi. Birdən telefonuna mesaj gəldi. Sinif qrupundan mesaj gəlmişdi. Mesajlar o qədər çox idi ki, oxuyub çatdıra bilmirdi. Birdən Elmardan mesaj gəldiyini gördü:
Salam, Aybəniz. Yeni ilə qədər bizim fotolarımızı silməyini xahiş edirəm. Ümumiyyətlə, nə profildə, nə də statusda qalsın. İstəmirəm.
Aybəniz mesajı oxuduğu an donub qaldı. Gözlərindən bir-iki damla telefonunun ekranına damladı. Sanki o an dünya gözləri önündə fırlanıb, onu dərin bir boşluqda ağuşuna almışdı. Hər tərəf qaranlığa boyandı. Şiddətli şimşəyin səsi də elə buna işarə idi.
Birdən qapı döyüldü. Aybənizin anası otağın qapısını yavaşca açıb, soruşdu:
- Qızım, yemək hazırdır.
- Ana, bir az gözləsək?
- Nolub, qızım? Hər şey yaxşıdır?
- Ana, al bu mesaja sən də bax, məncə, mənim demək istədiklərimi anlayacaqsan.
Aybəniz əlləri əsə-əsə telefonu anasına uzadıb, gözlədi. Gözlərindəki damlalar yanaqlarından yavaş-yavaş süzülərək, yastığına damladı. Anası mesajı oxuduqdan sonra, qızını qucaqlayıb dedi:
- Qızım, bu Elmar ola bilməz.
- Bəlkə biz yaxşı tanımamışıq, ana?
- Sənmi? İnana bilmirəm...
- Mən onu heç vaxt bağışlamayacam.
Aybənizin söylədiyi "mən onu heç vaxt bağışlamayacam" sözü, bəlkə də artıq onların dostluğunun bitdiyi bir yerdə idi. Bu körpü bu gün qırılacaqdı, məhz 30 dekabr 23:35 radələrində.
Ayağa qalxıb, otağından çıxdı. Anası ilə məsləhətləşib, onun mesajına cavab yazıb-yazmamağını soruşdu. Anası isə son qərarı Aybənizin verəcəyini deyib, susdu.
İnsanın yaralarını bir bantla bağladığında keçəcəyini düşünür, amma bəzi yaralar var ki, bunların sağalması qeyri-mümkün olur. Torpaqda ölüm qoxusu hiss etdiyində, insan damarlarında axan qan kimi hər şeyin titrək və qorxulu olduğunu düşünür. Mən bu yaramı bantla bağlasam da, torpaqdakı ölüm qoxusu kimi, xəyanəti çəkib ala bilmərəm. Mənim vücudum sağlamdır, amma qəlbimin hər bir parçası xəyanətə uğradığından qırılıb, sadəcə, bir toz halına çevrilib. Bu toz parçaları o qədər görünməzdir ki, mən yalnız ağrını hiss edirəm. Bunlar yenidən toplansa belə, ağrısını hiss edib, sağaltmaq mümkün deyil.
Səni bağışlayacam, yaxud "heç vaxt" bağışlamayacam deyə bilmərəm, dost. Ancaq unutma ki, 2021-ci il tarixində 30 dekabr sənin adın mənim həyat kitabımdan silindi. İndi sən mənə buludlardakı ulduzlar qədər uzaqsan. Bilirsənmi, mən heç vaxt ulduzları sevməmişəm, çünki o qədər çoxdurlar ki, bəzən sayını itirirəm, eynilə sənin kimi. Mən qaranlıqda yalnızca parlayan Ayı sevirəm və sənə ən ədalətli cavabım da budur. Mən göylərin qızıyam, dost, sənin xəyanətin isə yağış damlalarının torpağı isladıb, sonra da palçıq kimi insanların üstündən keçdiyi qədər boşdur. Bəli, sən bir torpaqsan, amma torpağın altındakı nə budaq, nə də o budağın çiçəyisən. Sən bu gün mənim budaqlarımı qırdın, amma nə yaxşı ki, qırıb, parça-parça etdin, çünki səndən bir parçam qalacağı yerinə, qanadsız göylərə qaçmaq daha ədalətlidir!
