Körpü - Seyran SƏXAVƏT

Eyniadlı hekayənin müəllifi Səyyad Arana

- Evin yıxılaydı körpü tikdiyin yerdə!!! Tifaqın dağılaydı körpü tikdiyin yerdə!!! Əllərin quruyaydı!!! Sən buralara gəlib çıxdığın günə daş düşəydi... daaaaşşş!!! Oyyy, oyyy, ooooy... Laydivar kimi balam getdi, Ay Allaaaah... ıhı.... ıhı...

***

Bu kəndin yaşını bilən yox idi, hərənin ağzından bir avaz gəlirdi; biri deyirdi beş yüz il, biri deyirdi min il, üç min il deyən də vardı. Biz də, necə deyərlər, qızıl ortanı götürək: min ili.

Kəndin tən ortasından bir çay axırdı, adı Diztopuqçay idi. Yaşlı adamlar bu çayın adını belə izah eləyirdilər ki, çayın səviyyəsi diznən topuq arasında dəyişirdi, fəsildən asılı olaraq enib-qalxırdı. Kəndin adı Diztopuqçay idi, kəndinən çay bu adı şərikli işlədirdilər.

Dağın ətəyində boy göstərən bu kəndin camaatı mübahisə eləməyi çox xoşlayırdı. Üç-dörd gün bundan qabaq kəndin Ortalıq deyilən yerində yenə qızğın mübahisə gedirdi; camaat iki yerə bölünmüşdü; bir dəstə deyirdi ki, kəndin yaşı böyükdü, bir dəstə də, iki ayağını bir başmağa dirəmişdi ki, çay böyükdü. Axırda yarızarafat, yarıgerçək qərara gəldilər ki, yaxşı, kəndinən çay eynidi: nə siz deyəndi, nə də biz deyən. Təzəcə razılaşıb barışmışdılar ki, çayın tərəfdarlarından biri dilləndi:

- Yaxşı, tutaq ki, çayınan kənd ekizdi, axı burda bir məsələ qaranlıq qalır.

- Qaranlıq heç nə yoxdu, - kimsə dilləndi.

- Var.

- Yoxdu... varsa, izah elə...

- İzah eləyim də, eləyim. Bax, deyirik ki, çayınan kənd ekiz taydılar, yaxşı, bunlar hansı qabaq gəlib, ikisi də birdən olmayıb, ha anadan...

Bu, mübahisə eliyənlərin ağlına batdı, hər iki tərəf təzədən qızışdı, nə qızışdı - bəzən elə olurdu ki, hamı danışırdı, ancaq eşidən yox idi. Mübahisə günbatandan sonraya qədər davam elədi. Axırda qərara gəldilər - qərara gəldilər ki, saxlayaq sabaha, tay gecdi...

Üç-dörd il bundan qabaq kəndin bədən-tərbiyə müəllimi ağsaqqallar adından Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutuna məktub da yazmışdı ki, bəs, siz bilərsiniz, hörmətli alimlər, Diztopuqçay böyükdü, yoxsa, kənd? Akademiyanın o hörmətli alimlərinin birindən cavab gəlmişdi: "Hörmətli vətəndaş, niyə gedib faydalı bir işnən məşğul olmursunuz, işiniz-gücünüz qurtarıb, niyə bizə elmi işlərlə məşğul olmağa mane olursunuz? Bax, mən indi Sizə cavab yazıram, nə qədər qızıl vaxtımı alırsınız. Bir də belə iş görməyin, axırıncı dəfə olsun, hörmətlə baş elmi işçi Qulam Girdimani".

Bədən tərbiyəsi müəllimi də alimin bu cavabını kənd ağsaqqalları üçün təhqir hesab edərək üzü yuxarı şikayət yazmağa başladı - ancaq şikayət elədiyi dörd bir tərəfdən bir dənə də olsun cavab gəlməyib, yəqin gələr, gözləmək lazımdır. Bədən tərbiyəsi müəllimi and içmişdi ki, əgər yuxarılardan cavab gəlməsə, o köntöy cavab verən alimdən də, elə yuxarılardan da birbaşa BMT-yə yazacaq... onlardan da cavab gəlməsə, NATO-ya yazacam - əl çəkən deyiləm. Qoy görsünlər ki, kəndimizin ağsaqqallarını ələ salmaq nə deməkdi.

