Bu hekayəni çoxdan, lap çoxdan yazmışam. Geniş auditoriyaya on-on beş il öncə təqdim etmişəm. Bu gün ATƏT-in Minsk qrupunun məsələsi yenidən gündəmə gəldiyi üçün, belə qərara gəldim ki, onların fəaliyyətini bədii üsulla əks etdirən bu əsəri bir daha oxucuların ixtiyarına verməyin yeri və məqamıdır.
O gecə səhərə qədər yatmadım. Bütün gecəni ATƏT-in Minsk qrupu üzvlərinin xəbərlər proqramındakı çıxışı barədə düşündüm. Onların dediklərini video-kaset kimi xəyalımda dala-qabağa fırladım. Yenə də baş aça bilmədim, onlar nə dedilər, bu yaxınlarda ikitərəfli görüş olacaq, ya olmayacaq? Bu müşkül məsələ bir yana qalsın, insanı daha da çaşdıran qəlizliyin ikinci qatıdır. Deyirlər, ikitərəfli görüş... Ay kişilər, əlbəttə, görüş ikitərəfli olar! Birtərəfli görüş ola bilməz ki!? Birtərəfli görüş olsa, olsa, insan, güzgü qabağında durub saçına daraq çəkəndə ola bilər, ta münaqişədə bulunan iki yağı düşmən arasında yox! Bu bir yana qalsın, həmin görüşdə Minsk qrupu da iştirak edəcəksə, ikitərəfli olmur axı, bir neçə tərəfli olur. Yaxşı, buna da razıyam. Olsun, neçə tərəfli deyirsən, olsun, amma doğrudan olsun və yaxud olmursa, o da doğrudan olmasın. Ancaq onları diqqətlə dinləsəm də, biləmmədim, bu ikitərəfli görüş olacaq dedilər, yoxsa, olmayacaq? Bir şey də var ki, Minsk qrupu da görüşdə iştirak edəcəksə, ən adi məntiqə görə, həmin görüşdə nəticə əldə olunmayacaq, çünki tərəflər razılaşıb məsələni həll edən kimi, bu vasitəçi qrup öz əhəmiyyətini və vəzifəsini itirir, qrupun üç nəfər həmsədri işsiz qalır...
İlk baxışda bu sual elə də qəliz sual deyil, amma insan ona baş vurduqca, dərinləşir, dərinləşdikcə də qəlizləşir. Elə qəlizləşir ki, dolaşıqlarını açmaq mümkün olmur.
Adama deyərlər, ə, bu nə problemdir ortaya atırsan? Xəbərləri diqqətlə izləmək lazımdır! Kişilər ya deyərdilər, görüşəcəklər, ya da deyərdilər, görüşməyəcəklər; ya deyərdilər, biz də orada olacağıq, ya da deyərdilər, biz olmayacağıq.
Şuluq uşağın üzünə təpinən kimi üzümə təpinənlərə deməliyəm ki, sizə elə asan gəlməsin. ATƏT-in Minsk qrupunun hər bir üzvü yüksəksəviyyəli diplomatdır, diplomatın hər sözünü elə asanlıqla anlamaq mümkün olsa, ta onun nəyi diplomat oldu? Onların qurduqları cümlələrin qəlizliyindən neçə dəfə belə anlaşılmazlıqla üzləmişik.
Bir dəfə yenə xəbərlər proqramına verdikləri müsahibədə üzlərində müəmmalı ifadə, nə isə dedilər. Bütün ailəliklə oturduq, dediklərini gecə yarıya qədər təhlil elədik, qızğın müzakirə açdıq. Arvadla mənim izahım daban-dabana zidd olduğundan, az qaldım, inadkar arvadı kötəkləyəm də. Sonra "lənət şeytana", - deyib, əsəbimdən əsən sağ əlimi sol əlimlə tutdum və bərk-bərk sıxdım ki, yaranan fürsətdən istifadə edib, nəzarətdən çıxmasın.
