Zəngli divar saatı beş dəfə vurdu...
"Hələ bir saat var, - Həcər xanım fikirləşdi. - Bir saata hər şeyi hazır edərəm, inşallah".
Sürücü nəyə görəsə dükan-bazarda ləngimiş, lazım olan ayın-oyunları evə bir qədər gec çatdırmışdı. Belə vaxtlarda maestronun üzünü görmə, - kişi özündən çıxır, əsəbiləşirdi və köntöy sözlərin biri olurdu bir qəpik. "Balam, bu evdə belədirsə, gör işdə, məşqdə nə hoqqalar çıxardır", - deyə fikirləşən Həcər xanım belə vaxtlarda işə qarışıb vəziyyəti yumşaldır, ərinin xoş damarını tutub onu sakitləşdirirdi. Elə indi də siqaret çəkə-çəkə otaqlar arasında var-gəl edən maestronun könlünü almaq üçün sakit səslə soruşdu:
- Qonağın kimdir, ay Niyazi?
Maestro iş otağının qapısı ağzında ayaq saxladı:
- Bir jurnalistdir, demişəm, gələndə yaxın dostlarından birini də gətirsin, söhbətləşək.
- Hansı, səndən müsahibə alan, "Məni danışdıra bildi", - deyə təriflədiyin həmin o dilli-dilavər oğlan?
- Hə, özüdür...
Maestro müsahibə verməyə meyilli adam deyildi, ələlxüsus da, musiqidən başı çıxmayan diletantlara. Müsahibə almaq istəyirdilər, amma musiqidən elementar bilgiləri olmurdu. Di gəl, nəyisə buna qandır. Buna görə də onun, ümumiyyətlə sənət barədə fikirlərini öyrənib ictimai rəyə ötürmək çox vaxt problemə çevrilirdi və qəzet-jurnal redaktorları bundan şikayətlənirdilər. Amma bir gün musiqi sənəti, ədəbiyyat sahələrində yaxşı zövqü olan, istedadlı bir jurnalist bu tilsimi qıra bildi. Telefonla zəng vuranda elə ağzını açan kimi maestro hiss elədi ki, bu oğlanla söhbət edə, ürəyini ona aça bilər. Bir neçə gündən sonra filarmoniyada görüşüb geniş söhbət etdilər. Müsahibə dərc olunandan sonra ölkənin mədəni həyatında, sözün yaxşı mənasında, rezonans yaratdı. Bu, maestronun xoşuna gəldi və kefinin kök vaxtında həmin jurnalistə zəng vurub dedi ki, bəs, filan gün, filan saatda mənim qonağımsan. Səninlə söhbətim tutur. Bir nəfər də dostunu götür, gəl, söhbətimizi süfrə arxasında davam etdirək.
Doğrudan da, həmin cavan jurnalisti evinə dəvət etməkdə maestronun məqsədi onunla sadəcə, yeyib-içmək, müsahibənin əvəzini vermək deyildi, ümumiyyətlə, belə gedişlər, məşhur filmdə deyildiyi kimi, onun məsləkinə müğayir idi. Bu mənzildə hay-küylü ziyafətlər çox olmuşdu və maestro onları bayrama, sazlı-sözlü məclislərə çevirməyin ustası idi. Ölkənin musiqi həyatında baş verən hər bir əlamətdar hadisənin şərəfinə badələr ilk dəfə bu mənzildə qaldırılır, plov bu evdə dəmlənirdi. Kimlər əyləşməmişdi bu mənzilin qonaq otağındakı masanın ətrafında?! - Bakıya uzaq-uzaq ölkələrdən gəlmiş adlı-sanlı musiqiçilərdən, musiqişünaslardan tutmuş, maestronun sevdiyi, istedadına inandığı və hörmət etdiyi adlı-sanlı, təcrübəli və adsız-sansız cavan ifaçılara, müğənnilərə qədər hamı. Bu məclislər çox vaxt gecə yarısına qədər uzanırdı - ziyafət yaradıcı diskussiyaya, müzakirələrə çevrilir, müğənni və xanəndələrin ifaları ilə rövnəqlənirdi...
