Hekayə
Zakir axşamüstü işdən qayıdırdı. Çox yorğun görünürdü. Əlindəki boş yemək torbasını yelləyə-yelləyə həyət qapısına yaxınlaşırdı. Arvadı Züleyxanın səsi həyəti başına götürmüşdü. Hətta yol ilə keçənlər də eşidə bilərdilər.
- Səni görüm ciyərin yansın... Qapı-bacada cücə qalmadı. - Züleyxa dəyirman kimi üyüdür, bir ucdan deyinirdi. - Kor qalmış bu pişik hardan gəlib buraları tanıdı? Səni görüm...
- Aaz, bir dayan görüm... - Səsə ayağını yeyinlədib özünü həyətə salan Zakir arvadına təpindi. - Aaz, havalanmış qarı kimi nə səsini başına atmısan? Demirsən yolnan keçib-eliyən olar, eşidər? Heç ayıb deyil?
- Nağayırım? - Züleyxa geri çəkilmədi. - Yanıram axı... Əlimlə yem verib böyütdüyüm cücələri daşıyıb apardı. Qalmadı e... İdarənin pişiyi dadanıb qapıya, gündə birini aparır.
Zakir bir il olardı ki, bura köçmüşdü. Adına "idarə" dedikləri uzun hasarlı bir müəssisənin yanında həyət evində yaşayırdılar. Kənddəkinə nisbətdə yığcam, xudmani həyət-bacası vardı. On-on iki gün qabaq gedib quş bazarından iyirmi cücə almışdı ki, arvadı saxlasın. Broyler toyuq əti yeməkdən ağzının dadını itirmişdi.
- Neçəsini aparıb çər dəymiş? - Özünü cəmləşdirib soruşdu, elə bil bu dəqiqə gedib tutacaq, boğazını cücə boğazı kimi üzəcəkdi.
- Bu günküynən on dördü getdi. - Züleyxa əlini yelləyib gileyləndi.
- Bəs bunu mənə niyə indi deyirsən?
- Guya birinci cücəni aparanda desəydim, qulağından tutub ağaca mismarlayacaqdın? - Arvadı narazı-narazı başını yelləyib gileyləndi.
Zakir dinmədi, doğru sözə nə deyəsiydi?! Başını aşağı salıb nəsə fikrə getdi. Ərinin susduğunu görən Züleyxa sözünə davam elədi:
- Sənin kimi fəhlələrdi də, gətirib sür-sümüyü atıb pişiyi cücə ətinə öyrəşdiriblər.
- Ağzının danışığını bil! - Zakir arvadına çəmkirdi. - Biz broyler toyuğun sür-sümüyünü atırıq.
- Yaxşı qazanın, broyler toyuq əti yeməyin, kənd çolpası alın.
- Elə ona görə kənd cücəsi almışam də... Görmürsən, broyler yeməkdən ağzımızın dadı da qaçıb. - Zakir arvadının atmacasını cavablandırdı. - Sənin də işinin adı nədir? Cücələrə bax, pişik gəlib aparmasın.
- Day mənim heç bir işim-gücüm yoxdu. - Züleyxa əllərini yelləyib gileyləndi.
Bir az da mübahisə edib dayandılar. Yekun qərar belə oldu. Həftənin sonuna kimi Züleyxa cücələri pişikdən qoruyur, bazar günü də Zakir güdüb pişiyi güllə ilə vuracaq.
Zakirin təklülə ov tüfəngi vardı. Yaxşı ata bilməsə də, hərdən üzü dağlara tərəf dovşan ovuna çıxardı. Hələ vurduğu olmasa da, ümidini üzməmişdi, əlbət, bir gün vuracaqdı.
Şənbə günü Zakir işdən qayıdanda arvadı onu "muştuluqladı":
- Cəmi bircə cücə qaldı.
- Sənə tapşırmışdım axı...
- Nağayırım? - Züleyxa əllərini yellədi. - Girdim evə ki, bir qurtum su içim, çıxdım gördüm apardı. Ha qışqırdım, xeyri olmadı.
- Yaxşı, daha keçib. Sabah onun işini həll edərəm. - Zakir əminliklə bildirdi.
Ertəsi gün Zakir tək qalmış cücəni ayağından ağaca bağladı. Qabağına dən tökdü, su qoydu. Özü də kənarda başqa bir ağaca söykənib pişiyin gəlməyini gözlədi. Ha gözlədi, pişik gəlib çıxmadı. Günorta oldu, pişik yenə gəlmədi. Zakiri yuxu apardı. Az yatdı, çox yatdı, xəbəri olmadı. Bir də cücənin çığırtısına yuxudan oyandı. Baxdı ki, pişik cücəni ağzına alıb dartışdırıb ipi qırmaq istəyir. Tüfəngi tuşlayıb çaxmağı çəkdi.
- Part!
Güllənin səsi Zakirin özünü silkələdi. Durub onlara tərəf yüyürdü. Bunu görcək pişik cücəni buraxıb qaçdı. Zakir ağacın dibinə çatıb nə görsə, yaxşıdı? Cücə ölmüşdü.
Səsə Züleyxa evdən çıxıb hayla, küylə onlara tərəf yüyürərək gəldi.
- No-oldu, ay Zakir? - Elə yüyürə-yüyürə soruşdu.
- Daha nə olacaq? - Zakir çiynindən ağır yük götürülmüş kimi arın-arxayın dilləndi. - Bu gündən canımız qurtardı.
- Ciyəri yanmışı vura bildinmi? - Züleyxa ərinin sözünü tam anlamadığından dəqiqləşdirmək istədi.
- Vurmağına vurdum, ay Züleyxa, arxayın ola bilərsən. - Zakir uzada-uzada izah elədi. - Ancaq pişik qaçdı, cücə öldü.
- Day denən cücəni vurmuşam də. - Arvadı narazılığını bildirdi.
- Sən heç narahat olma. - Zakir diri-diri qürrələndi. - O güllədən sonra bu pişik bir də bizim həyətə gəlməz. Arxayın ola bilərsən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!