Bir siqaret kötüyü - Uraqan Abdullayevin hekayəsi

Hava soyuq idi. Amma buna baxmayaraq yazmağa davam edirdi. Hər dəfə yazdıqca ağzındakı siqaretdən bir qullab alıb, tüstüsünü ciyərlərinə çəkirdi. Amma olsun, beləcə, ruhu rahatlayırdı, beynini dincəldə bilirdi. Ola bilsin, bu zəhrimara görə gələcəkdə xəstəlik tapardı. Olsun, buna da razıydı. Ağzındakı siqaretdən bir qullab daha aldı, bu dəfə nəfəsini ciyərlərinə yox, havaya buraxdı. Axı niyə çəkirdi bu zəhrimarı, onu nə vadar edirdi çəkməyə, ya da ki, niyə başlamışdı siqaretə? Dönüb keçmişinə baxdı; indiyədək addımladığı yollara. Bəzən bu yollar həddən artıq kələ-kötürlü olurdu.  Bəzənsə də yollarda azıb qalmış, hara gedəcəyini də bilməmişdi. Növbəti tüstü ilə birlikdə beynindəki bu yollar dağılmağa başladı.

Soyuq da bir tərəfdən dəli edirdi. Barmaqlarının ucuna kimi donsa da, bir əlində qələm, bir əlində siqaret, yazmaqdan və çəkməkdən yorulmurdu. Görəsən, bunu etdikcə hər dəfəsində nə haqda düşünürdü? Görəsən, ona düşünmək lazımdı, yoxsa, düşünməmək? Bir anlıq düşünmədən durmaq, həsrətin nə olduğunu hər dəfəsində özündən uzaqlaşdıqca bilmək kimi hisslər vardı içində.

Artıq siqareti də bitmək üzrəydi. Qətran kötüyə doğru yaxınlaşırdı. Damağından götürüb, barmaqlarının arasıyla birlikdə əllərini isitməyə başladı. Görəsən, hansı daha çox isidirdi? Tüstünü dodaqlarından içinə çəkər kən, yoxsa, əlləriylə birlikdə barmaqlarını isidərkən?

Bərk əsən küləklə birlikdə fikirlərdən ayıl dı. Tez ovcunun içinə bir də baxdı. Artıq siqareti bitmiş, əlindəsə, sadəcə, kötüyü qalmışdı. Siqareti bitsə də, əlindəki qələmdən mürəkkəb hələ də  axmağa  davam  edirdi.  Ona lazım olan hansıydı: siqareti, fikirləri, yoxsa, qara qələmi?

Öz-özünə düşündü:

"Bəlkə də, biz, qara qələmdən axan mürəkkəbtək kimlərinsə siqaret tüstüsündən çıxan fikirləriydik".

Əlindəki siqaretin kötüyünə bir də yaxşı-yaxşı baxdı. Özü də yaxşı bilirdi ki, onun siqareti axan qara qələmindən ibarətdir. Simasından xoş bir gülümsəmə keçdi. Artıq bədəni və ruhu isinmişdi. Əlindəki qələmi döş cibinə qoyub, oturduğu köşkdən uzaqlaşdı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!