Qənirəsiz bir il... - Aysel Xanlarqızı yazır

Bir il bundan öncə qəzet, sayt səhifələrində manşet olaraq yayımlanan bir xəbər bütün türk dünyasını təlaşlandırdı...

Günlərlə dua donunda fikrən, ruhən, xəyalən xəstəxana koridorlarını dolaşdı duyğularımız.

Böyüklü-kiçikli hər nəfəsdən göz yaşları qarışıq bir dua, yalvarış qoparaq Tanrı dərgahının qapılarını dayanmadan döyməyə başladı. Hər sabah günəşlə bərabər o da oyanıb içimizdəki gərginliyə son qoyaraq yenidən doğuldum, qayıtdım deyəcək arzusuyla yastığa baş qoyduq. Günlər keçdi, hər gün oyanar deyə gözlədiyimiz insan son nəfəsini "əlvida" əvəzi xəstəxana palatasında qoyaraq göylərə qanadlandı...

Bütün xəbər manşetləri qaraya boyanmışdı... Böyük bir narahatlıqla oturduğum kiçik bir dost yığıncağında telefonu əlimə alar-almaz xəbəri oxuyaraq böyüyən gözlərim, titrəyən dodaqlarım bir hönkürtü səsində otağın divarlarına çırpıldı... Xoş bir sentyabr havası ciyərlərimə ağırlıq etməyə başladı, özümü çölə atıb qollu-budaqlı bir ağaca söykənib çarəsizcə sonuncu mesajımı  yazdım:

"Yalandır, bu xəbər yalandır, söylə" - cümləsini pıçıldayaraq...

Boynumu qucaqlayıb məni sakitləşdirməyə çalışan dostuma sarılaraq için-için ağladım.

Beləcə, bir mələk gəlib keçdi dünyamızdan... Hansı rəngdə geyinirsə geyinsin, ətrafına nurunu paylayaraq, bəmbəyaz libasda göründü insanların gözünə...

Özünün də bir şeirində dediyi kimi, bioloji olaraq ana olmadı, amma saysız-hesabsız insanlara ana əvəzi oldu, bacı oldu, dost oldu və yer üzündə tanıdığım xeyirxahlıq timsalı oldu.

Ağrılardan doğuldu, həyatın bir çox sınaqlarından keçdi, ətrafındakı insanlara kimliyindən asılı olmayaraq ağrı-acı yaşamaması üçün əlindən gələni etdi. Mübarizə və savaşlarda yoğruldu, yenidən doğuldu  türkün mərd və qeyrətli qızı.

 

Tonqala atılan Jannadan,

Vətən ugrunda Kirin başını kəsən Tomrisdən,

İsgəndərə ədalət dərsi keçən Nüşabədən,

Sevgi şəhidi Leylidən

Daha çox yaşadım, ana!

 

Amma nə Tomris ola bildim,

Nə Nüşabə, nə Janna,

Leyli də ola bilmədim, ana...

 

Nüşabədən, Tomrisdən, Jannadan və Leylidən daha çox yaşadığını, lakin heç biri ola bilmədiyini desə də bu şeirlə əsla razılaşmaq olmur. Çünki bütün Türk dünyası şahiddir ki, onun bu saydığı, tarixdə iz qoyanların hər birindən vardı bizim misilsiz Qənirəmizdə... Kaş ki, onlardan daha da çox yaşasaydı, içində bütün yüksək mənəvi keyfiyyətləri daşıyan, tarixdən süzülüb gələn bütün mərd, dəyərli türk qadınlarının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Qənirəyə xalqımızın ehtiyacı olduqca böyük idi.

 

Mənim yaralı atam,

Mənim bəlalı anam,

Qarabağ!

 

Türk torpağı, türk yurdu,

Gözlərimi yaş yudu.

Sənsiz niyə yaşayaq?!

Qarabağ həsrəti ilə dünyaya səsini duyurmağa çalışan, erməni jurnalistə türkün keçmişini, torpaqlarımızın mənimsənildiyini hər kəs qarşısında qorxmadan hayqıran vətən qızı Qarabağın azad olunduğu müjdəsini alsa da o torpaqlarda doyunca gəzmədi. Xocalıdan xəbərsiz, nisgilli, yarım qalan arzularını da son nəfəsinə bükərək gözlərini əbədi olaraq bu dünyaya qapadı. Yorğun vücudunu, dincəlmək bilməyən ruhunu, narahat baxışlarını torpağın sinəsində gizlətdi.

 

Mən səni bu qədər sevməməliydim,

Göylər də qısqandı , yerlər də, inan...

Bilirdim alacaq, qəddardır həyat,

Bilirdim könlümü qoyacaq viran.

 

Sanki vaxtikən bu sözləri onu sevənlər üçün yazmışdı... Biz səni bu qədər sevməyəydik kaş, əziz insan... 

Zamanın insafsızcasına öz köhlən atını çapdıqca fani dünyada ömrümüzdən hər gün bir az daha ömür aldığının fərqinə varmayanların tam əksinə olaraq o, ömrün sonunu və axirətini bir gün belə olsun unutmadı...

Bu dünyada xeyir əməllərin qaldığını unutmadan son gününə qədər yaxşılığı və insanlığı özünə yol yoldaşı seçdi. Azərbaycan- Türk tarixinə daha güclü, mübariz, bacarıqlı və mükəmməl qadın obrazı olaraq öz imzasını atdı.

Bir il bundan öncə - sentyabrın son günləri bütün ölkəni, türk dünyasını göz yaşına qərq etdi... Öz qısa ömrünün yorğun illəriylə vidalaşıb göz yaşları içində son mənzilinə uğurlandı. Hər kəs onu Tanrı dərgahına əmanət edib böyük bir kədərlə oradan ayrılarkən son dəfə geriyə boylandım... O, bir əliylə qırçınlı, bəyaz donunun ətəklərini toplayıb mələklərin əhatəsində buludlara doğru ucalaraq, o biri əliylə hər kəsə əl sallayırdı... İxtiyarsız olaraq bir damla duzlu göz yaşı kirpiklərimdən yuvarlanıb dodaqlarımı göynətdi. Çarəsizcəsinə, bu zamansız itkinin ağrıları altında ucalan yanıqlı ahlar yaxınlıqdakı minarədən ucalan azan səsinə qarışdı...

İndi ikinci Fəxri Xiyabanın qapılarından içəri girərkən, dogma bir insanın orada uyuduğunu bilərək ona doğru addımlamaq həsrətimizi az da olsa ovutmur... Hər özəl gündə öz anası ilə birlikdə minlərlə analar , bacı-qardaşı ilə birlikdə minlərlə bacı, qardaşlar axın edir məzarının üstünə. 

Məzar daşından baxan şəklinə pıçıldayarıq həsrətimizi, bir cüt qərənfil donunda...

 

Bakı, sentyabr, 2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!