Esse
Müqəddəs torpaqlarımızı kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər gəzdikcə, vətənimizin taleyini düşünən, onun gələcəyi naminə pərvanətək alışıb-yanan müdriklərimizdən, saf, əqidəli sadə vətənsevərlərimizdən böyük can yangısı ilə dönə-dönə eşitdiyimiz "Azərbaycan faciəsi"ni ağlımız kəsəndən yana-yana yaddaşımıza əbədi həkk etsək də, onu yazıya köçürmək üçün aylarla, illərlə düşünmüşük, bəzən cürətimiz çatmayıb. "İlan vuran ala çatıdan qorxar", biz də özümüz-özümüzdən qorxmuşuq. Vətənimiz, torpaqlarımız, xalqımız, dilimiz və dinimiz haqqında azad fikir, açıq söz deyə bilməmişik; əsrlərin "fil qulağında div yuxusuna dalmış" qan yaddaşımızı qıy vurub oyatmaq üçün cıqqırımızı belə çıxarmamışıq. Ona görə "Azərbaycan məbədi"ni ucaltmaq istəyi ürəyimizdə qalıb...
- Bir millətə nə qədər zülm etmək olar, ilahi?!.
- Görən haçan və kim tərəfindən bu məşəqqətlərin bünövrəsi qoyulub?
- "Kor tutduğunu buraxmaz", onda bəs zəlitək yaxamıza suvaşmış bu bəlaların girdabından canımızı necə xilas edəcəyik?..
...Zəncirvari reaksiyalara, dolaşıq düşmüş kələflərə bənzəyən öz-özümüzə verdiyimiz bu başsındıran sprutabənzər suallar ürəklərdə tufan qopardıqca bizi haldan-hala salırdı...
...Ən çətin hallarda iynənin ucu boyda ümid işığına gümanımızdan ani təskinlik tapsaq da, vəziyyətin çıxış yolunda açılmayan inteqrallara dönən bu açmaları açmaq, inamlı istinad nöqtəsinin həqiqi həndəsi yerini-zamanla-məkan əlaqəsini müəyyənləşdirə bilməmişik...
"20 Yanvar qırğını törədilən gün Allahın arxasız bəndəsi olduğumuzu duyduq... Əllərimiz qoynumuzda qəm dəryasına qərq olduq... Sovet imperiyasının qarşısıalınmaz doktrinasına qarşı vətəni qorumaq üçün özümüzü sipər etdik...
Tarixdə misli görünməmiş vəhşiliklə təkcə azərbaycanlılar deyil, ölkəmizdə böyük humanizm və tolerantlıq şəraitində yaşayan ruslar, ukraynalılar, yəhudilər, ləzgilər və başqa etnik qrupların nümayəndələri də amansızlıqla qətlə yetirildilər. Onların arasında qocalar, qadınlar və uşaqlar da az deyildi. Sovet ordusunun öz vətəndaşlarına divan tutması, bəşəriyyəti xoflandırdı.
...Yanvarın 22-də şəhidlərimizin dəfn mərasiminin ağlasığmaz mənzərəsinin şahidi olanda, əlçatmaz və müqəddəs arzularımızın çoxu şəhid olsalar da, əsrlər boyu göz dağına çevrilmiş birliyimizin buz heykəlinin donu açılır, möcüzəli insan dənizində onun ümmanlaşması soydaşlarımızı heyrətləndirirdi...
...Çöhrələrindən qəzəb, nifrət yağan, intiqam almaq ehtirasları od-alov püskürən insanlar yer övladına hayan olmaq, onları qara qüvvələrdən qorumaq üçün elə bil ki, uçan boşqablarla bambaşqa planetlərdən gəlmişdilər...
Fikirlər, düşüncələr vücudumuzu çarmıxa çəkdikcə elə bilirdik ki, qəddimiz də sual işarəsinə dönüb... Yozulmalı suallar heç bir ölçüyə sığmırdı. Onları yozmağa səbir və dözüm gərəkdi. Belə çək-çevirdə yozmaq təşnəliyini də söndürmək qeyri-mümkündür. Nə qədər qaçırsan çatasan ona, ilğım kimi o, səndən uzaqlaşır.
...Bu səhnənin yaratdığı ecazkarlıq, səssizlikdəki bağıryaran qaramatlıq papiros tüstülərinə qarışaraq gözəgörünməz burulğanlar kimi şərəfli keçmişi olan qədim xalqımızın naləsini, fəryadının sonsuz göylərə, sanki Allahın dərgahına yaxınlaşdırır, dünyaya bəyan edirdi...
