Gəlin
Mələk xanım mağazaya 457 yeni manat ödəyib evə gəldi və gözləməyə başladı. Çatdırma və quraşdırma mağazanın boynuna düşürdü. Dünən usta gəlib paltaryuyan maşını quraşdırmaq üçün lazım olan santexnika işlərini görüb qurtarmışdı.
Yarım saat sonra firmanın işçiləri paltaryuyan maşını gətirdilər. Usta maşının işlətmə qaydalarını izah edə-edə zarafatından da qalmırdı:
- Ay bacı, bu paltaryuyanı ki aldın, ev işlərini yarıbayarı azaldacaq. Elə təsəvvür elə ki, evinə gəlin gətirmisən, əlini-əlinin üstünə qoyub baxırsan, "gəlin" pal-paltarını yuyur, yaxalayır və qurudur.
Mələk xanımı gülmək tutdu. O da zarafatla:
- Hansı gəlin qayınana üçün paltar yuyur? - dedi.
Usta:
- Yox, bu gəlin ağıllı gəlindir.
Ustalar işlərini görüb qurtaranda:
- Gəlininiz xoş gəlib, səfa gətirib. Sizi təbrik edirik! Gözəl mübarəkdir! - deyib getdilər.
Uşaqlar paltaryuyan maşının ətrafına yığışıb tamaşasına durdular. Nəhayət, baxmaqdan doyub, qonaq otağına keçib yenə televizorun qarşısında əyləşdilər. Aradan yarım saat keçmişdi ki, qapının zəngi çalındı. Mələk xanım ayağa qalxıb qapıya yaxınlaşdı, gözlükdən baxanda qonşu qadınları gördü. Qapı açılan kimi bir dəstə arvad içəri doluşdu və dil-ağız elədi:
- Çox mübarəkdir, Mələk xanım!
Mələk xanım sevincək:
- Sağ olun, əzizlərim! Allah sizdən razı olsun!
Fatma dilləndi:
- Qapıdan keçəndə eşitdim. Bir kişi gözaydınlığı verirdi.
Şəfiqə soruşdu:
- Adı nədir, Mələk xanım?
Mələk xanım yadına salmağa çalışdı. Jalə tez:
- Adı…Vesteldir.
Şəfiqə xanım təəccüblə:
- Vestel? Xaricidir?
Mələk xanım:
- Hə, xaricidir. Bizimkilərdən adam yarımır. Yarı yolda qoyur səni. Bu isə, başqa aləmdir, ay Şəfiqə, sənə qismət olsun. Bilirsən, nə paltar yuyur! Tər-təmiz, ağappaq.
Şəfiqə:
- Halal olsun. Alanda da beləsini alasan. Sonra zarafatla dedi. - Gedək, baxaq, tanış olaq, görək, həqiqətən tərifəlayiqdir?!
Mələk xanım qonşu qadınları mətbəxə apardı. Yolboyu Rəfiqə öz-özünə deyindi: "Bir yandan tərifləyir, o biri yandan indidən mətbəxə basıb. Bir layiqli yerdə oturda bilmirdi?!"
Mətbəxdə qonşu qadınlar bir-birinin üzünə baxdılar. Burada kimsə yox idi. Şəfiqə çiyinlərini çəkib:
- Bəs gəlin hanı, Mələk xanım?
Bu dəfə Mələk xanım donub qaldı. Ustanın dediklərini də unutmuşdu:
- Hansı gəlin? Nə gəlin?
- Ağ geyimli gəlini deyirik. Baxmaq istəyirik.
- Başa düşmürəm, hansı gəlindən danışırsınız…
Mələk xanım özünü elə itirmişdi ki, mətbəxə paltaryuyan üçün keçdiyini də unutmuşdu. Fatma yada salmağa çalışdı:
- Qapının ağzından keçəndə gəlinə görə sizi təbrik etdiklərini bu qulaqlarımla eşitdim. Qonşuluqda yaxşı deyil. Gəlini bizdən gizlədirsiniz? Ay qızlar, gəlin, gedək.
Mələk xanım, sanki yuxuda idi, ayıldı. Qəhqəhə çəkib onları saxladı. Paltaryuyan maşınına sarı gedib, örtüyü qaldırdı. Maşın ağ rəngdə idi. Özü də gəlin kimi bəzəkli:
- Ay sağ olmuşlar, budur mənim gəlinim! Adı da Vesteldir. Özü də xarici gəlindir. Bayaq siz soruşdunuz, mən də dedim. Baxmaq istəyirsiniz, baxın. Daha küsmək nəyə lazım?!
Qonşu qadınlar Fatmanın üzünə baxdılar. Bunun mənası o idi ki: "Qapı pusmağın axırı belə pərtliklə qurtarar!"
