Manisə heç də həyat təcrübəsi az olmasa da, birinin şirin dilinə aldanıb, yamanca cəncələ düşmüşdü. O da bir başqası, kənarçı adam deyildi. Gündə ona neçə dəfə "bacı, bacıcan, can-ciyər" deyə müraciət edən qonşuları Səkinə idi. Ancaq di gəl ki, yaxşı demişlər: "İnsanı tanımaq çox çətindir. Şirin dilini işə salıb, qəlbinə yol saldı, o da zamin durası oldu, bankdan xeyli pul götürdü. Bir müddət sonra da üz tutdu xarici səfərə. Türkiyədə olduğunu, İstambulda yaşadığını deyirdilər. Əvvəl-əvvəl telefon əlaqələri vardı. İndi isə susur, zənglərinə cavab vermirdi.
Bank isə lap ağ eləmişdi. Neçə ay idi ki, heç özünün xəbəri olmadan pensiya pulunu yarıqat edirdilər. Yüz manat da az pul deyildi ki, əvvəllər dərd-sərinə sərf edir, ona-buna ağız açmırdı. Bu səbəbdən də indi məhkəmədə idi. Məhkəmə katibi onu görcək səsləndi:
- Yenə xeyir ola?
- Elə həmin işə görə də.
- Səkinə... Vay dədəm vay...
- Görüm onu zəlil olsun... Məni qoyub yollarda da.
- Təqsir özündə olub da. Beləsinə etibar edərlər.
- Qonşu idi də.
- Həm də rəfiqə...
Məhkəmənin dəftərxana müdiri onların bu sözlərini eşidib dəhlizə çıxdı, qımışdı:
- Ədə, yenə nə olub belə?
- Bu həyasız kreditini ödəmir də. Bank da məni soyub, talayır.
- Hə?!.
- Bacıcan...
- Bilmirdin, tanımırdın onu. O afiristka idi də.
Hakimin gəlişi söhbətə son qoydu. Manisə arvad bir o qədər yaşlı deyildi. Yaşı əlli əhatəsində olardı. Yanaqları hələ qırmızı, özü ətli-qanlı idi. Dolu bədəni ilk baxışda diqqəti cəlb edir, köklük ona yaraşırdı. Səsləndi:
- Salam...
- Hər vaxtınız xeyir.
- Xanım məni gözləyir?
Qadın pörtmüş, yanaqları allanmış halda dilləndi:
- Bəli, yoldaş...
- Cənab... - deyə dəftərxana müdiri onu dümsüklədi. Qadın çaşqın halda pıçıldadı:
- Hə, hakim qardaş...
- Buyurun...
Hakimin otağı geniş, işıqlı idi. Özü əyləşəndən sonra ona da əyləşməyə yer göstərdi:
- Oturun...
- ...
- Eşidirəm sizi...
- ...
- Dinləyirəm...
- ...
- Sözünüzü deyin də...
Qadın kövrək bir səslə pıçıldadı:
- Bilmirəm tanıdız, ya yox, mən həmin dərdli qadınam. Sizdə şikayət ərizəm olmalıdır. Bank krediti ilə əlaqədar.
Son vaxtlar belə cəncəl işlər hakimi lap boğaza yığmışdı. Odur ki, iynə batırılmış kimi səsləndi:
- Çox yaxşı, çox pakizə. Kredit götürmüsən, ödə də... Dövlətlə çilingağac oynamaq olar?!
- ...
- Kredit götürmək elə bil ki, boyunduruq altına girməkdi də. Girmisən xalxın pulunu qaytar da.
Qadın bu sözlərdən lap utanan-qızaran kimi oldu. Daha da pörtdü, yanaqları qızararaq əsl mənada tər, təravətli çiyələyi xatırladırdı:
- Bağışlayın... Sizi də heç nədən hirsləndirir, haldan çıxarıram. Ancaq necə deyim, o krediti mən almamışam.
- Bəs kim alıb?!
