Aramızda danışan - Bəxtiyar Aslan

Hekayə

Gözlərim yaşıldı. Belə deyirsən, sonra xeyli susursan...

"Yox" - deyirəm, - sənin gözlərin mavidi... Baxdıqca işığa görə dəyişir. Gah mavi olur, gah yaşıl...

Bunu kim söyləyir ikimizin arasında? Bir az sən, bir az mən ola bilərmi? İkimizin səsidimi bu? Sənin, ya da mənim olmayan bir səsmi?.. Nə tez? Aramızdakı boşluğu dolduran, yoxluqları var edən bir şey var. Düşüncələr səssizcə axıb gedir, səndən mənə, məndən sənə. Səssizcə və sözsüz... Bu eşq bir düşüncənin körpəsidir, təsdiqin, ya da inkarın deyil. Bu üzdən sözləşməyə ehtiyacımız yoxdu. Bəlkə, bunu mən deyirəm. Yaxud sən... aramızda bir başqasının danışması dilin ortadan yox olmasıdırmı? Yoxsa üçüncü bir dildimi bizi sorğu-sual edən? Hər nəsə... baxdıqca dəyişir, dalğalanır...

Mən elə hey mavi görürəm. "Dənizə həsrətindəndir" - deyir. Kim?

O üçüncü dil var ha, o... Daha doğrusu, olmalıdı. Elə sanıram. Başqa bir ehtimal da var; mən bəzən özümdən gizlin də danışa bilirəm. Danışa bilirəm dediyimə baxma, bunu bilərəkdən, istəyərəkdən eləmirəm, danışıram sadəcə... Bir dəqiqə, aləm bir-birinə qarışdı. Bilərək, istəyərək eləmədiyim şey necə mənim işim ola bilər ki? Yəni mən o işi edən adam ola bilmərəm. Haydı, özgəsi deyiləm... Bilmədən və istəmədən danışıram mən. Amma mütləq özümdən gizlin. "Sayıqlayır" - deyəcəksiniz. Bundan daha uyğun ad tapa bilmədim.

Bütün bunlar yuxu ola bilər. Dahası da var... Kəndin ortasında unudulmuş, bəlkə də, bu üzdən sökülməmiş evlərin arasında itib-batmış torpaq bir evdə yuxudan oyanıram. Görülən deyil, bəlkə də, qurulan bir yuxudu bu. Evin torpaq döşəməsi həmişəki kimi nəmlidi. Hardasa sabaha qədər siqaret dumanı altında kitab oxuyuram. Bəzən hava qaralmamış baytarlıq, aqronomluq, ədəbiyyat, mühəndislik, tibb fakültəsindən dostlarım gəlir. Hamısının gələcəyə baxan gözlərində dərin bir qaranlıq var. Kimi tərk edilmiş, kimi aldadılmış, kimi unudulmuş... elə hiss olunur ən azından. Hərəsinin də bir hekayəsi var. Ümidsiz adamlar içində səni sevməyi öyrənirəm, anlayacaqsan. Sonra bəlkə, bu tərk edilmişliyin, aldadılmışlığın, unudulmuşluğun bir sonu olaraq gələcəyə qaranlıq baxan gözlərimizlə ölkənin gələcəyini aydınlaşdırmağa çalışırıq. Hər şey kəsif siqaret dumanı altında yuxu kimi axıb keçir.

-Yoxsa hər şey gerçəkdən yuxudu? Zaman belə bir şey olmalıdı; gerçəyi yuxunun sifətinə yaxan bir şey... Buna ehtiyacım var; bütün bunların gerçəkdən bir yuxu olduğuna inanmağa məcburam. Sənə belə bir yuxunun, gerçəkdən yuxu olan bir yuxunun içindən çıxaraq gəlməliyəm. Çünki gerçək, yavaşıdan, dayandıran bir şeydi.

