Polad müəllimin evi kəndin əl-ayaq dəyməyən, lap uçqar hissəsində yerləşirdi. Onlar bura bir necə il əvvəl Qukark rayonundan gəlmişdilər. Gəlmə olduqlarına görə kənd əhalisi əllərindən gələn köməkliyi onlardan əsirgəməmiş, köməkləşib ikigözlü ev də tikmişdilər. Elə gəldikləri gündən Polad müəllim evlərindən xeyli aralıda yerləşən kənd məktəbində hərbi dərsi deyir, qalan vaxtlarını da qoyun-quzu saxlamaq, bağ-bostan əkməklə keçirir, bir növ, doğma Çiçəklinin həsrətini, çəkdikləri məşəqqətlərin ağrı-acısını ovutmağa çalışırdı.
Dinc-qayğısız öz halal torpaqlarında yaşadıqları vaxt mənfur ermənilərin torpaq xəstəliyi baş qaldırmış, qəflətən ev-eşiklərindən onları didərgin salmışdılar. Qohum-əqrabaları, kəndin camaatı hərəsi bir yerə dağılanda Polad müəllim məhz buranı seçib gəlmişdi:
- Qoy düşmən elə bilməsin ki, biz bu qisası onlarda qoyacağıq. Torpaqlarımızın hər qarışı mənə Vətəndir, təki salamatçılıq olsun, - deyirdi.
Çiçəklidən çıxanda saqqallılarla əlbəyaxada aldığı yaraların ağrısı hələ canından çıxmamışdı. Xüsusən, sol biləyinin sınığı onu çox incitsə də, ağrılarını biruzə vermir, hələ də ovuna bilməyən oğlunun, arvadı Gülbəsin könlünü almaq üçün deyirdi:
- Görərsiniz, mən burda dığaların gözləri qarşısında elə bir ev tikib təsərrüfat quracam ki, Çiçəklidəkindən də gözəl olacaq. Nə fərqi var, Gülü, evin nə başı, nə ayağı. Elə bu torpaqların hamısı bizim doğma yurd-yuvamız deyilmi? - desə də ürəiyndən qara qanlar axır, qoyub gəldiyi ata, ana, baba qəbirlərinin harayı ona dinclik vermir, intiqam hissi Polad müəllimi rahat buraxmır, yuxusunu ərşə çəkirdi.
- Gülüyə deməsəm də, buranı mən özüm seçdim ki, fürsət düşəndə bu dığaların anasını ağlar qoyum. Şəhid Çiçəklinin intiqamı yerdə qalmasın, - deyə düşünürdü. Polad müəllim bilirdi ki, burada da əvvəlki rahatlıq, dinclik yoxdu. Kənd daima qorxu-səksəkə içindədir. Evlərdə olan ov tüfənglərini də gecəykən yığıb sakinlərdən alıblar. Dığaların qabağına çıxmağa beldən, yabadan, kərəntidən başqa bir şey qalmayıb. Axı necə ola bilər ki, düşmən əlisilahlı qulağının dibində dayansın, sənin bir ov tüfəngin də olmasın, torpağını, ailəni qoruyasan? Bunun günahı o yuxarıda oturanlardadır. Günün-günorta sağı iki yeniyetməni ermənilər öldürsün, biz bir qadın kəlyağısını adlayıb keçməyək ki, nə var, nə var, qan tökülməsin. Ata-baba adətlərimizə riayət edən gənclərimizi alqışlasam da, yenə də bir şey məni yandırır ki, vurmaq lazımdırsa, gərək vaxtında vurasan. İndi buyur, bax! Ermənilərin dişlərində şirə qalıb. Sumqayıtda törətdiklərini indi də Xocalıda davam etmək istəyirlər.
Əhali arasında ümidsizlik yaranmışdı. Polad müəllim bir neçə dəfə kənd ağsaqqalları ilə məsləhətləşsə də, "silahsız camaatın əlindən nə gələr" - deyib susmuşdu. Polad müəllimin gümanı gənclərə idi. Kəndin cavanlarını bir yerə yığıb sözə başladı:
- Bu qədər qüvvəsi olan kənd camaatı da oturub gözləyər ki, görək nə vaxt ermənilər gəlib ana-bacılarımızı əsir aparacaqlar? Bu papağı başımıza niyə qoyuruq, qardaş? Ona görə bu papağı gəzdiririk ki, burda qoyub qaçaq?
Rövşən adlı gənc ürəklənərək irəli çıxıb qeyzlə:
- Polad müəllim, çarəmiz nədir, arvad-uşağın əlindən tutub çıxaq, erməniyə də deyək ki, buyur gəl, isti evimizdə otur? Gözləyirik ki, görək, bəlkə, yuxarılar bir şey düşünüb tapacaqlar. Onlardan da səs-soraq yoxdur. Silah güzlədənləri həbslə hədələyirlər. Bəs nədir çarəmiz? Sumqayıt hadisələrini ermənilər özləri yaratdılar, nəticədə neçə min azərbaycanlı yurd-yuvalarından qovuldular. Siz ki, bu müsibətləri gözlərinizlə görüb gəlmisiniz. İtin qabağına çomaqla çıxmaq lazımdır, əliyalın yox.
Polad müəllim bu cəsarətli, gözlərindən qan daman oğlanın sözünü qəribliyə salmadı:
- Düz deyirsən, Rövşən, mən də səninlə razıyam. Bir halda ki, yuxarılar başlarını itiriblər, biz niyə bazımızdan keçək. Bizim də düşünən başımız var axı? Çox şey eləyə bilərik.
Rövşən yerindən bir az dikəldi, gözlərində ümid qığılcımları parıldadı.