- Səkinə... İndi çıxıb gedib...
- Zamin ki siz durmusunuz! Nə fərqi var, öhdəlik götürmüsüz də!
Qadının susduğunu görən hakim ona mühazirə oxuyurmuş kimi dilləndi:
- Qəribə zəmanədə yaşayırıq ey. İndi qanunun tələblərini başa düşmək istəmirlər də. Hələ qədim zamanda... Xüsusən də Romada hər şey bu üç nəhəgə söykənirdi: şəxsiyyətə, əşyaya, öhdəliyə...
Manisə onu key-key dinləyəndə, hakim onun çaşqınlıq içində qaldığını, bir şey başa düşmədiyini hiss edib, fikrini, sözlərini bir qədər sadələşdirəsi oldu:
- Şəxsiyyət, yəni siz, mən, başqaları ola bilər.
- ...
- Əşya... Şey də...
Onun bu sözlərinə qadın qımışıb güləndə özünü saxlaya bilməyib dedi:
- Başqa şey fikirləşməyin. Pul da elə əşya - şeydi də.
- Gülməli sözə gülərlər də... Vəkil də elə belə gəlir danışırdı. Soruşuram ki, mənə necə kömək edəcəksən... Deyir ki, bir zərif... Zəif nöqtə tapım da...
- Vəkilin işi budu da...
Hakimin kefi durulan kimi oldu.
- Siz də gülümsəyirsiniz. Mənim işimdə nə ziddiyyətli fikir ola bilər ki?.. Sadəcə zamin durmuşam da. Pulu alan Səkinədi...
- Bilirəm...
- Vəkilə bax... Səhv axtarır. Deyən, soruşan lazımdır ki, a kişi, indi İstanbulda gəzən, kef çəkən mən deyiləm ey, Səkinədi...
Həmin gün Manisə kimi görürdüsə gileylənirdi:
- Vallah, məni qınamayın. Elə bil ki, Səkinə bunları da alıb ələ. Hansını dindirirsən mənə ağıl verir, mühazirə oxuyur.
Məhkəmənin həyətindəki oturacaqda əyləşmiş forslu-fasonlu bir xanım gileyləndi:
- İndi hamısı belədi də. Şey bunların başını xarab edib.
- Sən də ədəbli danış.
- Pulu deyirəm də...
- Mənim pulum haradadı ki, onlara verim?! Zəhəri olsun, vəkilə iddia ərizəsi yazanda vermişəm də. Demişdi ki, məhkəmədə sənin hüquqlarını müdafiə edəcəyəm.
- Bəs hanı?
- Yəqin yatıb yuxuya qalıb da.
- Belə de...
- Görüm onu lənətə gəlsin. Heç nə etdiyini özü də bilmir. Elə "zərif... zəif yer... ziddiyyətli fikir... səhv..." - deyə-deyə qalıb.
Məhkəmə xeyli gec başladı. Gedişat da heç də xoşagələn deyildi. Vəkil hələ də yuxulu kimi görünürdü. Manisə sanki acıqlı halda onu sancdı:
- Bura gəlməmişdən əvvəl heç olmasa əl-üzünü yumusan?
Onun bu sözləri vəkilə acıq getdi:
- Mən yaşlı adamam... Əsəblərimlə oynamayın.
- Elə siz də... Səhərdən sizi gözləməkdən cana doymuşam.
Hakim yerində əyləşəndən sonra zaldakılara əli ilə əyləşmək işarəsi verdi. Sonra isə gülümsər halda soruşdu:
- Vəkil Şahbazlı burdadı?
- Bəli, Vahid Əli oğlu.
- Çox yaxşı. Sizin suala cavab tapmışam. Mülki hüquqa aid olmayan yeganə şey havadı...
- Bəs su?
- Su artıq aiddir...
Yerdən səslər eşidildi:
- Qaz, işıq da...
- Şkaf, mənzil, televizor...
- Qələm, ruçka, kitab...
