İyunun sonu əsas dərs dediyim universitetin (ƏDDU) tədris üzrə prorektoru Cəfər müəllim məni yanına çağırıb dedi ki, Nəqliyyat Universitetində (NU) sentyabrdan ingilis dilində Azərbaycan tarixi və politologiyadan dərs deyən müəllimə ehtiyac var, hər saatına iyirmi iki manat verirlər. Təklif bizim prorektorun NU-da kafedra müdiri işləyən tanışı Ziya müəllimdən gəlmişdi. Tezcə razılaşdım, - pula ehtiyacım varıydı. ƏDDU ilə müqayisədə NU-dakı saathesabı pulu qat-qat çox idi.
Ziya müəllimlə görüşüb söhbət etdim, dərs prosesindən, oranın qayda-qanunlarından tutmuş, onun ixtisası olan sosiologiyaya qədər gedib çıxdıq, Emil Dürkheymdən, Qüstav Lebondan danışdıq. Fəlsəfəyə keçəndə, hər ikimizin ekzistensializm, Sartr aşiqi olduğu məlum oldu. Ertəsi gün Cəfər müəllim məni təbrik edib dedi ki, Ziya müəllim səni çox bəyənib, deyib ki, hətta gələcəkdə tam ştata götürməyi fikirləşir.
NU rektorunun barəmdə əmri çıxan kimi silabusları, iyulda hazırladığım on bir mühazirəni, dərslikləri Emproda1 yerləşdirdim, sentyabrın on beşi otuz səkkiz tələbəyə ingilis dilində Azərbaycan tarixi fənnindən ilk mühazirəmi dedim.
Oktyabrın sonu Ziya müəllim qəfil qapını açıb dərsimə girdi, mühazirə mövzum Atabəylər dövlətiydi. Bəxtimdən bu mühazirəyə daha yaxşı hazırlaşmışdım. Ziya müəllimə xoş gəlməkçün arada məşhur ərəb tarixçilərindən misallar çəkdim, Şəmsəddin Eldəgizin timsalında şəxsiyyətin tarixdəki həlledici rolundan danışdım, tələbələrə suallar verib dialoqa çəkdim ki, dərs maraqlı, canlı keçsin. Kafedrada Ziya müəllim ümumən mühazirədən razı qaldığını, amma bəzən mövzudan kənara çıxdığımı dedi. Başımı tərpətdim, yəni razıyam. Onu deyim, NU-da auditoriyaların çoxunda kamera vasitəsilə hamımız rektorluğun, dekanlığın müntəzəm nəzarəti altındaydıq.
Bir gün politologiyadan mühazirə dediyim 416-cı auditoriyaya qəfil girən "Sürücülüyün əsasları" fakültəsinin dekanı Elvin Abışov salam verib tələbələrə nəzər salandan sonra üzünü mənə tutub başladı: "Niyə tələbələrin qarşısında mühazirə mətnləri yoxdu?" Əlimlə üç-dörd tələbəni göstərdim, yəni, baxın, qarşılarında mühazirə var. Dekan masanın üstündəki jurnala baxıb dedi: "Burda on səkkiz tələbə var, cəmi... bir, iki, üç, dörd. Dördünün qarşısında mühazirə mətni görürəm, qalanlarında yoxdu". - "Yoxdu deyəndə ki, onlara hazırda keçdiyim mühazirəni emproya yerləşdirmişəm. Mən danışanda, tələbələr, ya lövhədə əks olunan mühazirəyə baxırlar, ya da mənə qulaq asırlar. Yəni..." - "Gəray məllim, zəhmət olmasa, dərsdən sonra gələrsiz yanıma", - əsəbi halda auditoriyadan çıxdı.
Zəng vurulan kimi getdim bunun yanına, dərsdə sözümü axıra qədər deməyə imkan verməmişdi deyə, detala varası oldum: "Tələbə əgər proyektorla lövhədə əks olunan mühazirə mətnini görürsə, eyni zamanda məni eşidirsə, həmin mühazirənin kağız variantına nə ehtiyac var? Belə çıxır, tələbə gah lövhəyə baxmalıdı, gah kağıza, eyni zamanda qulağı məndə olmalıdı? Finlandiyada artıq ibtidai siniflərdə şagirdlər dəftər əvəzinə planşetdən istifadə edirlər. Üstəlik, tələbə burda hər dəfə printerçün pul verməlidi". Mənə qulaq asa-asa başını bulayan dekanın cavabı bu oldu: "Gəray məllim, burda qayda belədi, proyektor vardı, yoxdu, mühazirə mətni hər tələbənin qarşısında ol-ma-lı-dı. Vəssalam. - əlini masaya vurdu. - Qaldı ki, tələbələrin printerə verdikləri pullara, siz narahat olmuyun, o pullar işlətdikləri telefonun qiymətinin heç yarısı eləmir. Yeri gəlmişkən, mən bayaq dərsdə soruşmadım, sizdə yazılı mühazirə, silabus var?" - "Var", - portfelimi açıb silabusu, mühazirəni çıxardıb onun qabağına qoydum, əlavə etdim: "Mən mühazirəni ona görə print edirəm ki, arada partaların arasıyla gəzə-gəzə danışanda, tarixlərə, statistik faktlara baxmalı oluram. Amma tələbələrlə bağlı yenə deyirəm... - "Siz məni yorduz, Gəray məllim, - qalstukunu boşaltdı. - Vaxtımı alırsız. Nə deyirəmsə, onu da etmək lazımdır". Heç nə demədən, dilxor halda bunun otağından çıxdım.
