Əkiz tay

"Bakı şikəstəsi" silsiləsindən birinci hekayə

I

 

Bakı. Pirşağı kəndi

1922-ci ilin yazı

 

Günortadan bir az keçmişdi, hələ axşamın düşməyinə xeyli vardı. Əlizaman belini dikəltdi, əlini alnına günlük tutub göyə baxdı. Başındakı çit ləçəyi açıb üz-gözünün tərini silə-silə ətrafa boylandı. Əmir xeyli uzaqda işləyirdi.

- Əmir! Ay Əmir!

Əmir də başını qaldırıb atasına tərəf baxdı. Əlizaman əliynən "gəl" işarəsi edib dedi:

- Gəl yığış, gedək.

Əmir kətməni götürüb şumlanmış sahə ilə atasının yanına gəldi.

- Tez deyil? - soruşdu.

- Axır üsgüdü, tez gedək bu gün.

Əmir atasının əlindəki beli də aldı. Günorta nahar yedikləri yerə, sahənin qırağındakı badam ağaclarının yanına gəldilər. Əlizaman süfrəni sərib qalan çörəyi, soğanı, şor kasasını üstünə yığdı, dolçadakı suyu oğluna uzatdı, Əmir içəndən sonra qalanını özü içib boş dolçanı da süfrənin üstünə qoydu. Süfrənin qıraqlarını yığıb düyünlədi, boğçanı əlinə götürdü. Əmir boğçanı da ondan almaq istədi, Əlizaman verməyib yenə əliynən "get" işarəsi göstərdi. Kəndə tərəf getməyə başladılar. Şumlanmış sahədə getmək çətin idi, yola çıxanacan ikisi də əməllicə yoruldu. Bu yol kənddən şəhərə aparan yeganə yol idi. Araba çarxlarının yeri yeyilib dərinə düşmüş, daş kimi bərkimişdi. Çarx izlərinin arasında və yol qırağında təzə otlar cücərməyə başlamışdı. Hərəsi bir çarx izinə düşüb getməyə başladı. Arada xırda kəsəklər ayaqlarının altında qalıb altı yeyilmiş çarığın üstündən pəncələrini əzsə də, yolda şumlanmış sahəyə nisbətən sürətlə gedirdilər.

Təxminən, yarım saat sonra kəndə çatdılar. Uşaqlar axşam tonqal qalamaq üçün tədarük görürdü. Taxta, kötük, budaq, sınıq ev əşyası - kimin əlinə nə keçdisə gətirib kəndin meydançasına atırdı. 

Əlizamannan Əmir kənd içinə çatanda Ağatahir də meydançaya tərəf gəlirdi. Əlizaman boğçanı Əmirə verib dedi:

- Sən get, mən bir az Ağatahir əminlə söhbət edim, gələrəm.

Əmir evə getdi. Əlizaman Ağatahirlə görüşdü, gəlib məscidin səkisində oturdular.

- Yer üstündən gəlirsiz? - Ağatahir soruşdu.

- Hə.

- Yer hazırdı?

- Az qalıb. Yəqin bayram axşamı əkərik.

- İnşallah.

- Sizin yer də hazırdı?

- Elə biz də sizin kimi. Bayram axşamına çatdırmaq istəyirik.

- Ağatahir, deyirəm, bu yaz Əlimömünü də evləndirim, sonra gedək Kərbəlaya.

- Hə, gedək. Neçə ildi deyirik, qaldıqca qalır. Bu il gedək.

- İnşallah.

- Əlimömün razıdı evlənməyə?

- Razı olar, yəqin. Gəlinə demişəm, soruş, gör nə deyir? Gözü kimisə kəsdiribsə, ora gedək, yoxdusa, sən soraqlaş.

- Daha şəhərə gedib-gəlmir?

- Yox. Deyirəm, getdin o qədər oxudun, axırı noldu? Oxuyandan sonra da bir-iki il hansısa idarədə işləmişdi də. Deyir, şəhər mənlik deyil. Kənd yaxşıdı. İl yarımdı gəlib oturub kənddə.

- Uşağı sıxma. Elə qardaşıynan əl-ələ verib dolanar da.

- Onun fikrini çəkmirəm. Sabah ölüb-eləsəm, bunlar dolanacaq. Aralarında söz-söhbət olmayacaq. Bunlar əkizdi e, göbəkləri bir yerdə kəsilib. Biz bunları başa düşmərik.

- Bu gün sizinlə getməmişdi sahəyə?

- Yox. Səhər dedi, gedim dəniz qırağından daş gətirim. Arabanı qoşub getdi.

- Nəsə tikirsiz?

- Ev darısqaldı. Bir otaq artırmaq istəyirik.

- Allah xeyir versin!

- Çox sağ ol.

Əlizaman əllərini dizlərinə dayaq verib ayağa durdu.

- Gedim mən.

- Sağ-salamat!

Əlizaman həyətə girəndə gəlin təndirxanada körpəni çimizdirirdi. Əmir artıq yuyunub qurtarmışdı. Atası üçün də bir vedrə su çəkib qoydu, özü evə keçdi.

Əlizaman yuyunmağa başlayanda Əlimömün gəldi. Qapını açıb at arabasını həyətə çəkdi. Xeyli sərağ daş yonub yığmışdı. Atı arabadan açıb tövləyə apardı, bağlayıb qabağına saman tökdü.

Əlizaman yuyunub qurtarmışdı. Əlimömün gəlib quyudan su çəkə-çəkə dedi:

- Nardaran tərəfdə qəşəng qayalıq tapmışam. Sabah da gedib gətirərəm.

- Nolar, gedərsən.

Gəlin uşağı çimizdirib qurtardı. Təndirxanadan çıxanda Əlimömün dedi:

- Gəlin, sarı gilabı da gətirmişəm, göy gilabı da. Daşların altındadı. Arabanı boşaldanda verərəm.

Gəlin başıynan razılıq edib evə girdi. Əlizamannan Əlimömün də evə keçdilər. Əl-üzlərini silib yerdə oturdular. Gəlin uşağı qurulayıb bələdi. Sonra Əlizamangil üçün çay süzüb qoydu. Əmirlə Əlimömün çayı içib daşı boşaltmağa çıxdılar. Əlizaman elə mütəkkəyə dirsəkləndiyi yerdə mürgüləməyə başladı.

Əlizamanı axşam yeməyi vaxtı səslədilər. Gəlin süfrə salmışdı artıq. Bu gün axırıncı çərşənbə olsa da, bayram süfrəsi hazırlamamışdılar. Kənddə ancaq imkanlılar çərşənbələri bayram edirdi. Qara camaat bayram axşamını gözləyirdi. "Bismillah!" eləyəndə qapı döyüldü. Əmir çıxanda gördü ki, kənd uşaqlarından biri bütün qapıları döyə-döyə qaçır.

