220 nömrəli otağa gedin! - Turan UĞUR

Turan UĞUR

220 nömrəli otağa gedin!

- Bilirsiniz niyə? Çünki bunu hər birimizdən yazıçı

Yusif Səmədoğlu istəyir. Nəsihətə əməl edərlər, elə vəsiyyətə də...

Uşaqlığı kitablar arasında keçən - bala Yusif, dünyanın ən rahat adamı, ölkənin ən demokrat redaktoru - Yusif müəllim, fotonu dəlicəsinə sevən - sənətkar Yusif, təpədən-dırnağa kimi qatqısız, xalis insan - nasir Yusif, ən mötəbər kürsülərdən yeri gələndə, ən sərt sözləri deməyi bacaran - bəy Yusif.

"Qətl günü" ilə prozamıza ikinci nəfəs bəxş edən - yazıçı Yusif.

Səməd qağanın oğlu - Yusif, simsarlarını, yaxınlarını "qaqulya" çağıran Yusif, Aybənizin, Vaqifin qardaşı - Yusif, Mehribanın, Humayın atası - Yusif, Vəkilovların ədəbiyyatımızdakı vəkili -Yusif Səmədoğlu, yolunuz hayanadır?

Bizim yolumuz 220 nömrəli otağadır, bəs sizin?

Allahın bizə verdyi pay idi Yusif Səmədoğlu, amma bir gerçək var ki, o payı öncə Səməd Vurğuna, Xavər xanıma

25 dekabr 1935-ci ildə bəxş eləyəcəkdi. Bəs necə, "öncə evin içi, sonra çölü" deyiblər. Biz çölük, Səməd Vurğun, Xavər xanım, Aybəniz, Vaqif isə ev idi.

- O evdə nələr vardı?

- Şair evində nə olmalıydı ki?! Kitablar, ədəbiyyat eşqi, fotoaparatlar, sənətə aid hər şey vardı, sənətdən uzaq isə heç nə. Ən əsası isə, "söz" var idi. Baxın, söz olan yerdə axar sular dayanar. Ona görə də hələlik mən də susuram.O sözlərdən bir atalar sözü düzəldib, essemin əvvəlinə hörməyin naminə. Dərd də azar kimi gələndə batmanla gəlir.

220 nömrəli otağa gedin!

Öncə Konservatoriya nəzdindəki onillik musiqi məktəbinin skripka sinfi, sonra 44 saylı məktəbdə təhsil illəri, daha sonra-canım sizə desin, Qorki adına Ədəbiyyat İnstitutunda tələbəlik illəri gözləyirdi Yusifi. Konstantin Paustovskinin sinfində təhsil alan Yusifin Yevgeni Yevtuşenko, Bela Axmadulina, Robert Rojdestvenski kimi tanınmışlarla tanışlıq illəri, institutun 4-cü kursundan Azərbaycan Dövlət Universitetinin 5-ci kursuna köçürülən Yusifin atasız illərdəki qayğıları, Bakı həyatı... "Kommunist" qəzeti, "Azərbaycan" jurnalı, C.Cabbarlı adına kinostudiyada məsul işlər, ssenarilər və s. Yuxusu çin olmuşdu ünlü yazarın, muradı gözündə, murazı könlündə qalmamışdı.

220 nömrəli otağa gedin!

Özü demiş, "dünya alkoqolizminin paytaxtı" Moskvadakı təhsil onun ümidlərini bir az da közərtmiş, sırf nasir kimi yetişmək üçün heç bir maneə qalmamışdı. Dəlləyi müştərisindən çox, yazıçısı oxucusundan bol olan bir ölkədə nasir olmaq, hekayələri ilə sevilmək gənc Yusifin əyninə biçilmişdi sanki. Səməd Vurğunun oğlu kimi hansısa ad-sanın kölgəsində daldalanmayan ustad bir yazıçı yetişirdi 60-cı illərdə. İsmayıllı dərələrində adamı qəfil yaxalayan sel kimi o da ədəbiyyatı yaxalamışdı. Haqqı da vardı. "Qalaktika", "Astana",

"Saat işləyir", "220 nömrəli otaq" kimi hekayələr gələcək

"Qətl günü" üçün qətl deyil, doğuluş olacaqdı.

220 nömrəli otağa gedin!

Burun pərələri titrəyən, qan iyi alan Zülfüqar kişinin yuxusunu qaçırdan qotur canavar hər bir insanı ölüm yatağında xırpalayar.

