“Hisslər və macəralar” silsiləsindən
Dəbdəbəli üçmərtəbəli villasının qarşısında, uşaqlıq dostları iki bacını qarşılayan Lamiyə onlara sarılan kimi hər üçü hönkürməyə başladı. Sonra qızlar içəri keçib, Lamiyənin anasıyla qucaqlaşıb ağlaşdılar. "İnanırsız, Aliyə xala, - böyük bacı Nisə hıçqıra-hıçqıra dedi, - o gündən özümüzə gələmmirik. Mamam özünü öldürürdü ki, məni də aparın, təzyiqinə görə qoymadıq. Amma gələn cümədə mütləq gələcək".
Sonra ağ fincanlarda çaylar gəldi, masada nazik, naxışlı ağ qablarda sarı halva, xrustal vazalarda ən bahalı şokoladlar, cürbəcür çərəzlər var idi. Lamiyə fincana çırtma vurub kiçik bacı Jaləyə dedi: "Təmiz farfordu, Praqada olanda almışdım". - "Sağlıqla işlədəsən". Jaləyə elə gəldi ki, fincandan çıxan cingiltili səsin, farforun, Praqanın heç yeri yox idi. Lamiyə onun qulağına pıçıldadı: "Elə bildim, Faiq də gələcək, ona görə kirpiklərimi çıxartmadım". - "Faiqin qəfil işi çıxdı, amma qırxda mütləq gələcək". "Gəl bir de, makiyajı da ərimə görə eləmisən" fikirləşən Jalə narahat oldu ki, Lamiyənin taxma kirpiklərlə bağlı dediklərini yanındakılar eşidə bilər. Bir yandan da, rus dilində sadə cümlə qura bilməyən rəfiqəsinin Faiqin adını çəkərkən, vurğunu "a" hərfinə vurması onu qıcıqlandırırdı. Bu vaxt Aliyə xanım Nisəylə dərdini bölüşürdü.
Jalə qəfil pıçıltıyla Lamiyədən soruşdu: "Meyidi gətirmək çox çətin oldu?" - "Ehh, çətin də sözdü? Gündə bəlkə on dəfə mamaya zəng eliyirdim ki, təcili filan sənədi göndər. Tərcümə, notarius, hamısı da vaxt aparan işlər. Bir yandan da yuxusuz gecələr, stress. Ən çox insultdan qorxurdum. Təsəvvür elə, uzaq ölkədə öləm, bir meyitin üstünə biri də gəlsin". - "Allah eləməsin, o nə sözdü?" - "Məsəlçün deyirəm. İnanırsan, gecə-gündüz əllərimi göyə açıb dua edirdim ki, ay Allah, mənə güc ver, sağ-salamat qaqaşın meyidini Bakıya çatdırım. Otuz min avrodan çox pulum çıxdı. Pula görə demirəm, Nadirə görə lap əlli minimdən də keçərdim. İndi gündə on dəfə Allahıma şükür edirəm ki, qaqaşı gətirib adına layiq dəfn elədik", - Lamiyə bunları deyib dərindən köks ötürdü.
İşiylə bağlı gah Dubaya, Berlinə, gah da Parisə uçan Lamiyənin Bakının yaxşı yerlərində iki gözəllik salonu, bir estetik klinik mərkəzi varıydı. Bir suyu Müşərrəf Akaya oxşayan Lamiyənin yaşı əllini keçsə də, otuz-otuz beşdən o yana verməzdin. Kefinə düşəndə, səhər yeməyinə Londona, naharda suşi üçün Tokioya uçurdu.
"Gedək o biri otağa, sənə bir şey göstərəcəm", - qəfil Jalənin qolundan tutub qaldırdı, o biri otağa keçdilər. "Necədi?" - Lamiyə başında allı-güllü kəlağayı kresloda oturan halda qızılı çərçivəli rəsmini göstərdi. "Əla" deyən Jalə fikirləşdi, "görən, Aliyə xala o biri otaqda bizim haqqımızda nə düşünür, qızını yersiz hərəkətlərinə görə qınayırmı?" "Başqa cür ola bilməzdi. Səncə kim çəkib?" - Lamiyə özündən razı qamətini dikəldib soruşdu. "Aydın məsələdi. Sakit Məmmədov". - "Afərin, quzum, o dəyqə bilinir ki, rəssam arvadısan. Faiq yenə çəkir?" - "Çəkir, amma əvvəlki kimi yox. Özün bilirsən, indi tək rəssamlıqla yaşamaq olmaz. Əzimzadədə* maaş çox azdı, vaxtının çoxu dizayn işlərinə gedir". - "Hmm, başa düşürəm. Amma o biri tərəfdən də istedad məsələsi". Çiyinlərini çəkən Jalə "Hüzrdə də ərimdən danışır" fikirləşdi, istədi soruşa "Yoldaşın necədi? İşləri necədi?", anladı ki, bu, onda süni alınacaq, üstəlik, rəfiqəsi bu süniliyi o dəqiqə hiss edəcək. "Təbiət rəsmləri Faiqdə əla alınır, - Lamiyə isə tərif deməyindəydi. - Bax, ordadı onun "Alp zirvəsi" əsəri. Əvvəllər də sənə demişdim, dağlar ruhumun dinclik tapdığı məskəndi. Mənimçün cənnət də elə dağlardı".