- Ay bala, nolub? - soruşdu.

- Kənd şurası deyir, hamı klubun qabağına yığışsın.

Əmir evə keçib uşağın dediyini atasına dedi. Əlizaman ayağa durdu:

- Siz evdə qalın. Gedim, görüm nə olub orda.

Çarıqlarını geyinib meydançaya gəldi. Meydançanın bir tərəfində məscid idi, üzbəüzündə təzə klub binası. Kənd şura sədri də klubda otururdu.

Uşaqlar bayaqdan hazır etdikləri tonqalı yandırmışdılar. Quru odunların çırtıltısı uzaqdan eşidilirdi.

Meydançada bir neçə nəfər yaşlı kişi də vardı. Tezliklə bütün kənd kişiləri yığışdı. Hamı bir-birindən nə olduğunu soruşur, hamı da çiynini çəkirdi.

Beş-on dəqiqə sonra şura sədri yanında bir nəfərnən klubdan çıxdı. Yanındakı adam hökumət adamına oxşayırdı. Ayağında qalife şalvar, uzunboğaz çəkmə vardı, dəri gödəkçənin üstündən belinə enli kəmər bağlamışdı, dimdikli kepkasını gözünün üstünə basmışdı.

Camaat onları görən kimi yer-yerdən soruşmağa başladı:

- Xeyir ola? Bizi neyçün çağırmısız?

Şura sədri əlini qaldırıb camaatı sakitləşdirdi.

- Sakit olun! Yoldaş Abasovun sizə sözü var. Buyurun, yoldaş Abasov.

Ağatahir yavaşdan Əlizamana pıçıldadı:

- Çekistdi, deyəsən.

Əlizaman da başını tərpətdi.

Abasov bir-iki addım qabağa gəldi. Əllərini kəmərinə keçirdib bir-bir hamının üzünə baxdı. Elə bil camaatın səbrini sınağa çəkirdi. Hamını gözdən keçirdəndən sonra cibindən portsiqarını çıxarıb hazır bükülmüş papiroslardan birini damağına qoydu. Sonra portsiqarı cibinə qoyub bu biri cibindən kibrit çıxartdı, yandırıb papirosunu alışdırdı. Bir-iki qullab vurub havaya üfürdü. Bütün hərəkətlərindən saymamazlıq yağırdı. Gəzişə-gəzişə papirosunu çəkib qurtardı. Kötüyü yerə atıb çəkməsinin dabanıynan söndürəndən sonra, nəhayət, danışmağa başladı:

- Müsavatçı Əlimömün Əlizaman oğlunun bu kənddə gizləndiyini bilirik...

Adı eşidən kimi bir neçə nəfər qeyri-ixtiyari Əlizamana tərəf baxdı. Abasov bunu sezsə də, üstünü vurmadı.

- Müsavatçı nədi? - kimsə soruşdu.

- Müsavat keçmiş hökumət idi. Devirdik. Amma tulaları qurtarmayıb... Qısası, Əlimömün Əlizaman oğluna səhərəcən vaxt verirəm. Gəlib özü təslim olsun. Təslim olmasa, səhər bütün kəndi axtaracağıq, bütün evlərə baxacağıq. Qaçmağa da çalışmasın. Kənd mühasirəyə alınıb, istəsə də qaça bilməz.

Abasov dayanıb yenə hamını bir-bir gözdən keçirdi. Portsiqarını çıxaranda dedi:

- Gedə bilərsiz!

Camaat dağılışmağa başladı. Böyüklər tonqalın ətrafında dövrə vuran uşaqları da özləriynən aparırdılar.

Əlizaman ayaqlarını sürüdə-sürüdə meydançadan çıxıb öz küçələrinə döndü. Gedə-gedə hiss edirdi ki, hamı ondan qaçmağa çalışır. Birdən başı gicəlləndi, az qaldı yıxılsın. Divardan yapışmaq üçün əl atanda kimsə qoluna girdi.

- Yavaş ol!

Başını döndərib baxdı. Ağatahir idi.

- Gedək, gedək.

Ağatahir Əlizamanı gətirib evə saldı. Uşaqlarnan gəlin də köməyə gəldilər. Əlizamanı döşəkçənin üstündə otuzdurub ayran içirtdilər. Əlizaman bir az toxdadı. Əlimömünə baxıb dedi:

- Şəhərdə nə hoqqadan çıxmısan?

- Heç nə. Neynəməliydim ki?

- ...Dalınca gəliblər.

- Kim?

- Nə bilim. Abasovdu, kimdi. Çekistdi, deyəsən. Neynəmisən şəhərdə?

- Vallah, heç nə.

- Heç nəyçün bu boyda həngamə olmaz. Kənd mühasirədədi. Səhərəcən təslim olmasan, bütün evləri axtaracaqlar. İndi de görək, neynəmisən, bir şey fikirləşək.

Əlimömün bir az fikirləşib soruşdu:

- Özü demədi məni nöş axtarırlar?

- Dedi e, nəçisən. Ağatahir, nə dedi o?

- Müsavatçı dedi, deyəsən. - Ağatahir ona cavab verdi.

- Həə... On səkkizinci ildə hökumət qurmuşdular e, onu deyir. Mən Müsavat firqəsinin üzvüydüm. Özüm də hökumət işçisiydim. Amma bu çoxdan olub e. İki ildi firqə yoxdu. Hərəmiz də bir tərəfə dağılışmışıq...

- Olmusan, olmusan da, burda nə var ki? - Ağatahir soruşdu.

- Bizim firqə Şura hökumətinin düşməniydi. Yəqin, qorxurlar ki, təzədən güclənib inqilab eləyərik.

- Tutub neyləyəcəklər sənə? - Əmir soruşdu.

- Bilmirəm. Amma bunlar ki, belə gəlib, ya dama basacaqlar, ya da öldürəcəklər.

Əlizaman artıq özünə gəlmişdi. Bir az fikirləşib Ağatahirə dedi:

- Gəlinnən uşağı apar, səhərəcən gizlət. Sabah bunlar dağılışandan sonra atasıgilə göndərərsən.

Ağatahir başını tərpətməklə razılığını bildirdi. Əlizaman gəlinə dedi:

- Ay gəlin, yığış. Ağatahir əmiynən get.

Gəlin uşağı qucağına götürüb içəri otağa girdi. Əlimömün dedi:

- Bəlkə gedim təslim olum? Mənə görə gəliblər də, sizə heç nə etməyəcəklər.

- Axmaqlama! - Əlizaman dedi. - Özün deyirsən ki, öldürəcəklər. Səni ölümə göndərim?

- Bəs neynəyək? - Əmir soruşdu.

Əlizaman bir az da fikirləşəndən sonra dedi:

- Gərək qaçasız.

- İkimiz də? - yenə Əmir soruşdu.