- "Nahaq öldürdüm Sarıca oğlu Məhəmmədi"

96 yaşlı Zülfüqar babanın 1921-ci ildə öldürdüyü uryadnikin ahı qocanın ölüm yatağında sinəsindən qopan ahla əkiz kimi görünər.

Elə yaşamaq lazımdır ki, başqasının qətlinə verdiyimiz fərman bir gün də öz qətlimiz üçün icra edilməsin. O haqq-hesab kitabını qapatmaq bizim əlimizdə deyilsə, əllərimizi tətiyə basanda ehmalca olaq, lütfən.

Yusif Səmədoğlu heç bir çərçivəyə sığmayan, hansısa iş rejiminə uymayan, rahat adamlar üçün rahat, nataraz adamların aləmində isə narahat olan birisi idi. Atası

Səməd Vurğuna, qardaşı Vaqifə xas yumor onda da vardı. Özü də artıqlaması ilə.

Doğrudur, hikkəsi sifətini suvayanda Yusif əsəbi də olardı. Fəqət, bunu nə vaxt görərdik? Kimsə ona yaş odun satanda, naqis iş törədəndə. Ümumən isə ürəyiyuxa, istiqanlı, sadədil və rəhmdil idi Yusif, kefi istəyəndə, təbi şahə qalxanda yazar, həvəsi olmayanda susardı. Ömür-gün yoldaşı Nəmidə xanım soruşanda ki,

- "Yusif yazırsan?"

- "Bu axşam yazacam" deyərdi.

Neyləyəsən ki, yazıçının işi sözlədir, o da hər zaman sözə baxmaz. Neyləyəsən ki, Vəkilovların yuxudan ötrü sinov getmək şakərini az qala bütün el-oba əzbər bilirdi. Buna rəğmən, bəzən gecə səhərə kimi yazanda, külqabıda siqaret kötüyünü saymağa barmaqların sayı yetərli olmazdı, siqaretini müştüyə dürtüb çəkərdi, hey çəkərdi...

- Sayıram:

- 40 siqaret kötüyü,

- 45 siqaret kötüyü,

- 50 siqaret kötüyü,

Bir də səhər ayılıb görərsən ki, nələr yazılıb, nələr:

"İncə dərəsində yaz çağı", "Bayatı-Şiraz", "Foto-fantaziya", "Yaddan çıxmış sözlər" , "Saat işləyir"...

Elə bizim də saatımız işləyir, 220 nömrəli otağa varmaq üçün.

Moskvada "Mərkəzi Ədiblər Evi"nin uzun-uzadı dəhlizlərindən keçəndən sonra məşhur bir restoran görünür. Günlərin bir günü Yusif müəllim, yoldaşı Nəmidə xanım, bir də dostu Azər Mustafazdə restoranın yuxarı başında oturublar. Yazıçı Seyran Səxavət də onlara qoşulsa, bəd olmaz. Doğrudur, xudmani bir məclis olar, kimlər gələr o zaman, kimlər: Yevgeni Yevtuşenko öz dəstəsini yığıb restorana gələr, xüsusi salamlaşar Yusif Səmədoğlu ilə. Nə desə, gözəl deyər şair Jenya:

- "Ooooo Yusif Sammedoviç, krasavçik moy...A ya dumayu poçemu vse jenşinı smotrit tolko v odnu storonu - v storonu moeqo druqa..

- Hələ Oljas Süleymenov da gəlib Yusif Səmədoğlu ilə səmimi qucaqlaşıb görüşsünlərmi?

- Görüşsünlər!

Üstəlik, Oljas Yusifi qucaqlasın da. Əla, qardaş belə olar, zatən. Yusif Səmədoğlu harda vardısa, sıcaqlıq, doğmalıq, hənirti vardı. Yol getsəydi yolda, restoranda otursaydı restoranda hər yerdə pərvanə kimi onun başına yığışardılar. Yeri gəlmişkən, Yusif Səmədoğlu şam deyildi haaa, ədib idi.

Ömründə bir bənd şeir yazmağa cürət etməyən, ailəsi üçün bütün yazdıqlarını qurban verəcək qədər səxavətli olan, dövlətdə də, elə övladda da nəvə - deyən, qızları Mehribanın, Humayın, doğma xalqının uğrunda yazıb-yaradan, "20 Yanvar" gecəsində ulusunun səsini bütün bəşərə titrək səsi ilə çatdıran Yusif Səmədoğlunun vəsiyyətini mütləq yerinə yetirəcəm, 220 nömrəli otaqda nəyimiz qalmış, əcəba?

