Bu kənddə ayaması olmayan, öz adıyla çağırılan adam çətin tapılardı. Necə deyərlər, samanlıqda iynə axtarmaq kimi bir şeydi ayamasız adam tapmaq. Hərənin öz xasiyyətinə, görkəminə, hansısa əlamətinə görə ayaması vardı. Hərənin ayaması da özünə yaraşır, rənginə, boy-buxununa, formasına düşürdü. Odur ki, əgər işdir, ayamasız çağırsan, bu adam olacaqdı, heç nə! - Qupquru müqəvva! Həm də bir ayama çox vaxt bütün nəslə aid edilirdi, hamı yararlanırdı. Nəsildaşlar istəsə də, istəməsə də, ondan xilas olammazdılar. Necə ki, şəxsiyyət vəsiqəsində adı dəyişmək olmurdu, bu da elə bir şeydi.
Bu kənddə çox vaxt adamın heç şəxsiyyət vəsiqəsinə yazılmış adını da çəkməzdilər. Eləcə ayamasını deyəndə bilirdilər, kim-kimdir? Məsələn, "ətyeməzlərin nəvəsi" gəldi", deyəndə bilinirdi ki, gələn kimdir. Yaxud "fırıldaqların oğlu" deyiləndə hər şey gün kimi aydın olurdu. Bu kənd belə kənddi. Bu yerdə bir zəruri qeydi də diqqətinizə çatdırım ki, ayamaları əsasən kişilərə verirdilər. Yəni bu ayama dediyin də elə hörmətsiz nəsnə deyildi.
Amma istisnalar da vardı. Məsələn, biri elə Erkək Xədicə. İş burasındadır ki, Erkək Xədicə də öz adını, daha doğrusu, ayamasını layiqincə doğruldurdu. Nə vaxt baxsan, onu kişilərin arasında görərdin. Harda bir dava olardı, ordaydı, harda bir kişi hap-gopu olardı, ordaydı. Baxardın ki, dayanıb ortada, əlini-qolunu ölçə-ölçə hündürdən danışır. Bəzən də söhbətlərin sonu mübahisəyə çevrilirdi. O da necə lazımdır, qarşısındakının cavabını verərdi. Kimin hünəri vardı sözünün üstünə söz desin? Ay-hay. Ölmüşdü elə Erkək Xədicə. Kənddə dalaşmadığı kişi qalmamışdı. Erkək Xədicə həm də qoçaq idi, işləməkdən yorulmazdı. Kənddə ən çox tütünü, baramanı o təhvil verirdi. Həyət-bacası cənnət kimiydi. Olmayan meyvəsi, gül-çiçəyi yoxdu. Erkək Xədicə elə ki, kişi yığvasına düşdü, kişilər susub dayanırdı, bəziləri də abrına qısılıb səssizcə aradan çıxırdı. Bircə nəfər ona etiraz edə bilirdi. Həmişə ütülü şalvarlı, palçıqlanmasın deyə yağışlı günlərdə ayaqqabısının üstündən qaloş geyinən, uzun illərdir kənddə müəllimlik, həm də ağsaqqallıq edən Cəfər müəllim ona baxıb hirslənirdi. Asta səslə də olsa söylənir, sözünü deyirdi. Bu yerdə kəndin kişiləri Cəfər müəllimə bir az da həsədlə baxırdılar ki, Erkək Xədicədən çəkinmir. Cəfər müəllim dodaqaltı söylənirdi ki, bunun bir yiyəsi yoxdurmu, çəkib aparsın?! Heç kim dinməzdi. Erkək Xədicənin əri Lal Lətif tez aradan çıxardı ki, gedim çırpı toplayım. Lal Lətifə də az danışdığına görə bu ayama verilmişdi.