- Məsələn, müəllim, nə edə bilərik?
Polad müəllim hədəfə vurmuş kimi ürəkləndi:
- Uşaqlar, mən sizin kəndin təzə sakiniyəm, valideynləriniz deyə bilər ki, Polad müəllim tovlayıb uşaqlarımızı ölümə apardı. Axı sizin hər biriniz bir evin çırağını yandırırsınız, heyifsiniz. Amma namus-qeyrət verilməyib ki, çölə ataq. O, bizə qorumaq üçün verilib. Əsli-kökü bilinməyən, zatıqırıq ermənilər ana-bacılarımızı əsir aparsalar, necə? Bəs bu qeyrətsizliyi kimin adına yazacağıq?
Polad müəllimin səsi titrədi, kövrəldiyini üzə vurmamaq üçün sözünə ara verdi. Sözü elə bil boğazına tıxandı. İri çiyinləri yüngülcə titrədi. Özünü tez ələ aldı.
Bayaqdan qulaq asan, dinib-danışmayan Kərim dilləndi:
- Siz deyənlərin hamısı düzdür, Polad müəllim. İndi silahı hardan tapaq axı?
Elə Polad müəllimə də bu lazım imiş kimi başını qaldırdı:
- Mən qarabağlıların namusuna-qeyrətinə yaxşı bələdəm.
Döyüşkənliklərinə də şübhəm yoxdur. Onu buraxın mənim öhdəmə. Kim könüllü vuruşmaq, ermənilərə gücümüzü göstərmək istəyirsə, könüllü "Müdafiə dəstəsi"nə yazılsın. Amma mənə bir nəfər köməkçi lazımdır.
Rövşən sorğu-sualsız ayağa qalxdı:
- Siz hara ayaq qoysanız, mən başımı qoymağa hazıram. Təki silah verin. Silahsız igidin gücü-qüvvəsi olmaz, müəllim. Bilirsiniz də, ermənilərdə nə qədər top-tüfəng var.
Polad müəllimin sevincindən gözləri yaşarmışdı. Belə gənclələ lap dağı aşırmaq olar, - deyə fikirləşdi.
- Onlar köpək kimi qaraya hürürlər. Əslində tülkü kimi qorxaqdırlar. Onları sizdən əvvəl mən görüb gəlmişəm. Törətdikləri vəhşilikləri də gözümlə görmüşəm. Onlarla xüsusi haqq-hesabım var.
- Hə, indi, müəllim, sözün qısası, deyin görək silahı necə və hardan alacağıq?
Onun qara, qalın qaşları çatıldı. Dişləri bir-birinə sıxıb düyünlənmiş yumruğunu dizinə çırpdı. - Tikəmizin artığını yeyənlər indi bizə qənim kəsiliblər, - deyib müəllimə doğru bir az da əyildi.
- Hardan? Elə ermənilərin özündən, Rövşən! - deyib bığının altında azacıq dodağı qaçdı.
- Onlar öz xoşları ilə silahlarını bizə verəcəklər ki, a dəli müsəlman, gəl bizi qır?
Hamı gülüşdü.
- Yox, Rövşən, məsələ sən düşünən kimi deyil, əlbəttə, mənimlə razılaşsanız, yolunu sizə deyərəm.
Uşaqlar arasında bir canlanma yarandı elə bil. Hamı Polad müəllimə diqqət kəsilmişdi.
- Mənə ermənilərin silahlarının yerini öyrənə bilən hər nəfər lazımdır. Axı mən bu ətrafı yaxşı tanımıram. Bir neçə dəfə kəşfiyyata gedib öyrənərik, sonra da gecə gedib gətirərik.
Bayaqdan bəri pəncərənin dalından söhbətə qulaq asan Xıdır dilləndi:
- Mən gedərəm, ata! Siz mənə etibar etsəniz, silahın yerini öyrənə bilərəm.
Polad müəllim özü də heyrətlənmişdi. Xıdırın heç on dörd yaşı tamam olmamışdı. Bu yaşda uşağın elə ciddi işlərə qoyulmasına razı ola bilməzdi. Birdən-birə etirazını bildirmədi. Allah eləməmiş, başına bir iş gəlsə, mən buna dözə bilmərəm. Polad müəllim haçandan-haçana dilləndi:
- Sən necə gedə bilərsən, bala, bu dağları, meşələri hələ yaxşı tanımırsan axı?
- Çox yaxşı tanıyıram, ata! Sən özün demirdinmi, müharibədə uşaqlar böyüklərdən də çox hünər göstəriblər? Mən dostum Səmədlə bunu çoxdan planlaşdırmışdıq. Ancaq səndən icazəsiz getməyə ürək eləmirdim. İndi ki dəstə yaradırsınız, məni kəşfiyyata Səmədlə birlikdə yaz. Biz sizin üzünüzü ağ eləyərik, ata, yalvarıram, razı ol! Axı mən də bir kişiyəm.
Hamı gülüşdü. Uşağın cürətinə heyran qalmışdılar. Xıdırın cavabını eşidənlərin çoxunu sanki tər basmışdı. Toplaşanlar sözə bir qədər ara vermişdilər Xıdır dilləndi:
- Olaydı Çiçəkli, onda görərdiniz bu qarabala nələrə qadirdir. Qonşu erməni kəndlərinin bütün bənd-bərəsinə də bələddim. Burada da dostum Səmədlə neçə vaxtdır ki, bu haqda götür-qoy edirik. Amma məsləhətsiz iş görmək istəmirdik.