Xülasə, həmin gecə qızğın mübahisədə uşaqlar da dediyimi qismən təsdiqlədiklərindən, mənim sözüm keçdi. Belə bir nikbin qənaətə gəldik ki, Minsk qrupunun cəfakeş üzvləri deyiblər, qarşı tərəf işğal olunan əraziləri qeyd-şərtsiz boşaltmağa, aldığı kimi də qaytarmağa hazırdır. Bunu yəqinləyəndən sonra, bir sevinmək sevindik, bir sevinmək sevindik, gəl ki görəsən! Qonşulara da haray çəkdik, onlar da ATƏT diplomatlarının sözlərini təxminən, biz izah etdiyimiz məzmunda izah etmisdilər. Məhləyə tökülüşdük. Səhərə qədər yatmadıq, kasıbçılıq da olsa, evdən hərə bir şey gətirdi, ərazi probleminin qan tökülmədən həll edilməsini təmtəraqlı şəkildə qeyd etdik. Məhləmizdən göyün yeddinci qatına atəşfəşanlar də ünvanlandı, uşaqlar şad xəbər üçün xüsusi olaraq saxlayırlarmış.
Amma sən saydığını say, gör, gözünə döndüyüm fələk nə sayır. Səhər məlum oldu ki, usanmadan qayğımızı çəkən üçlük diplomatiya dilində deyirmiş ki, hələ ATƏT işğalçının kim olduğunu müəyyənləşdirməlidir. Kim bilir, bəlkə işğalçı torpaqları zəbt edən tərəf deyil, həmin torpaqlardan didərgin düşən tərəfdir!
Bu yerdə dönüb deyə bilərsiniz, didərgin düşən xalq doğma torpağı necə zəbt edə bilər? Elə beynəlxalq təşkilatların da üstündə baş sındırdıqları sual budur. Bunun cavabını tapsalar, daha yerdə qalana nə var ki!? "Yerdə qalan" deyəndə, başqa qəliz suallar da var. Məsələn, Xocalı soyqırımını rus-erməni hərbi birləşmələri törətdi, yoxsa, rusu, ermənini sivil bəşəriyyətin gözündən salmaq məqsədi ilə Xocalı camaatı (Allah onlara rəhmət eləsin) bilərəkdən, qəsdən qırılıb!? Bax, belə-belə mürəkkəb məsələlərdir ki, mötəbər təşkilatları çaşbaş salıb.
Nə isə... Beləcə bir gecəlik şənlik səhər burnumuzdan gəldi.
Hə, o gecə yenə düşdüm növbəti deyim-rebusun ağuşuna. Nə qədər götür-qoy eləsəm də, heç vəchlə müəyyənləşdirə bilmədim, hörmətli Minsk qrupu görüşəcəklər dedi, yoxsa, görüşməyəcəklər dedi.
Beləcə, daxilimdəki fikir çaxnaşmasında səhəri diri gözlə açdım. Səhər tezdən əl-üzümü yumamış məhəlləyə çıxdım ki, bir görüm, məhlə uşaqları nə fikirdədilər, diplomatik üçlüyün eksklüziv müsahibəsindən necə çıxır, ikitərəfli görüş olacaq, ya yox?
Məni tələm-tələsik dartıb bayıra çəkən çöldən eşidilən hay-küy olmasaydı, bəlkə də özümü səliqə-sahmana salıb məhləyə elə çıxardım.
Həyət qapısını açan kimi gördüm, küçədə iki nəfər qonşu əlbəyaxa olub. Biri höcətləyir, Minsk qrupu "tərəflər görüşəcəklər" dedi, o birisi inadlaşıb deyir, öz qulağımla eşitdim, dedi "görüşməyəcəklər".
Görüşəcəklər dedi! Görüşməyəcəklər dedi! Görüşəcəklər dedi! Görüşməyəcəklər dedi! Bunların çığırtısına- bağırtısına o biri qonum-qonşu da tökülüşdü. Onlar da bayıra çıxan kimi horuldaşa-horuldaşa iki yerə bölünüb davaya qoşuldular. Bədnam müsahibənin məzmununu "görüşəcəklər" kimi başa düşən qonşular "görüşəcəklər" deyən kişinin tərəfini, "görüşməyəcəklər" kimi başa düşənlər "görüşməyəcəklər" deyən kişinin tərəfini tutdular.