Orda, akasiyaların altındakı ağır, kobud piknik masalarından birində oturarkən başımızın üstündən quşlar uçurdumu? Hər şey o qədər köhnədi, o qədər tükənib ki, başqa bir şey tapa bilmirəm. Quşlar kimi, bir tüfəng səsiylə silkinib oyanan quşlar kimi, qanadlarını qorxuyla çırpıb tüklərini tökən quşlar kimi oyanıram bəzən keçmişin röyasından. Fəqət orda olduğum zaman da elə bir yuxudan qəfildən oyanırdım.

Daha doğrusu, sənə, üzünün atəş kimi yanan yerlərinə, gözlərinin dəniz kimi sərinlədən maviliyinə, sonra dodaqlarına, kirpiklərinə, masada rahatlıq tapmayan quşlar kimi - hə, quşlar, bizim eşqimizin xatirəsi quşlar, köçərkən ya da uçarkən, vurularkən ya da... Çırpınan barmaqlarına... Boynunda gümüş bir quş qanadı, rəngli yazı və qədəri çağıran. Oracıqda yazılan bir şey vardı; bəlkə də, bir şeir, ya da hökmə dair deyil, bir şeyi, bir qədəri, bir eşqi yaşamağa aid...

Gün eləcə başlayırdı. Saçların sovrulduqca bir təbəssüm gəlib qonurdu dodaqlarına. Masmavi baxırdım göy üzünə və sürəkli vurulan, təkrar-təkrar vurulmağı yaşayan bir quş kimi aşiq olurdum sənə.

Belə bir etirafdı tarixə və sonsuzluğa qarşı...

Qalxıb ovcumun içində bir göyərçinin istiliyiylə dolaşdım şəhər-şəhər. İllərcə... Dönüb, dönüb sənə gəldim. Ağır, taxta qapılarının önündə bir dolça su istədim.

- Küpdən bir dolça su verən yoxdumu? - deyə inlədim.

Sənin qapın çölə açılırdı, sonsuz bir çölə. Qum-qum çoxalan bir eşqlə gəldim qapına. Sarı qum dənələrinin günəşdə necə yandığını seyr etdik birlikdə. Sən daima bir çaşqın təbəssümlə baxdın çölə, mən həmişə gözlərimi qıyaraq acıyla, atəşə dəyən baxışlarımın yanğısını xəfiflətmək üçün ağlayaraq... Çöldə yazılı olanı oxumaq üçün qədər aləminəmi sahib olmaq gərəkdi? Mənə bir şey söyləyəcəksənmi? Yüyürsəm çölə doğru, çölün qəlbinə doğru, bədənim, dodaqlarım, baxışlarım qumların rəngini alana qədər...

Sonra orda, gündən yanmış bir ağacın kölgəsinə sığınan pişiklərə baxıb səndən bir şeylər umaraq yaşadım illərcə. Bir tovuzquşu gəlib qanadlarını açdı üstümə. Bir şeir kimi, bir şeirin mənası kimi, göyün atlasına sığınmaq istədim. Bir qoxu olmaq istədim. Nazilə-nazilə qeyb olan bir qoxu...

Yoxluğa nə qədər yaxınlaşa bilərəmsə, o qədər yaxınlaşmaq və tam orada var olmaq istədim.

Gözlərimin içinə baxıb gülümsədin. Gülümsəmənin mənası sonsuzluğun boşluğunu doldurdu.

Mənim kəşf etdiyim boşluğu... Sonra oturdum sənin kölgəndə. Əriyərək, torpağa sızaraq bir damla su kimi... Çölə atsaydın məni… o sapsarı yanan çölə, gözlərində sərinliyi tapan çölə...

Bəlkə, ən çoxu bir saniyə yaşaya bilərdim. Varlığımı bir su damlası olaraq bir saniyə duya bilərdim. Sonra dağılan, sovrulan bir buxar olardım, bəlkə. Bir buxar olaraq varlığımı hiss edə bilərdinmi?

Beləcə qadınlar gəlib fəzada durardılar.