NU-da Ziya müəllim bir növ, mənə zamin durmuşdu, təbii ki, baş verənləri mütləq bilməliydi. Ertəsi gün ona dəyib hər şeyi olduğu kimi danışdım. "Nə deyirlərsə, onu da elə, rəhbərliklə söz güləşdirmə, ağa deyir, sür dərəyə, sür dərəyə. Gələn dəfə tələbələrə ciddi şəkildə tapşır, mühazirələri stolun üstündə olsun ", - dedi. Təlimata uyğun bütün qruplara verilən tapşırığı çatdırdım.
Axırıncı yoxlamadan iki həftə sonra yenə həmin qrupa təşrif buyuran dekan jurnala həmlə etdi, diqqətlə gözlərini qrafaya zilləyib dedi: "Qayıbları yazmısız?" - "Yazmışam". - barmağımla iki nəfərə yazdığım qayıbı göstərdim. "Bəs niyə "iştirak edir"ləri yazmamısız?" - "Bu gün seminardı. Cavab verib qiymət alanlar olacaq, ona görə o yerləri boş saxlamışam" (Seminarda tələbə cavab verməyəndə, zəng vurulmağa beş dəqiqə qalmış adının qarşısında ie, yəni iştirak edib yazılır.) Dekan "Düzdü" deyib auditoriyaya nəzər saldı, nəhayət, bunu ilk dəfə özümdən razı saldığıma görə sevindim. Sonra kompüterə yaxınlaşıb kollokvium2 qiymətlərinə baxmaq istədi. Menyuya girib bunun istədiyi bölməni açdım. "Belə olmaz, Gəray məllim. Tələbələrə çox yüksək qiymət yazırsız. Səkkiz bal, doqquz bal", - başını bulayıb dedi. "Yüksək deyəndə, maksimum bir-iki bal artırıram, yəni beş ballıq cavab verənə doqquz yox, altı, ya yeddi yazıram..." - "Vəliyeva Aydanın axırıncı kollokvium qiyməti səkkizdi. Aydan Vəliyeva ayağa dursun". İkinci partada oturan arıq, gözlüklü qız ayağa durdu, həyəcandan rəngi ağardı. "De görüm, parlament nəyə deyirlər?" - "Ölkənin qanunverici orqanına parlament deyilir", - qrupun ən fəalı Aydan kəkələyə-kəkələyə cavab verdi. Düzgün cavabdan narazı qalan dekanın sifətində "Hansı sual verim ki, cavab verə bilməsin?" ifadəsi yarandı. Diqqətlə auditoriyaya baxdı, qarşılarında mühazirə olmayan beş-altı tələbəni qaldırıb başladı: "Niyə qarşında mühazirə mətni yoxdu?" Hamısı aşağı-yuxarı eyni cavabı verdi: "Yadımdan çıxıb evdə qoymuşam". Mənə tərəf çönüb dedi: "Gəray məllim, narazı qaldım sizdən. Yenə tələbələr mühazirəsiz dərsə gəlir, layiq olmadıqları qiyməti yazırsız". Dərhal auditoriyanı tərk etdi, çatdırıb deyəmmədim ki, gördünüz axı, keçən dəfəkiylə müqayisədə bu dəfə tələbələrin ən azı səksən faizi dərsə mühazirə mətniylə gəlib.
NU-da bir mühazirə aralarında beş dəqiqə fasilə olmaqla iki qırx beş (doxsan) dəqiqə idi. Qaydaya görə, zəng vurulmamış tələbələr mobil telefonlarını söndürüb, ön sıradakı partalardan birinin üstünə düzməliydilər, dərs boyu tam sakitliyə riayət etməliydilər, kimsə başını əllərinin üstünə qoyub mürgüləməməli, yatmamalıydı, oğlanların saçları uzun olmamalıydı, qısa, ya uzun saqqaldansa söhbət gedə bilməzdi.
