Hekayələr - Akif ABBASOV

Drap palto və bir ətək pul

 

Şura hökumətinin vaxtları idi. Yerli adamlardan biri - Gətir Aparov rayon xalq deputatları soveti icra komitəsinin sədri, yəni ispalkom seçilmişdi. Qabağından yeməyənin və də təmənnalı adamlardan biri idi. Bunu bildiklərindən idarə, təşkilat, müəssisə rəhbərləri gəlib onu təbrik edir, "baxım-görüm" edirdilər. 29 nömrəli məktəbin direktoru yerindən qımıldanmırdı: "Təqdim olunanda təbrik etmişəm, gedib nə deyəcəyəm ki?!"

Gətir Aparov məktəb direktoru Şakir müəllimin saymazlığından qeyzlənir ürəyində: "Bunun yekəxanalığına bax. Belə çıxır ki, məni saymır. Unudur ki, bu rayonun əsas iki yiyəsi var. Birinci katib, bir də mən. Prokuror da, polis rəisi də, məhkəmə də mənimlə hesablaşır. Sən kimsən ki, hüzuruma gəlmirsən?" - deyə asıb-kəsir, onu vurmaq üçün məqam gözləyirdi.

Şakir müəllim də özünü sındırmır, onun nə düşündüyünü bilsə də, inadından dönmürdü: "Haqqımda partiya komitəsinin birinci katibində mənfi rəy formalaşdırmaq istəyir. Amma xeyri yoxdur. O kişi məni yaxşı tanıyır".

Bir gün qonşu məktəb müəllimlərindən Həcər xanım qapını açıb Şakir müəllimin otağına girdi. Şakir müəllim mehribanlıqla onu qarşıladı, əyləşmək üçün yer göstərdi. Katibə limonlu, qarağat mürəbbəli çay gətirdi.

Həcər xanım sözlü adama oxşayırdı. Axır ki, mətləb üstünə gəldi:

- Şakir müəllim, mən məsələmi həll elədim.

Şakir müəllim sual dolu baxışlarını ona zillədi:

- Hansı məsələni?

Həcər xanım cavabında dedi:

- İspalkomla danışmışam, məni direktor təyin etdirəcək.

Şakir müəllim Həcər müəllimi yaxşı tanıyırdı. Fərli savadı, bacarığı yox idi. Amma xoş söz deməyə borclu idi və dedi də:

- Təbrik edirəm.

Həcər xanımın sifərinə xoş təbəssüm yayıldı:

- Bilirsən, sənin xeyir-duanı almağa gəmişəm.

Şakir müəllim tez:

- Xeyirli olsun, - dedi.

Həcər xanım aydınlaşdırdı:

- Məsələ bir qədər başqa cürdür. Məni sənin yerinə təyin edəcəklər.

Şakir müəllim təəccüblə ona baxdı:

- Mənim yerimə?

- Hə, sənin yerinə. Gəlmişəm, sənin razılığını alım.

Şakir müəllim qollarını geniş açdı:

- Yəni deyirsən, durub yerimi sənə verim?

Həcər xanım heç nə olmayıbmış kimi:

- Yox, razılıq versəydin, səni də özümə direktor müavini götürərdim, - dedi.- Necə olmasa, təcrübəlisən. Mənə də köməyin dəyər.

Şakir müəllimin matı-mutu qurumuşdu: "Bu nə danışır? Mən nə günahın sahibiyəm? İspalkomun deməyi ilə deyil ki? İşdən çıxarılmaq üçün səbəb olmalıdır". Odur ki, Şakir müəllim soyuqqanlı:

- Yəni sən əminsən ki, məni çıxarıb səni mənim yerimə qoyacaqlar? - deyə soruşdu.

Həcər müəllim inamla:

- Məsələ artıq həll olunub, - dedi. - Xeyri yoxdur. Razılıq ver, səni özümə müavin götürüm.

Şakir müəllim artıq əsəblərini cilovlaya bilmirdi:

- Boş-boş danışma. Bu məsələ sən deyən qədər asanlıqla həll oluna bilməz. Rayonun yiyəsi - birinci katib var, Təhsil Nazirliyi var.

Həcər xanım:

- Şakir müəllim, gəl inad eləmə, - dedi. - İspalkomla həll eləmişik. Bir drap palto özünə, birini də arvadına almışam. Bir ətək də pul vermişəm.