"Moskva. İyul ayının sonu.

Axşam yeddinin yarısıdır. Mən tələsməliyəm. Çünki çoxdan bəri görüşmədiyim dostlarımın yanına gedəcəyəm. Saat 7-yə 15 dəqiqə qalanda pencəyimi geyib küçəyə çıxıram.

Bilmirəm, niyə tramvay səkkizmərtəbəli binanın qarşısında dayanan kimi, ürəyim döyünməyə başladı. Bir müddət tramvaydan düşməyə belə tərəddüd elədim.

Binaya yaxınlaşan kimi ilk andan nəzərimi qapıya vurulmuş enli qara lövhə cəlb etdi: "Tələbələr yataqxanası".

220 nömrəli otağa girən kimi üstünə araq butulkaları, konserv qutuları, qədəhlər düzülmüş balaca masanın yanında çəngəl-bıçağı silən Elmarı gördüm"

(Y.Səmədoğlu: 220 nömrəli otaq)

Təsəvvür edək ki, bir anlıq da olsa, xəyalən, 220 nömrəli otağın qarşısındayıq. Uçuq-sökük yataqxana otağıdır bura. Bu dəfə içəri girəcəyik. Bəs nə var içəridə? Divardan asılmış, sədəfi qaralmış tar var, üstünü toz basıb, nə vaxtdır ələ götürülmür. Sanki tarın simləri də küsüb öz sahibindən. Bu dəm

220 nömrəli otağın bizə deyəcəkləri çox olacaq.

"Küçəyə çıxdım. Gecə zülmət kimi qaranlıq idi. Beynimdəki dəhşətli uğultu sanki başımı partlatmaq istəyirdi. Qulaqlarımda daim kefli Elmarın son sözləri səslənirdi:

Bizdən Azərbaycana salam!

Necə? Sizdən salam! Azərbaycana?! Mən sizlə duz-çörək kəsdiyimə görə Azərbaycana çatan kimi üzr istəyəcəm.

Səhər-axşam başı dumanlı olan dağlardan üzr istəyəcəm.

Ələsgərin, Xəstə Qasımın, Abbasın yanıqlı sazından üzr istəyəcəm.

Sonra isə Bakıda, Azərbaycanın hər şəhərində, hər kəndində hər yoldan ötəni saxlayıb bu sözləri deyəcəm:

- Gedin, onları axtarın, tapın! Onlar 220 nömrəli otaqda yaşayırlar! Qorxmayın, onların üzünə tüpürün!"

(Y.Səmədoğlu: 220 nömrəli otaq)

Hədəfimiz bu otağı bulmaq idi. Sədəfi qaralmış tar daim dillənməlidir, simlərini toz basmış bu tara toz yaraşmır, Elmarın, İslamın, Nikanın tənəli, məsxərəli baxışlarına bu tarın ötməsi cavab olacaq.Yusif Səmədoğlunun arzusu idi bura gəlmək. Gəldik, siz oxucularla birgə xəyallarımızda gəldik. Nizami, Füzuli, Sabir şeirinin hər bir sevdalısı buranı tapmalıdır, mənəviyyatımıza aşina olan hər kəs bir dəfə bura gəlsə, gözəl olmazmı?! Ey yurddaşlarım, 220 nömrəli otağa gəlin, mən də burdayam. Azərbaycana ağız büzən adamları söz qurşununa tutmaq üçün deyil, Yusif Səmədoğlunun ruhu xətrinə, bir də sədəfi qaralmış tarımızın dillənməsi naminə.

Qeyd: Azərbaycana, doğma Bakıya xor baxan, Yusif müəllimin bivec tələbə yoldaşlarına göstərildi ki, o tar divarda qalmağa layiq deyil, əksinə, xalqımız tarı hər zaman oxşamış və sevmiş, onu uca tutmuş. Buna görə Yusif Səmədoğlunun

"220 nömrəli otaq" hekayəsi bizim üçün yol xəritəsi ola bilər.

(Essemdə Yusif Səmədoğlunun

"220 nömrəli otaq" hekayəsinə

və yazıçı Seyran Səxavətin "Qaçaqaç" romanına söykənmişəm)

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!