Üç taleyin doğanağı - Vaqif Nəsib

Hekayə

Örkən doğanaqdan keçər deyiblər. Bunu onlardan əvvəl dünyalarını yaradan və bəndələrini xəlq edən ulu Tanrı söyləyib bəlkə də. İnsanlar üçün Yer kürəsini doğanaq kimi inşa edib çünki. Hər ömür-gün örkən kimi uzanıb axır həmin doğanaqdan keçir.

Səbri deyilən nəşriyyat redaktorunu Sibirə sürgün elətdirən iş yoldaşı Cəbrayıl yalan-palanla qarşısındakı haqq məhkəməsinə bənzəyən doğanaqdan salamat keçə bilməyəcəyini düşünməmişdi.

Onun böhtanı ilə min bir bəla çəkən yazıq Səbri də Allahından qayıdıb Cəbrayılın qənşərində dayanıb, gözlərinə baxmaq üçün ömür və səbir diləmişdi. Məhkəmədə nə qədər çalışmışdı, ağ yalan sahibinin qara gözlərini görə bilməmişdi. Düşünmüşdü ki, Cəbrayıl kimi ağ yalan danışanların gözlərinə Allah-Taala niyə ağ salmır.

Traktorçu Mərdan Mərdanovun bir adı da (yəni ayaması) Dəmbərçək idi. Həmin adı da döşünə döyə-döyə qazanmışdı. Döşünə döyüb dedikləri uşaqdan böyüyə Məzəmlilərin qulağına çatmışdı: görərsiniz sabahın ən böyük, ən varlı adamlarından biri olacağam. Amma həmin mənsəbə və sərvətə insafla, mürvətlə yetişəcəyini söyləməmişdi. Beləcə də dünyalarının bəndələri üçün bir haqq doğanağı olduğunu unutmuşdu.

Sarovlu nəslinin bütün övladlarına şöhrətpərəstlik demək olar ki, nəsillikcə keçirdi. Həyatda özlərini tanıyandan Sarovlu övladlarının şöhrətpərəstlik yürüşü başlayırdı.

Soyadları kəndləri ilə uyğun gəldiyindən, Sarov deyilən universitet müəlliminin babası Alov kişi həmin kəndi onların nəslinin binə etdiyini söyləyirdi. Nəsillərindən olmayan kənd əhlinin boynuna həmin minvalla bir növ minnət çatısı keçirirdi.

Atası Alovun burnundan düşmüş oğlu Murov (Murov yaylağında dünyaya gəldiyinə görə dağın adını ona yaraşdırmışdılar) Kənd Təsərrüfatı Texnikumunu bitirib, kəndlərinə dönəndən özünün kolxoz sədrliyi yürüşünü başlatmışdı. Kolxoz sədrlərini vəzifəsindən aşırmaq üçün əlini (imzasız məktublar yazmaqla), dilini (sədr haqda böhtanlar söyləməklə) min cür günaha batırmışdı.

Universitetə yüz cür minnətlə (rüşvətlə) müəllim düzəlmiş Sarov da birinci gündən gözünü dekanın yerinə dikmişdi.

Bu şöhrətpərəst oğlanın həmin cəhəti iş yerlərinə yolları düşmüş orqan işçilərinin də gözlərindən qaçmamışdı. Əməliyyatlar üçün onu maşalarına çevirə bilmişdilər...