Bir gün yenidən görüşəcəyik və sənin həmin əllərinlə toxunduğun torpaqda ağlatdığın qızın göz yaşları olacaq. Bu göz yaşları bir toxum kimi böyüyəcək və hər dəfə boy atdıqca sənə ah-nalə çəkib, deyəcək: mən 2021-ci il, 31 dekabr gecəsini unutmadım, qaranlığın kobud məzlumu! Bəli, sən məzlumsan. Bax, sənə nə alçaq, nə də xəyanətkar deyirəm, mən səni məzlum adlandırıram!
Bu gün bu torpağa göz yaşlarımla birgə səninlə olan bütün xoş xatirələrimi də basdırdım. Ölümdən qorxma, bir gün göylərdə deyil, bu böyük, tufanlı şəhərdə qarşılaşacağıq, əmin ol. Salamat qal, yarım qalan arzularımın kabus dolu ilham mənbəyi!
Aybəniz telefonu açıb, Elmara mesaj yazmaq istədiyində, birdən qapı döyüldü. Qapıya tərəf yaxınlaşıb, açmaq istədiyində dayandı. Qapının gözlüyündən baxanda kiçik bir qız uşağı əlləri ilə bədənini qucaqlayıb, kənarda dayanmışdı. Aybəniz tez qapını açıb, onu içəriyə aldı:
- Balaca, sən kimsən?
- Mən...
- Sən?
- Mən sənə bunu vermək üçün gəlmişəm.
- Bu nədir ki?
- Burax məni, gedim.
- Balaca, məndən qorxma, adın nədir?
- Adım... Adım Ay...
- Ay, məmnun oldum, amma bunu sənə kim verdi?
- Ee... El...
- Qorxma, gülüm, de.
- Elmar...
Aybəniz birdən-birə donub qaldı. Bu balaca qızcığaz kim idi? Elmarın göndərdiyi bu məktub?
- Sən onu hardan tanıyırsan, Ay?
- Göylərdən...
- Göylər?
- Aybəniz, sən bayaq yazdığın məktubu xatırlayırsan?
- Yox, axı mən məktub yazmamışam....
- Çünki sən keçmiş ildə idin. Bundan bir neçə dəqiqə öncə axıdılan göz yaşların quru torpağı islatdı. Sən Elmara olan bütün duyğularını o torpağa basdırdın. Mən isə sənin göz yaşlarının damla-damla toplanıb, göylərdə yaşayan qızıyam, yəni Ay. İndi sən azadsan, Aybəniz, amma Elmarı da azad burax ki, ruhundakı o nifrət duyğusu torpaqdakı qırılan budağı incitməsin...
O qırılan budaq Elmar idi. Bütövləşən ruhu Aybənizə bağlı olan Elmarın budaqları məhz Yeni ilin gecəsi qırılmışdı. Elə dediyi kimi, Yeni ilə birgə addımlayan bu iki dost, indi bir-birinə yabançı bir insana çevrilmişdilər.
Aybəniz gözlərini qapadıb, dərindən nəfəs aldı. Gözlərini açdığında özünü evdə deyil, bomboz, ətrafı duman almış bir küçədə tapdı. Dizləri yaralanmış, saçlarına şamın əriyən parçacıqları yapışmışdı. Ayağa qalxdı, amma nə sağa, nə də sola bir yol vardı. Saçlarına yapışan şam dənəciklərini nə qədər təmizləməyə çalışsa da, amma təmizlənmirdi. Dərindən bir hönkürtü çəkib, qışqırdı:
- Tanrım, saçlarımdakı bu şam dənəcikləri məni çox incidir! Axıdılan göz yaşlarım yanaqlarımı yandırır! Mən onu bağışlayıram, amma onun ruhunu məndən al, azad burax!
- Mən burdayam, Aybəniz!
- Sən!
Aybəniz önündə gözlərini kor edən bir işıq gördü. Bu işıq o qədər bəyaz idi ki, gözlərini kor etdiyi qədər incidir, ağrı verirdi. Bu işıq gözdən çəkildikcə, bir naməlum şəxs ağır addımlarla gəlirdi. Əlində bir təqvim və qlobus vardı. Gözləri bağlı olduğundan kimliyi məlum deyildi. Aybəniz şiddətli yağışda addımlaya bilmədiyi üçün yüksək səslə qışqırıb:
- Sən kimsən? Cavab ver!
