Altmışıncı, yetmişinci illərdə - "Gümüşü, narıncı…" - Nizami CƏFƏROV

"Elçin: yazıçının yaradıcılıq yolu"

Nizami CƏFƏROV

 "Elçin: yazıçının yaradıcılıq yolu" silsiləsindən üçüncü yazı
 
"Altımışıncılar" özlərinin kim olduqlarını, ədəbiyyata hansı missiya ilə gəldiklərini yetmişinci illərdə təsdiq etdilər. Və bu  illərin əvvəllərində Elçinin "Gümüşü, narıncı…" kitabı (1973) çapdan çıxdı ki, buraya həm 60-cı, həm də 70-ci illərin yazıları daxildir.

60-cı illərin yazılarından biri "Zireh" hekayəsidir… Gerçəkliklə xəyalların təbii sintezindən ibarət hekayədə nəyin mütləq şəkildə  gerçək, yaxud nəyin mütləq şəkildə xəyal olduğunu  müəyyənləşdirmək çətindir və əslində, buna elə bir ehtiyac da yoxdur. Yeganə uşaqları xəstələnmiş ailədə elə bir  narahatlıq var ki, hamının hissləri tarıma çəkilib… Bu zaman Məmmədbağır peyda olur; o Məmmədbağır ki,  kordur, "əynində köhnə boz şinel, yay-qış, səhərdən axşama kimi çəliyini taqqıldada- taqqıldada bütün məhəlləni dolaşırdı, səhər bir xəstəsi olanın  evində çörəyini yeyərdi, günorta başqa bir xəstəsi olanın, gecə də  bir başqa xəstəsi olanın - bu da bir növ rüşvət idi, camaat Məmmədbağıra rüşvət verirdi ki, xəstəsi tez sağalsın, həm də daha camaat adətkərdə idi"…

Kor olsa da, məhəllənin hər işindən məlumatlı həmin Məmmədbağır xəbər verir ki, bəs Ağagül həbsxanadan qaçıb.

"…Nə olar, qaçıb, yenə tutub göndərərlər öz yerinə, bir az da artırarlar işini, çünki on il öz-özlüyündə az deyil, amma Ağagülçün azdır; hərçənd Ağagül bu barədə ömründə fikirləşməyib yəqin - uşaqlıqdan bələdəm ona, bir məhəllənin uşaqlarıyıq; özü də ona görə fikirləşməz ki, istəmir fikirləşsin, ona görə ki, bacarmır fikirləşməyi: fikirləşməkçün gərək adam olasan, Ağagül adam deyildi, şübhəsiz".

Heç Ağagülün atası Əzizağa da adam deyil… Başqa bir məhəllə uşağı Qasımı (əslində, o da Ağagülün tayıdır) günün günorta çağı camaatın gözü qabağında bıçaqlayan oğlunu müdafiə edir.

Ağagül həbsxanadan qaçıb ki, onu "satan", üzünə durub şahidlik edən adamı öldürsün; o adam ki, xəstə uşağının hayındadır… Və bundan  sonra hadisələr gerçəklikdə yox, xəyallarda, daha doğrusu, xəyalla gerçəklik arasında baş verir: Ağagül "satqın"a tapançadan  nə qədər güllə atırsa, onun bədənindəki "zireh"i dəlib keçmir və bundan, əvvəl təəccüblənən, sonra havalanan Ağagül dəli olur…

"Solmaz bir boşqab plovu gətirib Məmmədbağırın qabağına qoydu. Məməddbağır da  "ya Allah" - deyib yeməyə başladı, sonra da yeyə-yeyə dedi ki, eşitmisiniz, Ağagül dəli olub, dünən  tutublar, bulvarda barmağını uzadıb, guya ki,  tapançadır, camaata bir- bir güllə atırmış: "Bom! Bom! Bom!.."

"Qırmızı ayı balası"nda da gerçəkliklə xəyalların assosiasiyası aparıcıdır: ailəsindən, xüsusilə sevimli balaca qızı Leyladan ayrılmış atanın - C.Səlimovun keçirdiyi ziddiyyətli hisslər və bu hisslərin təsiri altında etdiyi impulsiv hərəkətlər zahirən nə qədər anormal görünsə də, onların daxilində, alt qatında tamamilə insani stixiyalar təqdim olunur.