 

Səbri səbri

Hekayə

Səbri deyilən, ömrünün iyirmi beş ilini uğurla (yəni, ürəyincə) yaşaya bilən adamı taleyini alın qırışlarına nəqş eləyən Tanrı bəlkə də uşaqlığından səbrə öyrətmək istəmişdi. Çünki o, lal ailədə dünyaya gəldiyindən dil açmaqda səbir etməli olmuşdu. Ağsaqqalların məsləhətiylə qohum-qonşu həmin tifilin dil açması üçün özlərinin və uşaqlarının dilini həmin uşağa uzatmalı olmuşdu. Axır ki, talelərinin dilləri sarıdan cəzalandırdığı ata, ana illər sonrası dilli-dilavər bir bala qazana bilmiş və özlərinin nəhayət dil aça bildiklərini zənn etmişdilər. Həmin uşaq da ata-anası ilə ünsiyyətdə olmaq üçün "əl dili" də öyrənib, bir növ onların dilmancına çevrilmişdi. Uşağın gələcək taleyində də həmin dilmanclığı öz həlledici rolunu oynamışdı.

Səmədağa Ağamalıoğlu yolunu Əskipara dərəsinə saldıqda belə bir çətinliyə rast gələcəyini ağlına belə gətirməmişdi. Quru dərədə maşının qabağını ər-arvad iki lal bəndə kəsmişdi. Əllər göydə oynayan, onların drijorluğu ilə üzlərinin damarları oynayan adamların qarşısında torpaq komissarının ayaqları yerə yapışmış, nə edəcəyini bilməmişdi. Nə yaxşı yeddi yaşlı Səbri tanımadığı əminin və ata-anasının köməyinə özünü vaxtında yetirə bilmişdi:

- Onlar mənim ata-anamdı, əmi.

- Məndən nə istəyirlər, a bala?

- Kəndimizdə məktəb yoxdu, oxumağımı arzulayırlar, istəyirlər elmlərdə də dilim açılsın.

- Ceyrançöldə yetim-yesir üçün məktəb açmışıq. Sənin gözlərindən iraqda oxumağına razı olarlarmı?

Quru dərədə Səbri ilk dilmanclığını etmiş, ata-anasının zəmanələrinə, güzəranlarına etiraz kimi havalanan əllərini yanlarına sala, üzlərinin şahə qalxmış damarlarını səngidə bilmişdi.

Onlar balalarının Ceyrançöldə yetim-yesir üçün açılmış məktəbdə oxumağına razılıqlarını vermişlər.

Quru dərədə, həyatın səsini almış iki bəndəni Səmədağa quru yerdə qoymamış, onların arzularının dəhnəsinə su axıtmalı olmuşdu. Üstəlik, uşağın özündən də xəbərsiz onu mənəvi övladlığa götürmüşdü.

- Ürəklicə oxu. Bundan sonra gözüm üstündə olacaq...

...Səbri lal ata-anasını torpağın ən dilsiz yeri - məzarlığa tapşırana kimi Səmədağanın əllərini qayğı dağarcığı kimi çiyinlərində görə bilmişdi. Əvvəl Ceyrançöl məktəbini uğurla bitirmiş, sonra Bakı Müəllimlər İnstitutunu uğurla başa vurmuşdu. Tələbə kimi tətillərdə hər yolunu kəndə salanda uğurlarıyla ata-anasının dillərini aça bilməsə də, beş il dalbadal gözlərinin yaşını açıb onların birini Alı, o birisini Hüseynalı bulağına döndərə bilmişdi.

Ali təhsil aldıqdan sonra Səbri ona təklif olunan qulluqlardan vaz keçib seçimini söylədikdə hamını təəccübləndirmişdi (Səmədağanın qohumu bildiklərindən həmin məzuna halbuki ən yaxşı vəzifələr təklif olunmuşdu).

- Mən yeni açılmış lallar məktəbində dərs demək istəyirəm. Ata-anama görə "əl dili"ni bilirəm.

Az sonra həmin məktəbin sevimli müəlliminə çevrilən Səbrini şagirdlərinin gözlərindəki arzularının müqəddəs parıltıları, yazıb-yaratmağa səfərbər etmişdi. (Belə parıltıları başqa uşaqların gözlərində görə bilməmişdi). Onun "Lalların əli danışır" adlı ilk hekayəsi rəğbətlə qarşılanmış, məşhur tənqidçiləri belə dillənməyə məcbur eləmişdi. Həmin müddətdən Səbri yaradıcılıq əkinçisinə çevrilmiş, qələmiylə ağ vərəqləri şumlamağa başlamışdı. Bəli, ömrü boyu əllərini çörək ağaclarına və dillərinə çevirmiş iki lal bəndənin övladlarının dili yaradıcılıqda da açılmağa başlamışdı.