Bir gün beşdəqiqəlik fasilədə auditoriyada peyda olan tədris işləri üzrə prorektor orta sıradakı partada başını əlləri üstünə qoyub mürgüləyən Coşquna yaxınlaşdı: "A bala, dərsdə niyə yatmısan?" - "Gecə gec yatmışdım", - ayağa duran tələbə gözlərini ovuşdurdu. "Dur hələ bir əsnə də. Gec yatma də, tez yat". Mən dillənəsi oldum: "Nəsrulla müəllim, tez-tez tələbələrə deyirəm, kim gecə səkkiz saatdan az yatırsa, səhər bir fincan espresso içib dərsə gəlsin. Görünür, Coşqun bu gün kofe içmiyib", - saxta təbəssümlə dedim. Hərçənd, bunu deməyimə ehtiyac yoxuydu, çünki tələbələr həmin fasilədə mürgüləyə, öz aralarında söhbət edə, telefonu götürüb kiməsə zəng edə bilərdi. Espressoyla bağlı prorektora sanki məruzə etməyim özümə yaltaqlıq kimi gəldi, deyəsən, tələbələr də bunu hiss etdi. Nəsrulla çıxan kimi tələbələrə verdiyim "Başa düşmürəm, beş dəyqəlik tənəffüsdə sizin mürgüləməyinizə niyə icazə vermirlər?" ritorik sualı isə özümü onlara xoş göstərmək, bir növ, reabilitasiya cəhdiydi.
Böyük auditoriyada potoka mühazirə deyərkən, Elvin Nəsrullayla təşrif buyurdu. Yenə dekan masaya yaxınlaşıb diqqətlə jurnala baxdı, "ie" və "qb"lar (qayıb) yazılmışdı, tələbələrin əksəriyyətinin mühazirəsi qarşılarında idi. Prorektor qrupla bağlı mənə bir-iki ənənəvi sual (Necə oxuyurlar? Özlərini necə aparırlar?) verib cavab alandan sonra öndə oturan Musanı ayağa qaldırdı: "Hə, de görüm, Azərbaycan Demokratik Respublikası neçənci ildə yaranıb?" - "Min doqquz yüz on səkkizinci il mayın iyirmi səkkizində". Nəsrullanın növbəti sualı özünü yetirdi: "O respublikanın yaranmasında kimlər iştirak edib?" Tələbə duruxdu. "Həyəcanlanma. Bir az fikirləşsən, tapacaqsan", - ürək-dirək verdim, əminiydim ki, Musa bu sadə sualın cavabını verəcək. "Abbasqulu ağa Bakıxanov". Prorektor özündən razı halda güldü, nəhayət, tələbənin dərsimdə səhv cavab verdiyinə şahid olan dekanın sifətində məmnunluq ifadəsi yarandı, mənimsə başıma elə bil, qaynar su tökdülər. Musa Azərbaycan tarixini yaxşı bilən, seminarlarda tez-tez cavab verən azsaylı tələbələrdən biri idi. Ali rütbəli nəzarətçilər auditoriyadan çıxan kimi, Musanın üstünə təpindim: "Biabır elədin məni. Rəsulzadə, Topçubaşov dura-dura, Bakıxanov hardan ağlına gəldi?" - "Vallah, həyəcandan oldu", - Musa günahkarcasına dilləndi.
Yoxlamalardan artıq boğaza yığılmışdım, çox vaxt elə bilirdim, bu dəqiqə yenə özlərini yetirib bir "əmma" tapacaqlar. Bir də görürdün, dekan müavini dərsə girdi. Oğlanlardan birinin saçı azca uzun olduğuna görə dəlləkxanaya, o birisinisə universitetdən verilən çantanı özüylə gətirmədiyinə görə yataqxanaya göndərdi və dərhal başımın üstünü kəsdirib "Məllim, ikisinin də qayıdını yazın" əmrini verdi. Etiraz etmədən dediyini etdim.