Amma insafən, Erkək Tükəzbanın qonşusu Arvad Məsimlə bir dəfə də olsun davası düşməmişdi. Necə deyərlər, heç vaxt bir-birinin yolunun üstünə də çıxmazdılar. Bunun bir tərəfində gor qonşusu olmaqları dayanırdısa, o biri tərəfin də öz səbəbləri vardı. Erkək Xədicəyə görə Arvad Məsim nə kişiydi ki, ona baş qoşsun, onunla dava-dalaşa çıxsın. Elə ləqəbindən bilinirdi kimdir. Amma Arvad Məsim də Erkək Xədicəni heç arvad hesab etmirdi. Kişi kimiydi, onunla söhbət etmək maraqsızdı. Nəyinə gərəkdi? Arvad Məsimə ona görə "Arvad Məsim" deyirdilər ki, bütün günü arvadların yanında fırlanırdı. Kənddə arvad məclisi olanda bir bəhanəylə özünü salırdı ora. Gedib biş-düş yerində arvadların yanında dayanır, ağır qazanın qulpundan yapışır, gah arvadlarla zarafatlaşır, gah da yeməklərə nəzarət edirdi. Evlərinə bir arvad qonağı gələndə, yavaşca nimdərini çəkib gəlib kənarda əyləşir, bir qədər sonra söhbətə girişirdi. Ta ki, qonaq gedənə kimi əl çəkməzdi. Arvadı Sarı Güllü nə qədər göz-qaş eləsə də, xeyri yoxuydu. Güllü balacaboylu, sapsarı, gombul arvaddı. Danışmaqla arası yoxdu, elə yaxşı ki, çox danışmırdı. Dili çox acıydı, hərdən bir kəlmə deyib ilan kimi adamı sancardı. Amma Arvad Məsimə hörmət qoyurdu, bir sözünü iki eləməzdi. Nə qədər olmasa, evin böyüyü, ailənin güvən yeriydi.
Dediyim kimi, Erkək Tükəzban Arvad Məsimlə yaxın qonşuydu. Aralarında bir çəpər vardı, o da çox vaxt əriyib yerə yapışır, kolu-kosu əriyib gedirdi. İki-üç ildən bir köməkləşib ora-burasını düzəldirdilər, faydası olmurdu. Heç narahat da deyildilər. Necə deyərlər, onun toyuğu bunun həyətində, bunun toyuğu onun həyətində yumurtlayırdı. Bunun arxının suyu onun arxının suyuna qarışırdı. Qonşu kimi bir-birinin yolunu saxlayırdılar. Gəliş-gedişləri də vardı. Bişirdiklərindən bir-birinə pay verir, həyətin meyvələrindən nübarlıq göndərirdilər. Qızları toya, məclisə birlikdə gedirdilər. Tez-tez xısınlaşır, sirlərini bölüşürdülər. Oğlanları Bakıda yanaşı torpaq götürüb ev tikmişdilər. Qərib yerdə yerli kimi bir-birinə həyan idilər. Erkək Xədicənin Arvad Məsimlə gül kimi dolandığı vaxt birdən-birə aralarına nifaq düşdü. Səbəb də aralarındakı çəpərdə bitən qoz ağacı oldu. Elə bil qəfil ildırım çaxdı, tufan gəldi. Həmin ili o qoz ağacı yaxşı bar gətirdi. Üstü pıtraq kimi qozla doldu.
Qoz ağacını ora əkən-filan olmamışdı. Hardansa kolun-kosun arasından şiv şəklində boy atıb çıxmışdı. Əvvəlcə ağaca fikir verən olmamışdı, kol-kosun içində gizlənmişdi. Elə ki, qoz yetişdi, ağacdan bir-bir tökülməyə başladı, Erkək Xədicə gördü ki, Arvad Məsim hər səhər ağacın dibində qurdalanır. Əvvəl fikir vermədi, sonra baxdı ki, Arvad Məsim dabanıyla xəzəlləri eşələyir, tapdığı qozu vedrənin dibinə atır. Cin vurdu beyninə.
Əvvəlcə astadan dilləndi, cinini birtəhər boğdu.
- Qonşu, nə edirsən orda? Görmürsənmi o ağac bizim tərəfdə bitib, meyvəsini də biz yığmalıyıq. Niyə haramçılıq edirsən?
- Heç bir haramçılıq yoxdur, ağacın kökü bizim tərəfdədir. Yaxşı-yaxşı baxsan görərsən. Hələ bir azdan gəlib o tərəfi də yığacam!
- Onu yuxuda görərsən! Gətir yığdığını da tök bura! Özün də ağacın dibində görünmə!