Sonra mən qəfildən qalxdım və heç bir şey demədən uzaqlaşdım oradan. Gözlərinin baxdığı yerdə bir dəqiqə belə dura bilməzdim, buna gücüm çatmazdı. Amma sən bilmirdin, heç bir şey bilmirdin. Getdim və hər şeydən uzaqlaşdım. Getdim və sonsuz bir meydanda, kainatın xırman yeri kimi açdığı bir yerdə durdum. Sonra göyə baxdım. Gecəydi, ulduzlar fırlanırdı başımın üstündə. Onlara uydum və səhərəcən fırlanıb durdum. Başı kəsilən bir quş kimi fırlandım. Vurulmuş kimi döndüm. Bəlkə, orada, ulduzların iplik-iplik dünyaya endiyi yerdə öldüm. Dönərək öldüm, ölərək döndüm.

Geri döndüm və sənin gəldiyini gördüm. Ayaqlarımı sürüyərək yüyürdüm. Adətim belədi. Sağ tərəfimdə uzun, qarasaçlı, badamgözlü bir qız vardı. Adını xatırlayıram. Heç bir şey demədən, çəkinmədən gəlib qoluma girmişdi. Badamgözlü, uzun saçlıydı. Məndə qalan fotoqrafın solmayan qırıntılarıydı bunlar. Bir də gülümsəməsi... qulağıma pıçıldadığı cümlələrdən çox bədənimə hopan qoxusunu xatırlayıram indi nədənsə. Sonra getdik və sənin varlığını arxamızda buraxdıq. Bunu məndən çox, o istəmişdi sanki. Badam gözlüydü...

O isə sənin geridə buraxılmaq istəmədiyini bilə bilmirdi. O boş evinin qonşuluğuna birlikdə getdik. O mənimi, yoxsa mənmi onu dəvət etdim, bilmirəm. Çay içdik, hə, xatırlayıram, çay içdik. Buğlanan bir samovardan çay dəmlədim ona. Evin arxasındakı kiçik bağçada şaftalılar çiçək açmışdı. Öpüşdük də. O öpdü deyəsən, təklifsizcə. Amma ikimiz də bunun eşq olmadığını bilirdik. Oturduq, saçlarını sevdik. Bir çay kimi axdıqca çoxalırdı. Sevdik və işıqlı bir tərəfi olduğunu fərq etdik. Bunun sənə xəyanət demək olduğunu bilmirdim.Sözləşməmişdik. Aramızda səssiz, sözsüz gedib-gələn sözlərə rəğmən məni sevib sevmədiyini bilmirdim. Daha doğrusu, bilirdim, amma bunun söylənmiş, sözə tökülmüş bir elm qədər dəyəri yoxdu. Əslində, onu aşarkən belə...

İllər sonra həyatın o yolları təkbaşına qaçmaq kimi bir şey olduğunu qavradım. İndi bir lalənin boynuna söykənən bir şairin ürəyində saxlayıram səni. Əslində, sənə anlatmadım - torpaq damların kölgələrində bir köhnə pencəyin altında yatdım aylarca. Ətəkləri küləkdən fır-fır fırlanan qadınlar gəlib keçdilər, dönüb baxdılar üzlərini bürüşdürərək. Yaxşıca torpağa sığındım, ərimək, bir damla su olaraq hopmaq istədim. Orada özümü sınadım. Orada səni və sənə olan eşqimi sınadım. Gedərkən sənə vida etmədiyimi söyləyəcəyin günləri gözlədim. O isə... Sonra o gəldi və əsasıyla böyrümə toxundu. Əyilib saçlarımı oxşadı, bir şey, su kimi, atəş kimi dirildən və öldürən bir şey pıçıldadı. Bu sirri kim söyləmişdi ona? Bunu necə etmişdi? Suyu və odu, ölümü və yaşamağı bir kəlmədə görüşdürməyin sirrini kim niyə vermişdi ona. Qalxdım və yağışa tutdum başımı. Küləyi bir köynək kimi geyinmək istədim. Bəlkə, bir at kimi küləyə minmək... Sonra dağlara doğru sovurdum özümü. Çobanlar bir türkü kimi söylədilər gecələrdə məni...