Həcər xanım bu sözləri deyib otağı tərk etdi. Şakir müəllim bir müddət özünə yer tapmadı. Sonra dağı Arana, Aranı dağa apardı. Ölçdü-biçdi. Ağsaqqal müəllimlərdən, xalq deputatları soveti icra komitəsinin sədri Gətir Aparovu yaxşı tanıyan, ona söz deməyə qabil adamlardan ikisini onun yanına göndərdi.

Xanlar müəllimlə Rahil müəllim ertəsi gün Gətir Aparovun yanına getdilər:

- Eşitdiyimizə görə, Həcər xanımı bizim məktəbə direktor qoymaq istəyirsiniz.

Gətir Aparov ağır-ağır:

- Hə, elə bir fikrimiz var, - dedi.

Rahil müəllim sözə başladı:

- Gətir müəllim, aramızda xətir-hörmət var, ona görə ayıb olar ki, həqiqəti sizdən gizlədək. Əvvəla, bizim direktor öz işini bacarandır, gözü toxdur, kollektivin qayğısına qalandır.

İspalkomun sədri başını buladı:

- Amma yekəbaşdır, yerini bilən deyil.

Bu dəfə Xanlar müəllim dilləndi:

- Deyirlər, onu çıxarıb yerinə Həcər xanımı qoymaq istəyirsiniz.

- Elədir.

Rahil müəllim dedi:

- Həcər xanım, gözəl-göyçək xanımdır. Ola bilsin, yaxşı plov, yarpaq dolması, borş bişirir, zövqlə geyinib-keçinir. Bu işləri gözəlcə bacara bilər, amma ondan direktor olmaz.

Gətir Aparov etirazını bildirdi:

- İşləyib öyrənər.

Xanlar müəllim fikrini bildirdi:

- Burada başqa məsələ var, sənin adına, vəzifənə xələl gətirir.

İspalkomun sədri gözlərini ona dikdi:

- Nə xələl, nə vəzifə?

- Heç bilirsən, o Həcər xanım məktəbləri gəzib nə deyir?

- Nə?

Rahil müəllim aydınlıq gətirdi:

- Deyir ki, mən direktorluq məsələsini ispalkomla, şəxsən Gətir Aparovla artıq həll eləmişəm. Ona bir drap palto, birini də arvadına almışam, üstəlik, bir ətək pul da vermişəm sədrə.

Bunu eşidən Gətir Aparovu elə bil cin vurdu. Dik ayaq üstə qalxdı:

- Elə belə deyib?

- Elə beləcə də. Yoxsa, biz haradan bilirik?

Gətir Aparov tez köməkçisini çağırdı:

- O asılqandakı paltonu götür. Sonra da bizim evə dəy. Evdə bu paltodan biri də var. Onları götürüb o Həcərdir, nədir apar, sox onun gözlərinə...

İspalkomun sədri üzünü gələnlərə tutaraq:

- Deyirsiniz, Şakir müəllim yaxşı direktordur?

- Hə.

- Yaxşıdırsa, nə problem var? İşləsin də. Mən nə deyirəm ki...

İllər keçdi. Şakir müəllim uzun müddət məktəb direktoru işlədi, təhsil şöbəsinin müdiri oldu. Həcər müəllim hələ də məktəbdə müəllim işləyir, ən böyük arzusu məktəb direktoru olmaqdır.

 

Nuri kişiylə söhbət edirdim

 

Oqtay atası Əhməd kişiylə Kislovodskiyə dincəlməyə gedir. İstirahət evində yerbəyer olandan sonra həyətə düşürlər. Buralar hər ikisinin xoşuna gəlir. Elə bil cənnətə düşüblər. Təmiz hava, yaşıllıqlar qoynu, hər cür əyləncə, daha adama nə lazımdır?!

Kislovodskidə təkcə yeyib-yatmırdılar. Kefləri saz idi. Axşamlar konsertə, rəqsə, kinoya, gəzintiyə, restorana gedirdilər. Kənddə olanda Əhməd kişi çox vaxt narahat yatırdı. Burada isə gecələr xurt düşürdü, kəlləsini yerə qoyan kimi yuxu onu aparırdı.

Bir gün Oqtay yorulub istirahət evindəki otağına ertə qayıtmışdı. Bir az yatıb, indi də televizora baxırdı. Çayını içib saatına baxdı. Axşam saat on bir idi. Əhməd kişi nədənsə ləngiyirdi. Oqtay narahat olub ayağa qalxdı. Parkın içərisilə ətrafına göz gəzdirə-gəzdirə yol gedirdi. Qarşıdan adamlar iki-bir, üç-bir ona sarı gəlirdilər. Birdən Oqtayın gözləri atasına sataşdı. 35-40 yaşlarında sarışın bir rus qadınının qoluna girib şirin-şirin söhbət edə-edə gəlirdi. Oqtay cəld kənara çəkildi ki, atası onu görməsin. Sonra tez otağına qayıtdı və gözləməyə başladı.

