Qırmızı zolaq - Adəmin hekayəsi

Bu qədər gərgin, narahat, damarları şişkin olmasının səbəbi gördüyü yuxu idi. Yenicə gözünü yumsa da, real aləmdən qopmuşdu.

Yuxusunda yenə də son günlərdə dəfələrlə təkrarlanan həmin üçlük idi. 6 yaşlı özü, 44 yaşlı atası və qara inək. Bu üçlüyün arxasında başqa 10-15 inək və buzov, həmçinin qardaşları da var idi.

Onları aydın seçə bilmirdi. Nə üzləri dəqiq xatirində idi, nə də heyvanların rəngini ayıra bilirdi. Sanki qarşıdakı üçlüyə şəffaf, arxadakılara isə buzlu şüşədən baxırdı. Nəsə olduğunu bilirdi, görürdü, amma detallar aydın deyildi. Yəqin detallar heç özünə də maraqlı gəlmirdi.

Atası əlində iri ağacla heyvanları sağdan-soldan hürküdür, onları tövləyə tərəf gətirirdi. Özü də ən qabağa qaçır, tövlənin qapısını içəridən açır və yenidən heyvanların arxasına keçirdi.

Heyvanlar tövləyə girir, əsas qapı bağlanır, atası su istəyir, çomağını əlinə alıb tövləyə girir...

Özünü yuxudan oyatmaq üçün çalışdı və buna nail oldu. Son illərdə özünü yaxşı tərbiyələndirmişdi. Qorxulu yuxu görəndə, yaxud sıradan bir yuxu birdən-birə korlananda tez özünü oyadırdı. Yenə də işə yaramışdı. Sağa-sola baxdı, heç kimi narahat etməmək üçün yenidən başını yastığa qoydu. Həm maykasının, həm yatdığı hissədəki döşəkağının, həm də yastıqüzünün tərdən islandığını gördü. "Həll yolu axtarmağın vaxtı deyil" düşünüb, ayağına dəyən ağ əsgini dartdı, kürəyinə qoydu.

Yuxuda gördüklərinin gerçəyini xatırladı. "30 il əvvəlki hadisələri niyə hər gün görür?" deyə düşündü.

***

Biçinə bir aydan az vaxt qalmışdı. Hər gün səhərdən-axşama kimi üç qardaş əkinin yanında keşik çəkirdilər. Buna manqurt əməyi də demək olardı. Çünki hər üçünün başı keçəl, papaqsız, susuz, dörd-beş saat qırx-qırx iki dərəcə günün altında qalmaq elə manqurtun dözə biləcəyi bir iş idi. Səhər yeddidən on ikinin yarısına kimi böyük qardaş, on ikinin yarısından dördə kimi ortancıl qardaş, dörddən səkkizə kimi o dayanırdı. Səkkizdən sonra üçü də əkin sahəsinə gəlirdi. Çünki işin ən vacib hissəsi burada idi. Kənddə inək, mal-qara sahibi olanlar heyvanları naxıra göndərirdilər. Axşam dönüş vaxtı bu heyvanların bir hissəsi sahibi tərəfindən evə aparılır, sahibi gəlməyənlər isə əkinə, bağa, bostana hücum çəkirdilər.

Bu dəfə atası da gəlmişdi. Son günlər olduqca əsəbi idi. Demək olar ki, hər gün eyni adamların eyni mal-qarası onun əkin sahəsində qarnını doyurmağa çalışırdı.

Bu gün əlinə aldığı yekə çomağını görəndə qonşuluqdakı yaşlı kişi:

- O ağac nədi? Yoxsa, Qaraca Çobanlığa başlamısan? - soruşdu.

- Arvaddöyən ağacımdı, - deyib şaqqanaq çəkərək güldü, sanki bir az əvvəl əsəbdən qıpqırmızı qızaran adam deyildi. 

Və oğlanların heç biri bu sözə nə daxildən, nə də səsli reaksiya vermədilər. Əlbəttə, bu ağacla heç vaxt anaları döyülməmişdi, amma zarafat o qədər iyrənc idi ki, 30 il sonra belə onun ürəyini bulandırırdı.

Sonra bağa tərəf yaxınlaşan mal-qaranı qarşılarına qatdılar. Sürə-sürə həyətə kimi gətirdilər. Tövləyə saldılar. Yarım saatdan sonra bir-bir heyvanların sahibləri gəldi. Kimisi boynubükük, kimisi aqressiv, kimisi də vecsiz. Hamısı öz heyvanını götürüb getdi. Onun atası nə vəzifə sahibi idi, nə də güc. Sadəcə, 3-4 hektarlıq torpağını qoruyan bir kəndli idi. Camaat da ona bir söz demirdi, evdəkilər də. Asırdı-kəsirdi, qışqırırdı, sakitləşirdi, yatırdı-dururdu. Beləcə günü-günə calayıb əkinin biçiləcəyi günü gözləyirdi.