O dedi, bu dedi, bir nəticə hasil olmadı. Erkək Xədicə çəpəri keçib Arvad Məsimin əlindəki vedrəni alıb tulladı. Elə hesab etdi ki, məsələ bitdi. Amma çəpəri adlayıb, öz həyətinə keçib yenicə cücələrə dən səpirdi ki, gördü Arvad Məsim hardansa bir ağac tapıb qozu çırpır. Cin vurdu başına.
- Qonşu, sənə söz deyildi axı! Sən deyəsən, bizi ağac oyuğu, ya da qanmaz hesab edirsən.
Arvad Məsim də özünə görə deyildi. Bir şeydən yapışdı, əl çəkməzdi. Elə ağacın başından cavab verdi:
- Get, kor gözlərini aç, yaxşı bax! Ağacın kökü bizim tərəfdədir, gövdəsi sizin tərəfə əyilib.
Bir xeyli dilləşdilər. Sonra səs kəsildi. Arvad Məsim şappaşapla ağacı çırpırdı. Onda Erkək Xədicə yerdən daş götürüb Arvad Məsimə tərəf atdı. Daş qayıdıb ayağının üstünə düşdü, ufuldadı.
- Az, get işinlə məşğul ol, mən sənə başqa kişilər deyiləm, üstümə xoruzlanasan - Arvad Məsim ağacın başından dilləndi.
- Aşağı düş, görərsən! Heyif, əlim çatmır.
- Heç nə edəmməzsən, mən sənə Lal Lətif deyiləm, başımda qoz sındırasan.
- Guya kimsən ki? Elə hökmlüsənsə, get ərə getməyən, boynunu qısıb şəhərdən, arvad-uşaqlı kişidən xəbər gözləyən qızına ər tap.
Burda Erkək Xədicə Arvad Məsimi pis yerindən vurdu. Arvad Məsimin qızının yaşı çox olsa da, ərə getməmişdi. Əslində gözəl-göyçək qızdı. Texnikumu bitirib kənddə kitabxanada işləyirdi. Deyirdilər, şəhərdə texnikumda oxuyanda bir oğlanı sevirmiş. Oğlan da evlənib, hələ 3 uşağı da var. Amma qız hələ də onun yolunu gözləyərək elçilərə "yox" deyə-deyə evdə qalmışdı. Bu əhvalatı Erkək Xədicə hardansa eşitmişdi.
Arvad Məsim yanıb töküldü, amma onun da deməyə sözü vardı.
- Sən də get, qayınanasını öldürən qızının dərdini çək. Gəlib oturub dizinin dibində.
Erkək Xədicənin qızı qonşu kəndə ərə getsə də, cəmi bir ilin gəlini olmuşdu. Qayınanası qəflətən pilləkəndən yıxılıb ölmüşdü. Kənddə danışırdılar ki, arvadı gəlin itələyib yıxıb. Ərinin əlində dəlil-sübut olmasa da, deyilənlərə inanmış, qızı gətirib evlərinə qoymuşdu. Hamıya meydan oxuyan Erkək Xədicə təkcə bu işdə mağmın qalmışdı.
Beləcə, bir-birlərinə olmazın sözünü dedilər. Erkək Xədicə ağacın dibində oturdu ki, Arvad Məsim yerə düşəndə vurub başını yarsın. Arvad Məsim sonuncu qozu da çırpıb yerə salsa da, saatlarla ağacın başında qaldı. Sarı Güllüylə, Lal Lətif də işə qarışdı, qonşuları çağırdılar, birtəhər Erkək Xədicəni çəkib apardılar, aranı sakitləşdirdilər. Amma davaları bitmədi. İmkan düşən kimi elə çəpərin üstündən bir-birinə olan-olmazın sözünü dedilər. O ili Arvad Məsimin Bakıda olan oğlunu çağırdılar. Oğlu gəlib aranı sakitləşdirdi, atasına təpindi: - A kişi, 5-10 kilo qoz yığırsan, nə dava-dalaş salmısan. İstəyirsən, mən pulunu verim. Amma Arvad Məsim sakitləşmədi. O ili ağacın meyvəsi dibində qaldı.
O biri il qoz yetişəndə yenə dava düşdü. Yenə də Arvad Məsim ağacın başında qaldı, Erkək Xədicə aşağıda keşik çəkdi. Bu minvalla 5 il, hər il payızda Erkək Xədicəylə, Arvad Məsimin davası düşdü. Artıq qonşu kimi araları da xeyli sərinləmişdi. Qızları bir-biriylə yalnız xəlvətə salıb görüşürdülər, oğlanlar bir-birindən xəcalət çəkirdilər. Gəliş-gedişlərini kəsməsələr də, əvvəlki kimi mehriban ola bilmirdilər.
