Fasiləyə yaxın otağımın qapısı bərk-bərk döyüldü.
Mən "buyurun" deyincə, ətli bir şey girdi içədi. Baxdım ki, burundu. Dalıyca daz... gördüm - başdı. Sonra da iri sağanaqlı nimdaş eynək, suya düşüb islanmış pambıq parça kimi qırış-qırış olmuş boz sifət, dalıyca şən əhval-ruhiyyə... - ha-ha-ha-la başlayan şaqqıltı-qaqqıltı...
Əlüstü tanıdım. Anamın uzaq qohumlarından idi. 23 il əvvəl gördüyüm ətli-canlı kişidən bostan oyuğu boyda bir şey qalmışdı. Amma gülüşü həmən-həmənkiydi. Düzdü, tələbəlik vaxtımda məni sayıb eləməzdi. Demirəm ki, başımı tumarlayıb, cibimə pul qoyaydı, quru dillə dindirməyə nə vardı?! Keçmişdə özünü dartmağından acığım gəlsə də, indi o hərəkətimi özümə əskiklik bildim. Dik qalxdım yerimdən:
- Xoş gəlmisiniz! - Qabağına yeridim.
Hələ də şaqqıldayıb-qaqqıldayırdı. Axır ki, sakit oldu. Stulu çəkib, əlimlə "əyləşin" işarəsi verdim. Şappadan özünü çırpdı stulun oturacağına. Qoltuğundakı qovluğu atdı stolun üstünə:
- Təqaüdə çıxandan sonra gördüm bərk darıxıram. Cavan deyildim, birini alım caynağıma, gün keçirdim. Gün onsuz da özü-özünə keçirdi. Neyləyim-neyləyim... dedim, faydalı işlə məşğul olsam yaxşıdı. Nə?! Fikir məni götürdü. Bir gecə qapının cırıltısına başımı çevirdim - üzü nurlu bir kişi otağa girdi. Sağa-sola diqqətlə baxıb, gəlib dayandı yanımda:
- Neyləyirsən?
- Darıxıram.
- Niyə darıxırsan?
- Təkəm.
- Niyə təksən?!
- Allah da təkdi, - dedim.
- Allah yaradandı, onun cütlüyə ehtiyacı yoxdu.
- Neyləyim?!
- Allaha oxşa!
- Nəüzibillah - Allah göstərməsin!
- Niyə?!
- Mən kiməm ki, Allaha oxşayım?!
- Yaradan ol!
Mat-mat üzünə baxdığımı görüb, gülümsədi:
- Allah ilkin olaraq nəyi yaradıb?
- Ağlım o yerəcən işləməz.
- Sözü!
- Sööözüüü?!
Səksənib yuxudan oyandım. Bu nə idi görürdüm, İlahi?! Birdən kitablarda oxuduqlarım yadıma düşdü. Axı Allah "Ol!" deməklə yeri-göyü xəlq eləmişdi. Deməli, Allahın ilk yaratdığı söz olub. Üzü nurlu kişi də məni yazmağa dəvət eləyir. Elə o günü gedib Vahidin "Qəzəllər" kitabını aldım. Ömürboyu rəqəmlərlə gizlən-paç oynamışdım - mühasib işləmişdim. İndi də başladım sözlə oturub-durmağa. Bir fransız yazıçısı varmış, "10-12 kitabı oxusan, müdrik olarsan", deyibmiş. 10-12 kitaba səbrim çatmazdı. Amma "Qəzəllər"i diqqətlə oxuyub, şeirin qayda-qanununu öyrənməyə başladım. Bir gün də gördüm, dilim-ağzım sevgidən-məhəbbətdən deyir. Vahid olmasam da... - üzümə baxıb, yenidən şaqqıldadı, - hələ ki, Vahid yazandan yazıram. O günü baxıram ki, bir kitablıq qəzəlim var. Durub getdim Bakı Dövlət Universitetinə. Vaxtilə, sizin oxuduğunuz dövrdə BDU-nun "Lenin tərbiyəsi uğrunda" qəzetinin redaktoru olmuş Ağamusa Zeynalovu axtarıb tapdım. Ərkim var, deyə dəftərləri atdım qabağına:
- Necə kitab eləyə bilərəm bunları?
