Diş qatili - Vüsal Nurunun hekayəsi

Mən otağa girəndə Camal babam ölmüşdü. Bir neçə dəfə çağırdım, silkələdim, nəbzini yoxladım. Barama kəpənəyi kimi canı ayrıq qalmış ağzından uçub getmişdi. Üst damağındakı aman-zaman qızıl dişi "məni dart çıxart" deyirdi.

Babam qızıl dişinə görə protez qoydurmadı. Bəlkə diş düzəltdirsəydi, 72 yox, lap 100 yaşayardı. Bu qızıl diş babamın həm ən bəlalı, həm də ən müqəddəs yeriydi. Doğmasıydı. Boyunu sevirdi bu qızıl dişin. Balaca yumru güzgüsü vardı, - əvvəllər gizlin baxarmış, sirri açılandan sonra heç kimdən çəkinməzdi, babam güzgünü üzünə tutub dişiylə danışardı. Dişin səsini eşidərdi kişi. Suallarına cavab verərdi. Bir də görürdük, babam dişindən küsüb; kişinin qaşının düyünü açılmazdı, dodaqlarının arasına loxma girməzdi. Bir də görürdün, dişiylə barışıb; gülüşü üzünə yaxılıb. Çox eşitmişəm; qonşular deyərdilər, "Camal kişi havalanıb". Yəqin atamgilin də qulağına çatmışdı, babamı məcbur edərdilər dişini çıxartsın. Fürsət tapanda hərə bir tərəfdən kişinin üstünə düşərdi:

"Anamdan artıqdı o diş? Çıxartdır, arvadın da barışsın. Bu yaşda nə küskünlükdü, ay ata? Nə tərslikdi?" - atam çəkinə-çəkinə sözünü deyərdi.

"Dəmiri ağzından çıxart, protez damaq düzəltdir, yeməyini də rahat ye, mədən, bağırsağın da düzəlsin. Sarı dəmirə görə zülüm çəkirsən. Biz də bir dişin bəlasını çəkirik. Nə qədər söz-söhbət olar? Arvadın istəmir də. Nolar ki, onun qəlbin qırmasan? Nədi axı metal diş? Yırtıcıya oxşadır səni. Lap elə qoca vampirə də..." Bibim sərt danışardı.

Dişi iki barmağımla tutub silkələdim, laxlamırdı. Gördüm, babam tərpənmir, bir az da cəsarətlənib güc verdim. Babamın canı bu dişindəydi, ağrısını hiss eləsə, oyanardı. 

Başa düşmüşdüm ki, babamın qızıl dişində sirr yatır. Diş həkimindən qorxan adam deyildi. Sonralar bildim ki, nənəm bu sirri təxminən, on il bundan əvvəl öyrənib. O gündən deyirmiş: "Camal mənə xəyanət eləyib". Babam deyirdi, "mən it kimi sadiq adamam". Elə bu sirr də nənəmin ürəyinin xərçəngi olub. Yazıq arvad xiffətdən getdi. Ölənəcən babamı dindirmədi. Demişdi, "ya o diş, ya mən. Yoxsa, üzünə baxmaram". Yaman kin saxlamağı vardı arvadın.

Babam güləndə nənəm onu ələ salardı. Elə sözlər deyərdi adamı gülmək tutardı. Baxardım ki, doğrudan da, babam bu qızıl azı dişiylə çox gülməli, güləndə qorxunc, stulda mürgüləyəndə eybəcər görünür. İlk dəfə təsadüfən eşidəndə ki, babam dişinə Zülfiyyə deyir, uğundum gülməkdən. Dedim, kişinin hayı gedib, vayı qalıb. Adam da dişinə ad qoyar? Özü də Zülfiyyə. Nənəm babamı bu ada qısqanmışdı. Amma qırx il əvvəl nənəm babama vurulanda da qızıl diş babamın ağzında bərq vururmuş. Bir dəfə, onda babamla küsməmişdi, özü dedi ki, Camal güləndə vuruldum ona. Dodaqları qaçdı, qızıl dişi göründü. Camalın üzü nurlandı. Qızıl diş ona yaraşırdı. Babam da bu vurulma, sevmə əhvalatını tez-tez nənəmin başına qaxardı: "Elə qızıl dişimə vurulmusan də. Deyirdin,  gül, ay Camal, sənə gülmək yaraşır. Sən güləndə ürəyim titrəyir. Həmin dişdi də. İndi gülürəm, ağzını əyirsən. Dişimə günü olmusan". Babam sözünü deyib acıqca dodaqlarını çirməyər, Zülfiyyəsini göstərərdi. Nənəmin üstünə qaynar su tökülərdi onda. Elə bil, doğrudan da, günüsünü görərdi. Başına qapazlayardı, deyərdi: "daş düşəydi təpəmə. Kül olaydı ağlıma. Gözüm töküləydi". Qarğış eləyərdi, deyərdi: "Dişin qırılsın, Camal!"

