Real hadisələr əsasında yazılmışdır
Ailəsi Xocalıdan köçkün düşəndən sonra Həsən müəllim, əvvəlcə, Bərdədə məskunlaşmışdı. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəsində yüksək bal topladığından onu Bakıdakı özəl liseylərdən birinə işə dəvət etmişdilər. Amma anası Pəri xala ağır yataq xəstəsi olduğundan böyük qayğılar içində idi. Həsən müəllimin yaşı çox olmasa da, bilirdim ki, Xocalı müsibəti onu taqətdən salıb, dərd alnının qırışlarına, üzünün çöhrəsinə hakim kəsilib.
Bir dəfə özümdən asılı olmayaraq soruşdum ki, Həsən müəllim, noolub, səni həmişə belə - dəvəsi ölmüş ərəb qiyafəsində görürəm... Köks ötürüb üzümə baxdı. Bu baxışlarda dünyanın dərd yükünü içində daşıyan bir insanın qayğısını gördüm.
Başını aşağı saldı, həmdərd kimi ürəyindəki sirrini açıb danışdı. Məlum olurdu ki, erməni quldurları Xocalını işğal edəndə ayağı yer tutan mülki insanlar böyük bir müsibətlə şəhəri tərk edib çıxarkən anası onları yola salıb, amma özü getməyib, tövlədə gizlənib. Sonra evdəki snayper tüfəngi ilə silahlanıb, neçə-neçə ermənini güllələyib. Qaranlıq və qarmaqarışıqlıq olduğundan ermənilər güllənin hardan atıldığını belə, yəqinləşdirə bilməyib. Xankəndidə hərbi müəllim işləmişdi deyə, sərrast atıcılığı bacaran Pəri bir həftə Xocalının kənarındakı mal fermasının silos quyusunda gizlənir. Gecə saatlarında isə oradan çıxıb ermənilər yaşayan Xanabad kəndinə gedir. Növbəti günlərin birində böyük risk və çətinliklə Qarqar çayına enir və Ağdama gəlib çıxır.
Həsən müəllim bunları danışdıqca əlləri əsirdi, sonra başını ikiəlli qucaqlayıb hirsindən bilmirdi neyləsin. Danışırdı ki, anası acından ölməmək üçün gizləndiyi erməni mal fermasında buzovlara verilən qarğıdalı və arpa yemini axurdakı suda isladıb yeyirmiş. Gecələr isə inəkləri sağıb südünü çiy-çiy içərək sağ qalması üçün ölümlə mübarizə aparırmış. Elə həmin fermada süd aparmağa gələn iki sərxoş ermənini də boğub öldürmüş, silahlarını götürüb oradan qaçmışdı. Bu məşəqqətli və qorxulu həyat isə sonralar Pərini ağır xəstəliyə düçar etmişdi.
Pəri Ağdama gələndən sonra xəbər tutmuşdu ki, bir oğlunu və ərini ermənilər diri-diri yandırıb. Ona görə də sonralar fikir-xəyaldan beyin iflici keçirib, yataq xəstəsi olmuşdu.
***
Həsənin anası haqqında danışdıqlarını eşidəndə, Azərbaycan qadınının döyüş və düşməndən qisas almaq ruhuna heyran qalırdım. Həmin anda yadıma düşməndən öc alan qəhrəman qadınlarımız -Tomris, Nigar, Həcər düşdü; Birinci Qarabağ müharibəsində Füzulidə qardaşı ilə bir yerdə döyüşən və ermənilərə qan udduran şəhid Gülbar Heydərova, 17 yaşlı kursant oğlu ilə bir yerdə döyüşən, oğlu şəhid olandan sonra onun qatilini tək tutaraq, diri-diri ürəyini çıxarıb, şüşə bankanın içində aparıb oğlunun qəbri üstə qoyan Nurcan Hüseynova, o cümlədən, Pəri xala düşürdü və onlar gözümüzün qarşısında müasir dövrümüzün qəhrəmanlıq tarixini yazan qadınlarımızdan idilər... Pəri xala əsl partizan həyatı yaşamışdı və ermənilər onu girov götürə bilməmişdi.
Bu qəhrəmanlıq dastanını hər dəfə yadıma salanda dəhşətə gəlirdim. Sanki neçə-neçə pristavları öldürərək ələ keçməyən, günümüzün Həcəri ilə üz-üzə idim... Ona görə də Həsənlə rastlaşanda hər dəfə anasının səhhətini xəbər alardım...
***
- Salam, ay qonşu...
Həsən müəllimi səsindən tanıdım. Qayğılı olsa da, dərd onu üzsə də, bunu büruzə verməməyə çalışdı.
- Sabahın xeyir, Həsən müəllim. Necəsiz?
- Yaxşıyam... Siz necəsiz?
- Mən də babatam...
Həsən müəllimin "babat" sözündən çox xoşu gələrdi. O əhvalımı soruşanda mən də qəsdən "Babatam" deyirdim. Həmişə də gülərək: - Düz eliyirsən, indi əla olmaq məsuliyyətdir, yaxşı olmaq isə çətin... Ən yaxşısı babat olmaqdır. Yəni, nə elə, nə də belə, - deyib gülərdi.
- Anan necədir?