Səbri Laloğlu imzası az müddətdə həmin zəmində kökünü ata bilmişdi. Lallar məktəbinin müəllim sıradan kəm-kəsiri qalmadığını gördüyündən Səbri ordan pərvazlanmaq fikrinə düşmüşdü. Həm də nəşriyyatlardan edilən təkliflər də gənc nasiri yerindən oynadırdı.

Axır ki, şagirdlərinin, arxasınca gözlərindən atdıqları su əvəzi yaşlarla təzə iş yerinə qədəmlərini basdı. Cavan ölkənin ən mötəbər nəşriyyatlarının birində redaktor kimi qələmə sarıldı.

Səbri bütün yetimlər kimi qayğısına qalmış, təhsil vermiş yeni quruluşlarına gərəkli vətəndaş ola biləcəyini yeni vəzifəsində hiss elədi. Canla-başla işləməyi, yazıb-yaratmağı qərarlaşdırdı. Lallar məktəbində bir növ o da az qala lala çevrilmişdi. Günlərinin çox zamanı səsi çıxmır, əliylə danışırdı. Yeni iş yerində həm də xalq üçün səsini ucaltmaq fikrinə də düşdü.

Ona elə gəlirdi ki, əgər balığa bənzədilərsə, onu sahiliylə çərçivələnmiş balaca bir göldən nəhəng dəryaya atmışdılar. Həmin dəryanın dərinliyinə baş vurmaq, ənginliklərinə üzmək artıq onun özündən asılı idi. İş yoldaşlarıyla da tez bir zamanda qaynayıb-qarışdı. Ən çox da saqqızını oğurlayan tərcüməçi-redaktor Cəbrayıl Ağazadə oldu. Düzdü, isti münasibətlərinin üzərinə su səpib sərinləşdirməyə çalışan da tapıldı. Həmin adam hamısından yaşlı və təcrübəli naşir Mirzə idi (əsl adını - Məliki, - Mirzə ayaması əməlli-başlı unutdurmuşdu).

- Oğul, sən bu Cəbrayıla çox elə baş qoşma. Başını salla, qələmini işə sal. Onun yerişini yerisən bir də görərsən ki, əlin, dilin, canın hər şeydən soyuyub.

Cəbrayılın içkiyə meyilliliyini  birinci gündən anlamışdı. Hətta ona da arağın siftəsini elətmişdi.

- Bütün qələm əhli bu ceyran südüylə ilhama gəlir. Onsuz da gec-tez dadına baxacaqsan. İstəyirəm ayaqaçdını mən eyləyim.

Mirzə iş yoldaşı Cəbrayıl tərəfə atdığı daşın bir-ikisini də artırmışdı:

- Bu Cəbrayıl hər şeydən öz mənfəətini güdür. Demək olar ki, mənfəət qoxusuyla yaşayır. Deyirlər yetimxanada böyüdüyündən belə gözü ac olub. Amma mən inanmıram. İndi ki, artıqlamasıyla əli çörəyə çatıb, niyə nəfsinə tət demir. Ona görə ki, bu qanında var. Atalar da deyib ki, südlə gələn, sümüklə çıxar. Hələ onun eşq macərasını da eşidəcək, namərdliyinin də şahidi olacaqsan.

Səbri Mirzənin son kəlmələrinin arxasında nələrin gizləndiyini elə birinci dəfə Cəbrayılın özündən eşidəsi oldu. Bu da iş yoldaşları Səyyarəni görəndən sonra baş verdi.

- Cəbrayıl qağa, bu qarapaltarlı qız kimdi?

