Balıqlara
Deyirsən, bəzən təsadüfən, bəzən də bilə-bilə yiyəsiz heyvanları incitdiyimə görə əzab çəkirəm, çünki bu adi incitmək deyil, köməksiz heyvanlar ölürdü gözümün qabağındaca...
Sənin sözlərini adda-budda yadına salım: yeniyetmə vaxtı çayda iki balaca balıq tutmusan, balıqları ovcunda sıxıb öldürəndən sonra suya atmısan. Bax, burası anlaşılmazdı; madam tutduqlarını təzədən çaya atıb həyat bəxş eləmək istəyirdin, niyə öldürürdün? Sonra da gün batanacan suyun üzündə qalan balıqlara baxıb pərişan olurdun? Yəqin ağlın kəsməyib, yoxsa, belə iş tutmazdın. Bir də ki, qəm yemə, cəmi bəşər xirtdəyəcən günah içindədi, sən o zaman uşaq olmusan, sənin günahın da bəzilərinin elədiklərinin yanında elə həqiqətən, uşaq oyunudu. Düz deyirsən, bu təsəlli sənə haqq vermir ki, özünə: "aydan arı, sudan duru" kimi baxasan, amma bəri başdan içini yeməyə də lüzum yoxdu, ən sərfəlisi belə düşünməkdi ki, deməli, o balıqların yazısı da elə yazılıbmış, oracanmış... İraq-iraq, dəryaya atılmış müqəddəsi qarnında hifz eləyən balığı ovcunda sıxıb axırına çıxmamısan ki, bir ömür içini didib-parçalayasan. Nə keçmişə çox aludə ol, nə gələcəyin dərdini çək, çalış, bacar, bu gününü rahat yaşa. Sonrasına Allah kərimdi...
Nə bilmək olar, bəlkə Xudavəndi-aləm məxluqatı qurtula bilməyəcəyi bəladan qurtarmaq, hifz eləmək üçün öldürür? Bəlkə sən o balıqları öldürməsəydin, başqası tutacaqdı, öldürmək bir yana, tavaya atıb qızardacaqdı, həzmi-rabedən keçirəcəkdi... Gülmə, gülmə, düzünü deyirəm, bir var, ölüb canını qurtarasan, bir də var, əsl zırıltın öləndən sonra başlaya; qızardılasan, yeyiləsən və ilaxır... Kim istəyər ki, onu qızardıb yesinlər, şişə çəksinlər, bişirsinlər?!.
Görürsən, bütün günahlara haqq qazandırmaq mümkündü, dərinə getsən, özünə ziyan verəcəksən, bir də görəcəksən ki, dəli olub düşmüsən çöllərə... Elə mən özüm, həyəti, bağ-bağatı şumlayanda, sulayanda, elə gəzməyə çıxıb aram-aram yeriyəndə bilmədən o qədər qarışqanı, cücünü tapdalamışam ki... Ayağımın altında o qədər canlı qalıb ki... Sənin kimi fikirləşsək, gərək yaşamayaq, yeriməyək, qanadlanıb uçaq, ya da ki, buludların üstündə gəzək... Ərz eləyirsən ki, mənim dostum-düşmənim yoxdu, adamlardan zəhləm gedir, onlardan qaçıram, mənimki heyvanlardı, qanadlılar, dördayaqlılar, cücülər, digər canlılar... Bəs, ata-anana, qohum-qardaşına necə baxardın? Başını aşağı salma, nolar uşaq evində böyüyəndə, bəlkə hardasa yaşayır, sağdı sənin valideynlərin?! Bu dünyada ən ağlasığmaz şeyə belə hökmlə: "ola bilməz!" - deməyin özü ağılsızlıqdı. Lap belə ata-anan olmasın, səni bir böyüdən, ağlayanda başına sığal çəkən olub, ya yox? Demə ki, qapazaltı olmusan bu vaxtacan, dünya