Həyətin döşəmə daşlarını yuyan bir yağış yağır əsrlərin o üzündən. Saçaqların altında qumruların səssizliyilə köhnə bir günü yaşayırıq. Sanki kainat yenidən, bambaşqa bir şəkildə yaradılacaq bir azdan. O ana, o yaradılışa şahidlik etmək üçün ölə bilərəm. Bir quş gəlib çiynimə qonsa, bir quşun qanadları dəysə üzümə... Dizlərimin üstündə neçə il gözləyə bilərəm o anı? Neçə il daşları qocaldaraq, aşındıraraq bir zikrə dura bilərəmmi? Bir qapı açılarmı boşluqdan? Yoxsa bir qaranlığın içinəmi atılaram sonsuza qədər? Üzümə bir ovuc su səpən tapılarmı? Bir ağacın səbrini, bir çiçəyin, toxumun səbrini kim verər mənə?

Gün gecəyə yetincə qapıları aralayıb yol verdilər. Kim olduqlarını bilmirəm. Getdikcə zərifləşən bir bazarı gəzdim başdan-başa. Əfsanələrdən çıxıb gəlmiş adamlarla danışdım. Sarısı tündləşən daş divarlarla yaşlandım. Bir dəniz şəhərinə gedəcəyimi orada bir taxta ayaqqabı təmir edən pinəçi söylədi mənə. Əvvəlcə qorxulu mənalar verdim dediklərinə. Amma get-gedə söz mənə çatdı. Hər şey gözlərinə dəlalət edirdi, hər şey gözlərindən xəbər verirdi. Yenə də ayrılığın yükünü təkbaşına daşımağa gücüm yox idi. Heybəmə duz doldurdum. Çöllərdə dolaşdım. Çılpaq ayaqlarım yandıqca gözlərinin dənizini andım. Heybəmdəki duz əridikcə canımı yandırdı. Əllərini düşündüm, quşları və akasiyaları... Bahar gəldi, bir ətir yayıldı.

Orada, bir evin içində qabaq-qənşər oturanda səssizliyimin bir ayrılıq məqamına gəldiyini bilirdim. Getmə deyə bilmədin. Bəlkə, barmaqlarınla birlikdə ürəyin də çırpındı quş kimi, amma deyəmmədin. Gözlədim və heç bir şey söyləmədən getdim. Düzü, səssizcə vidalaşdım. Çılpaq ayaqlarınla eşqi necə rəqsə çağırdığını bir kərə daha xatırladım və getdim. Heç bir şeyə inanmadan yaşamağı seçən mən deyildim. Sonra gedib hər şeyi qaranlıq bir gecədə dənizə danışdım. Oaranı məkan seçdim, minarələrin kölgəsində oturdum, zeytun ağaclarının səsini dinlədim, qağayılar çığıra-çığıra fırlanıb durdu başımın üstündə, ən incə çiçəklərin açmasını izlədim...