- Texniki şöbədə işləyir. Birdən məni kimi sən də yaraşıqlılığına saqqızı oğurladarsan.

Məlum oldu ki, Cəbrayıl bir zamanlar Səyyarəyə vurulubmuş. Hətta onun şəninə şeirlər yazıb, az qala ölkə şairlərinin sayını artırmaq da istəyirmiş. Ta Səyyarənin atasının kimliyindən xəbər tutana qədər.

- Xalq düşməni Hüseynəlinin qızıdı. Atasını sovetlər ilk illərində güllələyib. Əmiləri Türkiyəyə qaça bilib.

- Bəs bunu nə yaxşı sürgünə göndərməyiblər? 

- Hələ pioner vaxtı Stalin yoldaşa məktub yazıb. O da bizimkilərə bildirib ki, həmin yaşda uşaqlar atalarına cavabdeh deyil, onları tərbiyələndirmək olar. Amma təhlükəsizlik orqanlarının nəzarətindədi. Ayda bir-iki dəfə gəlib yoxlayırlar. Mən də bunları bilməyib ona vurulmuşdum, az qala bütün gələcəyimi məhv edirdim. Tezcə aradan çıxdım. Mənə od vurmuş qıza yazdığım şeirlərin hamısına od vurdum...

Bütün bunları öyrənəndən sonra Səbrinin içində Cəbrayıla qarşı bir rəğbət teli sınmış, az qala sızıltısını özü də eşitmişdi. Görünür, o tel sarı sim olduğundan, həmin yaşına qədər həyatda özününkündən başqa bir rola girməyən Səbrini Cəbrayıla qarşı soyutmağa başlatmışdı. Gələcəyi parlaq bir adamı (həm də Səmədağa Ağamalıoğlunun qohumunu) itirmək istəməyən mənfəət qoxuçusu, özünün yeni tamaşasını hazırlamışdı. Maaş günü o, aşxanaların birində Səbri üçün içkili ziyafət düzəldib, hazırladığı ssenaridə öz baş rolunu oynamağa başlamışdı. Bir az içdikdən sonra özünü kefliliyə vurub, etirafına başlamışdı:

- Elə bilirsən Səyyarə kimi qızın məhəbbətindən qaçmaq mən yetimə asan başa gəlmişdi?

Ssenarisi üzrə danışdıqca yavaş-yavaş kövrəlməyə başlamışdı:

- Mən yetim bu yaşıma qədər kirpiyimlə od götürmüşəm. Yetimlik gözümü qırdığından əsl məhəbbətim qarşısından namərd kimi qaçmalı olmuşam.

Həmin ara Səbri qarşısındakının gözlərinin nəmləndiyini də görmüşdü.

- İndinin özünə kimi gecə səhərə kimi özümün vicdan məhkəməmə düşürəm. Səhərə kimi qaradonlu hakimimin - Səyyarənin qarşısında boynu bükük dayanıram.

Sonra rolunun zirvəsinin ifasına başlamışdı. Bu da ətrafdakılardan çəkinmədən hönkürə-hönkürə söyləməsindən ibarət idi:

- Allah-Taala mənə niyə ucuz ölümündən birini vermir? Mən namərd adamam. Namərdlərin bu həyatda yaşamağa haqqı yoxdu.

Yeməkxanadakıların hamısının baxışları namərdliyini etiraf edən, hönkürən adama dikilmişdi. Cəbrayılın səmimiyyətinə şübhə yeri qalmayan Səbri, onun həmin dərdin atəşindən ərintiyə dönəcəyindən təşvişləşmişdi. Dostunu ovutmaq, soyutmağa, baxışlardan xilas etməyə çalışmışdı.

Cəbrayılın tamaşası uğurla tamamlanmış, Səbrinin ona qarşı soyuqluğunu aradan qaldırmışdı. Onları təkrar bir yerdə görən Mirzə müəllimin başını bulamaqdan, ürəyindən bir neçə kəlməni keçirməkdən başqa əlindən bir şey gəlməmişdi.