- Hə. Siz əkizsiz, bir-birinizə çox oxşayırsız. Əlimömün olmasa, yerinə səni apara bilərlər. Deyəcəksən mən qardaşıyam, inanmayacaqlar. Elə biləcəklər yalan deyirsən. İkiniz də qaçmalısız.

- Kənd mühasirədədi axı, - Ağatahir dedi.

- Əmir, get iki dənə qoyun dərisi gətir.

Əmir əvvəlcə atasının dediyini başa düşmədi:

- Qoyun dərisi? Onu neynirsən?

- Səhər sürü kənddən çıxanda dəriləri belinizə atıb sürünün içində çıxın.

- Bəs sən?

- Mən qoca adamam. Məndə nə işləri?

- Yox e, səni burda qoya bilmərik.

- Sözümə qulaq as. Get iki dənə dəri gətir, indidən hazır saxla. Mən gedim çobana deyim, xəbəri olsun. Gəlin, hazırsan?

Gəlin dörd aylıq oğlu Baba qucağında, boğçasını qolunda kandarda dayanmışdı.

- Əmir, sən Ağatahir əminnən get, gəlini apar, mən də Mirzobbaya dəyim, gəlirəm. - Üzünü Əlimömünə tutdu. - Sən evdən çıxma. Bizi gözlə.

Qapıya çıxdılar. Əvvəlcə Ağatahir getdi ki, vəziyyətə baxsın. Artıq sönmüş tonqalın közləri qızarıb tüstülənirdi. Klubun pəncərəsindən işıq görünürdü. Amma bayırda heç kim yox idi. Ağatahir işarəynən Əmirgili çağırdı. Əmirnən gəlin ehtiyatnan Ağatahirin dalınca getməyə başladı.

Əlizaman onlar Ağatahirgilin küçəsinə girənəcən dallarınca baxdı, sonra kəndin çobanı Mirzobbanın evinə yollandı. Çoban Əlizamanın əmisi oğlu idi, ona inanırdı.

Mirzobbanın itləri hənirti eşidən kimi hürməyə başladı. Səsə Mirzobba özü də çıxdı. İtlərə acıqlanıb qapıya gəldi.

- Hay kimdi?

- Mənəm, əmoğlu.

- Əlizaman? Xeyir ola?

- Ss, yavaş danış. Eşidən olar. Əmoğlu, sənə işim düşüb.

- De, görək.

- Gərək uşaqları səhər kənddən çıxardasan.

- Nə danışırsan? Necə çıxardım?

- Səhər sürünü otarmağa aparanda girsinlər sürünün içinə.

- Əmoğlu, sən öz canın, məni zibilə salma. Qoy oturmuşam.

- Tutsalar, öldürəcəklər e uşağı. Ümidim sənədi.

- Sürünün içində görməyəcəklər ki? Düzülüblər kəndin qırağına. O saat başa düşəcəklər.

- Görməzlər. Bellərinə qoyun dərisi salacaqlar.

- Əmoğlu, qorxuram.

- Qorxma, hər şey yaxşı olacaq. Sən dediyimə qulaq as. Onlar gərək mütləq kənddən çıxsınlar. Qalsalar, iş şuluq olacaq.

- Deyirsən, alınar?

- Alınacaq.

- Alınmasa, mən də əlli-ayaqlı gedəcəyəm e.

- Qorxma, deyirəm. Hər şeyi fikirləşmişəm.

Mirzobba könülsüz də olsa razılaşdı.

- Yaxşı. Nə deyirəm ki?

Əlizaman evə qayıtdı. Əmir də qayıtmışdı.

- Gəlini apardın?

- Hə.

- Yaxşı. Mirzobbaynan danışdım. Səhər sürünün içində kənddən çıxarsız. İndi bir az dincəlin... Ya da yox, bəlkə heç səhəri gözləmədilər? Durun görək. Dəriləri də götürün, gedək Mirzobbagildə gözləyin.

Əlizaman uşaqları aparıb Mirzobbaya tapşırdı, özü evə qayıtdı. Gəlinin saldığı süfrə hələ də ortalıqda idi. Əlizaman süfrəni yığışdırıb lampanı söndürdü, döşəkçənin üstünə uzandı. Amma sakitləşə bilmirdi. Ürəyi uçunurdu elə bil. Beş dəqiqədən bir çıxıb ətrafı dinləyirdi. Sakitlik idi. Arabir it hürüşmələrindən başqa səs eşidilmirdi.

Əlizaman nahaq yerə qorxurmuş, doğrudan da, səhərə qədər gələn olmadı. Çekist Abasov dediyini elədi. Səhər obaşdan qoyun mələrtiləri eşidilməyə başladı. Hər gün bu vaxtlar kəndin bütün qoyunlarını bir yerə yığırdılar, Mirzobba çölə gedirdi. Əlizaman da beş-altı qoyununu tövlədən buraxıb Mirzobbagilə tərəf getməyə başladı. Mirzobba  bir əlində yemək boğçası, bir əlində çomağı sürünün yanında gözləyirdi. Hələ qoyunlarını çıxartmayan bir-iki nəfər qalmışdı. Əlizaman yaxına getmədi, qoyunlar sürünü görən kimi qaça-qaça gedib o biri qoyunlara qarışdılar. Mirzobba uzaqdan Əlizamanı görən kimi yavaşca başını tərpətdi. Əlizaman da eyni hərəkətlə cavab verib evə qayıtdı.

Bütün qoyunlar yığılandan sonra Mirzobba sürünü haylayıb çölə getməyə başladı. İtləri də dalınca düşdü. Kənddən çıxanda atlı əsgərlər onu saxladılar.

- Kimsən?

- Bu kəndin çobanıyam. Sürünü otarmağa aparıram.

Əsgərlərdən biri o birisindən soruşdu:

- Buraxaq?

- Hə, çobandı da. Qoy getsin.

- Yoldaş Abasov demişdi axı, kənddən heç kimi buraxmayın.

- Çoban qoyunları qoyub hara qaçacaq? Lazım olsa, gedib gətirərik. Həm də ki, axtardığımız adam bu deyil. Qoy getsin.

Mirzobbanı buraxdılar, o, təzədən sürünü haylayıb yola düzəldi.

Sürü gedəndən bir az sonra yoldaş Abasov şura sədriynən bir yerdə Əlizamanın qapısını açıb içəri girdi. Yanlarında iki əsgər də vardı.

- Kişi, oğlunu çağır bura!

- Evdə yoxdu.

- Necə yəni yoxdu? Harda gizlətmisənsə, xoşluqnan çağır, gəlsin.

- Deyirəm, evdə yoxdu da. İnanmırsız, axtarın.