- Dəftər, yastıq, çaydan, çılçıraq...
Hakim əlacsız qalıb sakitliyi bərpa etmək üçün əlindəki taxta çəkicini onun altlığına vuraraq səsləndi:
- Sakit olun da!.. - Sözünə davam etdi, - hüquq əmr edir!.. Mülki hüquqda bu qətilik bir o qədər duyulmur. Tərəflərin hüquq bərabərliyinə geniş yer verir... Lakin bu o demək deyil ki, bildiyini edəsən...
- ...
- Baxılır mülki işə...
- ...
- Manisə xanım buradadı?
Bu an onun kövrək səsi eşidildi:
- Bəxtəvər xanım olanların başına. Xanımın burada nə işi var... İti azıb...
Hakim dilləndi:
- Ədəbli danış...
- Olanı deyirəm də...
- Olub keçənlər üçün heç özündə təqsir görmürsən? Çalağanla göyərçinin dostluğu tutmaz axı.
Bu an qadın ciddiliyini itirən kimi oldu, dodaqları qaçdı, gülümsədi:
- Vallah elə onu düz deyirsiniz. İtlə pişiyinki tutmaz axı.
Zaldan səs gəldi:
- Hansınız itdi, hansınız pişik?
- Sus, əbləh!
- Elə görürük...
- Guya vəziyyəti bilmirsən?!
Atmaca atan Səkinənin nümayəndəsi idi. Dedi:
- Tələsmə, indi özü gəlir... Hacı Əbdul demişkən, Hacı Leylək gələndə çoxları susacaq, hamısını bir-bir dənləyəcək...
Manisə arvad isə ona söz verilmişkən daha çox söz demək istəyirdi:
- Cənab hakim, mən başsız, dul bir qadınam... Yazığınız gəlsin mənə...
- Heç də dula, imkansıza oxşamırsınız.
- Vallah-billah, tək yaşayıram.
- Qorxmursunuz?
- Hər şey insandan qorxur, ehtiyatlanır...
- ...
- İnanın, o, bankda işçilərə yüz şirin vəd verib. Müdirə kostyum alıb... Axı mən də yazığam... Heç nədən ayda pensiyamdan yüz manat tuturlar. Mən ona kredit ödəyənəm?!
Hakim ona bozardı:
- Elə dediyini deyir ey... Mətləbə daxil olmayan məsələlərdən söhbət açma.
- ...
- İşin vəziyyəti həqiqi göstərir ki, hər şey heç də şirin dediyimiz kimi deyil...
- ...
- O gün notariusa getmişdiniz?
- Bəli...
- Ora sizi məcburi aparmışdılar?
- Yox...
- Notarius sizə imza təsdiq etdirəndə bir söz demədi.
- Dedi... Hər şeyi izah etdi... Çəkindirməyə çalışdı...
- Bəs elə isə nə mızıldanırsınız?
- Aldanmışam da...
- Uşaqsınız?!
- Yaşım çox olsa da, elə uşaq xasiyyətliyəm.
- Görürəm elə... Heç cibindəki pulu səpələmirsən...
Hakimin bu sözlərinə zaldakılar gülüşdülər. O soruşdu:
- Yaxşı indi nə edək? Tələbində qalırsanmı?
- Bəli...
- Bəlkə, barışıq sazişi imzalayasınız?..
- Yox...
- Sizin vəkiliniz burdadı?
- Bəli... Ancaq mən daha vəkil istəmirəm. Özüm öz hüquqlarımı müdafiə edəcəyəm.
- Axı pul vermisiniz.
- Eybi yoxdur.
Vəkil incik halda dilləndi:
- Daha yaxşı... Onsuz da pul geri qaytarılmayacaq.
Zala bir anlığa ağır sükut çökdü. Bu sakitlikdə Manisə arvadın acıqlı səsi eşidildi:
- Onsuz da!.. O vəkil olub nə işimə yarıyıb ey?! Elə məndə zərif... Zərif yer axtarır!..