Bəzən mənə elə gəlirdi, dekan, ya prorektor auditoriyaya girib tələbəyə yox, mənə belə bir sual verə bilər: "Cəlairilər dövlətinin paytaxtı hansı şəhər olub?" Cavab verə bilməsəm, rahatca məzələnməkçün "Nyu-York" deyə bilərdim. "Məni dolamısız?" desələr, yerində oturdardım: "Bəs siz niyə burda imtahan qurmusuz? Bilirsiz ki, qarşıma məqsəd qoysam, soyuq müharibə tarixindən qalın-qalın monoqrafiyalar yazan Henri Kissincerə həmin mövzuyla bağlı elə sual verərəm, cavab verə bilməz. Yox bir, bəlkə sual verəsiz ki, Şah Abbasın dövründə Səfəvi ordusunda nizə, qılınc, ox sayı nə qədər idi?" Arada Faiq adlı tələbəm mənə Azərbaycan tarixiylə bağlı çaşdırıcı, çətin suallar verirdi, altısına cavab verə bilirdim, ikisinə yox. Axırda bu suallardan bezdiyimçün Faiqə "Get özünü dola" deyəsi oldum. Mənə elə gəlirdi, dekanlıq bu tələbənin vasitəsilə bilik səviyyəmi yoxlamayırdı.
Birinci semestri başa vurdum, yazılı, test suallarını yazıb, Emproda yerləşdirdim, imtahanlarda çalışdım tələbələrə həddən artıq yüksək bal verməyəm, hər qrupda dörd-beş nəfər heç nə yazmadığına görə imtahandan kəsildi. Yaz-yay semestrinə bir neçə gün qalmış Ziya müəllimlə görüşüb soruşdum "İmtahanlarda dekanlıqdan, ya rektorluqdan məndən narazılıq olmayıb?" - "Yox, hər şey qaydasındadı. Plyus, sənə yaxşı xəbərim var, amma hələlik heç kimə heç nə demə". Məlum oldu ki, kafedrada rus bölmələrinə Azərbaycan tarixi fənnini deyən Hilal müəllim apreldə təqaüdə çıxır, Ziya müəllim məni mayda ştata götürməklə bağlı rektorla görüşəcək. Xeyli təşəkkür etdim ona. Bir tərəfdən, yüksək maaş və kafedrada müəllimlərlə yaxşı münasibətə görə sevinirdim. O biri tərəfdənsə ilk semestrdə üzləşdiyim yersiz danlaqlara görə NU-ya tam ştata keçməyimlə bağlı tərəddüd içindəydim. Ümid edirdim, orda işə düzəlsəm, problemləri yenə kafedra müdiri vasitəsilə həll edəcəm, rektorla görüşüb mənimlə bağlı yersiz yoxlamalara birdəfəlik son qoyacam.
Həvəslə başladığım yeni semestrin ilk ayında, fevralın iyirmi ikisi ürəyimə daman şey baş verdi. Həmin gün dalbadal üç dərsim, - iki qrupa seminar, potoka mühazirəm varıydı. Birinci dərsdə dekan müavini təşvişlə içəri girib salamsız-kəlamsız cumdu orta sıradakı son partaya. Məlum oldu ki, kameradan baxanda, yan-yana oturan tələbələr telefonlarıyla oynayırmış. Görünür, Çaldıran döyüşü haqda dərslikdən əlavə oxuduğum məlumatları elə ehtirasla, həvəslə danışmışdım ki, son partada oturan həmin tələbələrin telefonlarında oynamaları nəzərimdən qaçmışdı. Dekan hər iki tələbəni xeyli danlayandan sonra, onları özüylə yuxarı cərimə meydançasına apardı. Mən tənəffüsdə jurnalı rəfə qoymaqçün dekanlığa qalxanda, həmin tələbələr ayaq üstə başlarını aşağı salıb kədərli-kədərli gözlərini bir nöqtəyə zilləmişdi, hiss olunurdu ki, iyirmi beş-otuz dəqiqə ərzində onları xeyli tənbeh ediblər. Yeri gəlmişkən, dekan müavinindən sonra həmin dərsə qəfil təşrif buyuran rektorun köməkçisi Asif adlı tələbəni durğuzub xeyli danladı, ona "avara" deyib auditoriyadan çıxdı. Dərsin sonunda tələbədən soruşdum, sən neynədin ki, o, gəlib səni danladı. Yanında oturan Əhmədi göstərib dedi: "Bunun başına bircə dəfə çırtma vurdum". Hamımız gülüşdük.
Bunun ardınca ikinci potok dərsim beş dəqiqə olardı başlamışdı ki, mobil telefonuma zəng gəldi. Birinci zəng bitməmiş, qırmızını basıb zəngi saxladım. ƏDDU-dakı kafedramızın laborantından gələn zəng kafedraya çatdırmalı olduğum millət vəkili olan dissertanta yazdığım rəylə bağlı idi. Bir dəqiqə keçməmişdi, mühazirə deyə-deyə, arada yarıaçıq qapıya baxan vaxt bir də gördüm, dekan müavini pilləkənləri iki-iki düşərək yuxarıdan aşağı şığıyır. İçəri girən kimi "Bəs sizə deməyiblər, telefon, ya sönülü olmalıdı, ya da səssiz rejimdə çantanın içində?" - "Yox, bu barədə heç kim heç nə demiyib". Bunun hərəkətlərinə gülməkdən güclə özümü saxladım. "Siz hardan bildiz ki, telefonum zəng çaldı?" - soruşdum, doğrudan, bilmək istəyirdim, axı telefonumun ilk zənginin axıra qədər çalınmasına imkan verməmişdim. "Siqnalizasiya," - cavab verdi.