Bu ana kimi mehriban yaşayan qonşular bir an içində yarıbayarı rəqib tərəflərə bölüşdülər.
Mənim kimi tərəddüd içində bitərəf mövqe tutan cəmi beş-altı nəfər var idi. Biz araya sülh salıb onları sakitləşdirməyə, aralamağa cani-dildən səy göstərsək də, cəhdlərimiz bir nəticə vermədi. Mübahisə get-gedə qızışdı, əlbəyaxa dartışanlar oldu. Oldu, olanı danmağın nə mənası?!.
Mübahisə gah səngiyir, gah alovlanır, gah da yenidən səngiyirdi. Bir-iki saatdan sonra odunu qurtarmış od kimi xeyli öləzidi.
Öləzisə də, hər iki tərəf dediyini dedi. Əşyayi-dəlil kimi Minsk qrupunun həmin çıxışının lent yazısını da gətirtdilər. Kaseti maqnitofona qoyub düz yetmiş yeddi dəfə dala-qabağa fırladılar, yenə də baş aça bilmədilər, diplomatik üçlük nə deyib. Səs mütəxəssislərinin iştirakı ilə ekspertiza da keçirtdilər, bu nadir tədbir də bir nəticə vermədi. Ekspertiza prosesində iştirak edən yüksəksəviyyəli mütəxəssislərin fikirləri də iki yerə haçalandı, bir qismi dedi, hörmətli üçlük görüşəcəklər söyləyib, digər qismi dedi, yox canım, deyəsən, görüşməyəcəklər söyləyib. Bu minvalla məsələ açıq qaldı.
Bu səhər qanımı bir xəbər də qaraltdı; RTR tv-dən verdilər. Dedilər, Fransa parlamentinin erməni soyqırımı ilə bağlı üzdəniraq qərarından dərhal sonra, tarixi həqiqəti fransızlara sübut etmək üçün mahir türk tarixçilərindən ibarət böyük nümayəndə heyəti özünü Parisə çatdırıb.
Onlar gedəndən iki aydan çox keçir. Diktorun dediyinə görə, elə axırıncı iki aydır Fransanın büdcəsi bu ölkədən gedən tarixçilərin cərimə kimi ödədikləri məbləğin hesabına dolur. Nümayəndə heyətinin fədakar üzvləri təkidlə "erməni soyqırımını tanımırıq və sizi də tanımamağa çağırırıq" dedikcə, fransızlar öz türk həmkarlarının sözünə əməl etmək əvəzinə, onları böyük miqdarda məbləğlə cərimələyirlər. Bunlar, "tanımırıq, sizi də tanımamağa çağırırıq" cümləsini təkrarladıqca cərimənin məbləği birə-beş artır.
Maraqlıdır ki, ömürlərinin son illərini məcburi köçkün həyatı yaşaya-yaşaya yurd həsrəti çəkən ağbirçəklərin əlləri qoynunda, dodaqlarında zümzümə etdikləri bayatılar da, Minsk qrupunun son dərəcə qəliz və dumanlı ifadələrinin yaratdığı gerçəkliyin poetik təcəssümü olaraq formaca eyni olsa da, məzmun baxımından daban-dabana ziddir. Məsələn:
Əzizinəm, hörüşlər,
Yaşıl otdu hörüşlər.
Diplomatlar dedilər,
Olacaqdı görüşlər.
Və yaxud:
Əzizinəm, hörüşlər,
Quruyubdur hörüşlər.
Diplomatlar dedilər,
Olmayacaq görüşlər.
Mən deyə bilmirəm, ikitərəfli görüş olacaq, ya olmayacaq. Bir onu yəqin bilirəm ki, mötəbər üçlüyün labirint xarakterli, dolaşıq fikirlərinin izahlı təhlili məsələsində bitərəfəm. Vaxt keçdikcə, bu qrupun çözümü müşkül deyimləri barədə yaxşı-yaxşı düşündükcə, haqlı olduğumu yəqinləşdirirəm.
P.S. İllər ötdü, Azərbaycan qazandığı qələbə nəticəsində öz ərazi bütövlüyünü bərpa etdi. Bununla da ATƏT-in Minsk qrupunun missiyası və vəzifəsi bitdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!