Bir müddət keçmiş Əhməd kişi kefi saz otağa girdi:

- Axşamın xeyir, oğul. Əcəb yerdir, əcəb havadır. Gəzməkdən doymaq, yorulmaq bilmirsən. Adamın dərdi-səri dağılır...

Oqtay özünü bilməməzliyə vurub soruşdu:

- Ay ata, səhərdən haralarda qalmısan? Gözləməkdən gözümün kökü saraldı. Narahat olmağa başlamışdım.

Əhməd kişi özünü o yerə qoymayıb cavab verdi:

- Ay oğul, daha burada adam yeyən yoxdur ha. Allah saxlamış Nuru kişiyə rast gəldim. Söhbətə tutdu. Bir də gördüm gecə yarı olub.

Oqtay soruşdu:

- Nuru kişi kimdir, ay ata?

- Gəl indi Nuru kişini də tanıma. Rayon sovetinin katibi.

Bu əhvalatdan bir neçə gün keçdi. İndi Əhməd kişi otaqda oturub Oqtayı gözləyirdi. Gecədən xeyli keçmişdi. Kişinin yuxusu ərşə çəkilmişdi. Oqtay gəlib çıxmaq bilmirdi. Və o gecə Oqtay həqiqətən, gəlib çıxmadı. Nataşa ilə restoranda yeyib-içəndən sonra ona qoşulub gedib Nataşanın otağında qalmışdı...

Ertəsi gün Oqtay istirahət evindəki otağına qayıdanda Əhməd kişini qanıqara gördü. Çırtma vursaydın, qanı çıxmazdı. Acıqlı-acıqlı oğlundan soruşdu:

- Ay oğul, adam belə iş tutar?! Yad yerdir, ürəyimin içini yemişəm. Harada itib-qalmısan?

Oqtay özünü sındırmadan:

- Ay ata, Nuru kişiyə rast gəldim. Söhbətə tutdu. Sən düz deyirmişsən. Allah saxlamış yaman söhbətcil imiş, düz səhərə qədər o danışıb, mən qulaq asmışam. Nə edim, ağsaqqal adamdır. Fikirləşdim: xudahafizləşib evə gələrəm, birdən xətrinə dəyər. Odur ki, birtəhər dözdüm.

Əhməd kişi arif adam idi. Barmağını dişləyib bir söz demədi.

 

A vam borş?

 

Qaçay kənd mağazasında işlərini sahmana salıb Bakıya yola düşdü. Bir az şəhəri gəzdikdən sonra bəzi şeyləri alıb Kislovodsk qatarına əyləşdi.

Mağazanı oğlu Yadullaya tapşırmışdı. İstilər qəfil düşdüyündən dözə bilməmişdi. Sərin yerdən ötrü burnunun ucu göynəyirdi.

Yaşıllıqlar qoynunda öz gözəl ömrünü yaşayan, adamlara rahatlıq, dinclik, sağlamlıq bəxş edən kurort şəhərində yenə də qələbəlik idi. Qaçay istirahət evində yerləşdikdən sonra birinci mərtəbəyə düşüb nahar etdi. Sonra həyətə çıxıb oturacaqlardan birində əyləşdi.

Kəndin od ələyən istisindən sonra, sanki cənnətə düşmüşdü. Sərin külək əsdikcə, neçə ayın yorğunluğu elə bil, birdən-birə canından çıxır, xoş ovqat onu bürüyürdü. Qarşısından keçən cavan rus qızlarını, qadınları oğrun-oğrun süzürdü. Xoş havanın təsirindən, gül-çiçəyin, yaşıllığın ətrafa yaydığı ətir saçan rayihəsindən, sanki bihuş olur, şirin xəyallara dalırdı. Eyni zamanda hiss edirdi ki, onu mürgü basır.

Qaraşın çöhrəli adamlar yaxınlaşdıqca bir qədər diqqətli olur, bir çoxunun azərbaycanlı olduğunu görəndə başını dikəldir, yüngülcə təzim edir, salamlaşırdı. Yəqin bilirdi ki, gec-tez tanış adamlarla də rastlaşacaq. Elə bu fikirlər içərisində idi ki, qonşusu Əhliman kişinin gülümsəyərək, ona sarı gəldiyini gördü:

- Səni xoş gördük, Qaçay.