Polad müəllimin əlacı kəsilmişdi. Bir də bu ağzından süd iyi gələn uşağı bu işə qatmaq, Gülbəsin nigarançılığını birə-beş artırmaq istəmirdi. Onsuz da, dağılan evlərinin, kənd yandırılanda evdən çıxa bilməyən xəstə atasının faciəli ölümünün yasından hələ çıxa bilmirdi Gülü (evdə onu Gülü deyə çağırırdılar).
İndi yeganə ciyərparasını bu işə qoşub Gülünün dərdinin üstünə dərd qoymaq istəmirdi. Artıq geriyə yol yoxdur. Tökülən su bir də qaba dolmaz. O, öz hökmünü vermişdi.
- Qoy istiyə-soyuğa düşüb bərkisin. Yaşadığımız narahat dünyada indi bu çox vacibdir. Kim bilir, mənim başıma nə gələcək? Qoy heç olmasa anasını, balaca bacısını qoruya bilsin. Bu ab-havanı ki belə görürəm, bu xəmir çox su aparacaq, deyəsən...
Gecənin qaranlığı evlərin üstünə elə sökmüşdü ki, iki addım aralını görmək olmurdu. Həyətlərdən ara-sıra itlərin qaraya hürməsindən başqa ətrafda bir səs-səmir yox idi. Onsuz da narahatçılıq içində yaşayan kənd camaatı axşamdan işıqları söndürmüş, qapı-pəncərəni tərkidib yatmışdılar. Dağlardan yenən soyuq hava gecənin zülmətinə qarışmışdı. Həyəcandanmı, ya elə fikirdənmi Polad müəllimin az qala dişi-şişinə dəyirdi. Yandırdıqları odun peçi də çoxdan keçmişdi.
Polad müəllim bir neçə dəfə çıxıb həyətə baş çəkdi, heyvanların tövləsini dönə-dönə yoxladı, qayıdıb əlində gətirdiyi odun parçasını ocağa qoydu. Əlləri əsdiyindən kibriti çəkə bilmədi. Mizin üstündən bir kağız parçasını götürüb sobanı yandırmaq istədisə də, mümkün olmadı... Odun çox yaş idi.
Gecədən xeyli keçmişdi. Özü yola saldığı Xıdırdan, Səməddən hələ də bir xəbər yox idi. Gülü təşvişlə otaqları gəzir, bir yaşlı Sevinci yatırtmaq istəsə də, uşaq anasının sinəsindən qopub yatağa uzanmırdı. Körpənin səsini Polad müəllim sanki eşitmirdi. Güllü qonum-qonşuya bir neçə dəfə baş vursa da, sakitləşmirdi. İşdən xəbərdar olduğunu biruzə verməmək üçün Gülbəsin gözlərinə baxa bilmirdi Polad müəllim.
- Hər şey yaxşı olacaq. Gülü, səbrini baş, Allah kərimdi. İndi harda olsa, gələr. Axı o, sən deyən ana uşaqlarından deyil, Gülü! Özün deyirdin ki, Xıdır çox diribaş, fəhimli uşaqdır. Dəyirmanın boğazına ölü salsan, diri çıxar. İndi nədən qorxursan axı? Harda olsa, gələcək.
Bir azdan palçıq içində gələn Xıdırı atası güclə tanıdı. Tez paltarını dəyişdirib yatağına uzatdı ki, Gülü onun kolda-kosda çızılmış yaralarını görməsin. Yataq otağına keçib rahat nəfəs aldı.
Vəziyyət get-gedə çətinləşirdi. Ətraf kəndlər bir-birinin dalınca ermənilərin əlinə keçirdi. Polad müəllimin yaratdığı "Müdafiə dəstəsi" də böyüyür, ermənilərə dinclik vermirdi. Dəstə silah əldə etdikdən sonra Xıdır bu dəstənin bir üzvü kimi döyüşçülərdən geri qalmır, böyüklərin bacara bilmədiyi işlərin öhdəsindən bacarıqla gəlirdi. Atasından gizli heyvan tövləsində gizlətdiyi avtomatı da işlətməyi öyrənmişdi. Elə vaxt olurdu ki, Polad müəllim iki-üç gün evə gəlmirdi. Xıdır ana-bacısının qayğısına böyük adamlar kimi qalırdı. Ermənilər atasının başına qiymət qoymuşdular. Onu öldürən və ya tutan adama mükafat vəd edirdilər. Bundan Xıdır çox qürur duyur, yaşıdları arasında hərdən öyünürdü də. Polad müəllimin dəstəsi özlərinə gizli sığınacaq düzəltmişdilər. Ətraf kəndlərə tez-tez hücum edən ermənilərə dəstə layiqincə dərs verir, planlarını alt-üst edirdi.
Atası bir gün onu yanına çağırıb dedi:
- Xıdır, görürəm sən ürəkli, bacarıqlı, qorxmaz balasan. Vəziyyət elədir ki, insanın başına hər iş gələ bilər. Ananı, bacın Sevinci sənə tapşırıram.
Bir qədər də zarafatyana:
- Axı sən kişisən!
Qonşu Sırxavənd kəndi uğrunda qızğın döyüş gedirdi.
Xıdır bilirdi ki, atasının dəstəsi yaxın meşələrdə gizlənib ermənilərə göz verib, işıq vermirlər. Artıq atışma səsi kəndin içində aydın eşidilirdi.