Bu dəfə maestronun niyyəti başqa idi. Gənc jurnalistin musiqi duyumu, savadı, erudisiyası onun xoşuna gəlmişdi və istəyirdi ki, illər uzunu ürəyində saxladığı, çoxlarının bilmədiyi bəzi mətləblərdən onu agah eləsin, fikirlərini onunla bölüşsün. Hərçənd hal-hazırda onları mətbuata, ictimai rəyə sızdırmaq dəryada balıq sevdası kimi bir şey idi, amma gələcəkdə, nə vaxtsa məqamı yetişəndə - bəlkə onda heç maestro dünyada olmayacaqdı - Azərbaycan musiqisinin saflığını, əmisinin adına layiq ucalığını qoruyub saxlamaq naminə onun çəkdiyi məşəqqətlər, məruz qaldığı təqiblər, böhtanlar barədə söylədikləri yazarların, qələm əhlinin yəqin ki, karına gələcəkdi...
Maestro iş otağının pəncərəsinə yaxınlaşıb onu açdı və nəyə görəsə, nəzərləri küçədə şütüyən maşınlarda ilişib qaldı.
Çoxları ona kosmopolit, kökdən uzaq adam kimi baxırdı və yatsalar, heç yuxularına da girməzdi ki, bu "kosmopolit" adam hələ cavan yaşlarında xalqlar dostluğuna əks gedən qatı millətçi kimi Dövlət təhlükəsizliyi, partiya və sovet orqanlarında qeydiyyatda olub, onun siyasi sayıqlığını yoxlamaq üçün Moskvadan Bakıya xüsusi komissiya gəlib, "şübhəli işləri" ilə bağlı uzun-uzadı hesabatlar yazılıb...
İlk həyəcanlar, sarsıntılar 1948-ci ildə 26 yaşlı Fikrət Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazandan sonra başladı. Muğamları ilk dəfə o təfsir elədi və dərhal da bu əsərlər nəinki Azərbaycanda, Sovetlər Birliyində, bütünlüklə dünya simfonik musiqisində bir çaxnaşma yaratdı. Fikrət Əmirov əslində bu əsərlərlə Şərq simfonizminin əsasını qoymuş, analoqu olmayan yeni janr yaratmışdı. Amma buna rəğmən, az sonra dövlət orqanlarına anonim və imzalı məktublar axmağa başladı - guya iki cavan millətçi xalq musiqisinə aludə olub, Azərbaycan simfonik musiqisini irəli aparmaq, inkişaf etdirmək əvəzinə geri çəkir, milli muğamlara calaq edib uçuruma yuvarlayırlar. İdeoloji işə baxan çinovniklərin vəziyyəti yumşaltmaq üçün verdikləri tövsiyələrə maestro özünün "Rast" simfonik muğamı ilə cavab verdi və məktub müəlliflərinə, tövsiyə yiyələrinə mesaj göndərdi ki, onlar bu yoldan geri dönməyəcəklər...
Sonralar da onun barəsində qeyri-azərbaycanlılar tərəfindən mükəmməl donoslar yazılırdı. Ən çox da ermənilər canfəşanlıq edirdilər. Yazırdılar ki, vaxtilə millətçi Musavat hökumətinin dövlət himnini yazan Üzeyir Hacıbəyovun qardaşı oğlu əmisinin ölümündən sonra respublikanın musiqi həyatına rəhbərliyi irsən mənimsəyib və başqa xalqların nümayəndələrinə münasibətdə ayrı-seçkiliyə yol verir, onları sıxışdırır, Bakldan qovur. Amma ən böyük qalmaqal 1959-cu ilin mayında oldu. Moskvada Azərbaycan mədəniyyəti ongünlüyü ərəfəsində Dövlət Simfonik orkestrinin baş dirijoru olan maestro elan elədi ki, erməni millətindən olan musiqiçiləri dekadaya aparmayacaq, çünki bu tədbir Azərbaycan mədəniyyətinin ongünlüyüdür, ermənilərin yox. Erməni musiqiçilər dərhal hərəkətə keçdilər, Bakının mağazalarında kağız, mürəkkəb qalmadı, aşağıdan-yuxarı göndərilən şikayət məktublarının ardı-arası kəsilmədi və o məktubların izi ilə bir az sonra Moskvadan Bakıya xüsusi komissiya göndərildi. Məktub müəllifləri ifadə vermək üçün növbəyə düzüldülər, "despot", "millətçi" damğaları ilə maestronu ləkələmək uğrunda yarışa çıxdılar...