Nəhayət, həmin gün yenə dekan müavini sonuncu dərsdə hövlnak özünü içəri salıb həyəcanla demişdi: "Kameradan baxırdım, tələbələr yenə bir-birinə qarışmışdı". - "Necə yəni bir-birinə qarışmışdı?" - "Əl-qollarını tərpədə-tərpədə danışırdılar", - özü də əl-qolunu tərpətdi. O dəqiqə tutdum söhbəti: "Fəqan məllim, indi seminardı, tələbələr cavab verir, jestikulyasiyalarla danışmaları normaldı. Yaxşı, geniş izah edim. Siz kameradan baxanda, mən tələbələrə sual verdim ki, niyə Azərbaycan Demokratik Respublikasının himnini yazan Üzeyir Hacıbəylini repressiya dövründə güllələmədilər və dedim, kim bu suala düzgün cavab versə, seminar cavabına iki bal əlavə edəcəm. Ona görə qızğın debat başladı, əl-qol hərəkəti də ona görə olub". - "Yox, Gəray məllim, tələbələr bir-bir cavab verməlidi, əllərini qaldırıb cavab verməkçün icazə almalıdılar". - "Bunlar robot deyil, ay Fəqan məllim, emosional varlıqlardı. Pıçıltıyla cavab verəsi deyillər ki?!" Dekan müavininin narazı-narazı başını bulaması məni hövsələdən çıxartdı: "Vallah, bir o qalıb deyək ki, ay tələbələr, dərsdə dərindən nəfəs almayın". Gülüşmə qopdu, pərt olan Fəqan onlara təpindi: "Nəyə gülürsüz? Dediyim şeylər sizə aiddi e". Auditoriyadan çıxanda üzümə baxmadan bu sözləri atdı: "Gəray məllim, mən dediyimi dedim. Mən bir də bura gəlməyəcəm". "Belə iki gözüm aydın", - ürəyimdə dedim.
Ertəsi gün məni yanına çağıran Ziya müəllim elan etdi: "Mənə dünən yuxarıdan tapşırıq gəldi, sən bu gün işdən çıxmaq haqda ərizə yazmalısan". - "Niyə?" Hərçənd, dünəndən belə bir şeyin olacağını hiss etmişdim. "Dedilər, auditoriyaya nəzarət edə bilmirsən, tələbələr dərsdə telefonla oynayır, səs salırlar, mühazirəsiz dərsə gəlirlər". Mən də olanları danışdım: həmin iki oğlan lap arxadakı partada oturmuşdular deyə, telefonla oynadıqlarını görməmişəm, eləcə də oğlanlardan biri o birinə çırtma vuranda, həmin vaxt gözüm, ya elektron lövhədə, ya da arxam tələbələrə tərəf olub. Ziya müəllim sağ dirsəyini göstərib dedi: "İnanırsan, dünəndən əsəbdən bu qolum ağrıyır. Amma heç düz eləmədilər. İnsafsızlar. Ən azından, mayın axırına qədər sənin dərs deməyinə imkan verməliydilər". Məni anlamasından ruhlanıb əlavə etdim: "Sizə yalan məlumat veriblər. Dekan mənə birinci dəfə irad tutanda ki, tələbələr mühazirəsiz dərsə gəlir, o biri dərslərdə elan etdim ki, sabahdan mühazirələri print edib gətirməlisiz və tələbələrin çoxu dediklərimə əməl etdi. Növbəti dəfə mərdimazar Elvin yenə auditoriyaya girib gördü ki, on səkkiz tələbədən cəmi beş-altısının qabağında mühazirə yoxdu. O dəyqə mənə qayıdasan ki, sizdən narazı qaldım. Yəni biləsiz ki, bu adam qırmızı-qırmızı yalan danışır".
