Yaddaşımın aynasının insanı... - Adil Misirli

Unudulmaz Əhməd Elbrusun nurlu xatirəsinə həsr olunur

...Tələbə yataqxanasının növbətçisi telefona çağırıldığımı bildirdi. Tez aşağı, birinci mərtəbəyə düşdüm. Telefondakı doğma səs ürəyimə bir sərinlik gətirdi: "Qardaşoğlu, necəsən? Özüm nümayəndəliyə düşmədim. Bilirsən ki, mən rəsmiyyətdən qaçıram. Gəl bir "universitet" mehmanxanasına, əməlli-başlı dərdləşək. Bura yaxşı və rahatdır. Müdiri də özümüzünküdü..."

Özümü "universitet" mehmanxanasına yetirdim. Əmim məni foyedə gözləyirdi. Görüşüb-öpüşdük. Qoluma girib otağına apardı. Dedi qoy, üzümü təraş edim, sonra restorana düşüb qəlyanaltı edərik.

Onu yaxından tanıdığım üçün bilirdim ki, bizə mürəkkəb, əlçatmaz görünən çox şeylər ondan ötrü lap sadə bir həyat tərzidir. O, bizimlə yanaşı yaşasa da, bizim görüb, dərk edə bilmədiklərimizi çox yaxından və ətraflı şəkildə qavrayır, görürdü. O, həqiqətən başqa dünyanın, planetin adamı idi. Ancaq ona məxsus olan məziyyətlər özünü açıq büruzə verirdi. O, qəribə üstünlüyünü gizlədə bilmirdi. Çünki bu ondan ötrü qəribə deyildi. O, bizim içimizdə hiss etmədiyimiz bir qərib idi. O, bizimlə, bizim olsa da, bizim deyildi.

O, ayrı bir meteor idi. Çılğın-təvazökar, qəribə-sadə... Təzadlar dünyasından gələn bir şəxs idi. Bir anın içində qızışıb dünyanı bir-birinə qatırdı. Və cəmi bir neçə saniyədən sonra yumşalıb ipək kimi olurdu. Adamı bağrına basıb ürəyinə dolurdu... Bir Allah bilir, mən belə anlar üçün necə darıxmışam...

...Mehmanxananın restoranında qəlyanaltı etmək məqsədilə aşağı düşdük. Foyedə 5 nəfər, 4 kişi, 1 qadın ərəb tərcüməçi ilə söhbət edirdi. Üçü Misirdən, ikisi Tunisdən idi. Biz onların tuşuna çatanda ərəblərdən biri bizə təkəbbürlə baxıb nəsə dedi, tərcüməçi yüngülcə gülümsəyib, onun dediklərini təsdiqlədi. Mən söhbətin nədən getdiyini başa düşmədiyim üçün bunun fərqinə varmadım. Bir anın içində Elbrus dəyişdi. Üzü buludlandı, rəngi tam dəyişdi. Sifətinin cizgilərindən anladım ki, nəsə olub. Özünü, hirsini boğmaq istəsə də, bacarmır... "Əmi, axı nə oldu, niyə belə dəyişdin?" - deyib, ona daha yaxın durdum. "Heç, qardaşoğlu, bu naqislərin dərsini vermək lazımdır", - deyə tərcüməçiyə yaxınlaşıb qolundan tutdu. Sonra soruşdu ki, ərəblər bizi görəndə nə dedilər ki, sən kinayə ilə gülümsədin? De, biz də eşidək, bilək. Tərcüməçi qolunu Elbrusun əlindən çıxarmağa cəhd göstərsə də, xeyri olmadı. Elbrusun əli onun qolunu məngənə kimi möhkəm-möhkəm sıxırdı. Əmim ona sakit nəzərlə baxıb, təpədən-dırnağa qədər xeyli süzəndən sonra, "yəqin universitetin şərqşünaslıq fakültəsini bitirmisən, eləmi?" - deyə soruşdu. Tərcüməçi başının hərəkəti ilə təsdiqlədi. "Amma öz aramızdır, universitet müəllimlərin zəif olublar. Sən ərəbə bir cümlə ilə cavab verdin, iki səhv etdin. Ərəb də səni başa düşdü, çünki o da ərəb dilini elə sənin kimi bilir, baxma ki, özü ərəbdir". Bunları deyib, Elbrus tərcüməçiyə səhvlərini ətraflı başa saldı. Sonra ərəblərə üz tutub, "hamınız qonağımsınız" deyərək, onları restorana dəvət etdi. Təəccübdən gözləri böyümüş ərəblər bizimlə birgə restorana daxil oldular.

...Elbrus hamını restoranda masa arxasında oturdub, hər kəsin ürəyindən keçən yeməkləri soruşmadan səhvsiz sifariş verdi. Sonra yemək zamanı bir anın içərisində, qəfil necə coşdusa, hamını heyrətə gətirdi. Baxışları ilahi bir görkəm almışdı. Saçları qarışmış, sanki barmaqları da uzanmışdı. Gözlərinin rəngi də əvvəlki rəngində deyildi. Mən onu bu görkəmdə əvvəllər, lap gənclik vaxtı bir şəklində görmüşdüm.

