Söz insan dünyasının səs heykəlidir. Bu heykəlin duruşu, əzəməti, daşıdığı məna çalarları onun sahibindən asılıdır. Söz var ki, lazım gəlsə, dağı yerindən oynadar, söz də var ki, ruhsuz, nəfəssiz, ölü doğular...
...Bu hisslərin ağuşunda şair Həzi Həsənlinin yeni çapdan çıxan "Kövrək könül pıçıltıları" (Bakı-2024, "Füyuzat") kitabını vərəqləyirəm. Şeirləri bir-bir oxuyub keçdikcə, burada bir dənə də olsa, "ölü" sözə rast gəlmədiyimə görə rahatlıq hissi keçirirəm.
Şair hər nədən yazırsa-yazsın, misralarında bir ardıcıllıq, bir canlılıq özünü göstərir. Hiss edirsən ki, yan-yana düzülmüş misralar bir-birindən güc alır... Bu misraların hansındasa bir solğunluq özünü göstərə bilər. Baxarsan ki, həmin misranın məna tutumu, çəkisi yüngüldür. Amma həmin misrada yenə də bir hənirti hiss edərsən...
H.Həsənli qədim oğuzlar oylağı, şeir-sənət, söz məskəni Borçalı mahalında dünyaya göz açmışdır. Ömrünün uşaqlıq və ilk gənclik çağları da bu torpaqda keçmişdir. İlk poetik heyrəti də bu torpağın gülündə, çiçəyində, çölündə, çəmənində, meşəsində, bulağında baş qaldırmışdır. Yaşadığımız sınaqlarla dolu bir zamanda bu yurd, bu yuva daim onun bədii düşüncə tərzində öz poetik əksini tapmışdır.
Şairin yaradıcılığında özünü göstərən poetik eyhamlar da oxucuya çox söz deyir:
Ümidimi duyğularım oyatmır,
Arzularım zaman-zaman azalır.
Köçüb gedən durnalar da qayıtmır,
Daha qayıtmağa güman azalır,
Azalır Ay Vətən, yaman azalır!..
"Azalır"
Şəhərdə təndirə baxıram dinməz,
Odunu-ocağı de, hardadır bəs?!
Bərəkət var idi onda, tükənməz -
Anam bir dünyaydı, təndir həyatdı.
"Anamın təndir kökəsi"
və s.
Həzi Həsənlinin yaradıcılığına nəzər yetirərkən, ilk baxışda oxucuda o, bir təbiət şairi təsiri doğurur. Ancaq misraların sətiraltı məna çalarlarına göz yetirərkən görürük ki, şair öz fəlsəfi düşüncələrini, həyata psixoloji yanaşmalarını, mənəvi-estetik anlayışlarını təbiət fonunda əks etdirir.
"Dağlar" mövzusu demək olar ki, əli qələm tutan, yaxşı-yaman düzüb-qoşan müəlliflər üçün bir tramplin olmuşdur. H.Həsənlinin bu mövzuda yazmış olduğu "Ay dağlar, ay dağlar!.." gəraylısı başqalarından seçilir:
Sığınam sıx ormanına,
Bürünəm gül yorğanına,
Ətəyində xırmanına
Vələm, ay dağlar, ay dağlar!..
Çox gözəl!.. Amma elə düşünürəm ki, vəlin nə olduğunu bilməyən kəs bu şeirin gözəlliyini çətin tutar.
Vətən, torpaq, yurd-yuva uğrunda gedən döyüşlərdə qazanılan qələbə şəhidlərin qanı bahasına başa gəlir. Şəhidlik elə bir müqəddəs zirvədir ki, bu zirvəni ancaq məğrur, qeyrətli, cəsur və qorxmaz oğullar fəth edə bilir. Şairin "Bir dəqiqəlik sükut və şəhid atası" şeirində oxuyuruq:
Axdı qara qanlar, axdı, duruldu,
Bir anlıq sükutdan hamı yoruldu.
Bayraqtək tabuta özü sarıldı,
Özü bayraq kimi bükülən ata.
Bu bircə bənddə belə övlad itkisini nə qədər acı olsa da, dözümlə və qürurla qarşılayan şəhid atasının portreti sözlə elə təsvir olunur ki, əlavə izaha ehtiyac qalmır...
H.Həsənlinin yaradıcılığında lirik məhəbbət hissləri də həzin bir poetik axarda özünü göstərir. Onun "Səni düşünürəm" adlı iki bəndlik şeiri istər məna, istər məzmun cəhətcə cəlbedicidir:
Gör necə də bənzəyir
Ay gümüşə, gümüşə.
Ulduzlarla gözəldir
Göy həmişə, həmişə.
Hey səni düşünürəm
Ayrılıq limanında.
Sən mənim könlümdəsən,
Mən sənin gümanında...
Kitaba daxil edilmiş bu səpkili şeirlərdə ən ülvi, ən müqəddəs, ən zərif sayılan məhəbbət hissləri ayrı-ayrı kontekstdə özünü büruzə verir.
H.Həsənlinin "Kövrək könül pıçıltıları" kitabında verilmiş "Duyumlar" silsiləsindəki beyt və bəndlərdən ibarət nümunələr də maraq doğurur. Daim axtarışda olan və ömrünün ən gözəl çağlarını səfərlərdə tapan şair yazır:
O qədər gəzməli, görməli yer var,
Bu da bir növbəti xoş səfərimdir.
Belə səfərlərdə mənim qazancım
Hələ oxunmamış nəğmələrimdir...
Fikrimizin sonunda müəllifə uğurlar arzulamaqla demək istəyirik ki, xoş səfərlərinizin sayı bitib-tükənməsin, şair! Onda hələ oxunmamış nəğmələriniz də bitib-tükənməz!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!