Kirpiklərdə donmuş, qırov bağlamış gilə-gilə göz yaşları ərşə boylanan "Azadlıq məbədi"nin tarixçəsini əbədi dünyanın silinməz yaddaşına əbədi həkk edirdi. Onun hər cizgisi bəşər övladını haqq işinə hayan olmağa haraylayırdı:
Dərd əlindən lal olmuşuq, bir himə bəndik,
Dindirsələr ağladarıq Yer kürəsini.
Sipər çəkin boğmasınlar, haqqın səsini,
Dindirsələr ağladarıq Yer kürəsini!...
Dua oxuya-oxuya mərasimin önündə gedən nurani qocanın dərdlərimizin, mübtəla olduğumuz faciələrin səbəblərini tam açıqlamasa da, sual və nida dolu baxışları xalqı çox şeydən agah edir, açılmayan düyünləri açırdı:
İnanmışıq əzəl gündən yaxına, yada,
İnamımız başımıza bəla olubdu.
Biz millətçi olmamışıq qoca dünyada?!
Bu söz görən haçan, harda peyda olubdu?!
İnamımız başımıza bəla olubdu!..
Xaotik insan selinin yaratdığı möcüzəli harmoniyanın bəstələdiyi qeyrət himni daşı da, torpağı da dilləndirirdi:
Şəri şeytan, quru böhtan vermədi aram,
"Əzabkeş" də şivən çəkdi, dedi "Şikəstə".
Vətənimin qeyrət simi çəkildi taram,
Daş heykəllər haray çəkdi "Heyratı" üstə.
Bu himnin müəllifi xalq, bəstəkarı isə bumbuz asfalt yolları, torpağı lalə rənginə boyamış şəhidlərimizin mübarək qanlarını, tarixin amansız çovğunlarından, Bakının ünvansız küləklərinin qanadları ilə şığıyan, adamın iliyinə işləyən qışın sərt şaxtasından qorumaq üçün zərif saçlarını yolaraq ləçək dodaqlarıyla torpağı öpüb hərarət paylayan, özünü şəhid edən "qan yaddaşının məşəli" qərənfillər idi.
Zərifliyin amansız vəhşilik üzərindəki qələbəsini xatırladan bu canlı tablo ürəkləri qeyrət simi üstündə kökləyir, bu faciəni törədənlərdən intiqam almağa haraylayır, Vətənimizin hər bir guşəsində əks-səda verirdi.
Bu haray, bu nalə yurdumuzun havasını udan, çörəyini yeyən, torpağı üstündə yeriyənlərin hamısını bədxahlıqlardan, pis niyyətlərdən əl çəkməyə, birliyimizi güdaza verməməyə, saf-çillə olmaq üçün tövbə etməyə çağırırdı:
...Qayıt, qorxuludur bu yol, bu bərə,
Əfi ilan olub boğacaq səni.
Vallah tövbə etsən sidqlə bir kərə,
Bu hikmət saf-çillə doğacaq səni!..
Dəfn mərasiminin iştirakçıları bu çağırışa sadiq qalacaqlarına and içdilər. Əqrəb çalmış kimi qıvrıldılar. Qan damarlarında fırtına qopdu. Ürəkləri əsim-əsim əsdi. Qulaqları cingildədi. Başları gicəlləndi. Soyuq tər içində muma döndülər... İllərdən bəri Vətən eşqi ilə alışıb-yanmaq istəyən "Azadlıq məşəli" vulkan kimi püskürdü. Hamı şükr etdi böyük Yaradana.
Çünki mənəviyyatımızı manqurtluğa sürükləyən vahimənin cazibəsindən tamamilə xilas olurduq...
..."Heyratı" sədası altında əsrlərin o tayından harayımıza hay verən- düşmənlərimizin zəhrini yaran babalarımızın - Zərdüştün, Dədəm Qorqudun, Babəkin, Şah İsmayıl Xətainin və yüzlərlə müdriklərimizin, müqəddəslərimizin ruhları Azadlıq meydanında dəfn mərasiminin keşiyini çəkirdilər.
Azadlıq günəşi "Azadlıq məbədi"nə işıq saçırdı...
Vətənimizin ünvanına deyilən bircə kəlmə yasaq söz gələcəkdə baş verə biləcək faciələrin bünövrəsini qoyur. Hər sözə, hər kəlməyə ehtiyatla yanaşın, ayıq olun. Özünüzü, soy-kökünüzü açıqlamağı bacarın!...
Aydın danışın, diliniz topuq vurmasın. Özünüzdə hər an cəsarət tapmağı aşılayın!...