"Dişin qırılsın!" babam üçün ən ağır qarğış idi. Deyərdi, "müqəddəsimin goruna söyür". Əlinə keçəni atardı nənəmə, ərinməzdi, durub qapazı endirərdi başına. Arvad nətəhər ağlayardısa, ürəyimin başına od düşərdi. Bilmirdim nənəmə yanım, yoxsa, qızıl dişinə görə bu qədər qınanan, uşaq kimi azar eşidən, qəlbi qırılan babama. Atam da, bibim də qalardılar bu iki qoca uşağın  arasında. Evin qanı qaralardı. Ara yerdə bibim oğluyla mən ac qalardıq.

Camal babamın da ağlamağı var idi; çəkilərdi xəlvətə, döş cibindən güzgüsünü çıxardardı, ağzını, dodağını tərpətmədən dişinə baxa-baxa danışardı, gözünün yaşı qırışların arasıyla çənəsinə süzülərdi. Döyülmüş, qovulmuş yetim uşaq kimi asta-asta hıçqırardı. Gileylənərdi, şikayətlənərdi bəxtindən, Zülfiyyəsinə dərdini deyərdi...  

Ha dartdım, diş damağı buraxmadı. Sürüşüb barmaqlarımın arasından çıxdı. Kişinin çənəsi az qalırdı əlimdə gəlsin, di gəl, diş laxlamırdı. Bir tərəfdən də babamı çox incitmək istəmirdim. Nə bilim, bəlkə ölülərin canı başqa cür ağrıyır?

Bibim hirslənib özündən çıxanda deyərdi: "Anamı sənin dişin öldürdü. Hələ yaşayardı, ürəyi qübar bağladı getdi. Harda görülmüşdü ki, arvadı infarkt vura?"

Babamın cavabı dəyişməzdi: "Əcəl gələndə başağrısı bəhanədi..."

Ağlıma kəlbətin gəldi. Babamın pilləkənin yanındakı alətlər şkafından tapdım.

Bir dəfə bibim oğlu dedi ki, gəl, babaya dərman verək, yatsın, damağına da keyidici vuraq, dartaq çıxaraq dişini, bu evdən söz-söhbət yığışsın. Qorxdum. Dedim, kişi ayılmaz, ürəyi zəifdi. Ayılsa da, görər Zülfiyyə yerində yoxdu, ürəyi dayanar. 

İçimdəki hiss deyirdi, sal kəlbətini meyidin ağzına, dart çıxart dişi. Nənənin də qisasını al. Bir yandan da ürəyim gəlmirdi.

"Heç olmasa, Zülfiqar qoyaydı adın, Zülfiyyə nədi?" Bibim oğluyla aramızda müzakirə eləyirdik. "Ona Zülfiqar lazımdı? Sən istəyərsən ağzında kişi otursun? Kişinin boyunu sevəsən. Darıxanda gəzməyə aparasan. Dodağını çirməyib getdiyin yerləri göstərəsən. Bu kişinin bığı var, qarnı var... Təsəvvür elə, damağında bığlı, qarınlı kişi oturub, səni də iki gündən bir məcbur eləyir ki, səhər xaşa gedək. Siqaret çəkək. Necə olarsan? Amma damağında qız otursa... Zərif, işvəli, nazlı... Dodaqların onu hiss eləsə... Dilin üzünə sığal çəksə. Hamıdan bezəndə, darıxanda, ürəyin qırılanda ağzındakı sarışın qıza sığınsan, danışsan, dərdləşsən, səsin eşitsən, babam kimi gəzməyə aparsan ağzındakı qızı; isti-soyuq içməyib qoruyasan, sevgilin kimi qayğısını çəkəsən... Necə olarsan?"

"Elə danışdın, qızıl diş qoydurub onunla evlənmək istədim".

Babamın mənə verdiyi cavabları bir az da bəzəyib bibim oğluna "yedirirdim". 

Kəlbətinin ağzına pambıq doladım.  

Təklifim ağlına batmışdı. Razılaşdıq ki, azı dişimizin üstünə qızıl qalpaq qoyduraq. Babama təsəlli olsun. Təklənməsin. Həmişə bizi qızının, oğlunun, gəlininin şillə-qapazından qoruyardı axı. Kimin hünəri vardı babam olan yerdə bizə bozaraydı?