Jalənin gözü ağ trümonun üstündəki Lamiyənin ölkə şou-biznesinin məşhur xanım müğənniləriylə çəkdirdiyi şəkillərə sataşdı. Çərçivəyə salınmış şəkillərin arasında qızılı hərflərlə "Lamiyə - Estetik Klinik Mərkəzinin pasiyentləri" yazılmış kubok var idi. Jalə tez gözünü ordan çəkdi, bildi ki, bununla bağlı bircə sual versə, rəsm əsərləri yaddan çıxacaq, rəfiqəsi başlayacaq: mənim klinikamda filan müğənninin burnunu belə kəsdik, o birisinin dodağına elə silikon doldurduq ki, üç il keçib, hələ də razıdı bizim işdən.
"Bu əsərin adı "Rəqs edən gənclər"di, - Lamiyə növbəti rəsm əsərini göstərib dedi. - Keçən il Tbilisidə olanda aldım. Görən kimi satana dedim, bu, mənimdi". Jalə tabloya yaxınlaşıb gözlərini qıydı ki, aşağısında müəllifin adını oxusun. "Oxuya bilməyəcəksən, - Lamiyə dilləndi. - Gürcü dilində yazılıb. Pirosmanidi, dünyada tanınmış rəssamdı". Rəfiqəsi ani olaraq fikirləşdi: "İndi soruşacaq, bəs nə əcəb ərinlə Tbilisidə olanda gedib onun əsərlərinə baxmamısız?" Lamiyə başqa sual verdi: "Buna bilirsən, nə qədər pul vermişəm?" Cavab gözləməyə səbri çatmadı, beş barmağını göstərərək "Beş min dollar. - dedi. - Əslində çox bahaydı, satana müalicəsiçün təcili pul lazımıydı deyə, mənə çox ucuz satdı. Sonralar Bakıda belə əsərlərə qiymət qoyan bir dostuma bunu göstərib təxmini qiymətini soruşdum. Dedi, ən azı on beş min dollar. İnanmırdı, beş min dollara almışam". Jalə fikirləşdi ki, müalicəsiçün bu əsəri satana rəfiqəsi beş min yox, heç olmasa, yeddi min dollar verə bilərdi.
Sonra Lamiyənin bibiləri gəldi, Nadiri xatırlayıb kövrəldilər, ağlaşdılar. "Mən ekspertizanın rəyinə inanmıram, - Lamiyə bunları deyəndə, araya sükut çökdü. - Noolsun İsveçdi, inanmıram, vəssalam. Əgər mən deyən düz çıxsa, onları məhkəməyə verəcəm", - barmağını havada silkələyib İsveçin tibbi-məhkəmə ekspertizasını hədələdi. Anası özünü saxlaya bilmədi, "Can bala, can" deyib ağlamağa başladı, qalanlar da ona qoşuldu. Sakitləşib özünə gələn Lamiyə səsi titrəyə-titrəyə davam etdi: "Həmin gün Nadir işiylə bağlı Romaya uçmalıydı, mənə vatsapa yazmışdı, əlində bileti varıydı. O, niyə axı maşına minib başqa şəhərə getməliydi? Özü də beş nəfər bir maşında. Öz maşınıyla gedərdi də. Mən orda olanda Aeroitaliyaya sorğu göndərdim, cavab gəldi ki, qaqaş bileti qaytarmayıb. Ona görə bu ölümdə heç cürə məntiq tapammıram". - "Falçı məsələsini də de, qızım", - anası içini çəkib dilləndi. Məlum oldu ki, Lamiyə dəfndən bir gün sonra qardaşının şəklini Bakıda məşhur falçıya göstərib soruşubmuş, bu adamla bağlı nə deyə bilər. Falçı da deyib, bu oğlan sənin qardaşındı, hazırda xarici ölkələrdən birindədi, hələ ki onu axtarmayın, lazım olanda, o, özü sizinlə əlaqə saxlayacaq. Bunları danışıb Lamiyə gözlərini yumdu, iki damla yaş süzülüb yanaqlarına axdı, bir dəqiqə gözlərini açmadı, taxma da olsa, uzun kirpiklər onu daha da cazibədar etmişdi. Həmin an Jalə fikirləşdi: "Faiq burda olsa, gözlərini zilləmişdi buna". Sonra diqqətlə rəfiqəsiylə anasına baxıb müəyyən edəmmədi, onlar falçının dediklərinə inanıb, ya yox.