Diztopuqçay ilin yarısı öz adaşının - Diztopuqçay kəndinin soyuducusu, paltaryuyan maşınıydı, qabyuyan maşınıydı, hamamıydı - təmizliyə aid nə vardısa, hamısı; hələ üstəlik, qoyun-keçisini, atını, ulağını da burda yuyurdu - çimizdirirdi. Çayın əlli-altmış metrliyindəki bulaq isə onun suyuna qovuşub aləm yaradırdı - çayın suyunu bir az da duruldurdu. Çay dərəboyu axırdı. Dərənin dərinliyi otuz-qırx metr olardı, çayın dərinliyi isə, yuxarıda dediyimiz kimi, fəsildən asılı olaraq dizlə topuq arasında dəyişirdi: təbiət insanlara əsəbiləşəndə isə - sel gələndə - nəinki topuqdan dizə, dizdən də yuxarı qalxıb adam boyuna çatırdı; bir-iki gün belə qımıldayandan sonra hirsi yatırdı, lap quzuya dönüb elə sakitləşirdi ki, sanki əvvəl saldığı hay-küyə görə camaatdan, danasını apardığına görə isə Pəri arvaddan üzr istəyirdi. Camaat üzrxahlığı qəbul eləsə də, Pəri arvad qəbul eləmirdi: camaatın nə vecinə, birinin də toyuğunu sel aparmamışdı; ancaq onun o boyda danasını əlindən almışdı, sizə zarafat gəlməsin. Ona görə də Pəri arvadın dilindən yağan qarğış səngimirdi - qarğış seli... Yağış yağanda, güclü yağış sel gətirdi, Pəri arvad qarğış yağdıranda da sel gəlirdi, vahiməli. Ancaq bu qarğış seli heç kəsin danasını aparmırdı, sadəcə olaraq Pəri arvadın ürəyini soyudurdu. Əgər Pəri arvad dilindən yağıştək tökdüyü ah-nalə ilə, qarğışla ürəyini soyutmasaydı, şagirdlərin bayramdakı şarı kimi şişib-şişib partlayardı... Yaxud da sabılcanın içinə qoyulmuş nehrə yağı kimi ürəyi də, özü də əriyib qurtarardı. Pəri arvadı yandıran o idi ki, kənddəki, bəlkə də mindən yuxarı dananın içində selin gözü niyə onun danasına düşdü - ancaq dana çox qəşəng idi, çox...

Pəri arvad fikirləşirdi ki, görəsən, Allahın bu ədalətsizlikdən xəbəri var, yoxsa, yox; qəti qərara gəldi ki, xəbəri yoxdu, xəbəri olsaydı belə şeyə qol qoymazdı. Bir yandan da fikirləşirdi ki, axı, deyirlər, Allahın hər şeydən xəbəri var... Bu fikrin də üstündə çox qalmadı: "bəlkə başı qarışıq olub". Öz aləmində Allahı həmişəki kimi uca tutdu: "şükür məsləhətinə"...

Diztopuqçay camaatı hər şeylə razılaşan deyil. Dünyanın, ölkənin, rayonun, elə kəndlərinin aydan arı, sudan duru vaxtında da bir bəhanə tapıb etiraz eləyirdilər; onlar, necə deyərlər, etiraz eləməyi bacarırdılar.

Böyük kənd idi, necə deyərlər, yeddipara kənddən ibarət idi - yeddi oba, hərəsinin də öz adı vardı. Hərdən böyük şəhərlərin mikrorayonları göz önünə gələndə adam istər-istəməz fikirləşir ki, bu bölgünü kəndlərdən götürüb şəhərlərə calayıblar. Həm də bu, həqiqətdi - axı kəndlər şəhərlərdən çox-çox qədim və yaşlıdı, ahıldı - kəndlər şəhərlərin ulu babasının ulu babasıdı - bu barədə, hətta Diztopuqçay kəndinin camaatı da mübahisə eləyə bilməz - yeri yoxdu.