xali deyil, tək-tənha, heç kəsin köməyi olmadan özünə pis-yaxşı gün-güzəranı nə təhər düzəldərdin? Yıxılanda sənə əl uzadan, ayağa qaldıran olub, həlbət ki... Yoxsa, sayılıb seçilən svarşik də ola bilməzdin. Açıb-ağartmaq da yaxşı düşmür, elə mən özüm də az əl tutmamışam sənə, nolar, halal xoşun olsun, əl tutmaq Əlidən qalıb, "yaxın qonşu uzaq qohumdan irəlidi", deyiblər... Hər nə isə, bilirsən də, bizim dildə nə deyirlər sənin sənətinin adına? Hə, hə, qaymaqçı... Tfu, lənət şeytana, çaşdırdın məni də, qaymaqçı yox e, qaynaqçı... Məxluq sənin başına and içir, hamı istəyir ki, sən yola verəsən həyət-bacasındakı işləri, çünki əllərin qızıldı, sənin bir-birinə qaynaqladığın dəmir-dümür məhşərəcən ayrılmaz, sənin yerinə kim olsaydı, evinin sütunu da əllərinə bənzəyərdi, sənsə tənbəlsən, bir gün işləyəndə bir həftə əlini ağdan-qaraya vurmursan, papağını günə yandırırsan, qazandığını da verirsən o zəhrimar arağa, içib başlayırsan toz-torpaq içində ağnamağa, yaxanı cırıb göz yaşı axıtmağa ki, ay camaat, məni dara çəksəz də azdı, mən haçansa, it ilində iki balaca balığı ovcumda sıxıb öldürmüşəm, mən nə bilim, pişik balasının quyruğunu tapdalamışam, yiyəsiz itə təpik vurmuşam, qanımı sorub atamı "yandıran" ağcaqanadı şapalaqlamışam, zəhrimardan içib hakim gözündə gördüyün ikiayaqlı məxluqun imkanı olsa, nəinki balığı, toyuq-cücəni, bütün dünyanı "hop" eləyib birudquma yeyər, üstündən rahatca su da içər, adamlar beş-üç manata görə bir-birini şaqqalayır, sən də düşmüsən ortaya ki, sahibsiz it-pişiklər belə gəldi, balıqlar belə getdi... Belə rəhimlisənsə, yemə də mal-heyvan, qoyun-quzu, toyuq-cücə ətini, elə yavan çörəklə, düyü ilə, göy-göyərti ilə, meyvə-tərəvəzlə başını girlə, gününü keçirt... Keçirə bilməzsən axı, ay xətakar, arağın yanında ət, balıq olmadısa, day nə ləzzəti?!.
Yaxşı yadıma düşdü, sənin kimi sənətkarın bu birgözlü daxmaya sığışmağı el-camaatdan ayıb deyil bəs nədi? "Özünə gün-güzəran düzəlt", - dedim, arvad əvəzinə it-pişiyi doldurdun həyət-bacana, qazandığını arağa verdin, it-pişiyin qarnını doyuzdurdun, xətrinə dəyməsin, indi bu evdən həqiqətən, it iyi gəlir, hansı ağlı başında olan qız-gəlin yaxın durar sənə, ay evi tikilmiş? Demirəm a, pis iş görürsən, yiyəsiz heyvanları doyuzdurmaq, onlara kömək eləmək savabdı, dünya yumrudu, axirət qalsın bir qırağa, elədiklərinin bəhrəsini hökmən elə üzü bəridə görəcəksən, buna zərrəcə şəkk-şübhən olmasın, amma hər şeyin bir həddi var, ifrat həmişə, hər yerdə qüsurdu, əstəğfürullah, biz Yaradandan çox bilə bilmərik ki. Lazım gələndə, məqamı yetişəndə göydəki kişi yoluna qoyur hər şeyi... İstər heyvanlar olsun, istər sıx meşədəki kiçik bir yarpaq...