On gün əvvəl Lamiyənin qardaşı əlli iki yaşlı Nadir Stokholmda iki yüzdən yuxarı sürətlə gedən maşında qəzaya düşüb dünyasını dəyişmişdi. "Mersedes"də o daxil, beş nəfərin meyidi əzilmiş, tanınmaz hala düşmüşdü. Faciədən xəbər tutan kimi Lamiyə ora uçmuşdu. Morqda meyitin tanınması, sənədləşmə işləri, meyitin Stokholm-İstanbul-Bakı reysiylə gətirilməsi - hamısı bacısının üstünə düşmüşdü.
Yuxarı siniflərdə oxuyan Nisə, Jalə, Lamiyə yay tətilində Lamiyənin Xoşbulaq kəndində yaşayan əmisigilə qonaq getmişdilər. Nadir qızlara qəti tapşırmışdı, çölə çıxmasınlar, elə həyətdə oynasınlar. Qızlar özləriylə xiyar, pomidor, pendir, göy-göyərti götürüb gizlicə evdən çıxıb çay qırağına getmişdilər. Sonra Nadirin əmisioğlu ona çatdırmışdı ki, Yaqub adlı oğlan bu dəqiqələrdə öz dostlarıyla Jaləni qaçırtmağa hazırlaşır. Nadir əmisioğluyla bir yerdə təngnəfəs özünü çay qırağına çatdırıb qızları, əsas da öz bacısını xeyli danlamışdı ki, niyə onun sözünə qulaq asmayıblar.
Bir dəfə Xəzərdə üzərkən, batmaqda olan Lamiyənin (sağ ayağı qıc olmuşdu.) qışqırtısını eşidən Nadir iyirmi metrlik məsafəni sürətlə üzərək özünü çatdırmışdı, bacısının saçlarından tutaraq sahilə tərəf üzmüşdü... Stokholma gedib gələnə qədər Lamiyəni bir sual girinc etmişdi: "İlahi, mən onda batsaydım, kim gedib meyitini gətirəcəkdi?" Bir qardaş, bir bacıydılar. Atası çoxdan rəhmətə getmişdi, anası məktəbdə fizika müəllimi işləyirdi, maaşa baxan əri turizm şirkətində işləyirdi, qohum, dost-tanış arasında pul baxımından onlara kömək edəcək birisi olmayacaqdı.
Nadir evlənəndən illər sonra bacısına etiraf edəndə ki, Jalədə gözü var imiş, yeganə baldızından yarımayan Lamiyə qəhqəhəli hikkəylə demişdi: "Nə boğardım səni. Bəs niyə bunu vaxtında mənə deməmişdin?" - "Nə bilim? Elə bilirdim oğlan öz bacısının padruqasıyla evlənməz". - "Azərbaycanda elə adət yoxdu axı?" - "Bilirəm yoxdu. Məsələn, o vaxt elə bilirdim, dostum Arif səni sevsə, ya bizə elçi gəlsəydi, sən indi məni boğmaq istədiyin kimi, mən də dostumu boğardım". - "Ay axmaq, nəyi nəylə müqayisə edirsən?!" - "Axmaq olmuşam, boynuma alıram".
Lamiyə bu söhbəti Jaləyə danışanda, rəfiqəsi qulaqlarına inanmamışdı, bilməmişdi nə desin, çünki illər boyu Nadirə nə qardaş, nə də naməhrəm kimi baxmışdı. Jalənin sifətindəki qəfil dəyişikliyi görən Lamiyə birbaşa suala keçmişdi: "Getməzdin ki, qardaşıma?" - "Nə bilim? Vallah, çətin sualdı".
Jalə bəzən fikirləşirdi, o vaxt Nadirə münasibətdə məhrəmlikdən naməhrəmlik hissinə keçə bilərdimi? "Görən, bu işdə psixoloq mənə kömək edə bilərdimi?" sualı vermişdi özünə, keçmişə səfər edib bu qənaətə gəlmişdi: "Bu, o qədər intim bir məsələdi ki, heç dünyanın ən təcrübəli psixoloqu mənə kömək edəmməzdi". O vaxt çayın qırağına tövşüyə-tövşüyə özünü çatdıran Nadirin ona yönələn baxışlarını xatırlayıb özünə demişdi: "Məktəbdə oğlanların baxışından bilirdim ki, məndən istədikləri nədir. Bəs Nadiri niyə o vaxt başa düşməmişdim?"