Hinduşka
Səriyyə süddən, qatıqdan, nehrə yağından-pendirdən, qaymaqdan-baldan, bir qədər də mer-meyvədən bir zənbil düzəldib, bir hinduşka da kəsdirib, tükünü yoldu, iç-içalatını təmizləyib hazırladığı payın üstünə qoydu. Vidadi müdafiə edib alim olmuşdu. Səriyyə gec xəbər tutmuş, vaxtında əmioğlusunu təbrik edə bilməmişdi. Bir var, özünü eşitməməzliyə qoyub üstünü vurmayasan, bir də var, gec də olsa, təbrik edəsən. Hər halda ikinci variant yaxşıdır. Sabah Salyandan yola düşən avtobusa əyləşər, uzağı, iki saata özünü Bakıya çatdırar, Vidadiyə, ailəsinə gözaydınlığı verər, bir stəkan çaylarını içib, rayon payını da verər, geri qayıdar.
Qonşu Gülbacı Səriyyənin bayaqdan, əlləşib-vuruşduğunu, nə zamandan bəri yanını yerə qoymağa da macal tapmadığını görüb:
- Ay Səriyyə, yumurtası tərs gəlmiş toyuq kimi nə əlləşirsən? Aaazz, özünə yazığın gəlmir?
Səriyyə deməyə məcbur oldu:
- Bizim Vidadi alim olub, xəbər tutmamışam... Deyirəm, gec də olsa, gedib təbrik edim. Universitetdə oxuyan uşağa köməyi çox dəyir. Fikirləşməsin ki, özümüzü bilməməzliyə vurmuşuq, qanmazıq...
Maraq Gülbacıya güc gəldi:
- Əliboş ha, getmirsən, nə aparırsan, gülmə-şəkər əmioğlunçun?
Səriyyə cavabında dedi:
- Süd-qatıq, nehrə yağı, pendir, mer-meyvə...
- Elə bu? Nə əcəb toyuqdan, qazdan-ördəkdən, quzu ətindən... bir şey aparmırsan?
Səriyyə boynuna aldı:
- Bir dənə də hinduşka...
Gülbacı təəccüblə:
- Azz, Yeni il qabağıdır, - dedi. - Heç bilirsən, bazarda hinduşka neçiyədir?
- Hər neçəyə olsa da, əmim oğludur. Qan qohumumdur, əmimin yadigarıdır. Deyirsən, bir hinduşkanı da qıymayım? Adam adama hansı gündə lazımdır?!
Gülbacı dilləndi:
- İndi hinduşkanın biri əlli manatdır.
Bu dəfə Səriyyə təəccüblə içini çəkdi:
- Əlli manat???
Gülbacı təsdiqlədi:
- Hə, əlli manat...
Oradan-buradan bir qədər söhbətləşəndən sonra Gülbacı çıxıb getdi. Səriyyə səhər ertə Bakıya yola düşəcəkdi. Odur ki, yatağa tez girdi ki, yatıb yuxuya qalmasın.
Səhər saat 6-da zəngli saat səsləndi. Səriyyə durub yuyundu. Yarım saat, qırx dəqiqə sonra zənbilini götürüb yola çıxdı. Bilet alıb avtobusa qalxdı. Avtobusun yola düşməsinə on beş dəqiqə qalırdı. Səriyyə birdən hiss etdi ki, nə isə darıxır. Dünən Bakıya getmək, Vidadi əmioğlusunu təbrik etmək üçün nə qədər hazırlıq işləri görmüşdü. Bakıya getmək üçün ürəyi əsirdi. İndi isə, getmək istəmirdi. Gülbacının sözləri ona rahatlıq vermirdi: "Heç bilirsən, bazarda hinduşka neçiyədir? Əlli manata".
Qış yaman gəlirdi. Uşaqların əyni yalın idi. Musanın ayaqqabısı su buraxırdı. Gülgəzin paltosu nimdaş idi. İsanın da şalvarı süzülmüşdü. Hinduşkaya bax, gör necə qudurub! Əlli manata qalxıb. Bal da, qaymaq da od qiymətinə idi. Sürücü sərnişinləri harayladı:
- Gəlin, gedirik. Siqaretinizi atın, avtobusa qalxın.
Sərnişinlər avtobusa doluşdular. Avtobus tərpəndi. Yüz metr belə getməmişdi ki, Səriyyə ayağa qalxdı:
- Şofer qardaş, maşını saxla.
- Nə olub? Öyrənmisiniz maşın qalxanda saxlatdırıb bulka alırsınız...
Səriyyə səsini qaldırdı. O, zənbilini də götürmüşdü:
- Düşürəm.
Sürücü cin atına mindi:
- Necə yəni düşürəm? İndi bu millət iki saat səni gözləsin ki, nə vaxt qayıdacaqsan?
- Getmirəm. Saxla, düşüm.
- Getmirsən? Bu başqa məsələ. Amma pulunu qaytarmayacağam. Yeri zanit eləmisən.
- Cəhənnəmə qaytar, qara yola qaytar...
Səriyyə düşdü. Avtobus tərpəndi. Səriyyə nəfəsini dərib əlini qaldırdı. Bazara gedən avtobusa mindi. Südü-qatığı, nehrə yağını-balı, hinduşkanı bazara gətirib yaxşı qiymətə satdı və uşaqlarına yavanlıq, əyin-baş aldı.
Evə qayıdandan sonra bir stəkan çay içib, telefonun dəstəyini qaldırdı. Telefonçu qızın səsini eşidən kimi Bakını sifariş verdi və Vidadini təbrik etdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!