Onun bu sözlərinə nəinki hakim, zaldakılar qəş edincədək güldülər. Hakim əlacsız qalıb dilləndi:
- Sakit olun...
- Hə, deyəcək ey?
- Qoy sözünü desin...
- Elə dediyi sözü görürük.
- Söz demək onun da hüququdur... İstəsə məhkəmədə qarşılıqlı iddia qaldıra bilər. Ödədiyi pul qaytarılar.
Manisə arvad dalaşqan xoruztək acıqlı-acıqlı vəkilə tərəf baxaraq dedi:
- Yoxsa yalan deyirəm?! Bu sözləri sən mənə deməmisən?
- Demişəm... Ancaq belə yox... Bir də ki, səndə yox, mülki işdə... Cavabdeh tərəfdə... Zərif... Zəif nöqtə demişəm.
- Ziddiyyətli fikri də sən deməmisən?!
- Demişəm! Necə izah edim?!.
- Səhvi də?!.
Beləcə, ara qarışdı... Hakim güclə zaldakıları sakitləşdirib, soruşdu:
- O dövlət rüsumu barədə soruşan kim idi? Belə də... Əgər iddia təmin edilirsə... Cavabdehin üzərinə düşür hər şey... Dövlət rüsumunu və başqa xərcləri dövlət ödəməlidir. Əgər hər şey əksinə olursa, onda vəziyyət dəyişir... Cavabdehin çəkdiyi bütün məhkəmə xərcləri iddiaçıdan tutulur.
Səkinə arvad bu sözlərdən karıxmış halda əvvəl lal-dinməz dayandı. Sonra isə istilənmiş halda qızdırmalı adam kimi gözlərini döydü. Onsuz da həddən ziyadə pörtmüş, yanaqları qızarmışdı.
- Bu necə olan şeydi?!.
- Hə...
- Pul... Şey... Vallah-billah mən sizin işlərdən baş açmıram.
- Ay xanım, bir gündə hüquqşünas olmayacaqsan ki...
- Demirəm ki, hüquqşünas olacağam...
İçəridəkilər yenə də onun sözlərinə gülməkdən uğundular. Elə hakim özü də...
- Gülün...
- ...
- Gülməli adama gülərlər də...
- ...
- Allah heç kimi tək, imkansız eləməsin.
Bu an zalın qapısı açıldı. Gələn Səkinə idi.
Forslu-fasonlu geyinmiş, adicə qolsuz xalatda idi. Gün qaraltmış qolları, çılpaq sinəsi aydınca görünürdü. Ağbəniz sifəti, dik məməşləri göz oxşayırdı. Hakim udqundu; soruşdu:
- Türkiyədə idiniz?
- Hə... İstanbulda...
- Orada vəziyyət necədi?
- Camaat yaşayır da... Kefdədirlər...
- Görünür elə... Plyajdan çıxıb gələnə oxşayırsınız.
- Zaqarat edirdik də...
- Bu xanımı niyə pis vəziyyətdə qoymusunuz?
- Mən?! Burada olmamışam. Krediti ödəyəcəyəm də...
- Elə indi ödəyin...
- Yox, sonra...
Səkinənin him-cimindən şübhəyə düşmüş Manisə arvad səsləndi:
- Yox... Mən ona inanmıram...
- Ağəz, niyə belə deyirsən?!
- Hə də...
- Bacıcan...
- ...
- Pul demirsən, verəcəyəm də...
- ...
- İndi durub məndən şikayətçi olacaqsan da?! Ayıb deyilmi?.. Duz-çörək kəsmişik. Sözdə rəfiqəyik.
Sanki beləcə, bu sözlərlə Səkinə bir andaca Manisə arvadı elə yumşaltdı ki. Cibinə basılan pula baxmağı heç özünə rəva bilmədi. "Pul... şey... Mənim zərif ... Zəif yerim..." - deyə-deyə qaldı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!