Yumruq kimi möhkəm və birdi bu kəndin camaatı - bir dəfə bu yumruqdakı barmağın biri azacıq o məsələ, kəsib atmaq istəyirdilər; barmaq adam kimi "diz çökdü", əllərini heç vaxt çatmayacaq göylərə qaldırıb yalvara-yalvara, gözündən yaşı sel kimi axıda-axıda üzrxahlıq elədi, ağsaqqallar - müdriklər dərinə getmədilər, onu bağışladılar; inanın ki, o da gedib pasportunu dəyişdi - doğum gününü kənd ağsaqqallarının onu bağışladığı günə yazdırdı - əlbəttə ki, ili qalmaq şərtilə...

Bu kənddə, lazım gələndə, etiraz da bayraq kimi dalğalanır, yumruğunun boşalan, yaxud boşalmaq istəyən barmağının da taleyinə aydınlıq gətirilmirdi.

Kəndin qoçaq, işlək, qorxmaz, varlı-karlı camaatı bölgədə ad çıxarmışdı. Hələ sovet hökumətindən qabaq da, elə sonralar da bu kənd haqqında bir fikir formalaşmışdı: "Diztopuqçay camaatının kəsdiyi başa sorğu-sual yoxdu". Ancaq bu camaat başkəsən deyildi - çoox mərhəmətli idi. Ancaq onlara qarşı haqsızlıq eləsən, üzü dönür, üzü dönürsə, get ölünü qoy, dirini ağla - yəni öz yerini bilən, özünə hörmət eliyəndilər. Öz yerlərini bildiklərinə görə başqalarının da yerini bilirdilər, özlərinə hörmət etdiklərinə görə də başqalarına hörmət edirdilər...

Bu, bəlkə də dünyada yeganə yaşayış məskəni idi ki, bütün kişiləri, oğulları, yeniyetmələri bir-birini "əmioğlu" deyib çağırırdılar və bu əmioğluluq dildə deyildi - ürəkdə idi, sadəcə olaraq dilə gətirirdilər.

Xeyirdə-şərdə pəpəyeyəndən-məmədeyənə qədər, hamı ayaq üstə olurdu - bir nəfər bütün kəndin torpaq kimi qüdrətli, nəhəng çiynini hiss eləyirdi, çiyin-çiyinə...

Deyildiyi kimi, kənd Diztopuqçayla həmyaşıd idi və yüz illərdi ki, bu kənddə bir dənə də olsun, boşanma olmamışdı - ona görə ki, buranın kişisi də, qadını da öz yerini çox gözəl bilirdi - şahmat taxtası kimi hər fiqur - hər adam öz yerindədi. Bu, çox vacib idi; təsəvvür eləyin ki, şahmat taxtasının üstündə at vəzirin yerindədi, vəzir filin, fil piyadanın, şah da topun - burda oynamaq olarmı? Ən böyük oyun isə həyatdı... İndi oyna görüm, necə oynayırsan, oyna də... Oyna görüm, oyna...

Bir də, indiki dildə desək, o gender bərabərliyidi-nədi, bu kəndə gəlib çıxmamışdı. Daha doğrusu, bir dəfə gecə vaxtı televiziyanın dəstəyi, bələdçiliyi ilə bu kəndə də soxulmuşdu, ancaq gender bərabərliyini bu kənddən iti qovan kimi gecəynən qovdular, dalınca da qara daş atdılar.

...Pəri arvadın kefi kök idi, əli çalırdı, ayağı oynayırdı, kəndin ağsaqqalları ona elə bir dana alıb vermişdilər ki, əvvəlkindən də cantaraq, boy-buxun da ki, öz yerində - danadan çox, gənc kələyə oxşayırdı. Qonşu kənddən almışdılar. Dana arada bir qaçıb öz "el-obası"na gedirdi, qaytarıb gətirirdilər, Pəri arvadın qapısındakı tut ağacına bağlayıb bir-iki gün ac saxlayandan sonra "ağlı" başına gəldi.

Pəri arvad, ağsaqqallar ona dana alıb gətirən kimi fikirləşdi ki, "bax, bu işdən Allahın xəbəri var - axı, o hər şeyi bilir. Dananı sel aparanda da xəbəri olubmuş, yoxsa... Yox, yox, dananı sel aparmağıynan Allahın xəbəri olmayıb, yoxsa, qoymazdı, yox, yox..."

