- Dur o təzyiqölçəni gətir, deyəsən, zəhrimar yenə qalxıb. Başımı üstümdə güclə saxlayıram.
- Ölürəm ee, dur, özün gətir. Görmürsən, bayaqdan çayı çaya calayıram? Dilim-dodağım təpiyib. Ta özünə qulluq eləməyi öyrən. Məndən sənə haray yoxdur.
Kişi heç nə demədi. Ayağa durub pilləkənləri endi. On-on beş dəqiqə sonra əlində dərmanla geri qayıdıb bayaqkı yerində əyləşdi. Arvad hələ deyinirdi. Deyinməkdən çox gileyini Yaradana eşitdirirdi:
- Bir xoş günüm olmadı, canım sağlam olanda yeməyə çörək tapmadım, çörək tapanda sağlamlığım olmadı ki, dünyanın nemətlərindən dadım. Şəkər tapmadım, çayla içəm, indi canımda şəkər gəzdirirəm. Şəkər deyil ee, zəhərdir, zəhər.
- Bəsdir, az deyin. Hərənin bir qisməti var.
Kişi onu alın yazısı ilə sakitləşdirmək istəyəndə arvadı od götürdü:
- Qurban olduğum gərək hər zülmü mənim alnıma yazaydı? Bir parça kağız tapmadı istədiklərini ora yazsın?
Bayaqdan danışmayacağını öz-özünə qərarlaşdıran kişi arvadının axırıncı sözünün təsirindən səsinin tonunu yüksəltdi:
- Ay savadsız, - dedi, - alın yazısı deyəndə, Yaradanın alnımızda əyləşib cızma-qara etməsi nəzərdə tutulmur.
- Sən Allah, başlama yenə diplomunu gözümə soxmağa.
Buyruğuna getmədiyi üçün hirsləndiyi arvadını acıladığına görə ürəyində sevindi: "Sənə bu da azdır".
Həyət darvazasının səsi onu şikayətini yarıda kəsməyə məcbur etdi. Bütün gün eyvanda əyləşib bir-birinə tamaşa edən, hərdən də deyişən ər-arvad həyətdən gələn səsə tərəf eyni anda boylandılar. Qeybdən gəlmiş kimi həyətin ortasında bir qadın peyda olmuşdu. Əlində gətirdiyi böyük torbaları yerə qoyub ona yuxarıdan-aşağı baxan ər-arvada yalvarıcı tonla dedi:
- Yaxşı "dvuxspalnı" örtüklərim var, istəyərsiniz?
Maraqlı bir şey olmadığını görən kişi dinməyib, yönünü çevirib getdi. Arvad bayaqkından betər odlandı. Canının ağrısından üzündən, dilindən yağan zəhəri səyyar satıcının üstünə tökməyə başladı. Yaradanın cavabsız qoyduğu sualları buraxıb vəziyyəti alverçi qadına təsvir etdirəcək suallar yağdırdı:
- Bura bax, ey, "dvuxspalnı" örtüyü satılası adamlara oxşayırıq? Görmürsən, hərəmiz bir yanda zarıyıb canımızın hayına qalmışıq? Odur, ey, yan-yörə doludur cavan ər-arvadla, apar, onlara sat. Bizim "dvuxspalnı"da yatan vaxtımız çoxdan keçib.
Alverçi qadının deməyə sözü qalmadı. Torbalarını götürüb üzbəüz darvazaya yaxınlaşdı. Qolundakıları yerə qoyub alnının tərini sildi. Darvazanı çəkinə-çəkinə bir neçə dəfə döydü. Bayaqkı qadından qorxmuşdu deyə, düşünürdü ki, bu dəfə də yaşlı qadın çıxar, ona acıqlanar. İçəridən gənc qadın çıxanda bolluca alver edəcəyinə ümidi artdı. Əşyaları tələsik onun qarşısında dizlərinin üstünə tökdü:
- Bax, qızım, gör nə qəşəngdir. Cavansan, al, keçir yorğanının üzünə, canına dinclik yayılsın.
Gənc qadın onun sərdiyi güllü yataq dəstlərinə baxıb dərindən köks ötürdü:
- Eh, ay xala, bu gün-sabah boşanırıq, "dvuxspalnı" örtüyü alası kefim yoxdur.
Bu dəfə də alver etmək istəyinə çatmayan qadın qarşıda gedən gənc oğlanla qızın arxasınca birnəfəsə yüyürdü:
- Ay sizi xoşbəxt olasınız! Yəqin, yaxınlarda toyunuz olacaq. Baxın, bu gözəl dəsti alıb, üstündə bir-birinizə sarılıb yatın.
- Bibi, o dəsti almağa hələ çox var. Gərək əvvəlcə ev alaq. Hələ başımızı təpməyə bir otağımız yoxdur.
Sanki gəncin sözlərindən yollara qayğılar töküldü. Qadın onların arxasınca xeyli baxdı. Elə bil baxışları ilə o qayğıları bir-bir yerdən yığıb üz-gözünə düzdü. Axşam düşürdü. Heç nə sata bilməmişdi. Kor-peşman əşyalarını yığıb evinə tərəf üz qoydu. Yolboyu dodağının altında deyindi:
- İlahi, indi mən "dvuxspalnı" dəsti satmağa bir ailə tapmayacağammı?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!