"Hamını bəzər, özü lüt gəzər", - deyiblər sənin kimi əhlikeflərə, itdən-pişikdən nə fayda, sən özünə gün ağla, həyət-bacanı təmiz saxla, yaxşı ev-eşik tik, içib küçələrdə yatıb qalmağı yığışdır, yaşın keçir, bir də ayılıb görəcəksən ki, ömür gedib, Əzrayıl da qılıncını qaldıraraq dayanıb sənin başının üstündə ki, düş qabağıma, vaxt-vədə tamamdı... Onda neyniyəcəksən, ay yazıq? Kim ağlayacaq sənnən ötrü? Mehrini sahibsiz heyvanlara salmağına bir söz demirəm, and olsun oxuduğum "Quran"a. Deyirlər, o dünyada o heyvanlar dil açıb şəhadət verəcək adamlar haqqında ki, bəs, bəndələr yox yerdən bizi incidib, axı Allah bizi onlara tapşırmışdı, ikiayaqlılar isə tapşırılana, əmanət olunana doğrudan-doğruya it zülmü verdilər. Sözsüz, haqqüçünə desəm, bu əməlin savabdı, fəqət, bədən də Allah əmanətidi axı, öz evin cəhənnəm, nədən bədəninə zülm eləyib ruhunun evini üfunət yuvasına döndərirsən?
Eh, hırıldama, mənim nə vecimə, can sənin, cəhənnəm Tanrının, di gəl, yenə sənə nəsihət eləyirəm, ta o vaxtacan səndən əl çəkməyəcəm ki, sən o araq zəhrimardan əl çəkib din-imana gələsən, evlənib arvad-uşaq sahibi olasan. Mən də sənə düz yol göstərməsəm, kim göstərəcək? Ayıl, ayıl, silkələn, keçmişinin üstündən qələm çək, özünə gəl...
Hə, "arvad-uşaq" dedim, qəfil ağlıma gəldi, arvad almaqdan ötrü heç uzağa getməyin də gərək deyil. Mənim kiçik qızım sənin gözünün qabağında böyüyüb, bizə gediş-gəlişin olmasa da, yəqin hiss eləmisən ki, necə dürüst, başıaşağı uşaqdı. Başqa cür ola da bilməzdi, çünki o qız mənim kimi din-iman adamının tərbiyəsini görüb. Ancaq neynəmək olar, ər sarıdan bəxti gətirmədi, yoldaşı naxələf çıxdı, narkoman çıxdı, qarabaxt balamın... Əri dostumun oğlu idi deyə səsimi çıxartmırdım, qızımın da əvvəldən meyli yox idi ona, di gəl, mənim sözümü çevirə bilməmişdi. Eşitmisən də, axırda oğlan, yəni mənim keşmiş kürəkənim tamam ağını çıxartdı, bişərəf evimdən oğurluq eləyib var-yoxumu, pulumu-qızılımı apardı. Ondan sonra gördüm ki, cida çuvaldan çoxdan çıxıb, qızımı gətirdim evə, oğlan da indi türmədədi... Belə-belə işlər, ay bala, heç kəs bilmir ki, xeyir hardadı, şər harda. Xeyir dalınca gedirsən, şərə düşürsən, şər başının üstünü alanda bir də gözünü açırsan ki, o şərin içindən yekə bir xeyir boylanır. Qızımın gül kimi bir oğlu da var, zirək uşaqdı, bu il məktəbə gedəcək, həyət-bacada görmüsən, yəqin. Tez-tez sənin itinə-pişiyinə yemək də atır o uşaq aramızdakı taxta hasarın arasından, ürəyi yuxadı. Bilirəm ki, sən də mərhəmətlisən, inşallah, xeyir işimiz baş tutsa, mənim nəvəmə doğma atasından da yaxın olacaqsan. Mənim də bir əlim sizin üstünüzdə olacaq, qoymayacam korluq çəkəsiz. Bəs necə, balamı, nəvəmi çöldən tapmamışam ki! Elə sən özün də mənim balamsan, səni belə səfil-sərgərdan görəndə ürəyim ağrıyır. Amma belə işdə zor şeytanilikdi, səni tələsdirmirəm, papağını qoy qabağına, yaxşı-yaxşı fikirləş, yüz ölç, bir biç...
Nə isə, söhbət quzunu qurda verər, xudahafiz, day mən tərpənim, qaş qaralır, arvad-uşaq evdə təkdi, bir-iki günə yenə gəlib sənə dəyəcəm. Durma-durma, otur, əziyyət çəkmə, həmişə gəldiyim evdi, mən özüm gedərəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!