Yeri gəlmişkən, Faiqlə Jalənin bir-birinə olan sevgiləri məktəb illərinə (paralel siniflərdə oxuyurdular) gedib çıxırdı. Elə bu sevgiyə sadiq qalaraq evlənmişdilər.
Nadir biznesmeniydi, İsveçdə, Almaniyada işlənmiş maşınlardan alıb Bakıya satmağa göndərirdi, yəni, Faiqdən qat-qat çox qazanırdı. Məktəbdə musiqi müəllimi kimi üç yüz qırx manat maaş alan Jalə arada fikirləşirdi, Nadiri naməhrəm bilib ona ərə getsəydi, istədiyi paltarları, ətirləri alardı, illərdi arzuladığı Barselonaya, Romaya gedib doyunca gəzərdi. Ərininsə onu qırx yeddi yaşına qədər Tbilisiyə, Trabzona aparmağa imkanı çatmışdı. Bir də, yaydan-yaya Nisəgilin Şamaxıdakı ikimərtəbəli bağ evinə gedirdilər.
Faiqin sərgilərinə ilk gələnlər arasında Lamiyəylə əri Firuz olurdu. Soyuq fevral günü rəfiqəsinin çılpaq çiyinli, kürəyinin ortasına qədər açıq qırmızı donda sərgiyə gəlməsini Jalə ərinə münasibətdə üstüörtülü flirtə yozmuşdu. Ona elə gəlmişdi, əri Lamiyə ilə salamlaşanda, əlini öz əlində çox saxlamaqla məlum flirtə cavab verib. Jalə yüz faiz əminiydi ki, onların arasında intim münasibətlər yoxdu, bir neçə dəfə ərinin rəfiqəsiylə çarpayı səhnələrini xəyalının kandarından qovmuşdu. Elə ki saytlarda bəzi kişilərin öz arvadlarının rəfiqələriylə gizlicə görüşməsi xəbərlərini oxuyurdu, kefi pozulurdu, ifrat inamına, sadəlövhlüyünə görə özünü söyürdü. Yeri gəlmişkən, Faiq də öz gecə xəyallarıyla baş-başa qalanda, ya arvadıyla sevişəndə, Lamiyəni yaxına buraxmırdı. Arvadının rəfiqəsi, üstəlik, ərdə olan birisi onunçün naməhrəm olsa da, xəyal dünyasında onunla öz arasında tikanlı hasar çəkmişdi. Amma arada başını qaldırıb hasardan Lamiyəyə baxmaqdan vaz keçmirdi. Bunu kətana köçürmək ürəyindən keçmişdi: günəş qürub edən vaxt, hasarın sıx tikanları arasından, çiyinləri gündən qızarmış, ağ sarafanda, başında zoğalı bandana, çəmənlikdə dizləri üstə oturub əliylə çobanyastığı çiçəklərinə toxunaraq gülümsəyən Lamiyəyə gizlicə tamaşa edir.
Faiq həm də ərinə görə intim xəyallarında Lamiyəylə məsafə saxlayırdı. Firuzla söhbətləri tuturdu, hər ikisi klassik kino aşiqiydi. Onlara gedəndə, fransız, italyan filmlərini müzakirə edirdilər. "Bizim filmlərdə nə çatmır?" sualına cavab axtara-axtara o fikrə gəlmişdilər ki, "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Bir cənub şəhərində", "Babək" Amerikada, ya Fransada çəkilsəydi, mütləq Oskar, Kann mükafatı alardı. Faiq diqqət etmişdi ki, erotik filmlərdən söz salanda, Firuz söhbətə meyilli olmur, tez başqa mövzu atır ortaya. Faiq bunu onun abırlı olmasına yozmuşdu, biləndə ki, Firuz namaz qılır, oruc tutur, tikanlı məftillərdən uzaqlaşıb Lamiyəni çəmənlikdə tək qoyub getmişdi.
Bir dəfə Jalə ərinə demişdi: "Bilirəm, aranızda heç nə yoxdu. Amma düzünü de, Lamiyədən kəsirsən, hə?" - "Əşi, ona qalsa, mən Kemeron Diazdan da kəsirəm, yəni bunu nəzərdə tutursansa". - "Kemeron Diazla salamlaşsan, onun da əlini əlində bir xeyli saxlayardın?" - Jalə bic-bic gülümsəyib gözlərini qıymışdı. "Həə, indi çatdı mənə. O sərgidə padruqavın əlini maksimum üç saniyə əlimdə saxlamışdım. Üç saniyə xeyli sayılmır, xeyli ən azı bir dəyqə çəkməlidi, arada barmağınla o əlin içini ehmalca sığallamalısan. Hə, onda sən haqlı çıxardın". Arvadı başını bulayıb "Əlacın olsa, çılpaq çiyinlərini də sığallayardın", - demişdi.