Kənd sakinləri evlərini tərk etmək fikrində deyildilər. Lakin insanların üzündə bir kədər, bir narahatçılıq var idi. Kənddə çoxlu uşaq, qoca, əlil var idi. Əlli-ayaqlı cavanlar meşələrə, dağlara çəkilib vuruşurdularsa da, hamı gün kimi aydın bilirdi ki, bu birləşmiş rus-erməni quldurlarının topu-tankı qarşısında qüvvələri çox azdı. Bütün bunlara baxmayaraq hamı səksəkə içində səhəri açrıdı. Gülbəs gecələr kərəntəni, beli yanına qoyur, hər dəfə bir cam duzu əlinin altında saxlayırdı. Bunu nənəsindən öyrənmişdi. On səkkizinci ildə evlərinə basqın edən erməninin gözünə duz atan nənəsi babası Göyüşü ölümdən xilas etmişdi. Bu, onun uşaq yaddaşına çoxdan həkk olunmuşdu: "Balalarımı xilası üçün əlimdən gələni etməliyəm. Suda boğulan saman çöpünə əl atar", - deyib duz dolu kasanı özündən kənar qoymurdu.
Kəndin üstünə elə bil zülmət çökmüşdü. Bir addım aralıda gözə barmaq soxsan görmək olmurdu. Ara-sıra hürüşən kənd itlərinin səsi gəlirdi. Əhali işıq yandırmırdı. Polad müəllimdən səs-soraq belə yox idi. Üzdə deməsələr də, bəzi kənd sakinləri için-için çəkilib getmişdilər. Gülbəs zəncirdə özünü yeyib-tökən Sarıbaşı buraxmışdı. Buz kimi soyuq otaq elə bil dilə gəlib danışırdı. Uşaqların hər ikisini bir yatağa salan Gülbəsin gözünə yuxu getmirdi. Bura nə qədər rahat olsa da, (insafən özünü doğmaları arasında olduğu kimi hiss edirdi) o müdhiş gecədə, evlərinin qapı-pəncərəsindən qalxan alovun içərisində yanıb külə dönən atasının səsi qulaqlarından getmir, unuda bilmirdi. O gecə özünü odun içərisinə atıb yazıq qocanı xilas etmək üçün can atan Poladın başından nankor qonşu elə vurmuşdu ki, Polad müəllim ayılanda özünü üstüaçıq maşında görmüşdü.
Onun ilk sözü bu olmuşdu:
- Məni kim vurdu, Gülü? Bəs atan hanı?
Gülbəsin üz-gözünün, yaxasının cırıldığını görüb işin nə yerdə olduğunu anlamışdı. İlk dəfə olaraq başını Gülbəsin sinəsinə söykəyib uşaq kimi ağlamışdı Polad müəllim. İlk dəfə bir and dilini od kimi yandırıb ürəyini dilim-dilim qarsımışdı.
- Bu qisas yerdə qalmayacaq, - demişdi.
- Bir dəfə erməni bizi didərgin saldı, bura gəldik. İndi burdan hara gedək? Öz torpağımızda bu yurdsuz-yuvasız, dini-məzhəbi bilinməyən dığaların əlindən qaçqın düşdüyümüz bəsdir! Öldü var, döndü yox, biz burdan heç yana getməyəcəyik.
Gülbəs təzə tikdikləri evin pilləkənində oturub olub-keçənləri təkrar çözələyir, hərdən də Polada haqq qazandırırdı:
- Polad elə düz deyir, haqdı! Mən bir az hövsələsizlik edirəm, amma ermənilər bizi öz torpağımızdan iki dəfə qaçqın sala bilməzlər. Çiçəklidə başımıza gələn faciəni ikinci dəfə yaşamaqdansa, elə meşələrə çəkilib bu qansızlara qan uddurmaq lazımdır. Bu neçə ayda Polad ev-ailə üzü görməyib, əvəzində onun dəstəsi elə-ad-san qazanıb ki, hətta ermənilər onun başının qiymətini bilirlər. Sağ ol, Polad, ürəyimə vurulan yaranın odu-alovu üstünə sən su səpdin. - O, dərindən köks ötürüb ayağa qalxmaq istəyirdi ki, birdən elə dəhşət qopdu ki, it hürüşündən, arvad-uşaq çığırtısından qulaq tutuldu.
Gülbəs özünü yatan uşaqların üstünə atdı. Sevinci geyindirib qurtara bilmədi. Evə soxulan yaraqlılar onun başının üstünü aldılar.
- Yaxşı əlimizə keçdin, türk ləçəri. Ərini tuta bilmədik, indi onun əvəzində sənin toyunu çalarıq. Ara, mən bu bu günü çoxdan gözləyirdim. İndi burdan tərpənmək istəməyənləri gör necə dingildəcəyik? Massab haqqı burda, torpaqlar var ha, bir xəzinədir, xəzinə.
Burnu çənəsinə qədər sallanan saqqalı bel kəmərini bərkidə-bərkidə irəli yeriyib Gülbəsin sağ böyürünə bir təpik vurdu:
- Götür küçüklərini, sən bizə lazım olacaqsan.
Gülbəs aşağı əyilib Sevinci götürmək bəhanəsilə cam dolu duzu saqqalının gözünə atdı. O biri avtomatın gundağı ilə Gülbəsi yerə sərdi. Saqqalı ayı kimi bağırıb gözünü tutdu.
Xıdır yaddan çıxmışdı. Huşu özünə gələn Gülbəs Xıdır - deyə ətürpədici səslə qıyya çəkdi. Xıdır əlindəki avtomatı saqqallıya tuşlamışdı:
- Sevinci götür, meşəyə qaç, ana! - Deyə Xıdır qəflətən dilləndi. Anasını vuran erməni köpəyi evin ortasında qan içində çabalayrıdı.
O, biri dığa:
- Vay gözüm, - deyə özünə gəlincə, Xıdır ana-bacısını götürüb meşənin lap dərinliyinə çəkildi. O, dəstənin gizli sığınacaq yerini bilirdi. Ora can atan Xıdır yaxınlaşanda səs eşidib dayandı. Sevinci kürəyinə bağlayan Gülbəsin az qala nəfəsi kəsilirdi.