Xülasə, rektorun adına kafedra müdirinin imla kimi diktə etdiyi ərizəni yazdım: "...Üzrlü səbəblərdən filan tarixli, filan saylı əmrə xitam verilməsini xahiş edirəm". Ertəsi gün ərizədə "üzrlü səbəblər" sözləri yazdığıma peşman oldum, elə çıxırdı, bu işlərdə mən günahkaram. Səhərisi kafedraya getdim, yenə başladım gileylənməyə, bildirdim ki, saathesabının pulunu alandan sonra dekanın yanına girib etika daxilində ürək sözlərimi demək istəyirəm. "Gəray məllim, sənin xasiyyətinə bələdəm. Mədəni adamsan, bilirəm ki, sənin ağzından kobud söz çıxmaz. Ona görə problem yoxdu, ona öz ürək sözlərini deyə bilərsən". Yeni ərizədə "üzrlü səbəblərdən" əvəzinə, "müəyyən səbəblərdən" yazıb imzamı qoydum və əsas sualı verdim: "Yaxşı, mənim işdən çıxarılmamın səbəbi nədi?" - "Hə, Gəray məllim. Bəzi təxminlərim var, amma onları hələ deyə bilmərəm. Nə vaxtsa bilərsən".
Söhbət vaxtı məlum oldu ki, keçən il məndən öncə saathesabı dərs deyən qadın müəllim bir dəfə zəngin çölə vurulmasına on dəqiqə qalmış telefonunda vatsapa giribmiş. Dekanlıq, rektorluq eyni oyunu onun da başına açıbmış, sadəcə, Ziya müəllimin prinsipiallığı, inadkarlığı hesabına o müəllimə semestrin sonuna qədər dərs deməyə imkan veribmişlər. Rektorun adına olan izahatda isə telefonundan təcili yoldaşına mesaj yazmaqçün istifadə etdiyini yazıbmış. Belə başa düşdüm ki, Ziya müəllimin bu dəfə məni müdafiə etməyə enerjisi, həvəsi qalmamışdı, həm də istəmirdi, mənə görə rəhbərliklə üz-üzə gəlsin, düzü, buna görə onu qınamırdım.
Ərizəni imzalayandan sonra, sanki üstümdən ağır bir yük götürüldü, bezdirici, mənasız danlaqlardan qurtulmuşdum, bu, bəlkə də növbəti günlərdə oxşar situasiyalarla üzləşməmək istəyimlə bağlı keçirdiyim şüuraltı hiss idi. O biri tərəfdənsə stressli günlərim başlamışdı, pislik edənlərdən qisas almaq ehtirası məndən əl çəkmirdi. Əvvəlcə feysbukda NU-nun rəsmi səhifəsini işarələyib başıma gələnlər haqqında şikayət statusu yazmaq ağlımdan keçdi, qalmaqal sevmədiyimçün bu fikirdən tez soyudum. Məhkəmə variantını da özümdən uzaqlaşdırdım: ərizə yaz, advokat tap, iclaslara get, vaxt itkisi, sonda isə nəticəsi olmaya və növbəti əsəb mərhələsi. Nə də Təhsil Nazirliyinin imeylinə şikayət məktubu yazdım.
Son bir ayın pulunu almağıma on beş gün qalırdı, dekan bununla bağlı sənədlərə imzasını qoymalıydı. Küçəylə gedəndə, liftlə qalxanda, düşəndə, arada qeyru-ixtiyari öz-özümlə danışırdım, "tanış-biliş görər" məsələsini vecimə almırdım. Məni ən çox əsəbiləşdirən qovulmamın əsl səbəbini bilməməyim idi. Aydın məsələdir ki, bir gündə dörd dəfə dekan, dekan müavini və rektor köməkçisinin auditoriyaya girməsi qabaqcadan planlaşdırılmışdı, məqsədsə nəyin bahasına olursa-olsun, nöqsan tapıb mənə ərizə yazdırmağıydı.
Qurduğum plana görə, əvvəlcə dekan müavinindən onunla bir yerdə qonşu otaqda oturan dekanın yanına getməyi xahiş edəcəkdim, ora daxil olan kimi hər ikisinə içimdə yığılanları deyib çıxacaqdım. Neçə günüydü fikirləşirdim, son saathesabının pulunu alandan sonra gedib ürəyimdəkiləri dekana, müavininə deyim, yoxsa, həmin pulu almağımla bağlı lazımi sənədləri Elvinə imzalatdırandan dərhal sonra? Qorxurdum, dekan sənədə imza atandan sonra istədiyimi deyib çıxanda, növbəti mərdimazarlığını edərdi. Tutaq ki, tədris şöbəsinə zəng vurub guya "sənədlərdə səhv var" bəhanəsiylə onları geri alıb cırardı, - məni öz ayağına gətirdib üzr istətdirməkçün.
