Rüstəm KAMAL
Şair, şairdən şeir söylə...
Məni bir şairin başqa bir şairin şeirlərini əzbərdən söyləməsi maraqlandırır. S.Vurğunun "Zamanın bayraqdarı"nı şairin öz ifasında plastinkada dinləmişəm. R.Rzanı canlı görmüşəm. B.Vahabzadəni, N.Həsənzadəni, M.Yaqubu, M.İsmayılı, F.Qocanı, F.Sadığı, C.Əlioğlunu, R.Rövşənin şeirlərini öz ifasında çox eşitmişik...
Bu, rus ənənəsidir, yoxsa başqa xalqların mədəniyyətində belə hadisə var? Bilmirəm...
Sovet dönəmində "Melodiya" firmasının buraxdığı disk hələ də gözümün qabağındadır. Diskin üzərinə yazılmışdı! "Yevgeniy Yevtuşenko çitaet Vladimira Mayakovskoqo". Yanılmıramsa, onun söylədiyi Mayakovskinin "Şalvarlı bulud" triptixi idi...
Məşhur uşaq yazıçısı Körney Çukovskinin Aleksandr Blokdan şeir deməsi hamıya məlumdur. Digər uşaq şairi Valentin Berestov Osip Mandelştamın şeirlərini necə ürəklə, sevgi ilə söyləyirdi...
Çox maraqlı təcrübədir! Uşaq şairi "ciddi", "ağır" nəfəsli, dərin fəlsəfə yüklü bir şairi içindən keçirir...
Radioda Andrey Voznesenskinin yubileyində iki müasir rus şairinin - Dmitri Bıkovun və Aleksandr Kuşnerin Andrey Voznesenskinin eyni bir şeirini necə fərqli söylədiyini dinləmişəm. Youtube-də axtarıb tapmaq olar.
Onda düşünmüşdüm ki, bizdə də belə bir təcrübəyə müraciət etmək olardı. Məsələn, Nəriman Həsənzadənın bir şeirini həm Qəşəm Nəcəfzadə, həm Şəhriyar del Gerani söyləsin. Ramiz Rövşənin bir şeirini eyni vaxtda Salam Sarvan və Qulu Ağsəs əzbərdən desin. Vaqif Bayatlıdan bir şeiri həm Fərid Hüseyn, həm də Emin Piri səsləndirsin. Gözlənilməz poetik nitq effektinin şahidi olacaqsınız!
Bu fərqli söyləmə tərzi, poetik deklomasiya hər şairin (şeir deyənin) avtoportretini tamamlayan ştrixlər olub, həm də onların bədii-estetik duyumunu anlamaq imkanıdır. Hətta "qiraətçi" şairlərin müəllifə şəxsi münasibətinə müəyyən qədər aydınlıq gətirmək olar.
Əslində, bir şair başqa bir şairin yalnız şeirlərini oxumur və əzbərləmir, həm də müəyyən poetik tapıntılar edir. Emosional səviyyədə həmin şairin səsini yenidən yaradır. Yox, heç də həmin şairin səs tembrini, intonasiyasını imitasiya etmir - bu, onsuz da mümkünsüzdür və gərəksiz bir işdir, sadəcə mənasız parodiya alınar.
Və məndə belə qənaət yaranıb ki, bir şairin şeirlərini artistlər deyil, şair oxusa yaxşıdır. Əsl şair odur ki, özgənin şeirlərini özünkündən yaxşı söyləyir.
"Xırda şey"
Universitetdə bir sevimli müəllimim vardı - Liya Georgiyevna. Oğlu Pavel məndən bir kurs yuxarı oxuyurdu (Pavel Fokin indi Moskvada tanınmış ədəbiyyatşünasdır), onunla dostluq edirdim.
Liya Georgiyevnanın bir pedaqoji-metodoloji "xəstəliyi" vardı: İntibah ədəbiyyatı ilə yanaşı, həmin dönəmin incəsənətini (memarlıq, rəssamlıq) seçmə fənn kimi tədris edirdi, mövzu ilə bağlı mütləq imtahan sualları salırdı. Dərsdə slaydlar göstərirdi. L.Lazarev, İ.Qrabar, M.Alpatov və başqa tanınmış sənətşünasların kitablarını konspektləşdirməkdən bezmişdik. Həmin konspekt dəftərlərinin bəziləri məndə hələ də durur...
İtalyan İntibahının tanınmış tədqiqatçısı M.V.Alpatov Ambroso Lorensettinin monumental freskaları ilə kiçik rəsmləri arasında paralellər aparmış və belə bir ümumiləşdirmə etmişdi: "Bu rəsmlərin birində dənizin sıldırım sahili, nadir ağaclar, tarla sahələri, evlər və sahilə yan almış tənha qayıq təsvir olunub... Müasir seyrçi özünü möhkəm tutmalıdır ki, şəxsi lirizmini bu rəsmlərə ötürməsin... Mümkündür ki, rəssamın özü həmin peyzajları vətəndaş pafoslu silsiləsi ilə müqayisədə "xırda şey" hesab edirdi (Necə ki, Petrarka ən çox indi unudulmuş "Afrika" poeması ilə fəxr edirdi)".
Sənətşünasın sözünə qüvvət, doğrudan da, Petrarka tarixin yaddaşında epik poemalar müəllifi kimi deyil, böyük lirik şair kimi qalıb.
Müşfiqin "Qaya", "Səhər", "Sındırılan saz" poemalarının sənətkarlıq xüsusiyyətlərindən saatlarla danışmaq olar, amma Müşfiqi yaşadan iki daşın arasında yazdığı, konkret qadına ünvanladığı "xırda şey" - "Yenə o bağ olaydı" şeiridir...
Lev Tolstoy realizmi:
ölümün gözünə baxma sənəti
Lev Nikolayeviç Tolstoy tez-tez rəssam Surikovun ağır yataq xəstəsi olan arvadına baş çəkməyə gedirdi. Bir gün, iki gün... Bu ziyarət bir neçə dəfə təkrarlanır. Yazıçı adətən xəstənin çarpayısı yanında stul çəkib oturur, diqqətlə və səbrlə arvadın necə ölməyini müşahidə edirdi...
Nəhayət, xəstə qadın yazıçının boz və buz kimi soyuq baxışlarına dözmür və qışqırır: "Çıx get! Çıx get, bədheybət qoca!"
Deyilənlərə görə, Tolstoy həmin vaxt "İvan İliçin ölümü"nü yazırmış...
İnsan ömrünün ən gerçək hadisəsi olan ölümdən yazanda da gərək çox dürüst olasan. Yazıçı nədən yazır-yazsın, dürüst olmalıdır - bu, qoca Tolstoyun əsas estetik prinsipi idi...
E.Heminquey də Tolstoyu bu dürüstlüyünə görə çox sevirdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!