- Mənim yanıma niyə gəlmisən?!
- Demədiiim?!
- Mən naşir deyiləm, naşir sənin qohumundu.
- Qohumum kimdi? - Səni nişan verdi. - Düzü, elə bilirdim rayonda ilişib qalmısan. Atalar deyib, bir balığın başı kəndə, quyruğu şəhərə düşsə, başından quyruğu şərafətli olar. Yaxşı eləyib gəlmisən!
- 1975-in yayından Bakıya köçmüşəm, - dedim. - Necə dolanırsan?
- Təqaüd alıram, ildə bir dəfə də, sağ olsun rektoru, Universitetin xəttiylə sanatoriyaya yollayır məni.
- Nə yaxşı?!
- Atasıyla bir yerdə işləmişdik vaxtilə. O, fəhlə idi, mən mühasib. Amma dostluğumuz tuturdu.
- Kommunal xərclərə çatır təqaüdün?
- Kommunal xərc deyəndə, qaza pul vermirəm.
- Nə münasibətlə?!
- Yaşadığım Ramana qəsəbəsinin yaxınlığında küknar ağacları var, yaxşı da qozaları olur. Yayda yükümü tuturam - kisə-kisə yığıb doldururam dam-daşı. Qozalar, bilirsən, necə yanır ocaqda?! Hətta kabab da bişirirəm hərdən közünə. İstəsən, bir kisə də verərəm sənə. Kömür əvəzinə işlədərsən.
- Çox sağ ol, kababla aram yoxdu.
- Qış uzunu dəmir sobada bu qozalar şaqqaşaq yanıb, istiliyi canıma keçir, səs-küyü də həmsöhbətim olur.
- Tək qalırsan?
- Rayondan gələndən sonra bir bakılı xanımla evlənmişdim.
- Görmüşdüm onu, yaman mehriban idiniz!
- Nədən bilirsən?!
- Bütün universitet sizdən danışırdı - elə qol-qola girib gedirlər, elə bil dünyanın axırıdı, bir də bir-birini görməyəcəklər!
Əlini-əlinə vurub, şaqqıldadı:
- Pah atonnan... gözə gətirdilər bizi!
- Həkim idi gərək ki...
- Bəli.
- Niyə ayrıldınız?!
- Zalım qızı lap sənin Quba nənən kimi sofuydu. O gecə ki, bir yerdə yatırdıq, səhər açılan kimi balışüzünü, mələfəni tullayırdı paltaryuyan maşına. Düz 10 gün məni qoymurdu yanına. Büzüşüb divanda yatırdım Mirzə Cəlilin Usta Zeynalı kimi. Elə bil it dəyibmiş, iyrənirdi məndən. Ayrıldıq. Amma rəhmətə gedəndə son borcumu yerinə yetirdim - getdim yasına.
- Xalamın taxsırı nə idi bəs?
- Əlli ilin də kini olar ürəkdə?!
- Nə mənada?!
- Xalanı boşamışam deyə, intiqamını almaq istəyirsən məndən?!
- Səndən niyə intiqam alıram ki?! Sən şair olmusan, istəyirsən kitabın çıxsın, mən də naşirəm, kitabını çap etməliyəm. Əgər xalamı boşamasaydın, kitabın havayı başa gələcəkdi sənə. İndi ki, gələcəyi görməyib, boşamısan, Məşədi İlyas kişi demişkən, çək cəzandı, olmusan məndən ötrü adi adamların biri. Yəni pulunu alıb, kitabını çap edəcəm. Əslində qazancım olacaq!
- Nə hardan biləydim ki, ömrün belə günləri də varmış!
- "Keçənə güzəşt" deyərlər. Xalamdan danış!