- Bu Cəbrayıl uşağı necə ovsunladısa, yenə qoşa alabaxtaya döndülər.

Sonralar Səbriyə elə gəlirdi ki, həmin yeməkxanada dostu ilə başlarını açmamışdılar. Orda baş qəhrəmanı Cəbrayıl olan bir faciəyə tamaşa etməli olmuşdu. Bütün bunlar Səbridə yeni bir maraq hissi doğurdu: görəsən Cəbrayılın qaçışı Səyyarəyə necə təsir eləmişdi.

Həmin maraqsa onu Səyyarəyə doğru addım atmağa səfərbər etmişdi. O, qızla yaxından tanış olub, bütün bunları öyrənmək istəmişdi. Həmin tanışlıqsa təbii şəkildə olmalı idi.

Görünür, insan talelərinin gizli idarəedicisi (görünməz dirijoru da demək olar) var. Səbrinin Səyyarəyə yaxınlaşması həmin qüvvə tərəfindən tezliklə həyata keçirildi. Keçmiş iş yerinin şagirdləri, artıq gənc yazıçı kimi tanınan müəllimlərini görüşə çağırırdılar. Onun arxasınca gənc ədəbiyyat müəllimlərini göndərmişdilər. Həmin qız da Səyyarənin tələbə yoldaşlarından imiş.

- Səyyarə, səni də görmək olarmış. Eşitmişdim yolunu uzaqlara salmaq istəyirdilər?

- Yox, sağ olsun Stalin yoldaş, ataların günahını biz balalara yükləmək istəmədi. Üstəlik işlə də təmin olundum. Bəs səndən xeyir ola, Xeyrənsə?

- Sizdə Səbri adlı gənc yazıçı işləməlidi...

- Ən yaxşı redaktorumuz sayılır.

- Bizim məktəbin də ən yaxşı müəllimlərindən olub. Şagirdlərimiz yazıçı kimi onunla görüşmək istəyir. İlk qələm məhsulu onların taleyinə həsr olunmuşdu.

- Bu günlərdə ilk kitabı da nəşr olunub.

- Dəvətimiz də kitabıyla əlaqədardı. Yəqin ki, görüşümüzə əliboş gəlməyəcək, şagirdlərimizə kitabının nübarından dəsti-xəttiylə bağışlayacaq.

- Mənim hələlik onunla şəxsi tanışlığım yoxdu. Sənə otaqlarına kimi bələdçilik edə bilərəm.

- Mən də zəhmətini onunla tanışlıqla ödəməyə çalışaram.

Xeyrənsə dəvətindən əvvəl rəfiqəsinin Səbri ilə tanışlığından başladı.

- Belə bir yaradıcılıq idarəsinin işçilərinin bir-biriylə tanış olmaması təəccüblüdü. Gərək yolumu salıb, bu işi mən görməliyəmmiş. Tanış ol, Səyyarə mənim həm tələbə yoldaşım, həm də ən yaxın rəfiqəm olub.

Səbri ilk dəfə yaxından Səyyarənin gözlərinə baxmağa imkan tapdı. Qızın qapqara gözlərinə paltarının da rənginin çökdüyünün şahidi oldu. Onlar göz-gözə gəldikdə bir-birinin baxışlarının qarşısını kəsə bilmədi. Günəş şüalarıvari işıqlı tellər içərilərinə nüfuz eləyə bildi. Yaxşı ki, həmin cərəyanlı əməliyyatdan Xeyrənsənin xəbəri olmadı.

Bəzi tanışlıqların özləri də bəzi adamların ömür-günlərinin bayramına çevrilir. Təqvimlərinin qırmızı rəngli yarpağına çevrilir. Həmin günlərin biri də Səyyarənin, Səbrinin bəxtinə düşmüşdü.