Bibim oğlu diş qoydurdu. Bir qırğın-mərəkə də onda başladı. Nənəm dedi: "İtdən əmələ gələn, qəbrimin üstünə ayağın dəyməsin!" Anası dimdiyini qaraltdı. Elə həmin gün də qalpağı sökdürdü.

İki dəfə kəlbətin boşa çıxdı. Axırıncı dəfə necə dartdımsa, xırçıltısını, bəlkə də, babam o dünyada eşidib diksindi. Kəlbətinin ağzında elə bil canavar dişiydi.

"Bağışla, Zülfiyyə. Bağışla, baba."

Dişi pambıqla təmizləyib qoydum cibimə. Bir topa təmiz pambığı basdım babamın ağzına, boş qəbrə oxşayan dişin yerinə. Nənəmin ağ yaylığı vardı, üstü xonçalı, babamın qapazından sonra ağrıyan başına bağlayardı arvad, onu gətirib babamın çənəsini çəkib bağladım. Sonra bu qismətə özüm də məəttəl qaldım. Həm də dedim, bibim oğlu görməsin.

Görmədilər. Mürdəşirin yanına da heç kimi qoymadım, özüm girdim.

Meyidi yumağa aparanda bibim oğlu dirənmişdi ki, gəl dişi çıxardaq. Maşının içində mafənin yanında ikimiz oturmuşduq. Çibində diş kəlbətini gətirmişdi.

- Sən üzün aç, mən dartım. Kişi ol! O tərəfdə qızıl babamın nəyinə lazımdı? Sataq Zülfiyyəni, bölək. Kim biləcək?

- Olmaz! Günahdı! Babamın ruhu inciyər. Səni də rahat buraxmaz. Zülfiyyənin sirrini sən də bilsən, kəlbətin gətirdiyinə utanarsan.

- Bilirsən? Deməli, bilirsən! Sən babamın ruhu, bilirsənsə, denən.

- Zülfiyyə babamın ilk sevdiyi qız olub. - Daha sirr saxlamaq mənasız idi. - Nişanlanıblar, amma ağızdan. Üzük əvəzinə bir-birlərinə qızıl diş taxıblar. Zülfiyyə öləndə hamiləymiş. Səkkiz aylıq.

- Nənə də ölüyə qısqanırdı? Ta denən, diş nənəmin günüsüymüş ki...

- Hə, deyirdi, Camal məni aldadıb, həmişə Zülfiyyəni sevib.

- Hardan bilirsən?

- Bir dəfə babam Zülfiyyəni gəzməyə aparanda dalınca düşdüm. Qəbiristanlığa getdi. Başdaşında Zülfiyyənin şəklini də gördüm, adını da oxudum. Doğum günüymüş. Babam ağlayanda getdim yanına, dedim, indi ürəyi dayanacaq. Onda dedi ki, ağzımdakı Zülfiyyə həm ilk sevdiyimdi, həm də doğulmamış ölən balam. Diş həkimiymiş. Özü düzəldib dişi. Babama Zülfiyyədən qalan tək yadigarmış. Ona görə dəyərliymiş.

- Pah! Kişidəki sevgiyə bax, sədaqətə bax. 

- Sən də kəlbətin gətirmisən ki, Zülfiyyəni babamdan ayırasan. Onları ölüm ayıra bilməyib heç. Əbədi bir yerdə olmalıdılar. Aşiqlər bir çənədə qovuşublar.

Öz sözümdən xəcalət çəkirdim. Əslində nə iş tutduğumu başa düşmüşdüm.   Gec idi.

Diş ovcumdaydı. Mürdəşirin başı qarışanda dişi babamın ağzına atmaq üçün məqam gözləyirdim... 

Ovcumu açıb qızıl dişi zərgərin qarşısına tutdum. Götürüb baxdı, qaytardı:

- Qızıl deyil!

- Elə şey olar? Necə yəni qızıl deyil? Babamın dişidi. İllərdi bu qızıl dişin eşqinə yaşayıb.

- Baban nə eşqinə yaşayıb, bilmirəm, amma diş qızıl deyil. Tulla, getsin. 

Acığa, başqa zərgərin dükanına girdim. Beş zərgər üzü gördüm, bir söz eşitdim.

Babamın ölənə qədər sadiq qaldığı bu müqəddəs dəmir parçası mənə bir qara qəpik qazandırmadı. Neyniyim indi? Qaytarıb yerinə də qoya bilmirəm. Atım getsin?

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!