- Bala, bir az dayan, toxtayım! - Dedi.
- Yox, ana, dayanmaq vaxtı deyil, bizi tuta bilərlər.
Qaranlıqda səs gələn tərəfə getdilər. Bir ümid, bir inam bu balaca, qurd ürəyi yemiş sığınacağa doğru çəkirdi. Burada öz döyüşçülərindən mütləq olacağına əmin idi. lap yaxına gəldilər. Xıdır yad danışıq eşidib tələyə düşdüklərini anladı. Artıq gec idi. Ayaq üstə tir-tir əsən anasında taqət qalmamışdı. Saqqallılar bir göz qırpımında onları mühasirəyə aldılar. Xıdır başından aldığı zərbədən yerə sərildi. Gülbəsin yalvarışları, qarğışı bir nəticə vermədi. Yekəpər, tütün səkməkdən dişləri saman kimi saralan bir erməni:
- Ara, elə bunları Allah özü bizə yetirib. Uşaxlara dəyməyin, onlar bizə lazım olacaqlar. Amma bu türk gözəli pis deyil ha... - Hırıldayıb güldü.
Yaxınlaşıb Gülbəsin üzünü-gözünü şillələdi. Qarnına dəyən təpikdən ikiqat oldusa da, Gülbəs səsini çıxarmadı. Sinəsinə sıxdığı Sevinci daha bərk qucaqladı. Saqqallı nə qədər əlləşdisə, uşağı onun sinəisndlən qopara bilmədi. Haçandan-haçana özünə gələn Xıdır anasının bu görkəmindən od tutub yandı. İlk dəfə olaraq kövrəldi:
- Haradasan, ata! - deyə inildədi. Gözlərindən axan yaş sinəsini, yanaqlarını islatdı. Üzünü torpağa söykəyib səsini çıxarmamaq üçün bir ovuc torpaq götürüb ağzına basdı. Gülbəsi o qədər sürümüşdülər ki, ağlamağa da halı qalmamışdı. Sevincin qorxudan dili batmış, gözləri hədəqəsindən çıxıb böyümüşdü. Xıdır yerindən qalxıb anasına sarı süründü. Sevinci anasından almaq istəyən dığanın arxadan üstünə atıldı. Dişi ilə boynunun ardından elə yapışdı ki, axan qan erməninin boyun-boğazını, yaxasını boyadı. Əlləri boşalan erməni Sevinci buraxıb Xıdırın ayaqlarını boynundan açmağa çalışdı.
Xıdır:
- Sevinci götür qaç, ana! Mən ölsəm də, sizi bu qaniçənlərin əlinə vermərəm! - dedi.
Gülbəs yarımcan sevinci götürüb yeraltı daxmadan çıxmaq istəyəndə qarşısında yekəpər saqqallını görüb yerə çökdü. Sevinc qollarının arasnıdan daş kimi sürüşüb yerə düşdü. Uşaqda həyat əlaməti yox idi. Gülbəs gücünü toplayıb özünü uşağın üstünə atdı. Aldığı zərbədən huşunu itirdi. Uşağın öldüyünü görən bu qansızlar:
- Ara, bu bizə diri lazım idi. Bilirsiniz ki, hər bir türk uşağının ürəyi, böyrəyi bizə nə qədər pul gətirə bilər. Haykaz bunu bizə bağışlamaz. Axı Amerikadan, Fransadan neçə dostumuz bizə bunu zakaz veriblər.
Səsə daxmadan bir neçə saqqallı da çıxdı. Sevinci yerə sərili görüb gülüşdülər. Ayaqları ilə uşağı bir-birinə futbol topu kimi atır, oynayırdılar. Huşu özünə gələn Gülbəs dişlərini bir-birinə sıxmışdı ki, səsi çıxmasın. Gözlərini yumdu ki, balasının cəsədini benzin töküb odladıqlarını görməsin. İki saqqallı onun göz qapanlarını aralayıb baxmağa məcbur edirdi.
- Siz türklərin bir küçüyünü də salamat buraxmaq olmaz. Sonra o balaca küçüyünüz qurda dönür. Aç gözlərini, bax ki, bu yerlərə cürət edib bir də gəlməyəsən. Ərin çox erməni analarını ağlar qoyub, indi də sənin növbəndir.
Gülbəsin ağlamağa gücü qalmamışdı. Əllərini qoynuna soxub yerindəcə donmuşdu. Gecə ana-balanı mal tövləsinə atıb qapısını bağladılar. Qana bulanmış, heysiz, taqətsiz Gülbəs Xıdırın da öldüyünü zənn edib ona sarı süründü. Xıdır anasına ürək-dirək vermək üçün başını qovzadı. Anasının əlini əlinə alıb bərk sıxdı. Qoynunda gizlətdiyi bıçağı çıxarıb tövlənin arxa divarındakı taxtanı kəsməyə başladı. Ana qorxudan, heyrətdən yerində qurumuşdu. Gecə saqqallıları yuxuya verib ana-bala tövlədən çıxdılar. Ayaqları yer tutduqca meşənin içərilərinə qaçdılar.