Növbəti dəfə idarələrində üz-üzə gələndə sifətlərinə həmin bayramın qırmızısı yol tapa bilmişdi.

- Deyəsən axşamkı görüşə hazırlaşırsınız? Yəqin ki, həyəcan keçirirsiniz?

- Çox elə yox, ora doğma ocağım kimidi.

- Həmin doğma ocaqda qızınmaq üçün məni necə, dəvət etmək fikriniz varmı?

Həmin sözlər Səbrini duruxdurdu. Qız tutulan kimi oldu. Ona elə gəldi ki, gənc ədib (həm də Cəbrayılın dostu) Səyyarənin əl-ayağına dolaşmağını istəmir. Yaxşı ki, Səbri tez dillənib, onu pərtliyinin rənginə çəkilməsindən xilas elədi.

- Deyəsən yaxın rəfiqənizin harda işləməsindən xəbərdar deyilsiniz?

- Çoxdandı görüşmək imkanımız olmayıb.

- Məni lallar məktəbinə dəvət edib. Orda bütün danışıqlar əllə gedəcək. Bilmirəm, belə bir görüş sizin üçün maraqlı ola bilərmi?

- Siz dəvətinizi edin.

Səbri ilk görüşlərindən taleyin bir qız balanı qara geydirməklə cəzalandırdığını başa düşmüşdü. Və həmin rəngdən də ürəyinə qara xal düşmüşdü. Odur ki, özündə cəsarət tapıb, qızı qara libasdan, ürəyini də qara xaldan xilas etməyə çalışdı.

- Onda bir şərtim olacaq.

Bu dəfə də qız özünü itirən kimi oldu. Həmin kərə də Səbri onu intizarda saxlamamağa çalışdı:

- Mənim yazıçı kimi ilk görüşümə qara paltarda gəlməyinizi istəmirəm.

Vədələşdiyi vaxtda qızın başqa rəngli donda təşrifi Səbridə bahar sevinci yaratdı. Hətta onun paltarındakı çiçəklərin ətrini də hiss elədi. Və həmin minvalla qızı qara məhkumluğundan çıxardığına, ürəyini qara xaldan xilasına arxayınlaşdı.

Səyyarənin xatirində həmin görüş unudulmaz bir tamaşa kimi qaldı. Əllərin danışdığı o səssiz, nikbin və qəmgin tamaşa onsuz da taleyinin quzeyinə sığınmış qızı dəfələrlə kövrəltdi. Həm də Səbrinin lalların dilini mükəmməl bilməsi, hamısının ürəyinə yol tapması qızı heyrətləndirdi. Səbri qızın gözündə özü yaşlıların yolunu gözlədiyi ağ atlı qəhrəmana çevrildi. Bircə ona təəssüfləndi ki, belə saf, təmiz oğlan, içində ilan, çayan yuva salmış Cəbrayılla dostluq eləyir. Yazıçı kimi insanların daxilinə nüfuz etməyə çalışan istedadlı gənc qarşısındakını necə var elə görə bilmir.

Həmin görüşdən sonra onlar xeyli piyada gəzməli oldu. Hər ikisi istədiyi bəzi mətləbi dilinə gətirə bilmədi. Qız söyləmək istədi ki, Cəbrayılın onunla guya yaşadıqları məhəbbət macəraları, onun özünün uydurmalarından başqa bir şey deyil. Elə birinci gündən ona aşiqanə şeirlər yazan Cəbrayıla qız söyləmişdi:

- Biz tamam başqa-başqa adamlarıq. Bu sövda heç cür baş tuta bilməz.

Canavarlığını gizlətmiş adamsa qarşısında gah məsum quzu kimi mələmiş, gah da qurd dişlərini göstərmişdi.

Quzu mələrtisi üstə: İnanmıram bu gözəl həyatda sənsiz yaşaya bilim.