Nəyə qadir olmağınızı sübut edib verin bu qoca dünyanın ixtiyarına! "Balıq bilməsə də xaliq biləcək!" Ulu əcdadlarımız özlərini bu həyatda sübut edə bilməyənlərə heç ad da verməyiblər...
Sözünüzü demədən qul psixologiyası ilə bu dünyadan köçsəniz, xatirələriniz bir yana qalsın, soyuq məzarlarınız da bir əlçim baş daşına həsrət qalacaq, soyunuzdan, kökünüzdən xəbər-ətər verməyəcək. Çox tez yaddan çıxıb min ilin ölülərinə qarışacaqsınız!
Qəbirstanlığa gedən yolları ot-alaq basdığından ünvansızlaşacaqlar.
İnsan nəfəsinə, doğmaların həlim səsinə, hənirtisinə, ağıların və oxşamaların göynərtisinə həsrət qalan məzarlarınız üşüyəcək, şoran torpaqlar kimi cadar-cadar olacaq, bir damla göz yaşına təşnə kəsiləcək. Biganəlik canıyananlığı üstələyəcək. İnsan əllərinin sığallarına qəribsəyən qəbirlərinin üstündə bitən gözkəsən göy tkanların gözləməkdən gözlərinin kökləri saralacaq, özləri kor olacaqlar...
Cümə axşamları ruhlarımız öz doğma ocaqlarından üz döndərib arı cücəsi kimi didərgin düşəcəklər, küskün olacaqlar. Gorunuz çat salacaq. Vaxtınızı öldürməyin!.. Vaxt var ikən düşünün! Özümüzə, ocağımıza, xalqımıza qayıdın! Qayıdın, qayıdın, qayıdın!... Xalqımızın iftixarları bu dahi tarixi şəxsiyyətlərin bircə kəlməsi, ibrətamiz nəsihətləri həmişə yolgöstərənimiz olmuş və olacaqlar!
Əsrlərdən bəri hər bir vətənsevərinizin ürəyində qövr edən "Azərbaycan faciəsi"nə çarə qılmaq, onun sızıldayan yaralarına məlhəm olmaq eşqimiz xalqımızın məşəqqətlə ötmüş bircə gününün əks-sədasından "Azadlıq məbədi"ni ucaltdı.
Bu abidənin hər bir cizgisi xalqımızın təfəkküründə milyon illər boyu obyektiv gerçəklikdən formalaşan, dünyanın əvəzedilməz bir parçası Azərbaycanın Yer kürəsindəki dəst-xəttini, tarixini, mədəniyyətini, incəsənətini, coğrafiyasını, həyat tərzini, sosial fikrini, fəlsəfəsini, ideologiyasını, beynəlxalq ünsiyyət vasitələrinin, memarlığın, heykəltaraşlığın, musiqinin, poeziyanın, adət-ənənənin, dilin-xalqımızın şirin ləhcəsi ilə, olduğu kimi və şişirtmədən, azad fikir dairəsində, milli zəmində özünəməxsusluq, Azərbaycanaməxsusluq kontekstində insan aləminin daxili dünyası ilə vəhdətində hər bir yaddaşımıza və dünyadaşımıza bəyan edirdi. Bu bəyanın hər bir anlamında yurdumuzun adicə quzu yarpağından tutmuş işıqkeçirməz meşələrinəcən, bir zərrə torpağından tutmuş ən qəlbi dağlarınacan, qəbir daşından tutmuş müqəddəs türbələrinəcən, vətəndaşından tutmuş xalqınacan, didərgin çadırından tutmuş şərəf və qeyrət məkanı "Vətən məbədi"nəcən olan mənəvi sərvətlərimiz özünəqayıdış yönümlü rəmzlərlə açıqlanır, məhvərindən çıxmışlar öz məkanlarına qayıdır, öz adı, öz imzası, öz mənşəyi, öz tarixi ilə oxunurdular.
Bu abidə qırılmaz insan inamına söykənən möhtəşəm, uçulmaz bir qəsri xatırladır. O qəsrin hər bir kərpicində xalq fəlsəfəsini hikmətləri oxunur. O hikmətlər həkk edilmiş kitabələrdə o qəsrin səcdəgahı büsbütün açıqlanır və müqəddəsləşir. O məbədin ən uca minarəsində qan yaddaşının məşəli alovlanır. O məşəlin zülmün gözlərini kor edən zərrin ziyasında Azərbaycanın işıqlı, xoşbəxt gələcəyi görünür...
Babulla
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!