***

Neçə gün idi yuxuları düzəlmişdi. "Düzəlmişdi" dediyim başqa şeylər görürdü. Başını (və yuxularını) qatmaq üçün hər gün ən azı iki filmə baxırdı, səsli kitaba qulaq asırdı. Faydası da olurdu.

Axırıncı dəfə Okan Bayülgenin səsi ilə "Satranç"a - Zvayqın "Şahmat"ına qulaq asmışdı. Elə həmin gecəni də özü ilə şahmat oynamışdı. Amma elə ki, bütün günü yollarda qaldı, həmin gecədəcə qara inək gəldi.

Qara inək bu dəfə çox böyük idi. Qeyri-adi nəhənglik deyildi bu, sadəcə, qarnı şişmişdi, boğaz idi. Boğaz, yəni hamilə, yəni qarnında balası var idi.

Qardaşları ən arxada görünürdülər. Bir az irəlidə 6 inək, atası - əlində çomağı və ən öndə qara inək. İnəyin dərisindəki tükləri alnından quyruğuna qədər qapqara idi və parıldayırdı. Gözləri də, burun dəlikləri də qara idi. Əgər bu inək inəklərin gözəllik müsabiqəsinə qatılsa, dəqiq birinci yer olardı. Hamiləlik də ona çox yaraşmışdı. Bel sümüyünün altındakı boşluq dolmuşdu, bədənində bütün keçidlər ideal idi. Sanki peşəkar dizayner hazırlamışdı onun fiqurasını.

6 yaşında uşaq yenə qabağa qaçdı. Tövlənin qapısının açılması onun məsul vəzifəsi idi, heyvanlar içəri girdilər. Atası su istədi. Çomağını götürüb tövləyə girdi. Əlini və əlindəki ağacı yuxarı qaldırdı, endirmədən yuxudan oyandı. Nəfəsinin az qala kəsildiyini gördü, yerindən qalxdı, eyvana çıxdı. Havanı acgözlüklə ciyərlərinə çəkdi. "Kaş siqaret çəkən olaydım", - deyə düşündü. "Bax, əsil onun havasıdır. Görəsən, doğrudan da, siqaret belə şeyləri unutmağa kömək edir?" - özünə sual verib bir saatdan çox çöldə qaldı.

***

Kombaynlar kəndi 2 ay idi ki, tərk etmişdilər. Artıq hər kəsin buğdası, arpası evində, anbarında idi. Gələn ilin toxumluğu ayrılmış, dəyirmana göndəriləcəklər işarələnmiş, qalanı da müştərisini gözləyirdi. Bu qədər əziyyətin qarşılığında 6666 kq buğda əldə etmişdilər. Hətta son 6 kq düzəlsin deyə yerdəki tozu, zibili də son kisəyə doldurmuşdular.

Amma nə buğdanın çəkisi onların vecinə idi, nə də zəhmətləri. Heç gələn il əkin əkmək barədə fikirləri də qəti deyildi.

Səbəbini bilirdilər. Özləri bilirdilər. 3 qardaş da bilirdi, digər ailə üzvləri də bilirdi. Bilirdilər ki, sahibi qara inəyin balasını götürüb. Doğa bilməyib, baytar gəlib balanı inəyin qarnından dartıb çıxarıb - ölü balanı.

Balanın niyə öldüyünü də yalnız onlar bilirdilər.

 

***

Neçə gün idi ki, nəinki yuxularında, heç oyaq vaxtında belə qara inəyi düşünmədən dayana bilmirdi. Gözünü yuman kimi qara inəyin qara gözləri parıldayırdı. Əvvəl psixoloq yanına getməyi bildirdilər, getdi, dərdini danışdı. Psixoloq 3 seansdan sonra yaxşı tövsiyə verdi: kəndə get, atanın qəbri üstündə "Quran" oxutdur. Keçib gedəcək.

Ertəsi gün yola çıxdı.

3 saatdan sonra gəlib qəbiristanlığın qarşısında dayandı.

Qapını açmaq üçün 5-6 dəqiqə əlləşdi. İçəridən bir, çöldən başqa cəftə ilə bağlamışdılar.

Qapıdan 100-120 addım qabaqda idi atasının məzarı. Məzarlığın ən hündür başdaşılarından birini də atası üçün düzəltdirmişdilər.

Qapını içəridən bağladı, geri dönüb addımlamağa başladı. Atasının məzar daşının tərpəndiyini gördü. Məzar daşı yavaş-yavaş irəli-geri gəlirdi, sanki kimsə onu aşırmağa çalışırdı. Qaçmağa başladı.

Məzar daşının betonunun qırılma səsini eşitdi. Var gücü ilə qaçıb özünü daşın yanına yetirdi. Daş düz ayağının dibinə aşdı.

Daşı aşıranı da o an gördü, gördü və tanıdı. İki parıldayan göz, qapqara tüklər.

Və bel sümüyündən sola doğru qırmızı bir zolaq. Çomaqla vurulan neçəncisə zərbəsinin yeri.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!