Abasov əsgərlərə başıynan işarə etdi. Biri evə baxmağa girdi, o birisi təndirxananı, tövləni, samanlığı axtardı. Abasov bir papiros çəkənəcən axtardılar, axırda gəlib heç kimi tapmadıqlarını dedilər. Abasov inanmadı, özü evə girdi. Əsgər evdəki hər şeyi alt-üst etmişdi, yerdəki, divardakı xalçaların altına da baxmışdı ki, birdən gizli anbar olmuş olar. Abasov hirsnən bayıra çıxıb bayaqdan həyətin ortasında ayaq üstdə dayanan Əlizamana dedi:

- Kişi, gəl işimizi qəlizləşdirmə. Oğlun hardadı?

Əlizaman çiyinlərini çəkdi.

- Bilmirəm.

Abasov əsgərlərdən birinə əmr etdi:

- Aparın!

Əsgər silahı hazır vəziyyətə gətirib Əlizamana tuşladı.

- Get!

Əlizaman, dalınca əsgər, sonra da Abasovnan şura sədri həyətdən çıxdı. Çıxanda Abasov o biri əsgərə əmr verdi:

- Bütün kəndi axtarın!

Kəndi axtarmaq bir saata yaxın çəkdi. Bütün evlərə, tövlələrə, anbarlara, zirzəmilərə baxdılar. Məscidlə hamam da yaddan çıxmadı. Ağatahir gecə Əmirin arvadıynan oğlunu samanxanada gizlətsə də, sonra fikrini dəyişib evə gətirmişdi. Elə onları xilas edən evdə Ağatahirin arvad-uşağının yanında olmaqları oldu, samanxanadan tapılsaydılar, şübhə çəkərdilər.

Əsgərlər meydançaya qayıdıb heç kimi tapmadıqlarını Abasova məruzə etdilər.

Abasov hirslə oyan-bu yana gəzişib Əlizamandan soruşdu:

- Kişi, atam yaşındasan, hörmətsizlik eləmək istəmirəm. Hardadı oğlun?

Əllərini dalında çarpazlayıb meydançanın tən ortasında, dünənki tonqalın küllərinin yanında dayanan Əlizaman sakit səslə dedi:

- Bilmirəm.

Əsgərlər meydançanı dövrələmişdi. Kənd camaatı da iki bir-üç bir yığışırdı.

- Kişi, hələ heç kim Şura hökumətindən yaxasını qurtara bilməyib. Onsuz da oğlunu yerin deşiyindən də olsa, tapacağıq. Ara yerdə sən gedəcəksən. Eləmə.

- Oğlum hardadı, bilmirəm. Doğrudan, bilmirəm. Mənə də ki, nə istəsən, eləyə bilərsən, onsuz da qoca kişiyəm. Gördüyümü görmüşəm.

Abasovun gözü səyridi, bir göz qırpımında tapançasını qoburundan çıxarıb Əlizamana atəş açdı. Bu, elə qəfil oldu ki, heç kim heç nə başa düşmədi. Bir də onda ayıldılar ki, Əlizaman yerdə, küllərin üstündə uzanıb, sinəsindən qan axır.

Ağatahir özünü Əlizamanın üstünə atdı. Başını tutub qaldırdı, üzünü şillələdi. Əlizaman artıq keçinmişdi.

- Kişini öldürdün! - Ağatahir Abasovun üstünə qışqırdı. Sonra camaata tərəf döndü. - Ay camaat, günün günorta çağı adam öldürürlər!

Abasov da camaata baxdı. Bayaqdan maraqnan baxan gözlərdən indi nifrət tökülürdü. Bu baxışlar Abasovun ətini ürpəşdirdi. Əlbəttə, əliyalın əhali silahlı əsgərlərə heç nə edə bilməzdi. Amma hər halda, ehtiyatlı olmaq lazım idi.

- Gedirik! - Abasov əsgərlərə əmr etdi.

Hamısı ata mindi. Abasov da ata minib qamçını atın yançağına çəkdi. Çapıb getdilər.

 

II

 

Bakı. Görədil kəndi

1932-ci ilin qışı

 

Baba məktəbdən çıxıb birbaşa fermaya gəldi. Soyuq əllərini vurmasın deyə, dəftər-kitabını gödəkçəsinin üstündən bağladığı kəmərinə keçirdib əllərini cibinə soxmuşdu. Külək dəli kimi əsirdi. Az qalırdı Babanın dimdikli papağını başından çıxarıb aparsın. Külək vurduqca yaxalığından çıxan qırmızı qalstukun ucları yellənir, Babanın üzünə çırpılırdı.

Baba dördüncü sinfə gedirdi. Üç ay qabaq, dərslər təzə başlayanda bütün sinif pioner andı içmişdi. O vaxtdan qırmızı qalstuku bütün günü boynunda olurdu.

Fermaya çatanda sürücü süd bidonlarını maşına yükləyirdi, sağıcı qadınlar da ona kömək edirdi. Səkinəxanım oğlunu görən kimi yanına gəldi.

- Baba? Evə neyçün getməmisən?

Babanın qolundan tutub tövlənin qabağına, külək tutmayan yerə çəkdi.

- Məktəbdə neynədin?

Baba çiyinlərini çəkdi.

- Heç nə.

- Yaxşı, get evə. Özünü soyuğa vermə. Get, get. Yeməyi qızdır, ye. Yaxşı?

Baba başını tərpədib getməyə başladı.

- Küçədə oynayıb eləmə ha. Xəstələnərsən. Eşitdin? - Səkinəxanım oğlunun dalınca qışqırdı.

Baba yenə başını tərpədib qaçmağa başladı.

Ağatahir Əlizaman öldürülən gün Səkinəxanımnan Babanı Görədilə, Səkinəxanımın atası Ötkəmgilə gətirmişdi. Kənddə ferma qurulandan sonra Səkinəxanım burda sağıcı işləməyə başlamışdı.

Səkinəxanım axşam sağınından sonra evə qayıtdı. Baba yorğana bürünüb sobanın qabağında uzanmışdı, dərslərini yazırdı. Səkinəxanım yemək tədarükünə başladı. Bir az sonra atası Ötkəm də gəldi. Bir yerdə axşam yeməyi yedilər. Çay içəndə qapı döyüldü.

- Kim olar bu vaxt? - Ötkəm durub qapıya çıxdı.

Gələn Ötkəmin xalası oğlu, həm də sovxoz sədri Mürsəl idi. İçəri keçib oturdular. Səkinəxanım Mürsəl üçün də çay süzdü.

- Aclığın var? - Ötkəm soruşdu.

- Yox, yeyib gəlmişəm. - Mürsəl çayı qabağına çəkə-çəkə dedi. Sonra Babaya baxdı. - Dərs oxuyursan? Oxu, oxu. Müəllim razılıq eləyir səndən. Deyir, zehinli uşaqsan. Səkkizilliyi qurtar, səni anbardar qoyacağam.