Gülbəs özünün sağ qalmağını istəmirdi. Məqsədi Xıdırı yağı əlindən qurtarmaq idi. Hiss edirdi ki, Sevincin müsibətindən sonra yaşaya bilməyəcək. Ayaqları dalınca getmirdi. Odur ki, qaranlıqda dayanıb Xıdıra dedi:
- Bala, məni burda qoy, get! Barı sən salamat qall! Atan sağ olsa, səni mütləq tapacaq. Ancaq indi mənə qulaq aç. Çay kənarına çıxsan, onun axarıyla gedərsən. Çay səni yaşayış yerlərinə aparıb çıxaracaq. Gecə yorulsan, ağacın haçasına çıx. Yerdə sənə qurd-quş dəyə bilər. Hansı kəndə gedib çıxsan, sənə həyan duran olacaq. Sonra Bakıya Bəxtiyar əmingilə gedərsən. Mən Sevincim yatan torpaqda ölmək istəyirəm. Sağ qalsan, atana deyərsən, bizi burda axtarsın.
Xıdır anasının sözlərindən təsirlənib ağlamaq istədisə də, onları ermənilərin eşidə biləcəklərindən ehtiyatlandığından səsini boğdu. Qaranlıqda yavaşca hıcqırdı:
- Yox, ana, səni burda tək qoyub gedə bilmərəm. Axı atam sizi qorumağı mənə tapşırmışdı.
- Nə etmək olar, yəqin bu bizim taleyimizə yazılıb. Yazıya pozu yoxdur, oğlum. Biz Quqarkdan - ata-baba yurdumuzdan qovulanda sənin səkkiz yaşın təzəcə tamam olmuşdu. başımıza gələn bu müsibətləri ikinci dəfədir ki, görürsən. Alovlanan evimizdən çıxara bilmədiyimiz babanın səsi qulaqlarımdan getmir, bala!
Gülbəsin səsi qırıldı. Hıçqırtıları deyəcəyi sözləri eşitməz etdi. Qaranlıqda dişləri bir-birinə dəydi. Canına düşən üşütmədən yaxa qurtarmaq üçün Xıdırı özünə yaxın çəkib sinəsinə sıxdı. Xıdır da əsim-əsim əsirdi. Soyuq payız küləyi, üstəlik aclıq, qorxu onu da əldən salmışdı.
- Arxayın ol, ana, biz mütləq burdan sağ-salamat çıxacağıq, amma heyif ki...
Xıdır Sevinc sözünü dilinə gətirə bilmədi. Qaranlıqda dodaqları əsdi, səsi eşidilməz oldu. Hələ bərkiyib ərsəyə çatmayan çiyinləri titrədi.
- Yox, bala, sözümü kəsmə. Bunları sənə deməkdə sözümün canı var.
- De, ana, de! Nə desən, yerinə yetirəcəyəm. And içirəm ki, Sevincin qisasını yerdə qoymayacam.
- Atana deyərsən ki... - Gülbəsin səsi qırıldı. - Məni harda dəfn etsə, yanımda Sevinc üçün də baş daşı qoysun. Bir də bu gördüklərini heç vaxt unutma! Düşmən hər vaxt düşməndir!
Ana-bala bir-birlərinə qısıldılar. Elə bil canlarına istilik gəldi. Yoğun bir ağacın gövdəsinə söykəndilər. Göz-gözü görmürdü. Ağacların hər biri adama dönmüşdü, getdikləri yerin səmtini-yönünü itirmişdilər. Qəfil ermənilərə tuş olmamaq üçün bir az gedir, dayanıb dinləyir, yenə də yollarına davam edirdilər. Birdən elə bil hənirti eşitmiş kimi Xıdır anasının əlindən dartıb dayanmağa işarə etdi. Gülbəs ayaqüstə sanki can verirdi. Uçuna-uçuna yerə çökdü. Xıdır anasını ağacın gövdəsinə söykəyib bir az irəli çıxdı.
Bir cüt göz qaranlıqda parıldayır, hərdən də zəif səslə inildəyirdi.
- Kömək edin, qardaşlar!
Xıdır bir az da irəli dayandı. Ətrafa göz gəzdirsə də, bir şey görə bilmədi. İkinci dəfə öz dilində "qardaşlar" sözünü eşidib ürəkləndi. Artıq səhərin ilk işartısı görünürdü. Alatoran olsa da, az-çox nəyi isə seçmək olurdu. Xıdır zarıyanın özününkülərdən olduğuna əmin olduqdan sonra ürəkləndi. Anasını arxayınlaşdırmaqdan ötrü geri döndü. Ağaca söykəyib getdiyi anasında həyatdan əsər-əlaməti qalmamışdı. Xıdır qaranlıqda əlini anasının üzünə, alnına sürtdü, yaxınlaşıb qulağını anasının sinəsinə söykədi. Anası nəfəs alırdı. Xıdır sevindiyindən qışqırmaq istədi. Səsi boğazına tıxanıb qaldı. Anasının qulağına sarı əyilib bir neçə dəfə: - Ana, ana! - deyə pıçıldadı. Gülbəsin qaranlıqda az qala bağrı yarılan balasına yazığı gəldi, bütün gücünü toplayıb Xıdırın əlini sıxdı ki, sağ olduğunu bildirsin. Ana-bala qucaqlaşdılar. İndiyə qədər özünü kişilərsayığı aparıb anasına ürək-dirək verən Xıdır onun qucağında cocuqlaşdı, ana mehrindən, ana təmasından qəhərləndi. Gülbəs Xıdırın çiyinlərinin titrəməsindən onun ağladığını başa düşüb yerdən qovzandı. Səhərin soyuğundan tir-tir əsən balasını isitmək üçün başındakı cırıq şal parçasını açıb Xıdırın başına doladı. Sinəsini oğlunun sinəsinə söykəyib əllərini qoynuna saldı. Üzünü-üzünə söykəyib nəfəsi ilə hovxura-hovxura Xıdırı isitdi.