Leyla anası Şəfiqə ilə C.Səlimovu tərk edəndə Leylanın oyuncağı - qırmızı ayı balası evdə  qalır. Və həmin ayı balası dağılmaq üzrə olan ailənin "xilaskar"ına çevrilib, C.Səlimovun şəhərdən çıxıb getməsinə  imkan vermir, onu dəmir yolu vağzalından  geri qaytarır… "Qırmızı ayı balası tövşüyə- tövşüyə düz onun üstünə gəlirdi.

C.Səlimov ətrafındakı adamlara baxdı, sonra nə isə etmək istədi, amma heç nə edə bilmədi; qırmızı ayı balası ona çatıb iki ayağı üstə qalxdı, C.Səlimovun əllərini yalamağa başladı.

…Küçədəki adamlar dayanıb dörd ayaq atıla- atıla qabaqda gedən qırmızı rəngli ayı balasına və gülə-gülə bu ayının ardınca gedən C.Səlimova baxırdılar"…

"Beş qəpiklik motosikl"də söhbət "əvvəl"dən yox, "orta"dan başlayır ki, bu  bədii texnologiya Elçinin yaradıcılıq üslubunun  yeniliklərindən biridir:

"Tolik soruşdu ki,  dağ papiros çəkər? Dedim  ki, yox, papirosu adam çəkər.  Dedi ki, düz demirsən, meymun da papiros çəkir, özüm televizorda görmüşəm. Dedim ki, meymunu da adamlar öyrədib, öz- özünə çəkə bilməz. Soruşdu ki, bəs  dağı da adam öyrədib papiros çəkməyə? Mən də soruşdum ki, axı nə dağbazlıqdır salmısan, dağ niyə papiros çəkməlidir? Əlini uzadıb dedi ki, ode bax də, görmürsən dağ papiros çəkir?

Doğrudan da, əcəb papiros çəkirdi Qafqaz sıra dağları: buludlardan qullab- qullab alıb üzük-üzük buraxırdı başının üstündən".

Uşaqla atası - sənətşünaslıq - sənətşünaslıq namizədi Sabir Məlikov arasındakı bu söhbət hekayənin ümumi ruhuna ilk səhifələrdən hakim kəsilir. Və hekayənin poetik ritm-impuls sistemini müəyyən edir: uşağın "ağıllı" sualları ilə atanın "mənasız" cavabları arasındakı  "gərginlik" yalnız təbii yox, həm də estetikdir… Bu estetiklik Tolikin anası  (və Sabirin həyat yoldaşı) Sürəyyaya münasibətdə  də özünü göstərir…

"Tolik dedi ki, mamama  deyəcəyəm başqa arvada baxıb gülürdün.  Mən də dedim ki, onda maman da bilər, sən göldə üzmüsən. Tolik dedi ki, mən heç nədən qorxmuram. Mən də dedim ki, mən də heç nədən qorxmuram. Tolik dedi ki, sən qorxursan… Bude məni necə özünə sıxmısan, qorxursan ki, mən suya düşərəm, boğularam".

Uşağı uşaq yerinə qoyan ənənədən fərqli olaraq Elçin uşağın dili ilə klassik məntiqin kanonlarına şübhə yaradacaq qədər dərinə  gedir.

Və bir də darıxdırıcı eynilik…

"Nə üçün mən həmişə məhz buraya  gəlməliyəm? Nə üçün hər yay eyni evləri, eyni sifətləri… görməliyəm, eyni mənzərəyə tamaşa etməliyəm, hər addımına bələd olduğum yerləri bir də təzədən gəzməliyəm?"

Fira - Firəngiz hər dəfə yolunu dəyişirdi, Sürəyya isə həmişə yeni yolla gedirdi.

"Fira heç zaman məni sevə bilməzdi, çünki mən eyni bir adamla, lap xoşlamadığım bir adamla bir il bir otaqda qalıb heç hara çıxmaya bilərəm… Darıxdığım yadıma gəlmir, yəqin ona görə ki, həmişə darıxdırıcılıq içində olmuşam və bu barədə fikirləşməmişəm…"

Sabir Məlikovun bütün həyatı proqramlaşdırılıb, hətta arzuları da… Firanın isə  nə həyatı proqramlaşdırılıb, nə də ölümü…

"Hər şey insanın özündən asılıdır, insanın həyatı öz əlindədir, özü öz həyatını dəyişdirə bilər - bunların hamısı yaxşıdır, amma bütün bunlar üçün gərək həvəs olsun, məndə isə belə bir həvəs yoxdur, çünki bunda heç bir məna görmürəm və bütün bunlar barədə də fikirləşmirəm; fikirləşmirəm ona görə ki, hər gün Firəngiz  ölmür".