Amma maestro geri çəkilmədi, başladığı təmizləmə işini baş dirijoru təyin edildiyi Opera və Balet teatrında da davam etdirdi və böhtan kampaniyasının yeni, daha mükəmməl mərhələsi başladı. Bu dəfə yazılan məktublarda onu, hətta Hitlerlə müqayisə edir, ondan da qatı şovinist adlandırırdılar...
Sonralar Leninqradda başına gələnlər, Türkiyə "işi", yazdığı "Türk marşı"nın başağrısı... Eh, hansını deyəsən?!
...Maestro nəzərlərini küçədən yığışdırıb başını döndərdi və əmisinin sağ tərəfdəki divara vurulmuş portretinə baxdı. Üzeyir bəy eynəyinin şüşələri arxasından mehriban baxışlarla onu süzürdü. Qəfildən maestroya elə gəldi ki, əmisi bu baxışlarla bütün bu çətinliklərə sinə gərərək Azərbaycan musiqisinin saflığı keşiyində müsəlləh əsgər kimi dayandığına, əmisinin vəsiyyətini yerinə yetirdiyinə görə ona minnətdarlıq edir.
"Əmi, imkan vermədim ki, məzarın çatlasın, - maestro ürəyində pıçıldadı. - Nə qədər nəfəsim gedib-gəlir, verməyəcəm də".
Mətbəx tərəfdən tanış qoxu gəldi - Həcərin plovunun qoxusu. "Deməli, vaxt yaxınlaşır, bir azdan qonaqlar gələcək".
İş otağından çıxıb qonaq otağına buruldu, üstünə cürbəcür şirniyyatlar, qəlyanaltılarla dolu qablar düzülmüş masanın yanından keçib servantın barını açdı, iki şüşə bahalı konyak şüşəsi götürüb büllur qədəhlərin, çini saxsısından hazırlanmış qabların parıltısında bərq vuran süfrəyə yaxınlaşdı. Bilirdi ki, şairlər bir az meypərəst olurlar, amma indi o, bu bahalı içkiləri süfrəyə qonaqların, necə deyərlər, yanğısını söndürmək üçün yox, söhbətə körpü salmaq, uzun söhbət ərəfəsində boğazı yaşlamaq üçün qoyurdu.
Əlini təzəcə geri çəkmişdi ki, qapının zəngi çalındı...
Əvvəlcə həmin cavan jurnalist, ardınca da boyca ondan hündür kişi içəri daxil oldu:
- Salam, maestro, tanış olun, - sizin sənətinizin pərəstişkarı, şair dostum filankəs.
Maestro "xoş gəldiniz" deməyə macal tapmamış şair filankəs irəli keçib maestronun əlini ikiəlli sıxdı:
- Nəhayət ki, bu qızıl əlləri sıxmaq mənə də nəsib oldu!..
...Maestro təkcə musiqi sahəsində yox, süfrə, yemək mədəniyyətində də "millətçi" idi. Ona görə də Həcər xanım süfrəyə əvvəlcə məxməri çay verdi. Qonaqlar çay stəkanlarını qarşılarına çəksələr də, masanın üstünə düzülmüş büllur qablardakı löyün-löyün mürəbbələrə yox, tamam başqa səmtə baxırdılar və maestro o baxışların ünvanını əlüstü müəyyən elədi, əlini uzadıb konyak şüşələrinin birini açdı, kiçik qədəhləri doldurub öz qədəhini əlinə götürdü:
- Xoş gəlmisiniz!
Qonaqlar az qala xorla:
- Sizin sağlığınıza, maestro, Azərbaycan musiqisinin sağlığına! - dedilər.