- Vallah, eşitdiyimə görə, xalanın bir xoruzu var, quqqultusundan kəndin o başında oturmaq olmur. - Elə ki, əllidən-yüzdən vurur, başlayır gürcücə oxumağa. Özü mənə danışırdı ki, Gürcüstanda sürgündə olub.
- Danışırdı?! Sənəəə?!
- Bəli.
- Xalamın indiki əri?!
- Bəli.
- Görmüşdün onu bəyəm?
- Bir dəfə Kürdəmirə getmişdim, yeməkxanaya girdim. Stulu çəkib, bir parç pivə, bir boşqab da bozartma sifariş verdim. Əlüstü gətirib qoydular qabağıma. Bir-iki qurtum pivədən içib, bir-iki tikə xörəkdən yemişdim ki, yeməkxananın o tərəfindən əlində yemək boşqabı bir nəfər gəlib icazəsiz-filansız əyləşdi mənimlə üz-üzə. Başladı sorğu-suala. Demə, tanıyıbmış məni. Söhbətimiz təzəcə tutmağa başlamışdı ki, qayıdıb nə desə, yaxşıdı - sənin xəbərin var ki, arvadın indi mənim ocağımın başındadı. Necə çaşdımsa, tikə az qaldı nəfəs yoluma düşsün:
- Nə arvadım?!
- Qocalı qızı!
Elə bil başıma güllə vurdular. Yeməyi yarımçıq, pivəni də üzüsuyuna qoyub, durub çıxdım eşiyə.
- Eşitmişəm bu əhvalatı.
- Hardan?
- Kənddə bizə gələndə danışmışdı.
- Həyasız adamdı.
- Düz danışdığına görə?!
- Bəs o nə söz idi?!
- Başa düşməmisən.
- Nə başa düşməklik var orda?!
- Sənə demək istəyirdi ki, belə gözəl qadın çıxıbmış bəxtinə, ay biçarə, niyə boşadın onu?!
Şair diqqətlə üzümə baxıb, bir xeyli dinmədi.
- Doğrudan, xalamı niyə boşadın, şair?
- Xalan məni boşadı.
- Qoy oturmuşuq.
- Hansı əjdaha kişi qadını boşaya bilər, əgər qadın boşanmaq istəməsə.
- Bura Avropa deyil, Amerika deyil, deyəsən arvadın razılığı olmasa, kişi onu boşaya bilməz.
- Əzizim, istər Avropada olsun, istər Amerikada, istərsə də bizim balaca Azərbaycanda, qadının gücünə güc çatmaz.
- Haqlı danış.
- Niyə?
- Xalamın sənə gücü çatmazdı!
- Yadında saxla ki, kişi arvadını boşayırsa, deməli, günah arvaddadı.
- Xalamın nə günahı?
- Xalan Fironluq eləyirdi.
- Sənin kimi əjdahanın qabağında?!
- Ərə gedincəndi qadınınki. İllah da ki, birini doğdu, daş düşdü kişinin başına!
Dinmədiyimi görüb, sözünü kəsmədi:
- Bir il idi ailə qurmuşduq. Bir qızımız da olmuşdu. Nə dedimsə bir dəfə, xalan mənə bir çımxırmaq çımxırdı... Mat qaldım. Kənd qadını olasan, ərdən çəkinməyəsən, ağlıma sığışdıra bilmirdim. Dedim, bunu qorxuzam gərək. Necə?! Hədələdim: "Elə eləmə ki, səni bu damın altında atıb gedim, ha!"
- Hara gedəcəksən!
- Bakıya!
- Niyə Bakıya?! - soruşdu.
- İşə girib, təzə arvad alacağam!
- Nə danışırsan?!
Sinəmi qabartdım:
- Şübhən var?!
- Həəə?!
Bir az da cəsarətləndim:
- Görərsən!
- Ağladı xalam?!
- Ağladıya bax, ey.
- Bəs?!
