İndi tez-tez dinlədiyim rok musiqisi kimi keçdi həyat.
Eləcə yanımdan keçdi yəqin ki.
Məni tanımadan, məni sevməyə macal tapmadan, məni dəyərləndirməyə gücü olmadan keçdi bəlkə də.
Haylı-küylü bir romantika - tam bir türk roku.
Hərdən mənə elə gəldi ki, var-gücümlə qaçıram, saçlarım qəfildən gözümə-üzümə toxunsa, kəsəcək qədər sürətlidir qaçışım, hərdən də eləcə yerlərə çöküb saçlarımla torpağı çırpır, dağıdır, ağrıdıram, sonra sürünüb sadəcə üzü göylərə çevrilmək, qollarımı yana açıb da gözlərini yummaq, yağışları, yağışları, yalnız yağışları qəbul etmək qədər oldu dadı-tamı dünyanın.
Və hər səhər Günəşi salamlamaq və hər axşam ürəkdolusu sevgi yollamaq onunla dünyanın o tayındakı adamlar üçün...
Amma zaman...
Zaman - biz onu hiss elədiyimiz anlarda hakimdir sadəcə.
Onu duymadığımız vaxtlarda acizdi, ömrümüzdən, ruhumuzdan, hətta bədənimizdən qoparıb da aparmağa gücü yoxdu.
Zamanın necə keçdiyini bilməyənlər ona qalib gələnlərdi, inanıram.
Qaliblər - sevməyi bacaranlardır.
Yalnız aşiq olan insan hiss etməz zamanı. Çünki nə keçmişi olacaq aşiqin, nə gələcəyi, eləcə aşiqliyinin mövcud olduğu tək bircə anın içərisinə hopub qalacaq ruhu. Ta ki, aşiqliyi keçənə qədər.
Eşq zamanın nəhayətsizliyi qoynunda yeganə qəfəsdir ki, aşiq onun içərisində kainatın ən böyük azadəliyini yaşayır.
Və ədəbiyyat…
Ədəbiyyat da eşqdir, yazarın mübtəla olduğu, varlığından heç cür qopara bilmədiyi, qoynundan heç cür qopa bilmədiyi söz qəfəsidir. O qədər azadəlik var ki içində…və o qədər dustağıq ki yazıb-yaratdığımız sözlərə…
Mən zamanı ən çox ya ad günümdə, ya da Yeni il ərəfəsində hiss edirəm.
Hər iki ərəfədə ötən bir il ərzində etdiklərim və etmədiklərim üçün özümə hesabat verirəm. Bir də növbəti bir il üçün arzularımı, planlarımı götür-qoy edirəm. Mütləq tam yeni bir dəftərlə başlayıram yeni ilə.
Kitab şkafımdakı kitablarla yanaşı, hər ilə aid qeyd dəftərlərim də var. Hərdən vərəqləyib nə vaxtsa yazdığım, sonra unutduğum, lakin artıq yaşadığım hansısa istəyimin qeydini görəndə gülümsəyirəm, "yazıya pozu yoxdursa, qalan həyatımı da beləcə qeydlərlə nizamlaya bilərəm bəlkə" - deyə düşünürəm.
Mənim üçün ədəbiyyat da elə bu cür qeyd dəftərlərindən başlayıb, məktəbli dövründəki ilk gündəliklərimdən. O gündəlikləri yazmağa məni vadar edən üç gözəl əsər vardı. Salam Qədirzadənin "46 bənövşə"si, Rəşad Nuri Güntəkinin "Çalıquşu"su, bir də Conatan Sviftin "Qulliverin səyahəti" əsəri.
Həmkarlarımı izlədikdə kimin uşaq vaxtı gündəliklər yazdığını hiss edə bilirəm. Kimin də heç vaxt özünə aid bir gizli dünyasının olmadığı yazılarından görünür. Zaman qəfəsə salınmış və "Mopassanın "Eybəcərlər anası"nın övladları kimi əzilmiş-sıxılmış halda olur ədəbiyyatlarında. Axı öz dünyası olmayanlar başqalarının dünyalarından sadəcə qısa reportajlar üçün müvəqqəti ezamiyyət dövrləri yaşayanlar olurlar, nə olsun ki, onlar daha çox əmin olurlar yazıçı olduqlarına.
Ahh, sevgili sözlər…
Sevgili yazı!
Sənə nə qədər zaman ayıra bildim ötən il mən, sənə nə qədər zaman ayıra biləcəyəm Yeni il ərzində, kim bilir…
Səni neçə əsər boyunda yarada biləcəyəm görəsən, neçə kitab sayında böyüdə biləcəyəm, neçə oxucu ilə qovuşdura biləcəyəm?
O qədər həyəcanlıyam ki!
Mən səni nə qədər sevirəmmiş, gözəl yazı, mən səndə nə qədər azadam, mən sənə nə qədər dustaq… Zamanı hiss etmirəm, inan.
Məni tək qoyma, nolar!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!