Sonra orada, o şəhərdə səni axtara-axtara ölümlə görüşdüm. Bir narahat otaqda səhərə qədər tərpənən pərdələrə baxa-baxa ölümü tapdım. Ölüm bir sağanaq yağışı kimi səsiylə hopdu evin içinə. Bir quş gəlib pəncərəyə qonsun deyə havayı gözlədim. Deyərkən gəlib mənə adını sordu. Gözlərini anlatdım. Bir daha soruşdu, üzündə yanan atəşdən bəhs etdim. Sonra rəqsinin necə uzanıb getdiyini... "Şeir yazmalıydın" - dedi, yazdığımı bilirmiş kimi. "Amma mən şair deyiləm" - dedim yazdığımı bilməsin deyə. Bunun nə qədər qorxulu bir iş olduğunu anlatdım və özümü tanıtdım. Sözün əsiri olmağın Tanrı sınağı olduğunu və bacarığın insana, insan qaldıqca uzaq durduğunu dedim. O mənə bunu ancaq insan olaraq edə biləcəyimi söylədi. Halbuki, heç bir şey etmək istəmirdim. Məğlubiyyətin acısını, məsuliyyətini yaşamaq istəmirdim. Hətta məğlubiyyətin keyfini kimsənin pozmasına izn vermədən ölmək istəyirdim. Gəldi və işıqlı saçlarını sərdi yastığıma. Məni orada da tapdı. Orada, sənin əsla tapmadığın, aramadığın yerdə. O zaman əslində kimin getdiyini, getmənin əsl kimə aid olduğunu anladım. "Dənizin bazarları olmalıdı" - dedi, sahildə gəzərkən.

Axşamdı və mən yenə də sənin gözlərinə aid bir şeylər axtarıram baxdığım hər yerdə.

Bir hekayənin yenidən yazılmasıdırmı qədər?

Durub baxıram boşluğa. Keçmişlərdə, çox keçmişlərdə bir kölgə məni çağırır. Saçları uzandıqca üzür gecəyə. Axıb gedir bir çay kimi. Gözlərinin dənizinə çökən qaranlığın səbəbini düşünür.

Motosikletimdən danışıram ona, eşidirmi, dinləyirmi bilmədən. İydə ağaclarının rəngini, baharda açan bapbalaca, sapsarı çiçəklərini anladıram. "Mən sənə aşiqdim" - deyirəm, gülümsəyir. Dizlərinə mərcanlar tökülür. Fəqət çoxdan ölümlə görüşdürüb boynunu. Saçlarını aralayıb göstərir. Bir bıçaq sürətlə keçib gedir təkrar-təkrar. Eşqin hər yaranı sağaldacağını söyləyir. "Eşqin özüdür ən sağalmaz yara" - deyirəm. Öldüyümü bilir o zaman. Bir kərə, daha və yepyeni bir bilgi kimi bilir. Halbuki... Hər şeyi söyləmək üçün o qədər gecikdik ki...

Xırman yerində fırlanıb dursaq ulduzlara uyaraq... Buraxsan çılpaq ayaqlarınla salonlarda qaçmağı... Buraxsan o rəqsi... Fəqət o qədər gecikdik ki... Artıq yaşamağa belə gücümüz yoxdu... Gücümüz, ya da niyyətimiz... Səsini yenidən yaradarmı Tanrı? Bunu bilə bilmirəm...

Sonra bir kərə başlayıram özümdən gizlin danışmağa...

Gecəylə barış, ey ruhum. Gecədə gecənin gizlətdiyindən daha çox şey gizlənir. Fəqət axtarılmaz, axtarılsa da, tapılmaz. Gecəylə barış və gözlə. Səssizliyi gözlədiyin kimi.... Ölümü gözlədiyin kimi... Ölümü gözləyən hər kəsi və hər şeyi salamlayaraq... Sonra vaxtı salamla... Səssizcə gələni səssizcə qarşıla. O, qədər kimi gəlir və oturur. O zaman yazı bir qədərə dönür. Hər şeydən azad bir qələm olaraq yaz o zaman. Yalnızca eşqi anlat. Yalnızca eşqi, sevgilidən belə təmizlənmiş eşqi... O, səni ondan təmizləmək üçün vardır. Sonra səni o türbənin içindən keçirəni düşün. Sonra sənə dağların arxasından səslənəni... Sənə xəbər yetirəni... ağaclara pıçıldamağı, bağışlayanı... Öz torpağını özü örtəni... öz bədənini qüsl edəni.... atəşlə qüsl edəni, suyla qüsl edəni. Şərabla...

İkimizin arasında danışan eşqiydimi?

Azərbaycan türkcəsinə uyğunlaşdırdı: Təranə Vahid


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!