Faiq Müşərrəf Akayın konsertinə iki bilet alanda, Jalə mısmırığını sallamışdı. Əri tez demişdi: "İndi oxşamır axı. Heç plastik əməliyyat da eləmir ki, bir az oxşasın". - "Belə şeylərdə indi, onda olmur, bu bir. İkincisi, sən inanırsan ki, o, canlı oxuyacaq? O yaşa səs qalar? Sən bilirsən ki, mən Demet Akalını bəyənirəm, Bakıda konserti olanda heç bilet almaq yadına düşmədi?" - "Yox, bir dəyqə..." - "Nə isə, mən getmiyəcəm, özün gedərsən". Qanqaraçılıq olmasın deyə, əri biletləri kassaya qaytarmışdı.
Bir dəfə axşamüstü Jalənin votsapına iş yoldaşı Kəmalədən xəbər gəlmişdi: "Yoldaşın bu dəyqə Paul kafesində yaşılgöz bir xanımla şirin-şirin kofe içə-içə söhbət edir". Ürəyi şiddətlə döyünən Jalə özünə verdiyi "Yaşılgöz başqa kim olar bilər ki?" sualından diksinmişdi, əsəbindən az qalmışdı, iş yoldaşına "Sənə nə, ay ara qatan?" səsli mesaj yollasın. Az sonra Kəmalədən votsapına gələn şəklə baxıb görmüşdü ki, Lamiyə deyil, bir az sakitləşmişdi. Əri axşam arvadının qırımından fəhmən bilmişdi nə baş verib. "Sənə çatdırıblar artıq? İçinə yemə, Pauldakı iş yoldaşımıydı". - "İş yoldaşınla iş yerində, iş vaxtında görüşürlər, daha axşam saat altıdan sonra kafedə yox", - deyib mübahisədən qaçmaqçün Jalə tez mətbəxə keçmişdi. "Beyninə yerləşdirmisən ki, mən harda yaşılgöz qızla söhbət eləsəm, o, mütləq padruqan olacaq", - Faiq ardınca demişdi.
Bir gün Jalə günorta evə qayıdanda, mavi ipək xalatda, saçları dağınıq, budlarına qədər görünən ayaqları bir-birindən aralı, süzgün baxışlarından sanki az əvvəl boşalıb rahatlanmış rəfiqəsini divanda oturan halda gördü. Jurnal masasının üstündə qırmızı şərab dolu iki badə, nəlbəkidə kişmiş, qoz-fındıq varıydı, hamamdan isə suyun gur şırıltısı eşidilirdi. Bir anlıq Jaləyə elə gəldi, öz evlərinə, yox səhvən rəfiqəsigilə gedib, hec cürə bunun necə baş verdiyini anışdıra bilmədi, sonda yaşıl divandan bildi ki, öz evinə gəlib. Lamiyə şokda olan Jaləni görcək, ayağa durub heç nə olmamış kimi gülər üzlə "Aa quzum, nə yaxşı belə tez gəlmisən?" deyərək ona tərəf addımladı. Jalə ona yaxınlaşıb üzündən öpmək istəyən Lamiyəni əliylə itələyəndə, sağ ayağıyla yorğanı üstündən ataraq yuxudan oyandı. Çönüb şirin yuxuda olan ərinə baxanda sakitləşdi.
Faiq İstanbul-Nyu-York təyyarə reysinə minəndə, yeri Lamiyə ilə yan-yana düşmüşdü. "Aa, nə yaxşı, təsadüfə bax ha", qarşılıqlı reaksiyalar belə olmuşdu. Faiq fikirləşmişdi, Jalə bundan xəbər tutsa, yüz faiz əmin olacaq ki, bunlar hər şeyi qabaqcadan planlaşdırıb bir yerdə gözdən uzaq Amerikaya uçurlar. Doqquz saatlıq uçuşda Faiqin onun əlini əlinə almaq, çiyniylə çiyninə "təsadüfən" toxunmaq ağlının ucundan belə keçməmişdi... Faiqin yuxusu olan təyyarə yolçuluğunda onu təəccübləndirən iki şey idi. Maksimum üç dəqiqə çəkən yuxuya o doqquz saatlıq uçuş necə sığışmışdı və idarəolunmaz, ağla gəlməyən ən qeyri-adi şeylərin, adətən, sonda orqazmın baş verdiyi bu cür yuxuda necə olmuşdu, o, hətta Lamiyənin əlini əlinə almamışdı. Cavab tapmışdı. Birinci sualın cavabı - real və qeyri-real dünyalarda zaman ölçülərinin fərqli qavranılmasıydı. İkinci sualın cavabı isə - xəyallarında belə Lamiyəylə məsafə saxlamağı, yəni, daxili senzura təhtəlşüura, oradansa yuxuya keçmişdi. Və Jaləylə Faiq öz yuxularını sirr kimi özlərində saxlamışdı.