Canavar dişi şıqqıltısı ilə: Sən ancaq mənimlə, cavan kommunistlə xoşbəxt ola bilərsən. Əvvələn, xalq düşməninin qızını ürək eləyib heç kəs almaz. İkincisi də, kim bilir sabah sizin kimiləri hansı tale gözləyir.

Səbri dilinin ucuna kimi gətirə bilmişdi: Taleyin səni qarşıma çıxardığına sevinirəm. Elə bilirəm ki, illərlə yol gəlib, ürəyimcə olan qıza yetişmişəm...

Səbri özünü saxlaya bilməyib, sözünü qıza dedi. Amma əlləriylə...

Qız məsum-məsum gülümsədi.

- Heç bir şey başa düşmədim.

- Tərcüməsini sonra edəcəyəm. İndi cəsarətim çatmır.

Həmin gecə həyatlarının demə dönüş nöqtəsi imiş. Kaş hər ikisi lal qalmayaymış...

...Cəbrayıl Səbrinin Səyyarə ilə yaxınlaşmasından təşvişə düşmüşdü. Onun qızla görüşməsinə hər vasitə ilə əngəl olmağa çalışırdı. İlkin onu ciddi görkəmli bir adamla tanış elədi:

- Səfər müəllim dəniz kənarının məsul işçilərindəndi. Sənə bir-iki kəlmə sözü var.

Səfər deyilən adam Səyyarə kimi xalq düşmənlərinin övladlarına nəzarət edənlərdənmiş.

- Kəsəsi, deyim ki, istedadlı cavanlardansan, həyatını da ağılla-başla qur. Gələcəyinə kölgə salmamağa çalış.

Səbri eyhamı başa düşməyə düşdü, həmin görüşdə Cəbrayılın barmağının olduğunu anlamadı. Demə, hər idarədə Səfərlərin etibarlı adamları varmış, istədikləri məlumatları onlardan alırlarmış. Onların təşkilatında da həmin gizli vəzifə Cəbrayılın boynuna düşmüşdü.

Səfər deyilən adam vəzifəsinin möhtəşəmliyinin sübutu kimi ayrılarkən sifətinə kölgə saldığı oğlanı muştuluqladı da:

- Təbrik edirəm, hamıdan əvvəl, səni bu günlər Yazıçılar Birliyinə üzv edəcəklər. Üstəlik, mənzil də verəcəklər.

...Səbri Yazıçılar Birliyinə üzv oldu. Bakı zənginlərindən Aşurbəylinin binasında boşalmış iki otağın orderini də aldı. Demə, bütün bunlar cavan ömrünün ən günəşli günləri imiş.

Cəbrayıl bu dəfə də canfəşanlığından əl çəkmədi.

- Təzə mənzilini lələşin yuyacaq...

Mənzil, dəvət olunan iş yoldaşlarının, içi Səbrinin özü qarışıq hamısının gözünü kəlləsinə çıxardı. Divarlar qırmızı məxmərlə süslənmişdi. Qapılar, pəncərələr qoz taxtasından düzəlmiş oymalanmış, naxışlanmışdı. Kimsə dilini dinc qoymadı:

- Kapitalistlərin zövqü varmış, gözəl yaşamağı bacarırmışlar.

Cəbrayılın da içində qurdlar cıvıldaşan sözləri gecikmədi:

- İndi də ora bizim sovet kapitalisti köçünü salacaq.

...Həmin evdə Cəbrayılın qurd gözləri qalıbmış. Səhərisi yeni rolunu oynamağa başladı. Səbri qara buluda dönmüş Cəbrayılın hayına çatmaq istədi.

- Oğlum dünyaya təşrif gətirib...

- Buna qoy o uşaq ağlasın, sənsə şaqqıldayıb, papağını göyə fırlatmalısan.

- Elə uşağın ağlamasından başladı hər şey.