- Bir əlini aparıb qoydu güngörməzinin üstünə, bir əlini də uzatdı mənə: "Amanın günüdü getmə... getsən, bunun başı ayaza qalacaq!".
- "Ayaza"?
- Yəni şaxta vuracaq, donacaq!
- İnana bilmərəm!
- Anamın üz qoyduğu torpaq haqqı, düz sözümdü! Mən abırlı dedim, xalan hələ adıyla demişdi.
- Sən neylədin bəs?
- Papağımı qoydum başıma, pencəyimi də çiynimə atıb, çıxdım evdən.
- Xalamın dalından dəydin, bakılı qızıyla ayrıldın... indi də qalmısan tək.
- Xalandan ayrılsam da, sonralar istədim yaxşılıq eləyim ona! Qızımız böyüyən kimi gətirdim yanıma ki, oxutdurum, ərə verim. Heç 3 ay keçməmişdi, bir də gördüm, dalıyca kələ hərlənir. Saldım sıxma-boğmaya, məlum oldu ki, oğlan kənddəndi, bir-birini sevirlər. O günü qızı qovdum evdən!
- Yaxşı iş görməmisən!
- Niyə?
- Axır-əvvəl birinə gedəcəkdi ki, bu yazıq qız!
- Qızın birinci əri oxumaqdı.
- Sonra barışmadın?!
- Düşmənlə barışmaq olar?!
- Övladdan düşmən?!
- 15 il sonra evdə oturmuşdum, gördüm qapım qorxa-qorxa döyülür. Açdım. 3 oğlan uşağı durmuşdu boyun-boyuna. "Kimsiniz?" Dedilər, "sənin nəvələrinik!" "Həəə... gəlmisiniz ki, mən öləndə bu ev sizə qalsın. Rədd olun burdan, köpəy uşağı! Yoxsa, polisi çağıraram, gəlib atanızı yandırar!" O qovan onları da qovdum.
- Tək qalıb, hövüllənmirsən evdə gecələr?
- Niyə hövüllənirəm ki?!
- Qulaq yoldaşın olsaydı, gənə də dərd yarıydı.
- Yaşamaq üçün mənim öz düsturum var.
- O nə düsturdu?
- Gülüş.
- Anlamadım.
- Arvad yox, uşaq yox. Kimin boyuna baxıb fərəh eləyəcəm?! Odur ki, qanım qaralan kimi keçirəm güzgünün qabağına. Elə bilirsən, güzgüyə baxanda özümü görürəm?! Əsla! Fikirləşirəm ki, qohumdu-qonşudu. Əvvəlcə öz-özümə göz vururam. Güzgüdəki "mən" də göz vuran kimi bir şaqqıldayıram, bir qaqqıldayıram...
Sonra da həyətə düşüb, gülə baxıb - gülürəm, ağaca baxıb - gülürəm. O mahnıda deyilir ey... gül bir az... Bax, mən elə oyam. Dünyanın qəmi-qüssəsi mənə qalmayıb ki!
20 ildir şəkil də çəkdirmirəm. Nəyimi göstərəcəm?! Pasport şəklidi, onu da görən yoxdu. - əlini salıb, qovluğun içindən bir foto-şəklini çıxartdı. - Telli-toqqalı günlərimin yadigarıdı. Birini də evdə divardan asmışam. Gündə 100 dəfə salavat çevirib baxıram özümə. Sevinirəm, gülürəm. Ürəyim həvəsə gəlir. "Belə günlərim də olub", deyirəm. Allahın mənə verdiyi ömrü yaşamışam.
Qardaşıma vəsiyyət eləmişəm ki, mən səndən qabaq ölsəm, başdaşıma bu şəklimi vurdurarsan. Qoy görən görsün ki, xoşbəxt olmuşam. Həm də adımın qabağına "şair" yazdırarsan, demişəm. Görənlər fikirləşməsin ki, bu dünyaya gəlib, papağımı günə yandırmışam.
02.04.2024-01.08.2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!