Bir azdan hava işıqlandı. Ana-bala elə bil yuxudan ayıldılar. Daha burda qala bilməzdilər. Yenidən ermənilərin əlinə keçə bilərdilər. Xıdır gördüklərini Gülbəsə dedisə də, nə edəcəyini kəsdirə bilmirdi. Yenidən gələn inilti səsi onu uzaqlaşıb getməyə qoymurdu. Gülbəs əllərini yerə söykəyib çətinliklə ayağa qalxdı. Ağaca yaxınlaşıb gördüyündən dəhşətə gəldi. Rövşəni erməni faşistləri tanınmaz hala salmışdılar. Onu ölmüş bilib çıxıb getmişdilər. Ağaca sarınan Rövşənin başı sinəsinə sallanmışdı. Sinəsindən, başından axan qan yerdə laxtalanmışdı. Xıdır anasının üzünə baxdı:
- Biz nə edək indi, ana?
Ətrafdakı meyitlərin çoxu onların kəndinin adamları idi. Bura atasıgilin toplaşdıqları gizli yer idi. Xıdır bura çox gəlib-getmişdi. İlk dəfə ermənilərdən gətirilən silahı da atası burda gizlətmişdi. Meyitlərdən Xıdır hər şeyi başa düşdü. Lakin atasını onların arasında tapmadığına görə bir az yüngülləşib, toxtadı:
- Dayanın, faşistlər, el-obanın igidlərini nə qədər qırsanız da, hamısını yox eləyə bilməyəcəksiniz. Bu torpağın qisası sizdən alınacaq. İnanıram ki, atamın dəstəsindəki şahinlərin hamısını öldürə bilməmisiniz.
Xıdır cib bıçağını çıxarıb Rövşənin əl-ayağındakı ipləri kəsdi. Yaralı Rövşən daş kimi Xıdırın üstünə gəldi. İkisi də yerə sərildi. Rövşən Xıdırı çoxdan tanımışdı. Yeraltı sığınacağa sarı süründülər. Gülbəs addımlarını ata bilmirdi. Hər addımbaşı yıxılırdı. Koldan-kosdan tuta-tuta onların dalınca gedirdi. Yeraltı sığınacağa girəndə torpağın istisi elə bil canlarına qüvvət gətirdi. Hava artıq işıqlanmışdı. Burda qalmaq qorxulu idi. Rövşən əli ilə qazmanın sol küncünə işarə etdikdə Xıdır bir şey anlamadı. Küncdəki ağac qanadlarının altında bir bağlama gizlədilmişdi. Rövşən onu gətirməyi işarə ilə bildirdi.
- Nə yaxşı, faşist köpəkləri onu tapa bilməyiblər, - deyə pıçıldadı.
Xıdır bağlamadan yod, tənzif çıxarıb gətirdi. Rövşənin yaralarını sarıdılar. Bir az da irəli gedib bıçaqla yeri qazmağa işarə etdi.
Avtomat hissələrini görəndə Xıdırın gözlərinə işıq gəldi. Avtomatı yığdılar. Burada dayanmaq olmazdı. Xıdır iki ağac parçasını gətirib dayaq üçün Rövşənə verdi.
Rövşən başa düşdü ki, Gülbəsgil yolu yaxşı tanımırlar. Odur ki, bütün gecəni Ağdama sarı getmək əvəzinə bir yerdə fırlanıblar. Onun sol qolu ət paçası kimi yanına sallanmışdı. Ayağının biri yaralı olduğu üçün getmək ona çətin idi. Əksər vaxtlarda Rövşən, demək olar ki, sürünürdü. Acından az qalırdı taqətini itirsin. O, cadar-cadar olmuş dodaqlarını dili ilə yalayıb islatdı. İyrənc qoxudan ürəyi bulandı. Ermənilər onu ağaca sarıyanda necə dəfə su istəmişdisə ona su əvəzinə dəmir qabda sidik içirmək istəmişdilər.
Xıdır Rövşənə və anasına növbə ilə kömək edə bilirdi. Birini 20-30 metr aparıb qoyur, sonra o birisinin dalınca qayıdırdı. Özü də əldən düşmüşdü. Əl-ayağı cızıq-cızıq olmuşdu. Əynində demək olar ki, paltardan əsər-əlamət qalmamışdı. Bir tərəfdən də aclıq, susuzluq öz işini görürdü. O, anasını irəli sürüyüb, geri qayıtmaq istəyirdi ki, yad danışıq eşidib dayandı.
- Ara, gəl sıxıb gedək, eli. İndi musurmanların əlinə keçə bilərik. Onların güvəndikləri Ağdama az qalıb. Ələ keçə bilərik. Naxax yerə dəstədən ayrılıb səninlə bura gəldim. Massab haqqı, mən qorxuram. Gəl qayıdax geri.
- Ağ ciyər olma, Aşotcan. Sən bilmirsən ki, o quş bizimkilər üçün nə hədiyyə olardı. Onu tutsaq, elə Polad müəllim əlimizdədi, eli.
- Qurddan törəyən də qurd olar. Görmədin əlimizdən necə çıxdı? Harda olsalar, bu ətraflardan Ağdama sarı çıxacaqlar. Bir az səbr elə. Bu quşu vursaq, şef bizi çox yaxşı mükafatlandıracax.
- Yox, mən daha onlara da inanmıram. Gəl qayıdax geri.
- Ara, nə mazhabsızsan. Bir qulaq as da. O uşağı elə bilirsən öldürdün, sənə buna görə çox sağ ol deyəcək? Ona diri lazım idi. Bilirsən də nə demaxdı bu? Hər bir türk uşağı milyonlar demaxdı!