Qaçay əl uzadıb görüşdü:

- Xoş günün olsun, Əhliman kişi. Çoxdan burdasan?

- Bir həftə olar.

- Əhliman kişi, əşi, bayaq, istirahət evinin yeməkxanasında nahar etdim. Yarım saat keçməyib, mədəm sıyrılır. Bunların yeməyindən, deyəsən, kar aşmayacaq. Arada gərək başımıza çarə qılaq.

- Düz deyirsən, ay Qaçay, mən də onların yeməyindən yarımıram. Hiss edirəm ki, zəifləmişəm. Buraların yaxşı havası var, sərinlikdir. Burdan yeyirsən, ordan acırsan. Elə mən də özümü arada verirəm restoranların birinə. Qarnımı doyuzdururam.

Qaçay ayağa qalxıb Əhliman kişiyə:

- Elə isə, daha nə gözləyirik. Sən artıq buralara bələd olmusan. Yaxşı restoran-filan harada var? Gedək, həm yaxşıca şam edək, həm də görüşümüzü qeyd edək. Özümüzçün yaşayaq biz az.

Əhliman kişi:

- Nə deyirəm ki, - deyə dilləndi. - Bir az aralıda yaxşı restoran var. Zəiflədiyimi hiss edəndən arada oraya gedirəm.

Qonşular gəzə-gəzə restorana gəldilər. Pəncərəyə yaxın stolların birinin arxasına keçdilər. Qaçay menyunu götürüb baxdı. Nərmənazik, beli üzükdən keçən, sarışın bənizli xörəkpaylayan qız yaxın gəlib Qaçaya müracətlə:

- Bizim restorana xoş gəlmisən. Nə buyuracaqsan? - deyə xəbər aldı.

Qaçay menyuya baxa-baxa:

- Deməli, belə, qəşəng qız, soyuq yeməklərdən gətir. Sonra... iki lülə, iki tikə, iki ağ balıq, yağla kürü də olsun. Bir şüşə araq, iki şüşə pivə... hələlik bunları...

Qaçay dedikcə qız dəftərçəsində yazırdı. Sonra Əhliman kişiyə sarı dönüb:

- A vam borş? - deyə soruşdu.

Qaçay duruxdu, bir qıza, bir də Əhliman kişiyə baxıb, əvvəlcə bir şey başa düşmədi. Əhliman kişinin dinmədiyini, qızın isə dayanıb cavab gözlədiyini görüb hər şeyi anladı. Onu gülmək tutdu, öz-özünə: "Oyunun olsun, Əhliman kişi", - deyə düşündü. "Zəifləmişəm" deyirsən, buraya da borş içməyə gəlirsənmiş. Zəifləyərsən də, taqətdən düşərsən də. İstirahət evində də borş, restoranda da borş... Daha şirə-pələngə dönməyəcəksən ki..."

Sonra üzünü qıza tutub:

- Krasavitsa, mı vmeste, - dedi. - İşində ol, get, sifarişləri gətir.

Sonra Əhliman kişiyə müraciətlə:

- Amma yaman məzəli qıza oxşayır ha, - dedi.

               

Zahir də yanımdadır

 

(Hekayənin ardı)

   

Sabirabaddan gələn avtobus Əli Bayramlıya çatıb dayandı. Əhliman kişi, ardınca Zahir maşından düşdülər. Yol gəldiklərindən, həm də səhər ertə yola çıxdıqlarından yorulmuşdular. Əhliman kişi bir-iki yerə dəyəsi idi. Nahar etməsəydi, üzülərdi. Ona görə də Zahirlə avtovağzaldakı yeməkxanaya girdi. Əyləşən kimi xörəkpaylayan oğlanı səslədi:

- A bala, bir bura zəhmət çək.

Oğlan cəld yaxınlaşdı:

- Eşidirəm, dayı.

Əhliman kişi çirkli dəsmalı ilə alnının puçurlanmış tərini silib:

- Oğul, bir pay borş gətir, - dedi, - suyunu da bol elə, iki dənə də qaşıq gətir. Zahir də yanımdadır.

Demə, Qaçay da yeməkxanada imiş. Bir nəfərlə oturub çay içirmiş. Əhliman kişinin sifarişini eşidib qəhqəhə çəkdi. Üzünü ona sarı çevirib ucadan dedi:

- A vam borş, Axliman kişi?

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!