O, elə çılğınlıq, ehtirasla danışmağa ərəblərə "Quran"dan dərs deməyə başladı: "Quran"ı oxumaq hələ onu bilmək, başa düşmək deyildir. Ordakı dərin fəlsəfi mənanı, məfkurə və qayəni başa düşmək, qavramaq lazımdır deyib, "Quran"dan onlara xeyli bilgilər verdi. Və birdən Elbrus yenə dəyişdi. Uca səslə muğam üstündə elə avazla Quran oxudu ki... ərəblər bu qeyri-adi şəxsə səcdə ilə baxdılar. Onlar Elbrusun yanıqlı, yatımlı, məlahətli səslə oxuduğu Quranın təsirindən ayrılmamış o, mərsiyəyə keçdi. Mən hələ heç yerdə, heç bir ilahiyyat adamının belə mərsiyə oxumasını eşitməmişdim. O, sanki mərsiyəni özü düşünüb yazmışdı. Ərəblər onun avazına, səsinə, dünyagörüşünə heyran olmuşdular. Onlar indi Elbrusu təkcə dinləmir, hönkür-hönkür ağlayırdılar. Elbrus ancaq ona məxsus olan güclə muğamatın din üstə köklənməsini, mərsiyənin vəzifəsini onlara öz dillərində olduqca səlis və aydın çatdırdı. Əvvəl özlərindən razı, bizi təkəbbürlə süzən ərəblər, indi Elbrusun qulu idilər. Onun fenomen bilik və istedadına heyrətlənirdilər. Və bir də Sovet İttifaqının paytaxtı, slavyan şəhəri olan Moskvada dini belə dəqiq və yaxından bilən heyrətamiz bir insanın mövcudluğuna məəttəl qalmışdılar. Yerlərində təəccüb və heyranlıqdan donub qalmış ərəblər bircə onu başa düşürdülər ki, qarşılarındakı şəxs adi insan deyil…

...Restoranda başqa masa arxasında əyləşənlər, eləcə də musiqiçilər bizi əhatəyə alıb, ancaq Elbrusu dinləyirdilər. O, birdən mərsiyəni nohə ilə əvəz etdi. Səsindəki nisgilli mərasim cingiltisi, iç və beyinləri yerindən oynadan, silkələyən hüzn, həsrət dolu ilahi bir səs restoranın daş divarları, çilçıraqlar da ancaq onu dinləyirdilər. Elbrus qəfil başladığı kimi, qəfil də kəsdi. Ətrafdakılar hələ özlərinə gəlməmişdilər. Elbrus onları çox-çox uzaqlara, göyün yeddinci qatına, səmanın ənginliyinə aparıb çıxarmışdı. O, özü də onları geriyə, son beşiyimiz olan torpağa endirdi, qaytardı. Nəsə düşünüb, "hə, siz yeyin-için, mən qardaşoğu ilə şəhərə çıxım, bir az gəzim" - deyib, yüngülcə çiynimə toxundu. Əlində sini olan restoran xidmətçisi baxışları ilə masanın pulunun kim verəcəyini soruşurdu. Elbrus hesabı üzdü. Sonra çevik, cəld addımlarla adamlardan uzaqlaşmağa başladı. Özlərinə yenicə gələn ərəblər qaçıb bizə çatdılar. İçərilərində olan yeganə qadın Elbrusun qabağında dayandı. Onun bənizi qaçmış, saçları pərişan halda qarışmışdı. O, yalvarıcı ahənglə Elbrusla xeyli danışdı. Mən ərəbcə təkcə müslim (müsəlman) və qələt sözlərini başa düşdüm. Və bir də qadın məmləkətimizin adını, Azərbaycan adını xüsusi ahənglə tələffüz etdi. Sonra atılıb Elbrusun alnından öpdü və yüngülcə onun saçlarına sığal çəkdi...

...Dini ədəbiyyatımızı, eləcə də ədəbiyyatla-riyaziyyatın ayrılmaz vəhdətini onun qədər duyan, bilən başqa ikinci bir şəxslə ünsiyyətdə olmamışam. Onun yeri qeyri-adilik məqamındaydı. Bu məqamı fəth edib, qəfil gəldiyi kimi, qəfil də köçüb getdi... Ə.Elbrusun yeri həmişə görünür və görünəcək də. Əbədiyyətə, ana torpağa qovuşsa da, onun ölməzliyinə qiyməti, Elbrusu dünyalar qədər sevən, sevimli qardaşı, tanınmış şair Ənvər Əhməd vermişdir. Ənvər müəllim Elbrusun ölüm xəbərini dostlara çox qəribə tərzdə, düşünmədən söyləmişdi: "Elbrus uçdu, uçub getdi"... Düşünməyə darmacallığın imkan vermədiyi vaxt deyildiyi üçün bu kəlamda böyük həqiqət var. Elbrus doğrudan da uçub getdi…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!