Həmin axşam bu sözlər Azərbaycan musiqisini dünyada tanıdan, dünya şöhrətli dirijor və bəstəkar - maestro Niyazinin mənzilində musiqi sənəti barədə qonaqların ağzından çıxan son sözlər oldu. Maestro ha çalışdı ki, söhbəti istədiyi məcraya salıb süfrə arxasındakı bu görüşü musiqi, yaradıcılıq sirləri mövzusunda, maraqlı fikir mübadiləsi ilə süsləsinlər, alınmadı ki, alınmadı. Elə bil qonaqlar burda yox, tamam başqa bir aləmdə idilər və artıq ürəklənib özləri doldurduqları hər qədəh onları sürətlə bu məclisdən uzaqlaşdırırdı. Şair daha çox canfəşanlıq edir, maestronun şərəfinə yazacağı şeirin konturları barədə gur-gur guruldayırdı: "Maestro, gərək sizin möcüzəli barmaqlarınızın, sehrli əllərinizin qüdrətini bütün dünyaya nümayiş etdirim!"
Jurnalist, deyəsən, pərt olmuşdu. Onun şairi bir neçə dəfə dümsükləməyi, ayağını basmağı maestronun gözündən yayınmadı.
Maestro əməllicə dilxor olmuşdu, içindəki əsəb gəlib boğazına dirənmişdi. Artıq başa düşürdü ki, qatar onun istədiyi tərəfə yox, tamam başqa səmtə gedir və onu geri qaytarmaq mümkün deyil.
Elə bu vaxt heç kimin gözləmədiyi halda şair dolu qədəhini əlinə götürüb ayağa qalxdı:
- Maestro, mən həmişə sözü üzə deyən, düz danışan, cəsarətli adam olmuşam. Heç kimdən də qorxub-eləmirəm. O gün Mirzə İbrahimovu ağ yuyub qara sərdim, dedim, nə olsun ki, Yazıçılar İttifaqının sədrisən, düz danışmırsınız axı!
Bayaqdan dostunu düz yola gətirə bilməyən jurnalist gördü ki, şair cuşa gəlib və əməlli-başlı gopa basır. "Bu, cuşa gəlib gopa basırsa, gərək mən də super cuşa gəlib onun yalanını ifşa edəm ki, görsün, düz danışmaq necə olur".
Və şair nitqinin növbəti maddəsinə keçmək istəyəndə, onun sözünü kəsib üzünü maestroya tutaraq dedi:
- Maestro, inanma, hamısı gopdur. Əksinə, Mirzə müəllimi görəndə ikiqat olur, hər sözünə "baş üstə" deyib hər yerdə elə hey onu tərifləyir...
Bundan sonra qonaqlar harda olduqlarını, elə maestronun özünü da unudub keçdilər pazborkaya - bu dedi, sən obyektiv deyilsən, o biri dedi, səndə bir qram cəsarət yoxdur, əlqərəz, bu dedi, o dedi... axırda bütün planları boşa çıxan və dilxor olan maestro gördü ki, vəziyyət, necə deyərlər, "ruscadır", bir az da keçsə, dostlar şuluq salacaqlar. Çaş-baş qalıb bilmirdi neyləsin. Qonaqlar artıq qırmızı xətti keçəndə onun da səbir kasası doldu, ayağa qalxıb amiranə səslə dedi:
- A kişilər, nə yediniz-içdiniz, halal xoşunuz olsun. İndi durun, zəhmət olmasa, sürüşün bayıra və söhbətinizi orda davam etdirin. Mənim evim qeybət, razborka yeri deyil...
Dostlar dodaqları altında bir-birini söyə-söyə dəhlizlə addımlayanda əlində plov dolu sini tutmuş Həcər xanımla üz-üzə gəldilər.
- Aaa, hara belə? Mən plov gətirirəm ki...
Qonaq otağından maestronun səsi gəldi:
- Həcər, onların çox vacib işləri var, getməlidirlər...
Qapı açılıb-örtüləndən sonra maestro çölə çıxdı və əlində sini dəhlizin ortasında donub qalmış Həcər xanım gördü ki, kişinin rəngi əməlli-başlı qaralıb.
Bu evdə Həcər xanımın plovu heç vaxt beləcə əlində qalmamışdı, ona görə də pərt halda bilmirdi neyləsin, geri - mətbəxə qayıtsın, yoxsa...
Maestro ona yaxınlaşıb sinini əlindən aldı, arvadının qoluna girib: - Bu plov bizim qismətimiz imiş, Həcər - dedi. - İrəli, süfrə başına!
Bir neçə saniyədən sonra qonaq otağından onların şən gülüşləri eşidildi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!