Bir yaradıcıya inanmasam, Nitsşe kimi ikincini seçənlərdən olardım... - Qabil Hüseynli

Həyatın mənası varmı? Bu, fəlsəfənin qarşısına qoyduğu əsas suallardan biri olub, bütün insanları həyatlarının müəyyən anlarında düşündürüb, bəzən ümidsizliyə məhkum edib, bəzən qəlblərini ümidlə doldurub. "Tanrı öldü, onu biz öldürdük" - demişdi Nitsşe. Onun zənnincə, tanrının olmaması, varlıqlarının mənasını tanrı üzərində qurmuş bir toplumu anlam aclığına gətirib çıxaracaq, insanlar, ya nihilizmin cənginə düşəcək, ya da öz həyatlarına yeni bir məna daxil etmək üçün çabalayacaqdılar. Bir yaradıcıya inanmasam, Nitsşe kimi ikincini seçənlərdən olardım: O, üstinsan konsepsiyasını irəli sürərək iddia edirdi ki, insanlar zehni olaraq təkamül edib daha üstün bir varlığa çevrilmək üçün yaşamaqla həyatlarına məna qata bilərdilər. Nihilist filosof Alber Kamü isə məsələyə oxşar, lakin daha bədbin və çarəsizlik aşılayan şəkildə yanaşaraq "Sizif mifi" essesində yazmışdı: "Kimsə Sizifi xoşbəxt təsəvvür etməlidir". Sizif yunan əsatirlərindən olan, tanrılar tərəfindən cəzalandırılmış bir personajdır. O, bir qaya parçasını dağın başına çıxarmağa məhkum olunmuşdu, amma hər dəfə təpəyə çatmağa az qalmış daş aşağı yuvarlanır, Sizifin əməyi boşa gedirdi. Kamü insan həyatını Sizifin vəzifəsi ilə müqayisə edirdi; insanlar həyatlarında enişlər və çıxışlar yaşayır, bu, ölənə kimi davam edirdi. Onlar bir işə nail olanda, arzularından birinə çatanda qarşılarına yeni məqsəd qoyur, yekunda isə yenidən eyni döngüyə qayıdırdılar, bu da absurdun təzahürüdür. Pessimist fəlsəfənin məşhur siması Emil Sioran kimi filosoflar isə həyatda ümumiyyətlə heç bir şəkildə bir məna olmadığını, bunu qəbul etməyin insanları həm rahatlaşdırdığını, həm də qaranlıqda qoyduğunu iddia edirdi. Siorana görə, həyat anlaşıla bilməyən bir məfhumdur və sadəcə olaraq insanlara əzab verir. Şopenhauer iddia edirdi ki, insan xoşbəxtliyə çatmaqdan çox, həyatın mənasızlığının verdiyi əzabı azaltmağa çalışmalıdır və bu onun həyatında əsas motiv olmalıdır, çünki əzab qaçınılmaz, xoşbəxtlik isə nisbi və keçicidir.

Bu örnəkləri artırmaq olar, amma yazının qalan hissəsində öz düşüncələrimi və niyə yuxarıdakı bəzi görüşlərlə razılaşmadığımı izah etməyə çalışacağam. Əvvəla, hamı razılaşar ki, insanların əksəriyyəti həyatın mənasız olduğunu irəli sürsələr belə, onu sonlandırmağa can atmırlar. İnsanlar istənilən halda yaşamağa üstünlük verirlər və bu da onu göstərir ki, təbiətimizdən gələn bir arzu, dərin istək bizi həyata bağlayır, o istək ki, fəlsəfi düşüncələrimiz onu sarsa bilmir, düşüncələrimiz ona güc gələ bilmir. O bizə genlərimizlə ötürülən bir mirasdır. Bu halda insanın təbii olaraq yaşamağa can atması özü həyatın mənasının olmaması fikrinə qarşı bir cəbhə yaradır. Həyatın bir mənası olması üçün heç də fövqəltəbii bir qüvvəyə, böyük bir məqsədə və ya kainatın dərinliklərində gizlənmiş universal bir plandan asılı olması gərək deyil. İnsan həyatı, onun öz dəyərlərini və mənalarını yaratmaq bacarığı ilə mənalı ola bilər. Bundan əlavə, insanın daxili azadlığı öz seçimləri ilə həyata fərdi bir məna qazandırması deməkdir. Filosofların irəli sürdüyü pessimist fikirlər müəyyən məqamlarda düşündürücü və hətta təsirli ola bilər, lakin onlar həyatın kompleksliyini sadələşdirirlər. Həyat yalnız əzab və ya absurd döngüsü deyil, o həm də sevinc, yaradıcılıq, sevgi və paylaşma anları ilə doludur. İnsan həyatı özü bir prosesdir və bu prosesdə məna axtarmaq, onu tapmaqdan daha vacib ola bilər. İnsanın həyatda öz seçimlərinə sahib olması, öz inanclarına sahib ola bilməsi, özü-özlüyündə təklif edir ki, həyat mənaya sahibdir və bu məna hər kəs üçün eyni olmaq məcburiyyətində deyil.

Son olaraq onu bildirmək istəyirəm ki, həyat istənilən halda çox dəyərlidir, mənasının nə olması və ya ümumiyyətlə olub-olmamasından asılı olmayaraq. Ona sahib olduğumuz faktı niyə sahib olduğumuz sualından daha önəmlidir və bu, belə olaraq da qalmalıdır.

 

ADA məktəbinin 10-cu sinif şagirdi

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!