Mürsəl bir qurtum çay içib tütün kisəsini çıxartdı, papiros eşməyə başladı. Hal-vəziyyətindən Ötkəm başa düşürdü ki, nəsə sözü var, amma nə üçünsə deməyə tələsmir. Mürsəl papirosu yandırıb Babaya dedi:

- Baba, sən bir dayıngilə dəy. Gör uşaqlar neynir.

Baba təəccüblə bir Mürsələ, bir Ötkəmə, bir də Səkinəxanıma baxdı. Ötkəm hiss elədi ki, Mürsəlin demək istədiyi nədirsə, vacib şeydi, uşaq eşitməsə daha yaxşıdı.

- Hə, Baba, - Ötkəm də Babaya tərəf döndü, - sən get dayıngilə. Uşaqlarnan oyna, bir azdan özüm gələrəm dalınca.

Baba durub geyinməyə başladı. Səkinəxanım uşağın yaxasını bağlayanda soruşdu:

- Özün gedə biləcəksən? Hava qaralıb.

Babanın yerinə Mürsəl cavab verdi:

- Neyçün getmir? Yekə kişidi də. Get, Baba, get.

Baba ayaqqabılarını da geyinib çıxdı. Mürsəl bir qurtum da çay içib dedi:

- Vəziyyət pisdi, xaloğlu. Günorta mərkəzə çağırmışdılar. Siyahı istəyirlər məndən.

- Nə siyahı? - Ötkəm soruşdu.

- Kulak axtarırlar da. Vaxtikən Şura hökumətinə qarşı çıxanlar, arpa-buğda gizlədənlər, keçmiş ağalar, bəylər, qoçular, evində xalq düşməni saxlayanlar - kim oldu. Deyirlər, kənddə nə qədər beləsi var, yaz, ver bizə.

- Bizim kənd balaca kənddi, həm də kasıb kənddi. Nə gəzir bizdə beləsi?

- Hə də. Amma gəl bunu onlara başa sal. Deyirlər, yox e, gizlədirsən. Belə getsə, axırda özümü də damlayacaqlar...

Bir müddət hamısı susdu. Mürsəl bir eşmə də yandırıb dedi:

- Amma buna görə gəlməmişəm. - Qalan çayı içib boş stəkanı Səkinəxanıma uzatdı. - Qızım, bir stəkan da ver.

Səkinəxanım çayı süzdü, gətirib Mürsəlin qabağına qoyanda Mürsəl soruşdu:

- Ərindən bir xəbər var?

- Yox. On ildi gedib, hardadı, bilmirik.

Mürsəl bu dəfə Ötkəmə tərəf döndü:

- Açığı, sizə buna görə gəlmişəm. Sənin kürəkənin vaxtikən axtarışda olub, tapılmayıb. İndi köhnə işləri təzədən qaldırırlar. Qorxuram, sizə də gəlsinlər.

- Axı o vaxt Əmirin yox, Əlimömünün dalınca gəlmişdilər, - Səkinəxanım bu tərəfdən dedi.

- Amma Əmir də onuynan bir yerdə qaçıb.

Ötkəm bir az fikirləşdi.

- Deyirsən, gələrlər?

Mürsəl çiyinlərini çəkdi:

- Hər şey ola bilər. Baxsan, Əmirə xalq düşməni yapışdırıblar. Qızın da olur xalq düşməninin arvadı.

- Bunlar molla kəbiniynən evlənmişdilər.

- Amma Babanın kağız-kuğuzunda atası Əmir yazılıb. Hələ familiyasına da öldürülən babasının adını yazdırmısız. Əlizamanov.

- Əlizamannan duz-çörəyimiz vardı. Həm də uşağa atasının adını vermək lazım idi.

- Lazım idi. Amma indi görürsən ki, vəziyyət başqa cürədi.

Ötkəm qızına baxdı, Səkinəxanım büzüşüb oturmuşdu. Elə bil huşu başında deyildi.

- İndi nə deyirsən? - Ötkəm Mürsəldən soruşdu.

- Qız təzədən ərə getsə, yaxşı olar. Özü də evləndiyi adam partiya üzvü olsa, lap canrahatlıq olar, daha ona dəyib-dolaşan olmaz.

- Birdən Əmir qayıdıb gəldi?

Səkinəxanımın yazıq-yazıq dediyi bu sözlərdən sonra Mürsəlnən Ötkəm bir-birinə baxdı. İkisi də Əmirin qayıdacağına inanmırdı. Amma bir söz demədilər. Bir neçə dəqiqə oturub bir-birinə baxdılar. Axırda Ötkəm soruşdu:

- Başqa yolu yoxdu?

- Baba pioner andı içib də, hə?

- Hə, - Ötkəm dedi, - bütün sinifnən bir yerdə.

- Bu yaxşıdı. Uzaqbaşı, növbədənkənar iclas keçirdərik, Baba da, Səkinə də çıxış edər. Deyərlər ki, biz Əmirdən imtina edirik.

Ötkəm yenə Səkinəxanıma baxdı, qızının baxışını görən kimi dayana bilməyib nəzərini yayındırdı.

- Bu vacibdi? - Mürsəldən soruşdu.

- Adları siyahıya salınıbsa, vacibdi. Amma hələ gözləyək. Bəlkə heç itirib-axtaran olmadı. Olmasa, nə yaxşı. İşdir, birdən olsa, onda mən deyən kimi edərik... Hər halda mən də soraqlaşacağam, bir xəbər bilsəm, sənə deyərəm.

Mürsəl durub yaxasını bağladı.

- Gecəniz xeyrə! - deyib çıxdı.

Ötkəm də durub geyindi.

- Gedim uşağı gətirim.

Kandarda ayaq saxlayıb qızına baxdı. Qızı elə bil bu bir neçə dəqiqə ərzində neçə il qocalmışdı.

- Hələlik uşağa heç nə demə. Görək, necə olur.

Qapını örtüb çıxdı.

 

III

 

Bakı. Görədil kəndi

1939-cu ilin payızı

 

Maşın kəndin meydançasına çatanda Baba yerə tullandı. Əliynən sürücüyə sağ ol eləyib evə getdi.

O vaxt Mürsəlin narahatlığı əbəs imiş. Nə Səkinəxanımı, nə də Babanı itirib-axtaran olmadı. Amma Mürsəl özü 37-dən salamat çıxa bilmədi...

Baba kənddəki səkkizilliyi qurtarandan sonra müəllimlərin, həm də təzə sovxoz sədrinin təkidiynən texnikuma getdi. Özü oxumaq istəmirdi, amma məcbur göndərdilər. Sovxoza mütəxəssislər lazım idi.

Baba hər birinci gün səhər şəhərə gedir, həftə içi Ötkəmin şəhərdəki qohumlarının evində qalır, altıncı gün axşam, ya öz sovxozlarının, ya da qonşu kənd sovxozunun maşınıynan qayıdırdı.