Burda çox gözəl, heç yerdə olmayan bir keyfiyyət də var ki, qonşu kəndlərdə rast gəlməzsən; bir az şahlıq üsul-idarəsinə oxşayır. Məsələn, kolxozun sədri qırx ildən yuxarıdı işləyirdi; ondan da qabaq uzun illər bir başqası kəndə rəhbərlik eləyib. Kəndin baş hesabdarı, ferma müdiri, briqadirləri də uzunmüddətli kadrlardı. Burda belə hesab eliyirlər ki, adamlar uzun müddət işləyib əməlli-başlı təcrübə toplayıblar, gül kimi də işləyirlər və onları təzələrlə əvəz etmək mənasızdır. Camaatın bu yanaşması yaxşı nəticə də verir, kolxoz rayonda qabaqda gedənlərdəndi, adamların dolanışığına da söz ola bilməz, varlı-hallı, sayılıb-seçilən kənd hesab olunur. Qonşu kəndlərin ikisində orta məktəb olmadığına görə onların şagirdləri yeddinci sinfi qurtarandan sonra gəlib bu məktəbdə oxuyur, təhsil alırdılar. Qonşu kəndlərin adamları xəstələnəndə də gəlib bu kəndin tibb məntəqəsinə müraciət edirdilər. İldə beş-altı dəfə bu kənddə açıq havada kolxoz idarəsinin ağ divarında kino göstərəndə qonşu kəndlər xəbər tutar, atlanıb gələr, filmə tamaşa eləyib gedər və səhərisi günü filmi gördükləri kimi - həmkəndlilərinə, əgər məsləhətli olsaydı, arvad-uşağa da danışardılar.

Yəqin ki, siz də azdan-çoxdan Diztopuqçay kəndini tanıdınız. Az qala, yaddan çıxmışdı, bir də, kəndin çox bərəkətli qara torpağı vardı. Buranın dəmyə buğdasından bişən təndir çörəyinin ətri kəndin bu başından o başına qədər gedib hər yana yayılardı; o saat hamı bilərdi ki, kənddə kimsə çörək bişirir. Belə bir söz var, deyərlər ki, əgər çəliyin yadından çıxıb bu kənddə qalsa, bir ildən sonra gəlib görərsən ki, bitib yekə bir ağac olub.

Ancaq bütün bunlarla yanaşı, Diztopuqçay kəndinin atkeçməz işləri də vardı. Özləri demişkən, yaşı yüz illərlə ölçülən bu kənddən keçən eyniadlı çayın üstündən körpü salmaq, nədənsə, heç kəsin ağlına gəlmirdi. Gün ərzində, yalan olmasın, bu çayı o üz-bu üzə, bəlkə beş yüz adam keçirdi; eni on iki-on beş metr olan çayın içinə hər yarımmetrdən bir iri daşlar düzülmüşdü, müəllimlər, şagirdlər, kolxozçular, qonaq-qara, hamısı bu daşların üstü ilə tullana-tullana çayı o tərəf-bu tərəfə keçirdilər. Çayı bu minvalla keçəndə neçə nəfər xəsarət də alıb, iki nəfər daşın üstündən sürüşüb ayağını sındırmışdı, birinin isə dizinin aynası çatlamışdı. Yayda isə qadınlar tumanlarını dizinə qədər qaldırar, kişilər də şalvarını çırmalayıb keçərdilər. Həm də körpüsüz çay adama birtəhər gəlirdi; necə yəni... Çayın üstündə körpü yoxdursa, onu hardan gəldi keçmək olurdusa, deməli, bu çay, necə deyərlər, adlı-sanlı çay deyil də... Araz kimi, Kür kimi...

Hər şeyin vaxtı-vədəsi varmış; günlərin bir günündə Diztopuqçayın da bəxt düyünü yavaş-yavaş açılmağa başladı.

Rayon partiya komitəsinin birinci katibini külli miqdarda yeyintiyə yol verdiyinə görə soxdular qoduqluğa - yerinə təzəsini qoydular: yoldaş Sadıxov.

Yüz qırx mindən artıq əhalisi olan rayon təxminən, ilyarım partiya komitəsinin keçmiş birinci katibini eninə-boyuna müzakirə elədilər, onu söyənlər də oldu, tərifləyənlər, təəssüf eliyənlər də - bir adam hamıya qarşı yaxşı ola bilmədiyi kimi, pis də ola bilməzdi.