Tolikin istəyi ilə atası - Sabir Məlikov oyuncaq motosikl alır… Tolikin "beş qəpiy"i ilə (əslində, bir manat əlli səkkiz qəpiyə)… Və Tolik heç zaman atası sənətşünaslıq namizədi (gələcəkdə doktoru) Sabir Məlikov olmayacaqdı…

"Qatar. Pikasso. Latur. 1968" hekayəsində də söhbət bir sənətşünasın həyat tərzindən, onun varlığına hakim olmuş hisslərdən, düşüncələrdən gedir. Yazıçı "altmışıncılar" üçün səciyyəvi olan insanın mənəvi- ruhi təkliyinə, özünəqapanmadan irəli gələn iztirablara diqqəti çəkir və yadlaşmanın simptomlarını, səbəblərini araşdırır… Məlum olur ki, qatarla Moskvaya bir kupedə elmi konfransa gedən iki həmkar -  sənətşünas eyni institutda çalışsalar da, tamamilə yad adamlardır. Ancaq səfər ünsiyyəti onların - kişi ilə qadının, əslində, daxilən çox yaxın olduqlarını aşkara çıxarır: kişi Pikassonun məşhur "Kasıbların süfrəsi", qadın isə Laturun "Müqəddəs Sebastyan üçün ağlayan müqəddəs  İrina" rəsmləri ilə bağlı  illərlə kimsəyə açmadıqları yalnız özlərinə məxsus "intim" sirlərini bölüşürlər. Və bu bölüşmə kifayət qədər təbii, eyni zamanda cavabsız (və paradoksal) sual doğurur: "Nə üçün bizə elə gəlir ki, ən yaxşı müsahibimiz, ən yaxın, doğma adamımız özümüzük?"

Hekayədə yazıçının ustalığı özünü bir də onda göstərir ki, məşhur rəsmlərin obrazları ilə öz qəhrəmanlarının qeyri-adi xəyali ünsiyyətini təsvir etməklə, bu cür  ünsiyyətin gerçəklikdə hətta ərlə-arvad arasında belə olmadığını nəzərə çarpdıraraq kəskin bir təzad yaradır… Xanımını "yad kişi" ilə  bir kupedə Moskvaya yola salan ər onu  qısqandığını gizlədə bilmir, ərlə arvad arasındakı  ünsiyyətsizlik isə o səviyyədədir ki, bu qısqanclıq  tamamilə yersiz, mənasız və absurd görünür…

"On ildən sonra" hekayəsinin qəhrəmanları  yeniyetmələrdir, yazıçı onların təbii, təmənnasız və eyni zamanda izaha gəlməyən sevgisindən danışır…

"O, heç vaxt Sənubərə deməmişdi ki, səni sevirəm, səndən xoşum gəlir - utanırdı belə sözlərdən, amma Sənubər həmişə onun ürəyini oxuyurdu, həmişə onun fikirləşdiyini deyirdi… Hərdən  elə olurdu ki, o, ürəyində bir mahnının havasını çalırdı,  birdən Sənubər həmin mahnını nazik səsi ilə pəsdən oxumağa başlayırdı"…

Heç bir gələcəyi olmayan bu sevgi nigarançılıqlarla, etimadsızlıqlarla doludur, hər addımında şübhələr var…

"Sənubər nə danışırdı, necə yəni mən bu otaqda neyləyəcəyəm, bəs o?

 Bircə anın içində hiss etdi ki, ürəyinin lap dərinliklərinə kimi təhqir olunub və buna dözmək mümkün deyildi; o, ayağa qalxıb otaqdan çıxdı. Sənubər dərhal sakitləşdi, elə bil üstünə soyuq su tökdülər onun ardınca atılıb dedi ki, getmə, daha heç nə deməyəcəyəm…"

Gedir, ancaq yenə də qayıdır…

" - İstəyirsən sənin üçün yemək bişirim?