Baba evə girəndə gördü qonaq var. Babasıynan qonaq çay içə-içə söhbət edirdi. Qonaq elə təxminən, Ötkəm yaşlarında olardı. Baba onu heç vaxt görməmişdi.

- Gəl Ağatahir əmiynən görüş, - Ötkəm dedi.

Baba yaxına gələndə Ağatahir ayağa durdu, əl verib görüşdülər. Ağatahir bir neçə saniyə Babanın əli əlində üzünə baxdı.

- Gözlərindən Əmirə oxşayır, - dedi, sonra Səkinəxanıma baxdı, - üzündən sənə çəkib.

Babanın əlini buraxıb oturdu.

- Ağatahir əmi Əlizaman babanın dostudu, - Ötkəm dedi. 

- Uşaq yoldan gəlib, yorğun olar. - Ağatahir bir-iki dəqiqədən sonra yenə ayağa durdu. - Mən gedim. Baba, sabah kəndə gələrsən.

Ağatahir sağollaşıb çıxdı.

- O vaxt anannan səni Ağatahir gizlədib evində, sonra da bura gətirib. - Ötkəm dedi. - Sabah gedərsən Pirşağıya. Ağatahir ata-baba yurdunu göstərər sənə.

Bu biri səhər Baba çörək yeyib evdən çıxdı. Görədillə Pirşağının arası sən deyən uzaq deyildi, ayaqnan da getmək olardı. Sahilə düşüb dəniz qırağıynan Pirşağıya tərəf getməyə başladı. Havalar soyumağa başlamışdı, dənizdən əsən duzlu külək adamın paltarını nəmləndirib ağırlaşdırırdı. Sahildə heç kim yox idi. Baba Pirşağıya çatıb kəndə çıxdı, kənd içində bir neçə nəfər dayanıb söhbət edirdi. Yaxınlaşdı ki, Ağatahirin evini soruşsun, amma Ağatahir özü də burdaymış. Babanı görən kimi dəstədən ayrılıb ona yaxınlaşdı.

- Salam, Baba. Sabahın xeyir.

- Salam, Ağatahir əmi.

- Gəl.

Ağatahir qabağa düşdü, Baba da dalınca getməyə başladı.

Yaxın məhəllələrdən birində, taxta qapılı bir həyətin qabağında dayandılar.

- Bura atangilin həyətidi. - Ağatahir dedi. - Hökumət başqasına verib. Amma təzə gələnlər heç nə dəyişdirməyiblər. Ev babanın vaxtında necəydisə, elə də qalıb.

Baba hasarın alçaq yerindən həyətə boylandı.

- İçəri girmək istəyirsən?

Baba gözləri həyətdə bir az fikirləşdi, amma üzündə heç bir ifadə yox idi, elə bil, yad birinin həyətinə baxırdı. Sonra Ağatahirə baxdı.

- Yox.

- Yaxşı... Gəl.

Ağatahir yenə Babanı dalınca salıb getməyə başladı.

- Neçə yaşın var? - Gedə-gedə Babadan soruşdu.

- On yeddi tamam olub.

- Hələ indiyəcən kənddə olmamışdın da, hə?

Baba başını silkələdi.

- Bundan sonra tez-tez gələrsən. Öz evimizi də göstərəcəyəm sənə. Ora da sənin öz evin. Haçan xətrindi, buyur... Səni iki şeyə görə çağırdım. Birincisi, ata-baba yurdunu tanıyasan. İkincisi də...

Ağatahir sözünü qurtarmamış qapılardan birini döyməyə başladı. Yol gələ-gələ danışdığı üçün tövşəyirdi. Qapıya bir kişi çıxdı.

- Sabahın xeyir, Əkbər.

- Aqibətin xeyir.

- Bu, Əlizamanın nəvəsidi, - Ağatahir Babanı göstərdi. - O gün sənə dediyim şeyçün gəlmişik.

- Hə, gedək. Gözlə, papağımı gətirim, çıxıram.

Əkbər evə girdi.

- Əkbər kəndin mollasıdı, qoy gəlsin, bir yerə gedəcəyik. - Ağatahir Babaya dedi. - Həə, sənin baban Əlizamannan yaxın dost olmuşuq, qardaşdan da yaxın. O vaxtı ikimiz də Kərbəla ziyarətinə getmək istəyirdik. Onda yollar açıq idi. Sonra atangilin başına bu hadisə gəldi. Atangil qaça bildilər, babanı isə kəndin içində öldürdülər. Hamının gözünün qabağında. Onda babanı basdırmadıq...

Əkbər bir-iki dəqiqə sonra çıxdı. Getməyə başladılar.

- Hə, harda qalmışdım? Babanı basdırmadıq. Mən basdırmaq istəmədim. Meyitini sərdabəyə qoyduq. Deyirdim, haçansa Kərbəlaya gedə bilsəm, babanın sümüklərini də apararam özümlə, orda basdıraram. Kişinin ruhu şad olar. Amma alınmadı. Yolları bağladılar, açığı, heç imkanım da olmadı. İndi görürsən də, qocalıb əldən düşmüşəm...

Ağatahir öz həyətlərinə çatanda qapını açıb çağırdı:

- Ay uşaq!

Səsə nəvəsi çıxdı.

- Evdən bir dənə təmiz döşəkağı ver mənə.

Uşaq evə girdi.

- Bax, Baba, bura bizim evimizdi. Həm də sənin. Haçan istədin, gəl, heç nədən utanıb-çəkinmə.

Nəvəsi döşəkağını gətirib verdi. Təzədən yola düzəldilər.

- Hə, nə deyirdim? - Ağatahir sözünə davam etdi. Amma danışa-danışa Babaya baxmırdı deyə, onun söhbətə candərdi qulaq asdığını görmürdü. Atası, babası olsa da, heç vaxt görmədiyi adamlar haqqında söhbət Babanı darıxdırırdı. - Qocalmışam daha. Hay-hayım gedib, vay-vayım qalıb. Sabah-birisigün görəcəksən ki, mən də başımı qoydum yerə. Ona görə deyirəm, babanın sümüklərini basdıraq. Səni də əsas buna görə çağırmışam. Babanın qəbrini tanı, yerini bil ki, hardadı.

Gəzə-gəzə gəlib qəbiristanlığa çatdılar. Qəbiristanlığın girişində yan-yana iki dənə sərdabə vardı. Ağatahir sərdabələrdən birinin üstündə oturdu.

- Molla, sən başla.

Döşəkağını Əkbərə uzatdı. Əkbər sərdabəyə düşdü. Baba bir az aralıda dayandı ki, sərdabənin içinə işıq düşsün. Əkbərə baxmağa başladı.