Bəzənsə əksinə, Jalənin qısqanclığından əsər-əlamət olmurdu. Lamiyə Kolumbiyanın paytaxtı Boqotonun bazarında ekzotik meyvələrdən təam etdiyi videosunu feysbukda paylaşanda, Jalə ərini şərhdə işarələyib yazmışdı: "Faiq, sən Romada olanda, bu meyvələrdən yemisən?" Quruca "Yox" cavabı yazan əri evdə arvadından o sualı niyə yazdığını soruşmuşdu. "Dedim rəssam adamsan, Lamiyənin nazla ekzotik meyvələr yeməsi səhnəsinə baxıb, məsəlçün "Ekzotik meyvələr yeyən xanım" əsəri yaratmaq istəyərsən". Faiq ani olaraq fikirləşmişdi, Jalə indi belə deyir, əgər həmin şəklin eskizinə başlasa, yəqin ki, arvadı kağızı cırardı. Başqa şey demişdi Faiq: "Padruqan sənin şərhini görüb yüz faiz elə biləcək, o meyvələrdən umuruq". Elə də olmuşdu, Bakıya qayıdan Lamiyə onlara manqostin və quanabana gətirmişdi.
Faiq hiss edəndə ki, Jalənin qısqanclığı tutmayacaq, Lamiyənin Florensiyadan, Milandan etdiyi paylaşımları nəzərdə tutub demişdi: "İstədim onun bu gün feysdə Milandakı şəklinin altında Dolçe Vita yazam". - "Yaz, halallığını verirəm". Faiq italyanca "Həyat gözəldir" mənasını verən o sözləri yazmışdı. Jalə, Lamiyə, Firuz şərhə ürək atmışdılar. Faiq yoldaşının bu ovqat dəyişməsini dalğalara bənzətmişdi, hətta ürəyindən keçmişdi, dalğaların fonunda Lamiyənin rəsmini çəkib adını "Qısqanclıq qabarmaları" qoysun. Elə bilmişdi, istədiyi alınsa, əsəri daha çox uğurlu adına görə varlı bir avropalıya yaxşı qiymətə sata bilər.
Qısqanclığın tarixi isə Jalənin ərə getdiyi ilə gedib çıxırdı. Lamiyə toydan iki ay sonra cütlüyü evlərinə qonaq çağırmışdı. Jaləyə elə gəlmişdi, əri heç nə deməsə də, ora getməyə təşnədir. "Getmək istiyirsən?" - bu sualı Faiqin reaksiyasını bilməkçün vermişdi. "Vallah, nə deyim?" Bu naməlum cavabdan sonra Jalə özünə yaraşdırmadığı qısqanclıq hissini boğmaqçün ("Adam da ərini bacısı kimi tanıdığı rəfiqəsinə qısqanar?") ərini qoltuğuna vurub qonaq getmişdi. Qonaqlıqda başdan-ayağa bəzənib-düzənmiş, bahalı ətir vurmuş Lamiyə Faiqə Rafaelin, Renuarın əsərlərini sevdiyini demişdi, Maleviçin "Qara kvadratı" haqqında fikrini soruşmuşdu. Faiq quru səs tonuyla Maleviçi bəyənmədiyini demişdi, amma tənqid də etməmişdi. Jalə fikirləşmişdi, rəfiqəsi yüz faiz dünən "quql"a girib "Dünyanın ən məşhur rəssamları" sözlərini yazıbmış ki, indi ad çəkib özünü Faiqə göstərsin, Lamiyəyə sual vermişdi: "Sənin özünün o qara kvadratdan xoşun gəlir?" - "O şəkildə mistika var". "Bunu da yüz faiz saytdan oxuyub", - Jalə bunları fikirləşən an Faiqin ona yönələn baxışlarını oxuya bilmişdi. "Çox dərinə getmə, ən azından Maleviçin adını bilir".