O, səhər evdən çıxanda heç nə yeməmişdi və yalnız indi bərk ac olduğun hiss etdi. Lakin Sənubərin sözləri onun üçün çox qeyri-adi səsləndi, çünki indiyə qədər bu cür sözləri yalnız anasından eşitmişdi"…

Sənubərin ərə getməsi xəbəri isə onu lap dəli eləyir, özünü saxlaya  bilməyib ağlayır, çünki hələ uşaq idi… "- Bəsdir… Sən mənim canım, bəsdir… - Sənubər onun əlini ovuşdura- ovuşdura elə hey deyirdi, özü də ürəkdən deyirdi - Bəsdir də, yaxşı… Baxarsan, vallah düz deyirəm…Yenə görüşəcəyik səninlə… On ildən sonra sən lap yekə kişi olacaqsan…"

Və hekayə yeniyetmə oğlanın sevgisi qədər təbii, sadəlövh düşüncələrlə bitir:

"On ildən sonra… O başa düşürdü ki,  on ildən sonra, doğrudan da, Sənubərlə görüşə bilər, lakin sövq-təbii hiss edirdi ki, o vaxt nə bu küçə bu cür olacaqdı, nə balaca otaqlarını bu cür sevəcəkdi, nə də həmin nöyüt pilətəsi bu cür yanacaqdı…

…Gedib dəniz kənarındakı kürsülərdən birində təkcə oturmaq istəyirdi, amma yadına  düşdü ki, sabah İzrail Solomonoviçin dərsi var, hazırlaşmaq lazımdır əməlli-başlı - İzrail Solomonoviçlə zarafat etmək olmaz"…

"İki Çal Papağın və bir Qara Kepkanın nağılı" satirik hekayədir. Və burada yazıçının ironiyası nağıl estetikası ilə verilsə də, tamamilə müasir, aktualdır… Dələduz Qara Kepka iki canbirqəlb Çal Papaq haqqında əvvəl tərifli bir oçerk yazıb onlarla dost olur, sonra isə çalpapaqların arasına girib  onları elə düşmən edir ki, camaatın gözləri qarşısında bir-birinin tükünü didirlər… Hamısı da  insanın içində yatan şöhrət azarından… Mənəm-mənəmlikdən…

"Gürcüstana teleqram" 9  May Qələbə bayramına, daha doğrusu, bu cür qələbələrin   fəlsəfəsinə həsr olunmuş sosial-psixoloji mündəricəli yığcam bir hekayədir. Və bu hekayənin həmin mövzuda  yazılmış sayca heç də az olmayan əsərlərdən fərqi odur ki, burada dünya tarixində  mövcud olmuş (və olacaq!) çoxsaylı müharibələrdən  sonra qalib tərəfin təntənə ilə qeyd etdiyi "Qələbə" anlayışına orijinal (və analitik) təhlil verilir.

Qələbə günü ərəfəsidir.

Azərbaycanlı gənc ərlə arvad - aspirantlar Moskvada gecə tramvayla yataqxanaya  qayıdırlar. Sərnişinlərin hərəsi bir işlə məşğuldur… "Doğrudan da, nədir görəsən onlar üçün doqquz may?

Burası məlumdur ki, 9 May onlar üçün Qələbə bayramıdır, amma bu Qələbə bayramının özü nədir onlar üçün?

Əlbəttə, doqquz may, hər şeydən əvvəl, müsibətin sonudur, ölüm müsibətinin, həsrət müsibətinin - bu belə. 9 May atalarımızın, babalarımızın gücüdür - bu da belə. Doqquz may həm də xatirələrdir".

Gənc ərlə arvadın aşağıdakı mükaliməsi həm də ona görə maraqlı, mənalıdır ki, yazıçı onların dilindən heç də hər şeyi demir, ancaq həssas oxucu "deyilənlər"in arxasındakı  "deyilməyənlər"i eşidir:

"O lap sakitcə soruşdu:

- Nə inam?

- Bir inam var ki, hərgah bir şey olsa,  nəticədə bir Qələbə günü var, bir Qələbə bayramı var.

- Qan bahasına?