Naməlum şəxs əlindəki qlobusu və təqvimi Aybənizin qarşısına qoyub dayandı. Bu, Elmar idi. Onun addım səslərindən bunu hiss etmək olurdu...
- Elmar...
Aybəniz ayağa qalxıb, Elmarın əlindəki qlobusu götürdü. Bu qlobus formasında olan əşyanın ətrafında ikisinin çəkdirdiyi fotolar vardı və hər fotonun üstündə tarixlər yazılmışdı.
Elmar əlindəki təqvimi Aybənizə verdikdən sonra çevrilib getdi. Hər addımında bir qara, sovrulmuş çirkli toz kimi əriyirdi. Addım atdıqca hər toz parçaları toplanıb, bir şama çevrilirdi.
Nəhayət, bu toz parçacıqları bütövləşib, şam oldu. Aybəniz saçlarındakı bəyaz şamları yerə qoparıb atdıqca, bu bəyaz şamlar da bütövləşən qara şamı qucaqlayırdı...
Təqvimin üzərində yazılmışdı:
Səndən "üzr istəməyi" bacarmayan Elmarın hədiyyəsidir, Aybəniz. Artıq həyatının heç bir səhifəsində mənim adım yoxdur. Əgər kölgəmin belə qalmağını istəmirsənsə, əlindəki qlobusu parçala.
Aybəniz qışqıraraq, qarşısında yanmayan şama baxıb, qlobusu önünə atdı. Paramparça olan qlobus birdən alovlanıb, kül oldu. Aybənizin uşaqlıq xatirələri bu qlobusla birgə məhv olub, qaranlığa məhkum edildi...
- Aybəniz!
Aybəniz arxaya çevrilib baxdığında balaca qızcığazın ona tərəf qaçdığını gördü.
- Ay! Sən hardan çıxdın?
- Mən həmişə sənin yanında idim. Aybəniz, keçmişindən qurtuldun!
- Bəs, o saçlarımdakı bəyaz şam dənəcikləri nə idi?
- Sənin yarım qalan sevgin. Elmar sənin sevginin dəyərini bilmədi. Sizin dostluğunuz bu şam qədər yarımçıq idi. Xatırla, 31 dekabr 2021-ci ili...
- Xatırladım, Ay, Elmar gecə 12 tamam olmadan Yeni ildə birgə olmamağımızı söyləmişdi...
- O sənin həyatında heç vaxt dost olmayıb, Aybəniz. İndi bəyaz şam dənəcikləri də o sovrulmuş toz parçalarına qaçıb, səndən qurtuldular. Bu gördüyün qlobus, şəkillər və təqvimsə boş idi. Elmar sənin həyatında nə nifrət, nə də sevgi idi. Bu bəyaz şam və qara şam kimi sovrulmuş toz parçası qədər boş və mənasız idi.
- Yəni, Elmarın daxilində az da olsa, sevgi qırıntıları heç vaxt olmayıbmı?
- Yox, Aybəniz, olub, amma o sənin uşaqlığındakı Elmarda idi. Sənin görmək istədiyin Elmar göylərin qızını sevirdi, amma bu Elmar isə "qaranlıqdakı kabusun nifrətli bir məzlumu" idi. Ondan qurtuldun!
Aybəniz yalın ayaqlarıyla qarşıya addımlayıb, əllərini torpağa basdı. Bu dəfə torpaq yaş deyildi, deyəsən, göz yaşları qurumuşdu. Torpağın üstündə qalan yalnızca bir belini bükən budağın palçığa bulanmış halda olması idi ...
Səni bağışladım, dost! Əlvida, uşaqlığımın ən gözəl xatirəsi! Səni də göz yaşlarımla birgə əfv etdim! Məni incitsən də, indi sənə nə sevgim, nə də nifrətim var. O qlobusdakı şəkillər şam dənəciklərini qucaqlayıb əridikdən sonra, içimdə bir boşluq qaldı. Yalnızca bir səs mənə "Əlvida!" - dedi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!