- Deyirlər, bir boçka pulu varmış, yarısı çürüyübmüş.

- Əə, o boyda kişi pulu boçkaya niyə yığır ki... yer tapmırdı pulu yığmağa?

- Yıxılana balta vurmaq bizim köhnə peşəmizdi.

- Heyləsini gərək boynunun dalından baltalayasan.

- Niyə? Heylə pis adam da deyildi.

- Əlbət ki, tərifləyərsən də... O, bu rayona gələndən sən də şişib dama dönmüsən.

- Allahsız danışma...

- Görək, bu təzə gələn nağarrajaq ee...

- Köhnə nağarrırdısa, təzə də, türkün məsəli onnan...

- Nə bilirsən əə, bəlkə...

- Dədə-babadan belə görmüşük.

- Əşi, Allah bilən məsləhətdi... onsuz da kim eşşəkdisə, biz ona palan olmuşuq, palan...

Rayon camaatının başı ilyarım ərzində keçmiş birinci katibi müzakirə eləməyə qarışdı. Yoldaş Sadıxov köhnə yollara əl gəzdirir, xüsusilə, rayon mərkəzində səliqə-sahman yaradır, necə deyərlər, bir növ, özünü gözə soxurdu. Rayon camaatı indi qazamatda yatan birinci katibdən qurtarıb keçmişdilər təzə katibə - yoldaş Sadıxova.

- Kişinin oğlu işləyəndi də... nə deyəsən...

- Təki heylə olsun...

- İstəməyənin gözü çıxsın...

- Camaata bir gün ağlasın ee... camaata...

- Gələnnən bəri yeddi-səkkiz körpü salıb, kişinin oğlu.

- Deyirlər, Diztopuqçayın üstündən də körpü salacaq...

- Hə... mən də eşitmişəm.

Elin sözü əvvəl-axır düz olur: aradan heç üç ay keçməmiş, Diztopuqçayın üstündən dörd metr hündürlüyündə bir körpü saldırdı. İndi yuxarıda dediyimiz iri, yastı daşların üstü ilə tullana-tullana o tərəf-bu tərəfə keçən adamların hamısı yoldaş Sadıxovun ölənlərinə rəhmət oxuyurdu. Gəldiyi gündən rayon ərazisində xeyli körpü saldırmışdı - indi rayon camaatı ona "körpü Sadıxov" deyirdi. Yoldaş Sadıxov partiya və təsərrüfat fəalları qarşısında da körpüdən, onun əhəmiyyətindən, bəzən bir az da dərinə gedib körpünün tarixi əhəmiyyətindən danışırdı:

- Dağətəyi rayonlarda tikilən hər bir körpünün tarixi əhəmiyyəti var. Çayın bu üzündən o üzünə necə keçmək olar, yoldaşlar, körpü ilə... bəs çayın o üzündən bu üzünə necə keçmək olar, yenə körpü ilə... Bu zərurətdən doğan körpü quruculuğu geniş vüsət almaqdadır, yoldaşlar... - Və biz bu günə qədər saldığımız körpülərlə kifayətlənməməliyik, yoldaşlar. Hətta rayon ərazisindən keçən, suyu qurumuş iki çayın üstündən də körpü salmalıyıq. Durub gözləməməliyik ki, su gəlsin, sonra körpünü salaq. Biz bunu bəri başdan eləməklə hadisələri qabaqlamış oluruq...

...Pəri arvadın oğlu qabağına bir çaynik çay qoyub gününü kolxoz həyətinin sağ tərəfindəki kababxanada keçirirdi; o gününü orda keçirirdisə bu, o demək deyildi ki, bütün günü kabab yeyirdi, bəzən elə olurdu ki, gün ərzində dilinə bir tikə quru çörək də dəymirdi. Heç harda işləmirdi. Anası dünyanın xam vaxtlarında rayon mərkəzindəki corab fabrikində partkom işləmişdi, onun aldığı təqaüd, bir də qapıdakı toyuq-cücə, qoyun-quzu, bir baş da sağmal inək onların başından girib ayağından çıxırdı. Bu gün-sabah qırx yaşı tamam olacaqdı, ancaq hələ evlənməmişdi. Boyu iki metrə yaxın olardı - bəlkə də iki metrdi; quru ağac kimi nazik, çəlimsiz idi. Saçlarını uzun saxlayaraq heç vaxt daramazdı - pırpızaq idi; uzaqdan baxanda Pəri arvadın oğlu gəzən ağaca oxşayırdı. Yaxşı səsi də vardı, kababxanada onu oxudub əvəzinə araq və yemək verirdilər; pul götürmürdü - guya özünə sığışdırmırdı.