Xıdır üzü üstə torpağa uzandı. Qalxmağa taqəti qalmamışdı. Onlardan biri anasına, Sevincə işgəncə verən saqqallı idi. Xıdır avtomatı hazır vəziyyətə gətirsə də, atıb onları hürkütmək istəmirdi. Yadına Rövşənin və anasının vəziyyəti düşdü. Sevinci yarımölü vəziyyətdə təpiklə atıb-tutan bu caninin qanını içmək istədi. Anasının meşədəki tala boyu süründüyü gözləri qabağına gəldi. Başından elə bil od çıxdı. Avtomatın tətiyinə əl atmışdı ki, bir əl qolundan yarışıb hərəkət eləməyə qoymadı. Bu, Rövşən idi:
- Dayan, nə edirsən? Mənim gücüm-qüvvəm yoxdur. Bəlkə, çıxıb gedəcəklər. Atəş açıb ananı da, bizi də güdaza verərsən.
- Burax, Rövşən dayı. Özümüzün, Sevincin qisasını buradaca saqqallı canavardan alım. Sonra mənə nə olur-olsun. Anama söz vermişəm. - Xıdır yana-yana elə ağladı ki, Rövşəni də qədər boğdu.
- Yox, Xıdır, hövsələ elə. Bəlkə, onlardan birini diri tuta bildik.
Rövşənin tədbiri onu sevindirdi.
- Bax, bu lap ürəyimcə olar, Rövşən dayı.
- Mənə diqqətlə qulaq as, Xıdır! Sən avtomatı götür bir az aralan. Kolları tərpədib azcə səs eləyən kimi sənə sarı gəlmək istəyəcəklər. Biri aralananda sən atəş açarsan o birinin öhdəsindən gələ bilərik.
- Yaxşı, - deyib Xıdır aralandı.
Bir azdan açılan güllədən saqqallının biri heyvan kimi anqırıb yerə sərildi.
- Ara, səni elə kim vurdu? - Deyə onun üstünə əyilən ikinci dığanın Rövşən ağacla başından vurdu. Saqqallı dığa özünə gəlməmiş, Xıdır avtomatın qundağı ilə ikinci zərbəni endirdi. Huşunu itirən dığanın əl-ayağını nazik çubuqlarla bağlayıb yerə yıxdılar. O biri saqqallının silahını Rövşən götürdü.
- Xıdır, bax buna deyərəm əsil intiqam! İndi bu murdarı Ağdamdakı qərargaha aparmaq lazımdır.
Anasını, Sevinci döyəndə özünü pələng kimi aparan bu iyrənc dığa ilan dilini işə saldı:
- Ara, massab haqqı, mən sizə pislix eləməzdim, əgər o böyüklər olmasaydı. Neyniyax ki, ağa deyir sür dərəyə, sür da, necə deyir sizinkilər?
Xıdır avtomatın qundağı ilə saqqallının qarnına el vurdu ki, səsi güclə eşidildi:
- Can bala, mənim də sənin yaşında balam-oğlum var.
"Sənin də balan varsa, mənim anamı, bacımı" demək istədisə də, səsi boğuldu, boğazından çıxmadı. Yadına anası düşdü. Əsiri Rövşənin yanında qoyub anasının yanına yüyürdü. Gülbəs yerə yıxılmış, gözləri açıq qalmışdı. Xıdır bir şey başa düşmürmüş kimi özünü anasının üstünə atdı. Anasının taxtaya dönmüş cəsədini qucaqlayıb nə qədər belə qaldığını bilmədi. O, daha ağlamırdı. İri, qara gözlərindən axan yaş damlaları yanağında daşa dönmüşdü. Rövşən onu cəsəddən ayıra bilmirdi.
- Ana, ay ana! - deyə nalə çəkən Xıdırın səsi meşədə əks-səda verirdi.
Gördüyü mənzərənin dəhşətindən, ya qorxduğundanmı dığa da yerdə elə bil qurumuşdu.
Rövşənin yaralı olduğundan istifadə edib qaçmağa fürsət axtarırdı. Rövşən bir əli ilə dığanın ayağından bərk-bərk yapışıb özünə tərəf çəkdi.
- Bir qolum olmasa da, sənin boğazını dişimlə üzəcəm, it balası. İndi heç yerə qaça bilməzsən!
Güllə səsinin izinə düşən dəstə üzvləri və Polad müəllim bu mənzərədən sarsıldılar. Rövşən dığadan, Xıdır anasının meyitindən bərk-bərk yapışıb yerə sərilmişdilər. Uşağı və cəsədi tanıyan Polad müəllimin bir anda dizləri titrədi, beli büküldü. Sanki kiçilib balacalaşdı. Yerindəcə canlı heykələ döndü elə bil. O, ağlamırdı. Yumruqları düyünləndi, bir nöqtəyə zillənən baxışlarından od-alov töküldü. O, sanki yerə-göyə, bütün dünyaya üsyan edirdi. Polad müəllim Xıdırı cəsəddən ayırıb Gülbəsin cəsədi qarşısında diz çökdü:
- Bağışla məni, bağışla, Gülü. Səni bu vəhşilərdən qoruya bilmədim. Atanın, şəhid Çiçəklinin qisasını alacağım günü gördüm. Sənin, körpə Sevincimin qarşısında günahkaram. Sizin ruhunuza and içirəm ki, nə qədər sağam bu torpaq uğrunda vuruşacağam. Ermənilər bizi belə qırğınlarla qorxuda bilməyəcəklər.
Polad müəllim əli-ayağı bağlı əsir ermənini görəcək ürəyi atlandı, riqqətə gəldi elə bil. Oğlunun bu igidliyindən kövrəlib ağladı. Xıdırı sinəsinə basıb məhəbbətlə alnından öpdü.
Sonra da:
- Sən, doğrudan da, əsil kişisənmiş, - deyə saçlarını qarışdırdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!