Əkbər döşəkağını açıb sərdi. Sümükləri yığmağa başladı. Yığıb döşəkağını bürmələdi, bayıra çıxdı.

- Yığdın? - Ağatahir soruşdu.

- Hə. Oynaq sümükləri, aşıqlar-zad qaldı, onları yığmaq olmur. Əsas sümüklərini yığdım.

- Lap yaxşı.

Ağatahir ayağa durub yenə qabağa düşdü. Oturub dincəlmişdi deyə, bir az özünə gəlmişdi, daha nəfəsi təngləşmirdi. Gəlib hazır qazılmış qəbrin qabağında dayandılar.

- Bura sizin nəslin yeridi, - Ağatahir ətrafdakı bir neçə qəbri Babaya göstərdi.

Baba qəbirlərə baxdı, demək olar, hamısının üstündəki yazı əski əlifbada idi. Bəzisinin başdaşısı zədələnmişdi. Bilinirdi ki, baxan yoxdu.

Ağatahir Əkbərə baxdı.

- Molla, ya Allah.

Əkbər qəbrin içinə düşüb döşəkağını açdı. Sümükləri skelet formasında düzdü. Sonra döşəkağının qıraqlarını skeletin üstünə büküb qəbirdən çıxdı. Babaynan köməkləşib sinə daşlarını qoydular. Ağatahir qıraqdakı beli Babaya göstərdi:

- Götür, başla doldurmağa.

Baba torpağı atmağa başlayanda Əkbər artıq çərəkəsini çıxarıb Yasin oxuyurdu. Yasin qurtarana qəbir də hazır oldu. Ağatahir qəbrin qabağında oturub böyük kəsəkləri əlində ovuşdurub əzdi, torpağı hamarlayıb ayağa durdu.

- Başdaşını özüm düzəltdirəcəyəm, - Babaya dedi. - Arada, vaxtın olanda gəl ziyarət elə, babanın ruhu şad olar.

Kəndin içinəcən bir yerdə gəldilər. Ağatahir Babanı evə çağırsa da, Baba getmədi, sağollaşıb Görədilə qayıtdı.

 

IV

 

Kabardin-Balkar Respublikası. 

Nalçik şəhəri

1942-ci ilin payızı

 

Alman qırıcıları Nalçik şəhərini bombardman edirdi. Əksər qoşun hissələrini bir neçə gün qabaq şəhərdən çıxartmışdılar. Bir atıcı diviziya ilə şəhər əhalisi isə taleyin ümidinə qalmışdı. Yaxınlaşan alman ordusu sayca da, texnika baxımından da çox güclü idi və məğlubiyyət gözlənilən idi. Amma hamı bacardığı kimi vuruşmağa, sağ qalmağa çalışırdı. Şəhər əhalisi küçələrdə qazdıqları dərin quyularda gizlənir, atıcı diviziya isə kiçik dəstələrə bölünüb alman ordusuna müqavimət göstərirdi. İki aya yaxın idi ki, şəhər camaatı uşaqdan-böyüyə yığışıb, şəhər ətrafında dərin çuxurlar qazmışdı. Amma alman tankları yaxınlaşanda bu çuxurların çox da işə yaramadığı üzə çıxdı. Tanklar, dalınca da əsgərlər şəhərə yaxınlaşırdı.

Babanın olduğu dəstə meşə tərəfdə qərar tutmuşdu. Dəstə on iki nəfərdən ibarət idi, kiçik leytenantın komandanlığı altında vuruşurdular. Əsgərlər iki hissəyə bölünüb yolun iki tərəfində gizlənmişdi. Almanların yaxınlaşmağını gözləyirdilər. Uzaqdan bir neçə tank, yüzə yaxın da piyada alman əsgəri gəlirdi. Babagilin bir gün qabaq yolda basdırdıqları minalara çatanda tanklardan biri partladı. Babagil də kiçik leytenantın əmriynən atəş açmağa başladılar. Elə yerdə gizlənmişdilər ki, almanlar onları görmürdü. Buna görə bir neçə dəqiqə ərzində xeyli alman əsgəri vura bildilər.

Daldakı tanklar sovet əsgərlərinin gizləndiyi yerə atəş açmağa başladı. Baba tank gülləsinin vıyıltısını eşitdi, amma düşdüyü yeri görməyə macal tapmamış güclü dalğa onu qaldırıb ağaca çırpdı...

Baba özünə gələndə şər qarışırdı. Başını qaldırmaq istəyəndə peysərindən qopan güclü ağrı bütün bədənini gizildətdi. Baba yenə başını yerə qoyub dərin nəfəs aldı. Əvvəlcə əllərini, ayaqlarını tərpətməyə çalışdı. Sol ayağıynan sol dirsəyi zoqquldayırdı. Deyəsən, sümükləri sınmışdı. Sağ tərəfi üstə çevrilib ağır-ağır başını qaldırdı. Əsgər yoldaşları - kimisinin parçaları, kimisinin bütün bədəni ətrafa səpələnmişdi. Hansısa əsgərin bağırsaqları düz gözünün qabağında idi. Babanın ürəyi bulandı, ögüməyə başladı. Amma üç-dörd gündür fərli yemək yemədiyi üçün mədəsi boş idi, ağzına təkcə acı mədə şirəsi gəldi. Baba ağzındakını tüpürüb yenə arxası üstə uzandı. Sağ əlini kəmərinə atdı ki, qumqumasını çıxarıb su içsin. Amma kəmər belində deyildi. Yenə birtəhər başını qaldırıb ətrafa boylandı. Kəməri çırpıldığı ağacın dibinə düşmüşdü. Ağaca tərəf sürünməyə başladı. Amma qumqumanı götürüb ağzını açmağa macal tapmamış səs eşitdi. Kimsə onlara tərəf gəlirdi. Başını yerə qoyub nəfəsini içinə çəkdi, gözünün qırağıynan baxmağa başladı. Politsay formalı axsaq kişiydi, yavaş-yavaş gəzib meyitlərə baxırdı. Bədəni parçalanmayan əsgərlərin meyitlərini tərpədir, sağ olub-olmadığını yoxlayırdı. Əsgərlərin üstündəki qumbaraları, güllələri yığıb kisəsinə doldururdu.

Politsay gəzə-gəzə gəlib Babaya çatdı. Ayağıynan Babanın bədəninə vurdu. Baba ağrıdan inildədi. Politsay tapançasını çıxarıb onun başına tuşlayanda Baba gözlərini yumub pıçıldadı:

- İt oğlu it!

Politsay tapançanı aşağı salıb az qala qışqırdı:

- Azərbaycandansan?

Baba gözlərini açıb politsaya baxdı, başını tərpətdi:

- Hə.

Politsay güllə yığdığı kisəni yerə qoydu, tapançasını qoburuna qoyub Babaya tərəf əyildi, qoltuğundan tutub qaldırdı, ağaca söykədi.