Jalə Parisdən təzəlikcə qayıdan Lamiyəyə zəng edib onu ərinin yeni sərgisinə dəvət edəndə, rəfiqəsi sevincək: "Hə, əlbəttə, gələcəm" - demişdi. Sərgidə Jalə, Faiq, Fransanın Bakıdakı səfirliyinin mədəniyyət üzrə attaşesi Şarl Şarpantye, əllərində şərab dolu badələr bir-biriləriylə söhbət edərkən, Lamiyə onlara yaxınlaşmışdı. Faiq fransalı diplomatla Lamiyəni tanış edib demişdi ki, ailəvi dostumuzdu, tez-tez Parisdə olur, sizin ölkəni sevir. Tərcüməçi bunları tərcümə edəndən sonra, attaşe yaxasında ağ qızılgül taxılmış uzun dekoliteli yaşıl don geyinmiş Lamiyəni süzüb "Oo doğrudan? Maraqlıdı", - reaksiya vermişdi. Lamiyə tezcə sevinc qarışıq həyəcanla "Hə, elə keçən ay yenə Parisdəydim. Yenə mənə doğma olan Luvr muzeyinə getdim. Əsas da Rafaelin əsərlərinə görə" uyduranda, Jalə fransızın Lamiyədən xoşu gəldiyini duymuşdu. Fransız diplomat "Rafaelin hansı əsərləri daha çox sizi valeh edir?" sualını verəndə, Lamiyə özünü itirmişdi, barmağını gicgahına qoyub hıqqına-hıqqına "İndi... Bir dəyqə... Dilimin ucundaydı e. Necə yadımdan çıxdı?" deyib Faiqə "Bəlkə sən kömək edəsən?" baxışlarıyla baxmışdı. Faiq onu çətin vəziyyətdən çıxarmışdı: "Cənab Şarpantye, Lamiyə bizimlə söhbətlərində həmişə Rafaelin "Sisktin madonnası"nı və "Müqəddəs Məryəmin tacqoyma mərasimi" əsərlərini bəyəndiyini deyir, bu dəfə deyəsən, həyəcanlandı". Birinci əsərin Drezden qalereyasında, ikincinin Vatikan muzeyində saxlandığını, ümumiyyətlə, italyan rəssamların barokko dövrünü yaxşı bilən, Sorbonna Universitetinin sənətşünaslıq fakültəsinin bakalavr məzunu Şarl Şarpantye dərinə getməmişdi, diplomatik təbəssümlə Lamiyəyə baxıb eləcə başını tərpətmişdi. Bir yandan, Jalə rəfiqəsinin pərt vəziyyətinə düşməsinə pis olmuşdu. O biri yandan isə, onu yamanlamışdı ürəyində: "Əcəb oldu. Qoy dərs olsun sənə, bir də bilmədiyin şeydən söhbət düşəndə mumla, danışma".
Bəzən maddi həyatdan, bolluqdan darıxan, bezən Lamiyə üçün sənət aləmi bir növ, qızğın iş həyatının alternativi olan dinclik ərazisiydi. Tədbirlərdə Tahir Salahov, Baba Vəziroğlu, Alim Qasımovla çəkdirdiyi şəkilləri feysbukda, instaqramda tez-tez paylaşan Lamiyə ətrafa "İş adamı olsam da, sənətdən başım çıxır" mesajı ötürürdü.
Nadirin avtoqəzada ölməsindən hardasa dörd ay əvvəl Jalənin lapdan dediyi "Sevgilin ərindən boşanır" xəbərinə Faiq "Ciddisən?" sualıyla reaksiya verdi (əriylə söhbətlərində Lamiyədən söz düşəndə, Jalə arada zarafatla onu "sevgilin" adlandırırdı). Məlum oldu ki, proses "Yığılıb, yığılıb, axırda partlayıb" effektiylə baş verib. Firuzla müqayisədə çox qazanan Lamiyə çox xərcləyir, ər "israfçılıq eliyirsən" deyib mısmırığını sallayanda, arvad üstünə bozarır ki, öz pulumdu, sən niyə narahat olursan? Bomba isə Lamiyənin ömrü boyu nifrət etdiyi baldızının qırxında partlayıbmış. Həmin gün səhər Lamiyə ölən baldızının acığına instaqramda iki il əvvəl Vyananın məşhur Ştefan meydanında əlləri yana, üzü göyə olan şəklini "Xoşbəxtlik tablosu" sözləriylə təkrar paylaşıbmış. Təzəpirdə keçirilən qırx məclisində Lamiyənin anası beş dəfə onu çimdikləyib "Telefonuna gir, sil o şəkli" desə də, qızı vecinə almayıbmış. Axşam məsələdən xəbər tutan əri qışqıra-qışqıra dişinin dibindən çıxanı Lamiyəyə döşəyibmiş.