Bu gün də əli yaxşı gətirmişdi, Sumqayıtda zavodda işləyən kənd uşaqlarından üçü gəlmişdi, yaxşıca yeyib-içdilər, Pəri arvadın oğlunu da "bəs" deyincə oxudub içirtdilər - feyziyyab oldular. Onun "Şur" üstündə oxuduğu "içki can sağlığının düşmənidir, gəl içək, canımızın sağlığına" misraları kəndin Sumqayıtdan gələn cavanlarına bərk ləzzət eləmişdi. Pəri arvadın oğlundan xahiş eləmişdilər ki, o şeiri yazıb onlara versin. O da demişdi ki, sabah günortaüstü burda görüşək yazım, verim - əl yeri qoymuşdu...

Gün batmaq üzrə idi. Pəri arvadın oğlu, yanında da Sumqayıtdan gələn cavanlar evlərinə tərəf gedirdilər ki, qaranlığa düşməsinlər. Üç nəfərdən biri əlindəki kağızı oxuya-oxuya əzbərləyirdi: "İçki can sağlığının düşmənidi, gəl içək canımızın sağlığına." O biriləri də qulaq asırdılar ki, yadda saxlasınlar.

Pəri arvadın oğlu qabaqda gedirdi, Sumqayıtdan gələnlər isə yan-yana onun dalınca gəlirdilər - araları beş-altı metr olardı. Pəri arvadın oğlu yolun ortasından kənarına çəkilib əlini körpünün məhəccərinə söykəyib dayandı, qəfil başı gicəlləndi, yerində bir-iki dəfə ləngər vurandan sonra uzun, arıq olduğuna görə, təxminən, dizi hündürlüyündə olan məhəccər onu saxlaya bilmədi, üç nəfərin gözünün qabağında çaya yıxılıb necə bağırdısa, heç kəs inanmazdı ki, bu səs o arıqlıqda adamdan çıxdı.

Pəri arvadın oğlunu xəstəxanaya çatdırdılar. Həkimlər dedi ki, qorxulu bir şey yoxdu, ölməyəcək... ancaq ola bilər ki, şikəst olsun... bəlkə heç şikəst də olmadı...

Keçmiş partiya təşkilat katibi, rayon mərkəzindəki corab zavodunun partkomu əlindəki açarı fırlada-fırlada, qarğış eliyə-eliyə özünü kəndin bədən tərbiyəsi müəlliminin evinə saldı:

- Birin Bakıya, birin Moskvaya, birin də BMT-yə yaz. Sadıxovdan şikayət yaz... Yaz... yaz... yaz ki, yoldaş Sadıxov çayın üstündə körpü salmasaydı... hə... mənim də laydivar kimi oğlum ordan yıxılmazdı. Evin yıxılsın, ay yoldaş Sadıxov, körpü tikdiyin yerdə!!! Tifaqın dağılaydı!!! Əllərin quruyaydı!!! Sən buralara gəldiyin günə daş düşəydi... daaaşşşh!!! Oyyyy... Oyyy laydivar balam oooooyyy... Ay Allah... ıhı... ıhı... ıhı...

Rayon partiya komitəsinin birinci katibi uzun müddət işlədi və bu rayondan çıxıb gedəndən üç-dörd ay sonra bədən tərbiyə müəllimi hardansa eşitmişdi ki, bəs yoldaş Sadıxovun bacanağı Bakıdakı Layihə İnstitutunda körpüsalma şöbəsinin müdiri imiş...

Bu gün rayon ərazisində salınmış körpülərin çoxunun altından su keçmir, yay vaxtı camaatın qoyun-keçisi körpünün altında kölgələnir...

Şabran, oktyabr 2024


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!