Sovetlər dövrünün 60-cı illərinin əvvəli idi. Azərbaycanın rayonlarından birindən qırx beş, əlli yaşlarında bir kişi Bakıya gəlir, düz gedir Xalq Təhsili Nazirliyinə. Nazir yerində olmur, qapını döyüb, icazəsiz-filansız girir müavinin kabinetinə, deyir:
- Məni qoyun rayonumuzun Təhsil Şöbəsinin müdiri!
Müavin görür ki, bu kişi çox ötkəm danışır, fikirləşir ki, belələrindən yaxşı rəhbər işçi olar. Soruşur:
- A kişi, siz kimsiniz, nəçisiniz? Sənədlərinizi verin, baxaq...
Kişi özü ilə gətirdiyi arayışları-filanları qoyur masanın üstünə, dillənir:
- Buyurun, bütün sənədlər yerindədir!
Nazir müavini sənədləri gözdən keçirir və təəccüblə soruşur:
- Kişi, sən bircə gün müəllim işləmisən?
Rayondan gələn əsəbiləşir:
- Sizə verdiyim sənədlərin içərisində müəllim işləyib-işləməməyim barədə bir kağız-kuğuz var?
- Yoxdur! Siz traktorçu, kolxozçu olmusunuz. Müəllimlərə necə rəhbərlik edə bilərsiniz? Yox, mən sizi Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edə bilmərəm! Çıxın, gedin!
Kişi müavinin kabinetinin qapısını çırpıb gedir.
Bir gün sonra həmyerlisi ölkənin Nazirlər Sovetindən Təhsil nazirinin müavininə zəng edir:
- Ə, qodux, bizim uşağı niyə incitmisən?
Müavin heyrət içərisində soruşur:
- Bağışlayın, "uşaq" kimdir?
Yuxarıdakı qışqırır:
- Mənim həmyerlim dünən sənin yanında olub! Onun istəyinə əməl etməmisən, niyə?
- Axı, onun müəllimliyə, pedaqoji işə heç bir aidiyyatı yoxdur! Müəllimlərə necə rəhbərlik edə bilər?
Yuxarıdakı əsəbi şəkildə dillənir:
- Ə, bəs Xruşşov bu boyda SSRİ-yə necə rəhbərlik edirdi? Təcili o kişinin əmrini ver, getsin, işləsin!
Elə də olur. Bir gün sonra rayondan gələn Təhsil Şöbəsinin müdiri kimi rayona geri qayıdır...
Belə-belə işlər...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!