Stressdən qurtulmaqçün arada xəyalımda səhnə qururdum. NU-ya rektor təyin olunduğum günün səhərisi Elvinlə Fəqanı ayrı-ayrılıqda otağıma çağırtdırıb hər ikisinə işdən çıxmaq haqqında ərizə yazmalarını tapşırıram. Rəng alıb rəng verən Elvinin "Axı nə baş verib?" sualına "Dəfələrlə işə gecikmisiz. İş saat doqquzda başlayır, siz onun yarısı, bəzən ona qalmış işə gəlirsiz. Belə olmaz". Elvin doğrudan, çox vaxt həmin saatlarda işə gəlirdi. Fəqanın "Niyə?" sualına isə "Tələbələrə dəfələrlə haqsız yerə qayıb yazdırdığınıza, qışqırıb onları təhqir etdiyinizə görə".
Kafedra müdirinin imzasıyla saathesabı sənədlərimi götürüb yollandım mərdimazarxanaya. Dekan sənədlərə baxdı, saatları jurnalın kseroks olunmuş səhifələrindəki qeydlərlə tutuşdurub gördü hər şey qaydasındadır, imzasını qoyub mənə qaytardı. Nəhayət, başladım: "Bu nə oyunuydu başıma açdız?" Əliylə stulu göstərdi, oturdum, monoloquma davam etdim: "Məni burdan çıxardacaqdızsa, əsas iş yerimdə yarım yox, tam ştat dərs götürərdim də, tay burda saathesabıya əvvəldən razı olmazdım". - "Siz axı bilirsiz nəyin üstündə çıxarılmısız? Dərslərinizdə tələbələr dəfələrlə telefonlarında oyun oynayıb, hamısı da kamerada var". - "Dərslərdə yox, iki-üç dərsdə olub". - "İki-üç dərs elə dəfələrlə deməkdi, buna görə əslində biz sizə bir neçə dəfə töhmət verməliydik". - "Lap töhmət versəydiz belə, bu cür şeylərə görə müəllimi semestr bitməmiş işdən çıxartmırlar. Sizin məntiqlə gərək Azərbaycanda ali məktəblərdə dərs deyən müəllimlərin ən azı əlli-altmış faizini semestrin ortasında işdən çıxardalar". - "Hər ali məktəbin öz qaydası var. Bizdə qayda belədi". - "Bizdə belədi, nədi? Elə bil, burdakı məllimlər, tələbələr başqa planetdən gəliblər. Heç dünyada belə şey yoxdu. Əminəm ki, Harvardda, Oksfordda araşdırsan, orda da arxa cərgədə oturan tələbələr arasında telefonlarında qurdalananları tapmaq olar. Əsas odur, tələbə telefonuyla səs salıb dərsin gedişatını pozmasın. Bir də axı demişdim, o uşaqların telefonla oynamağını görməmişəm, göz yummamışam, sadəcə görməmişəm. Məni o vaxt işdən çıxartmaq düzgün olardı ki, bütün dərslərim səs-küy içində keçərdi, dərsin yarısını futboldan, şou biznesdən danışardım, dəfələrlə iyirmi-otuz dəyqə dərsə gecikərdim, qiymət yazmaqçün tələbədən rüşvət istiyərdim". Sonda üç il əvvəl Dağıstan Tibb Universitetində elmi dərəcəsi olan müəllimin böyük auditoriya qarşısında qəfil mühazirəni yarımçıq qoyub sus-pus paltarlarını soyunub lütlənməsi, tələbələrin qaçacaq dəhlizə çıxması hadisəsini danışıb dedim, bax, belə şeyə görə müəllimi işdən çıxardarlar. Hərçənd, sonralar yandex.ru-da o məsələni araşdırıb bildim ki, həmin müəllim beyin xərçəngi səbəbindən hadisəni anlaqsız edibmiş, bunu bilən tələbələr onu işə bərpa olunmasını xahiş edibmiş və rektorluq xahişi nəzərə alıbmış.
Sonralar təsadüfən şəhərdə rastlaşdığım rektor köməkçisinə başıma gələnləri danışanda, bunları dedi: "Vaxtında yanıma gəlsəydiz, məsələni həll edərdim. Mən özüm üç-dörd tələbədən sizin haqqınızda soruşmuşdum, hamısı sizdən çox razıydı. Bir də, sizi o vaxt kafedra müdiri müdafiə etməliydi, onun dekandan asılılığı yoxdu". Qısaca dedim ki, Ziya müəllim semestrin sonuna qədər işləməyimçün əlindən gələni etdi. Düzü, bilmədim, rektor köməkçisinin həmin gün auditoriyaya girməsi planın bir hissəsi idi, yoxsa, öz təşəbbüsüylə bu olmuşdu.