- Qələbə günü Yeni il bayramı deyil ki…  Həmişə gələcəkdə bir Qələbə günü var, yoxsa doğrudan da hər şey dəhşətli olar… Mənasız  olar hər şey… Vyetnamlıların da gələcəkdə bir Qələbə bayramı var, ərəblərin də…"

Və təbii ki, insanların, xüsusilə gənclərin ölümü hesabına!..

Hekayənin qəhrəmanları onlarla bir yataqxanada yaşayan, "Dağıstanın ən böyük fizikşünası olacaq" Abutalıbın Qələbə gününü qeyd etmək üçün aldığı iki  şampan şərabından birini zor- xoş ələ keçirib Reyxstaqa qələbə bayrağı sancmış cavan əsgərin - Kantariyanın "sağlığı"na içirlər.

Səhəri gün isə hekayənin qəhrəmanı Gürcüstana - Kantariyaya Qələbə münasibətilə təbrik teleqramı vurur… "Dəqiq ünvansız və imzasız bir teleqram".

"Gümüşü, narıncı, məxməri…" sadəcə hekayə deyil, bir yeniyetmənin - Allahverdinin  özünün dərindən dərk etmədiyi taleyinin dastanıdır.

Yazıçı səhəri eyni cür açılan, axşamı eyni cür gələn bir kənd evini təsvir edir… "Amma  bu saat bu evdə bir adam da vardı ki, bu  gecikmiş payız da, bu zəhlətökən çiskin də onun heç vecinə deyildi, çünki həmin  adam - Allahverdi keflə yatırdı isti yorğan- döşəyində, həm də yuxu görürdü. Görürdü ki, təzə ayaqqabı geyib, təzə kostyum geyib, boynuna da qalstuk taxıb dayanıb rayon mərkəzindəki dəlləkxananın qabağında, başında da şəhərdən gələn kinooperatorun papağından bir papaq".

Məsələ burasındadır ki, həmin qırmızı papağın sahibi olan həmin kinooperator  Allahverdigilin kəndinə kino  çəkməyə gəlibmiş, özü də istəyirmiş ki, Allahverdiyə sevgi məktubu yazmış (və Allahverdinin ciddi qəbul etmədiyi) Sədəfi kinoya çəksin.

"Gecə yorğan-döşəyinə girəndə Allahverdiyə elə gəldi ki, səhərə kimi yata bilməyəcək, amma yatdı. Allahverdi yatdı və bütün həyatında ilk dəfə rəngli yuxu gördü:

Dan yeri təzəcə sökülürdü.

O qədər rəng vardı ki, Allahverdi ömründə  bu qədər rəng görməmişdi - gümüşü, narıncı, məxməri…

…Allahverdi bilirdi ki, bu, yuxudur və onu da bilirdi ki, bu, Sədəfin yuxusudur.

Sədəf özü yox idi, amma Allahverdi bilirdi ki, indilərdə bu səsi eşidəcək və qorxurdu, qorxurdu ki, bu rənglər yox olub gedəcək - gümüşü, narıncı, məxməri…"

Allahverdinin atası Qəşəm kişi də hiss edir ki, oğlunda nə isə dəyişiklik baş verir…

Hava əlverişli olmadığına görə şəhərdən gələn  kinooperator "fotogenik" Sədəfi kinoya çəkə bilmir və Sədəf əməlli-başlı pərt olur.

"Allahverdi başa düşdü ki, Sədəfə nə isə demək lazımdır, Sədəfin könlünü almaq lazımdır və bunu elə Allahverdinin özü eləməlidir, amma orasını da başa düşdü ki, bu,  çox çətin olacaq.

…Sonra fikirləşdi ki, məktubu Bakıdan yazar Sədəfə, Bakıya gedib instituta girəndən  sonra, amma başa düşdü ki, Bakıya getməyi də çox çətin olacaq, çox ağır olacaq, çünki ürəyi qalacaq burada, Sədəfin yanında".

"Gümüşü, narıncı…" "Dunayda "Amur" üzürdü" yol lövhələri ilə bitir;  o yol lövhələri ilə ki, yazıçının istedadının başqa bir tərəfini nümayiş etdirir… Dunay çayı boyu "Amur" gəmisi ilə səyahətə çıxan müəllif həm təəssüratlarını yazır, həm də bu səyahətnaməni sənət əsəri səviyyəsinə yüksəldir…  

Nizami Cəfərov


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!