Hamı kimi Səbri də uğursuz məhəbbətindən sonra Cəbrayılın zavod direktorlarının birinin dul qızıyla evləndiyini, onların mənzilinə yerləşdiyini bilirdi.

- Qayınatam uşağın ağlamağından yata bilmədiyini bəhanə edib, bizi mədəni şəkildə küçəyə atmaq istəyir.

...Qəribədir ki, həmin gün Səbri Səyyarəni dəvət edib, evini göstərmək istəyirdi.

Cəbrayıl vəziyyətinin ağırlığını bir az da şişirtdi:

- Mən köpəkoğlu da tərs damarıma salıb, bir gün də onlarla qalmayacağımı söylədim. İndi təcili kirayə ev tapmalıyam.

- Kirayəyə nə qədər verəcəksən?

- İndiki vəziyyətimdə nə qədər istəsələr.

- Onda əlin cibində olsun, al açarları, ev tapana kimi bizə daşın.

Cəbrayılın növbəti fəndi uğurla başa çatmışdı. Səyyarənin Cəbrayıl barədə lallığı, Səbrinin həddindən artıq xeyirxahlığı, diləvarlığı bax beləcə bir saf məhəbbəti lal qoya bilmişdi.

...Zamanın çərxi-fələyi Cəbrayıl kimi çoxlarının dəyirmanına su axıtdı. Təhlükəsizlik idarəsinin qara maşınları "xalq düşmənləri"ni dənləməyə başladı. Çoxu erməni əsilli yarasalar bir xalqın ən layiqli övladlarının canına daraşmağa başladı.

Və nəhayət, növbə Səmədağa Ağamalıoğluna da çatdı. Xalqın içindən çıxıb, ona can yandıranlardan birinin də canını yandırdılar.

Bir az sonra da hamının Səmədağanın qohumu bildiyi Səbridən də danos yazıldı. Onu Ağamalıoğlu barədə izahat verməyə dəvət edib, elə həmin gün təhlükəsizlik idarəsinin zirzəmisinə atdılar.

Məhkəmədə ayaqları altdan yer qaçdı. Göylər bütün qara buludlarıyla bərabər başına uçmağa başladı. Cəbrayıl onun üzünə dururdu.

- Bu adam dəfələrlə yanımda deyib ki, ən sədaqətli Leninçi yoldaş Stepan Şaumyan ən böyük daşnakdı. O, öz 26 quldur dəstəsiylə Bakını Ermənistanın paytaxtına çevirmək istəyirdi.

Səbri fürsət tapıb Cəbrayılın gözlərinə baxmaq istəyirdi. Çalışırdı yəqinləşdirsin ki, bunları sədaqətinə inandığı, hətta içinə daşınmadan evini verdiyi Cəbrayılmı söyləyir, ya onun içinə girmiş, özünü yaxşıca gizlədə bilmiş bir şeytanmı.

- Hələ bunlar harasıdı, deyir ki, Bakıda vaxtilə oğrubaşı olmuş yoldaş Stalin, indi bu boyda ölkəyə oğrubaşılıq edir...

Axır ki, Səbriyə göstərmədən Cəbrayıl istədiyi qədər gözünü yumub, ağzını açdı.

Ən axırda da dediklərinin doğruluğunu belə bir andla möhürləməyə çalışdı:

- İki gözüm kor olsun, bircə balam ölsün, əgər yalan deyirəmsə...

***

Səbri illərlə Sibirin qarlı gümüşünə çəkildi. Bircə arzuyla yaşadı - qayıdıb, Cəbrayılın gözlərinə baxa bilsin. Yalandan and yeri elədiyi oğluna, atası kimi olmamaq barədə öyed-nəsihət versin.

Amma hər ikisini bacarmadı.

Cəbrayılın örkəni uzanıb, uzanıb haqqın doğanağından keçə bilməmişdi. Oğlu İldırımı qoşulduğu avara dostları öldürmüşdü. Özünün də gözləri kor olmuşdu...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!