Günlər, həftələr keçdi, qohum-əqrəbaya, tanışlara başıma gələnləri danışdıqca içimdəki qəzəbdən, kindən yavaş-yavaş azad olurdum. Bu şeyləri mənə ƏDDU-dakı Cəfər müəllimə danışanda, dedi ki, sən gərək vaxtında rektorun yanına girəydin, ən azından o, sənə bir yerlisi kimi, - bu arada mən, Cəfər müəllim və NU-nun rektoru gəncəliyik, - sənə kömək edərdi. Dedim, bir günün içində "Ərizə yazmalısan, qəti tapşırıqdı" ultimatumundan sonra, düşündüm ki, vəziyyət çıxılmazdı, ərizəmi yazdım.
Yenə arada fantaziyalarıma baş vururdum. Dekanın otağına girib monoloqa başlayırdım: "Bu sözləri ömürlük yadınızda saxlayın. Əgər tapşırıqla, daha doğrusu, sizə verilən əmrlə bunu eləmisizsə, haqq qazandırmasam da, hardasa sizi başa düşürəm, məcburiyyət, işinizi itirmək qorxusu-filan. Amma bütün bu şeyləri öz təşəbbüsünüzlə eləmisizsə, onda razılaşın ki, sizin kimilərə mərdimazar deyirlər". Qapını çırpıb otaqdan çıxıram.
Altı ay keçmişdi NU-yla vidalaşmağımın üstündən. Bir gün yoldaşımın əmisi Sahib müəllimlə söhbət zamanı məlum oldu ki, Elvin onun yoldaşının dayısı arvadının kiçik qardaşıymış. Hardasa iki ay sonra yoldaşım, əmisi arvadının onun vatsapına yazdıqlarını mənə göstərdi. "Dayım məsələdən xəbər tutub, arvadı Gülgəzə olanları danışıb, Gülgəz də qardaşını xeyli danlıyıb ki, ayıb deyil, sənin ucbatından bizim qohumu işdən çıxardıblar. Elvin deyib bilməmişəm qohumluq məsələsini, yoxsa, qoymazdım belə alınsın. Həm də deyib ki, məsələ onluq deyilmiş", kimlik imiş, bunu deməmişdi. Məncə, Elvinin dedikləri özünün günahkar olmadığını qohumu vasitəsilə mənə çatdırmaqdan başqa bir şey deyildi.
Sonralar NU-da işləyən tanış müəllimdən öyrəndim ki, məni işdən çıxardan kimi, yerimə götürdükləri adamdan pulunu alıb birbaşa ştata götürübmüşlər, bir müddət sonra isə Ziya müəllimi kafedra müdirliyindən uzaqlaşdırıbmışlar. Başa düşmüşdüm ki, Elvin, Nəsrulla, Fəqan, rektorun köməkçisi mənimlə bağlı yoxlama-qovma prosesində sadəcə icraçıymışlar. Ola bilsin, bu adamlardan biri "işədüzəltmə"də vasitəçi kimi öz haqqını alıbmış, - bu mənim ehtimalım idi.
İllər sonra altmış beş yaşa qədəm qoymuş, saçları ağarmış Elvin məni evlərinə çağırıb o vaxt mərdimazarlıq etdiyini etiraf etdi, o hərəkətlərinə görə üzr istədi, halallıq istədi. Onun arıq bədənini, batmış ovurdlarını, imdad diləyən batıq gözlərini görüb anladım ki, ağır xəstədir, pis oldum, hətta bir az doluxsundum. Ad çəkmədən dedim, xəbərim var, o vaxt işinizi itirməməkçün sizə verilən tapşırıqları yerinə yetirmişdiz. İstəmədim, yerimə pulla başqa adamı götürmək məsələsini deməklə dərinə gedəm. Susdu, tərəddüd etmədən bağışladım onu, dedim, qoy bu xəstəliyiniz o biri dünyanız üçün kəffarəniz olsun. Zəif təbəssümlə başını tərpədib "Allah sizdən razı olsun" dedi. Sonda isə onu inandıra bildim ki, heç vaxt ona nəinki ağır, heç yüngül xəstəlik də arzu etməmişəm və bu, doğrudan da belə idi... Xəstəlik, bağışlama, kəffarə məsələləri olan sonuncu fantaziyamdan sonra, Elvindən əl çəkdim, vidalaşdım NU-yla.
1 - Empro: Mühazirələrin, silabusların, imtahan suallarının və s. yerləşdirildiyi
elektron təhsil platforması
2 - Kollokvium: bir semestr ərzində hər tələbənin üç dəfə on ballıq qiymətləndirmə əsasında
şifahi və ya yazılı şəkildə verdiyi cavab.
3 mart-8 sentyabr 2024
Bakı-Lənkəran-Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!