- Otur. Otur, özünə gəl.

Baba ağrıdan qıvrıla-qıvrıla dedi:

- Su... Bir az su ver...

Politsay yerdəki qumqumanı götürüb qapağını açdı, Babanın ağzına yaxınlaşdırdı. Baba suyu içib gözlərini yumdu, başını ağacın gövdəsinə söykədi.

Politsay çır-çırpı yığıb ocaq qaladı. Kisəsindən ət konservi çıxarıb bıçaqla ağzını açdı, ocaqda qızdırdı. Bir fal qara çörək də götürüb Babanın yanında oturdu.

- Gəl, bir az çörək ye.

Babanı yedizdirəndən sonra qalan əti özü yedi. Sonra elə həmin konserv bankasında su qaynatdı.

- Çayım yoxdu, al isti su iç.

Suyu üfləyə-üfləyə Babaya içizdirdi.

Artıq hava qaralmışdı. Politsay bir az da quru budaq yığıb ocağa atdı.

Yeyib-içəndən sonra Baba bir az özünə gəlmişdi. Daha özünü bayaqkı kimi əzgin hiss eləmirdi. Bədənindəki ağrılar azalmasa da, başının ağrısı keçmişdi. Politsay cibindən siqaret çıxarıb birini Baba üçün, o birini özü üçün yandırdı.

- Hansı tərəfdənsən? - Politsay soruşdu.

- Bakıdan.

- Mən də Bakıdanam.

Baba siqaretdən dərin qullab vurub soruşdu:

- Bura necə gəlib düşmüsən?

- Eh... - Politsay əlini yellətdi. - Uzun söhbətdi... Bakının özündənsən, ya hansısa kəndindən?

- Görədildənəm.

- Mən də Pirşağıdan. Pirşağıda tanıdığın adam var?

- Hə, Ağatahir əmi.

Politsayın əlləri əsdi:

- Sağdı hələ?

- Axırıncı dəfə davadan qabaq görmüşdüm, sağ idi.

- Onun bir dostu var idi kənddə, Əlizaman. Onu tanımırsan?

Baba bir istədi desin, o kişi babamdı, amma özünü saxladı.

- Yox. O kimdi ki? - soruşdu.

- Əlizaman mənim atamdı.

- Bunların arasına necə gəlib düşmüsən? - Baba bayaqkı sualını təkrarladı.

- Müsavatçılar haqqında nəsə eşitmisən? - politsay soruşdu.

- Yox.

- Məlum məsələdir. Sizdə bu haqda heç nə danışmazlar, yəqin. O vaxt Müsavat firqəsi vardı. Mən o firqənin üzvü idim. On səkkizinci ildə Azərbaycan Cümhuriyyətini qurduq. İyirminci ildə qırmızılar gəlib Azərbaycanı işğal elədi. Firqə dağıldı, biz də pərən-pərən düşdük. Kimisi xaricə qaçdı, kimisi qırmızılara sığındı. Mən də kəndə qayıdıb atamnan, qardaşımnan yaşamağa başladım. Üstündən iki il keçmiş dalımca gəldilər. Elə bilirdim yaddan çıxmışam, elə deyilmiş. Qardaşımnan kənddən çıxa bildik. Şəhərə, köhnə dostlarımın yanına gəldik. Bizi iki gün gizlətdilər, üçüncü gün Türkiyəyə keçmək üçün sərhədə getdik. Şəhərdə bizə bələdçi qoşmuşdular, bizi Arazdan keçirdib dala qayıtmalıydı. Bakıdakı tanışlarım da getməyə hazırlaşırdı, amma onların bir az işi qalmışdı. Danışmışdıq ki, biz gedib İranda onları gözləyəcəyik, onlar gələndən sonra bir yerdə Türkiyəyə gedəcəyik. Arazı keçəndə sərhədçilər bizi gördü, atışma oldu. Qardaşımnan bələdçimiz öldü, mən ayağımdan yaralandım. Amma İrana keçə bildim. Orda xeyli xəstə yatdım, ayağım düzələndən sonra keçdim Türkiyəyə. Daha Bakıdan gələnləri gözləmədim. Çox vaxt keçmişdi, gəlməli olsaydılar, çoxdan gələrdilər. Yəqin, Bakıda tutmuşdular onları. Bilmirəm. Türkiyədə dörd il yaşadım, sonra Çexoslovakiyaya köçdüm. İyirminci illərdə çox adam qaçmışdı Azərbaycandan. Çexoslovakiyada da bizimkilərdən yaşayanlar vardı. Axtarıb tapdım onları, sağ olsunlar, mənə iş düzəltdilər. Sakit, rahat yaşamağa başladım. Bu ilin əvvəli eşitdim ki, Almaniyada Azərbaycan legionu təşkil olunub. Gəldim könüllü yazılım. Amma ayağıma görə götürmədilər. Mən də politsaylığa yazıldım, dedim, heç olmasa, belə gəlim. Nə bilmək olar, bəlkə Azərbaycanı, Bakını bir də gördüm?!

Politsay təzə siqaret yandırdı. O da ağaca söykənib ocağa baxmağa başladı. Baba hərdən inildəyirdi, politsay isə gözlərini dikmişdi alovun dillərinə.

Xeyli belə oturdular. Ocaq öləzidi, yavaş-yavaş şöləsi azaldı, getdikcə tamam söndü. Elə oturduqları yerdə mürgülədilər.

Səhər dan söküləndə politsay durub kisəsini dalına atdı.

- Şəhərə getmə, - Babaya dedi, - oranı bizimkilər tutub. Meşəynən dala qayıt, sizinkilər ordadı. Gedə biləcəksən?

- Gedərəm birtəhər.

- Yaxşı. Salamat qal!

Politsay üzünü çevirib axsaya-axsaya getməyə başladı. Bir xeyli uzaqlaşandan sonra Baba onun dalınca qışqırdı:

- Əmi!

Politsay üzünü çevirib baxdı. Baba politsay eşitsin deyə yenə qışqıra-qışqıra dedi:

- Siz qaçan gün Əlizaman babanı kəndin içində öldürmüşdülər...

Politsay bir neçə dəqiqə başını aşağı salıb dayandı. Sonra başını qaldırdı, amma Babaya baxmadı, üzünü çevirib yoluna davam etdi.

Baba yerindən tərpənməyə çalışdı. Ayağıynan qolundan qopan ağrı düz beyninə işlədi. Sağ əliynən yerdəki süngü bıçağı götürüb kitelin sol qolunu cırdı. Qolu tünd bənövşəyi rəngdəydi, şişib kötüyə dönmüşdü. Acı-acı gülüb başını ağaca söykədi. Düz üzünə vuran solğun payız günəşinə baxıb gözlərini yumdu.

 

Mart, 2021

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!