Beşinci ildə kəndə gələn Arvad Məsimin oğlu gecəykən qozu kəsdi. Erkək Xədicə dedi ki, səni tutduracam, cinayət etmisən, ağac kəsmisən. Kənd sovetinə şikayətə getdi, amma faydası olmadı.
Həmin il kəndə möhkəm qar yağmışdı. Bütün dünyaya yayılan xəstəlikdən bu kəndə də çatmışdı. Kənddə bu xəstəliyə də ayama qoşmuşdular. Adına "zibil" deyirdilər. Filankəsi də o zibil tutub, filankəs o zibilin badına keçdi, özünüzü o zibildən qoruyun və. s. Amma o zibil dedikləri xəstəlik də zarafat deyildi, insanları silib-süpürüb aparırdı. Dünyada tüğyan edən o zibildən kənddə xeyli adam dünyasını dəyişmişdi. Erkək Xədicə də həmin xəstəlikdən yorğan-döşəyə düşdü, cəmi üç gün yatdı, rəhmətə getdi. Heç yasını vermək də mümkün olmadı.Yığışmağa icazə vermirdilər, yol-iz də bağlıydı. Beş-üç adamla aparıb dəfn elədilər. Həmin ilin yazağzı isə Arvad Məsim rəhmətə getdi. Arvad Məsim rəhmətə gedəndə artıq vəziyyət xeyli düzəlmişdi. Daha yas verməyə icazə verilirdi. Yollar açılmışdı.
Arvad Məsimin həyətində yas çadırı qurulmuşdu. Erkək Xədicənin oğlu Arvad Məsimin oğluna qoşulub kəndə yasa gəlmişdi. Qızlar da birlikdə əl-ayaq edir, çay, halva hazırlayırdılar. Aradan qan-qada götürülmüş, mehribanlıq yaranmışdı.
Əvvəllər naxıra gedən, sonra onun-bunun ağacını çırpan, daha sonra isə mollalığa keçən Molla Vəli məclisdə ordan-burdan danışır, məclisi yola verirdi. Palatkanın arxasındakı baməzə uşaqlar mollayla məzələnirdi. Samovarlar qaynayırdı. Arvad Məsimin oğlu mollanın yanında əyləşsə də, fikri əl-ayaq edən uşaqlardaydı ki, görsün süfrədə nəyisə əskik etmirlər ki... Deyəsən, mollaya kimsə sual verdi, ya nə idisə, birdən hündürdən dilləndi:
- Biri itməsə, biri bitməz, mənim balam. Biri itməsə, biri bitməz!
Yası yola verib axşam yerində uzanan Arvad Məsimin oğlunun gözünə yuxu getmirdi. Gecə yarıdan keçsə də, yerinin içərisində o tərəf-bu tərəfə çevrilirdi. Birdən mollanın gündüz yas çadırında dediyi söz yadına düşdü. "Biri itməsə, biri bitməz." Görəsən, bu nə söz idi? Molla Vəlinin bu, hardan ağlına gəlmişdi? Yerinin içində bir xeyli qurcalanandan sonra birdən ayağa qalxdı. Gedib əl fənərini götürdü. Erkək Xədicəgillə aralarındakı çəpərə yaxınlaşdı. Ayaq pəncələrinin üstünə başını qoyub mürgüləyən alabaş da gəlib yanında dayandı, muncuq kimi parlayan qara gözlərini sahibinin üzünə zillədi. Arvad Məsimin oğlu işığı o tərəf-bu tərəfə fırladıb diqqətlə çəpərə baxdı. Kol-kosun içində, köhnə qoz ağacını kəsdiyi yerdə, balaca bir şiv göyərirdi. Az qaldı, dəli olsun, ürəyi bərk-bərk döyündü. Hövlnak həyətə qayıtdı, maşını saxladığı qaraja yaxınlaşdı. Benzin qabını götürüb çəpərə tərəf qaçdı. Quyruğunu qısıb şən-şən atılıb-düşən alabaş da onun arxasınca götürüldü.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!