Jalə boşanma ərəfəsində olan cütlükdən danışandan sonra Amalya Pənahovanın səsiylə bu aktrisanı bir o qədər də bəyənməyən ərinə dedi: "Səninçün gözəl şans yaranıb, əzizim. İkinci arvad kimi alarsan Lamiyəni, səni ovcunun içində saxlayar. Kətan, yağlı boyalar, fırçalar alar sənə, aparar səni İsveçrəyə, uca, başı qarlı Alp dağının əzəmətinə baxa-baxa bu dəfə necə deyərlər, canlı çəkərsən o zirvəni. Axı dağlar sevgilinin ruhunun məskənidi". - "Şittik eləmə". - "Sevgilin şaxtada əllərini alar öz əllərinə, üç saniyəyə alnından tutmuş, ayaq barmaqlarının ucuna qədər bədənin qızar. Üç saniyə xeyli sayılmır. Ha-ha-ha". - "Ay qız, dedim axı, şittik eləmə". Faiq arvadının sözünü kəssə də, az sonra tikanlı məftillər, otları, çiçəkləri sığallayan Lamiyənin xəyali rəsmi yadına düşmüşdü. Ardınca şeytan onu qıdıqlayıb qulağına pıçıldamışdı: "Hə, qayıt çəmənliyə, qır tikanlı məftilləri, otların üstünə uzanıb səni gözləyir". Sonra Bakı-Nyu-York təyyarəsində güclü turbulentlik baş vermişdi, qorxudan Lamiyəni titrəmə tutmuşdu, bərk-bərk ona qısılmışdı. Bu dəfə Faiq "məcbur olub" Lamiyənin əlini əlinə almışdı. Burda Faiq epizodun "stop" düyməsini basmışdı.
Atmacalar, şeytan pıçıltısı, xəyallar öz yerində, realda hər şey tərsinə olmuşdu, Jaləylə Faiq sonda eyni qənaətə gəlmişdi: nəyin bahasına olursa-olsun, bunların boşanmağına imkan vermək olmaz. Nə olsun, vaxtilə qardaşına Lamiyəni almağa var-gücüylə mane olan baldızının qırxında instaqramdakı məlum şəkil Firuzgilin nəslində söz-söhbətə səbəb olmuşdu?! ("Firuz bunu boşamasa, kişi deyil", "Arvadım elə p.. yesə, o dəyqə boşayardım".) Baldız qırx səkkiz yaşında öldü getdi, Firuzla Lamiyə sağdırlar, iki yekə uşaqları var. Boşanmaq nədi?
Faiq ayrıca Firuzla, Jalə Lamiyəylə görüşmüşdü, aydın olmuşdu ki, cütlük sən demə, barışmaqçün bir himə bəndiymiş. Əvvəlcə ailəvi dostlar Faiqgilin ikiotaqlı xruşşovka evində yığışıb Abşeron tortuyla çay içmişdilər, Lamiyə boynuna almışdı ki, həmin gün şəkil paylaşmaqda düz etməyibmiş, emosiya, şeytan-filan, xülasə, üzr istəmişdi ərindən. İki gün sonra Nadirin indi üçü keçirilən villada Lamiyənin "Qoçət"dən sifariş etdiyi kabablardan, qulluqçunun bişirdiyi dolmadan, plovdan yemişdilər, Firuzun "Viva Desert"dən sifarişlə bişirtdirdiyi üçmərtəbəli toy tortuyla çay içmişdilər. Jalə ağ royalda Bethovenin "Ay sonatası"nı, Şopenin məşhur noktürnlərini çalmışdı. Sonra Lamiyə votsapla görüntülü Londonda oxuyan qızları Fidana zəng edib müjdələmişdi: "Qızım, narahat olma, biz barışdıq. Jalə xalagil də bizdədi". Fidan sevindiyindən "Urraa!" qışqırıb qəhərlənmişdi, anasının da gözləri dolmuşdu. Firuz qəhər ovqatını aradan qaldırmaqçün tez Faiqə cavabını bildiyi sualı vermişdi: "Ay Faiq, Van Qoqun öz qulağını kəsməyi doğrudan olub, yoxsa, sonradan uydurublar?"
...Bacıları ötürməyə çıxanda, Lamiyə dərindən ah çəkib dedi: "Mamam dözməyəcək". Nisə ürək-dirək verdi: "Elə demə, bu günlər çalış, kaprizlərinə döz, başını qat". - "Hə, elə başqa şeylərdən danışıram ki, başını qatam, - qəfil nəyisə xatırladı: - Bir dəyqə gözlüyün, gəlirəm". İçəri girdi, az sonra dolu paketlə qayıdıb onları Jaləyə verdi. "Bunları Faiqə verərsən. Burda yağlı boyalardı, beş dənə də cürbəcür ölçüdə fırçalar. Noyabrda Venesiyada olanda almışdım, yadımdan çıxmışdı sənə verim. Faiq çəkməlidi, o cür istedad itməməlidi", - deyib, taxma kirpiklərini yenə nümayişkəranə iki dəfə tərpətdi. Jalənin üç ay əvvəl Amalya Pənahovanın səsiylə ərinə dedikləri yadına düşdü, gülməməkçün alt dodağını dişlədi.
* Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzərdə tutulur.
17 may -5 avqust 2024
Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!