Elə hey qaçıram. Bu qədər böyük sürətlə hara belə tələsirəm - heç özüm də bilmirəm. Gördüyüm gözəlliyə bir andan çox baxa bilmirəm. Hər keçən günüm məndən əks istiqamətdə eyni sürətlə qaçır. Qaçmaqdan yoruluram, bəlkə də, əslində, qorxuram?! Dayanmaq istəyirəm. Dərin bir ah çəkib, sakitcə dayanmaq istəyirəm. Onda bəlkə əks istiqamətdə gördüklərim də dayanar. Onda bəlkə onları daha çox seyr edə bilərəm. Bəlkə o istiqamətə keçə də bilərəm. Onları seyr etmək kifayət etmir axı?! Orada qalanlar mənimlə gəlmir axı?! Orada mən də başqayam, daha gözələm axı?! Nə üzümdə bir qırış, nə də saçımda ağ tel. Həmin istiqamətdə ən axıra gedərdim. Orada qalanları bir də görərdim. Sürətim məni öz istiqamətimə çəkmək istəsə də, mən onlardan möhkəm tutub buraxmazdım. Sürükləyib özümlə gətirərdim. Ehh, xəyallar, xəyallar. İnsan həqiqətin düz gözünə baxa bilmir. Çünki o, sanki gur gün işığı kimi adamı çox yandırır. Bura bax, əks istiqamətdəki mən; dayanıb mənə baxır. O niyə belə görünür? Axı orada mən həmişə gözəl idim. Yox, bu mən deyiləm. Ya da o, həqiqətin düz gözünə baxır. Yoxsa, niyə üzünü belə yığıb? İlahi, mənim üzümdə bu qədər qırış var idi, yəni?! Budur, indi həmin o gur işıq məni özünə doğru çəkir. Bir saniyə, əzizlərimə baxım... O isə durmur. Mən, sadəcə, zaman istəyirəm. Çox şey istəmirəm ki, dünya malını demirəm, pulu heç demirəm, sadəcə, zaman, zaman, bir saniyəlik zaman... Qulağıma bir səs pıçıldadı: "Sən sənə verilən ən qiymətlini seçib istəyirsən. Bəs bura qədər nə ilə gəlmişdin?" Artıq sözüm qalmadı. Deməyə bir kəlmə belə sözüm qalmadı. Heç nə deyə bilmədim. Bir qaranlıq çökdü və gözlərimi yumdum. Açanda isə çox qəribə bir yer gördüm. Burada hamı ağ geyimdədi. Və əks istiqamətdə gördüklərim indi mənim yanımda, yaxınlığımda dayanıb, amma nə əks istiqamət, nə də düz getdiyim istiqamət qalıb. Kimsə məni ucadan, möhkəm hıçqırıqlı bir səslə çağırdı. Arxaya dönəndə həmişə gəldiyim (qaçdığım), istiqaməti gördüm. Deməli, mən bura gəlirdim. İndi onlar oradan məni səsləyir. Mən də onları çağırıram, amma onlar nə məni görür, nə də eşidirlər. Bu çox ağırdır. Ağır olduğu qədər də ağrıdır. Deməli, bu imiş baxa bilmədiyimiz həqiqətin gözü. Budur həyatın mənası. Günəş işığıtək ağ və gur işıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!