Köks ötürdü, üzümə baxıb başını buladı:
- Bir dəri, bir sümükdür... Xocalıdan çıxanda 55 yaşı var idi, indi səksəni ötüb... Amma dərd onu bu günə saldı. Aparmadığımız həkim yoxdur... İndi də eşidib ki, torpaqlarımız azad olunub, gecə-gündüz zarıyır, vərəqə yazıb başa salır ki, mənə Xocalıdan bircə ovuc torpaq gətir, dərdim olmaz, rahat köçərəm bu dünyadan, qəbrimə tökərsən, ay oğul... Təsəvvür elə, nəfəsi də güclə gəlir, yazıq arvad canını tapşıra bilmir. Hər gün evə gələndə elə bil hənirtimi duyur, danışa bilməsə də, uşaqlara işarə vurur, bilirlər ki, məni istəyir. Əllərindən tuturam, dərdinə çarə tapa bilmədiyimə görə özümü ən günahlı adam bilirəm. Gözümüzün qabağında zülm çəkir...
Sonra üzümə baxdı, əli ilə yanağında muncuqlanmış yaş gilələrini silərək kövrəlmiş baxışlarını gizlətməyə çalışdı.
- Ananı daha çox narahat edən nədir, Həsən müəllim? - deyə soruşdum.
- Deyir, mənə Xocalıdan bir ovuc torpaq gətirin... Düzdü, Xocalı azad olunub, amma ora hələki heç kimi buraxmırlar. Xocalıya bayraq sancılan gün yuxusuna girmişdi. Hansı ki, televizora baxa bilmir. Hardan və necə duyuq düşüb, bilmirik...
Birdən nəsə yadına düşdü:
- O günü oxudum ki, Ağdama getmisiniz...
- Hə, media nümayəndələrini aparmışdılar. Ötən ay da Zəngilana getmişdik, iki-üç günə Şuşaya getməliyik...
Şuşanın adını çəkən kimi üzümə baxdı:
- Qadan alım, Xocalıya polis işçilərini buraxırlar, bəlkə Şuşada olanda xahiş edəsən, Xocalıya nə məsafə var ki, xərci-hörməti, qonaqlığı məndən, bir ovuc torpaq gətirələr, anam bu torpaq həsrətindən qurtula, - deyərək əlini cibinə atdı, 100 manatlıq əskinazı mənə uzatdı:
- Bunu da halallıqla o polis əməkdaşlarına ver, mən əvəzdən İsa Bulağının üstündə yeyib-içərlər...
Həsən müəllimin əli havada qalmışdı. Amma bir də təkid etdi:
- Sən Seyid Lazım Ağanın cəddi, götür, bu rüşvət deyil, sadəcə...
- Həsən müəllim!!!
Səsimin tonundan etirazımı dəyərləndirib susdu. Fikir onu götürmüşdü. Hiss etdim ki, ümidsizliyə qapıldı. Onu bu qayğıdan qurtarmaq üçün: - Həsən müəllim, Şuşaya çatan kimi polis işçilərinin birindən xahiş edəcəm, narahat olma, - deyərək onu təsəlliləndirdim: - Bu problem mənlikdi, arxayın ol, - deyib, qolundan tutaraq parka tərəf addımladıq...
3 gün sonra...
...Şuşaya çatana qədər yolboyu Həsən müəllimin xahişini necə yerinə yetirmək barədə düşündüm. Birdən ağlıma gələn əcaib suala cavab axtarmalı oldum: "Pəri ana ağır yataq xəstəsidir, xəstə halı ona əzab verir. O, bu dünyanın o zülmündən qurtarmaq istəyir, yalnız Xocalının bir ovuc torpağı ananı bu əzablardan xilas edə bilər və bu bir ovuc torpaqla ən böyük arzusuna çatacaq. Amma belə çıxır ki, mən bir tərəfdən o torpağı gətirməklə ananı arzusuna çatdıracam, o biri tərəfdən də onun ölümünə şərait yaratmış olacam..."
Birdən diksindim. Az qala havalanmışdım. "Özümü heç vaxt bağışlaya bilmərəm, bir ana mənim Xocalıdan gətirdiyim bir ovuc torpaqla ən müqəddəs arzusuna çatır, amma həm də ağır yataq xəstəliyinin illərdir yaşatdığı zülm və əzabdan, ağrılarından canını qurtarır və həyata əlvida deyir... Bunun hansı mənim savabıma, hansı günahıma yazılacaq???" - deyə düşündüm.
Şuşaya çatanda şıdırğı yağış yağırdı. Avtobusdan düşən kimi bizi qarşılayan polis nəfərinə yaxınlaşdım, hal-əhvallaşıb Xocalı ilə əlaqələrinin olub-olmadığını soruşdum. Məlum oldu ki, o az sonra Xocalıya növbə dəyişməyə gedir. Ona bir xeyirxah yalan danışmalı oldum. Dedim ki, guya Xocalıda əmimgilin evi olub, indi məndən xahiş edib ki, ordan bir ovuc torpaq aparım ona...
Məğrur görkəmli polis nəfəri söz verdi, amma bildirdi ki, özü növbədə qalacaq, torpağı bir saata otelə qayıdacaq başqa bir polis əməkdaşına verəcək, o gətirəcək.
Dərhal Həsən müəllimə zəng etdim, Xocalıdakı evlərinin təxmini yerini-səmtini soruşdum, sonra onun söylədiyi koordinatları polis nəfərinə danışdım...
***
...Axşama kimi gözləsəm də, polis nəfərindən xəbər çıxmadı. Telefonuna zəng vurdum, zəngə cavab verən bir nəfərsə bildirdi ki, telefonun sahibi olan polis əməkdaşı minaya düşüb, amma xoşbəxtlikdən yüngül yaralanıb, xəstəxanaya aparılıb.
Dərd məni götürdü. Axı mən Həsən müəllimə söz vermişdim, yəqin ki, o da anasına pıçıldayıb. İndi ananın gözü yoldadır ki, Xocalıdakı həyətlərindən torpaq gətiriləcək.
Bu fikir-xəyal ağuşunda özümə yer tapa bilmirdim. Birdən hacı Cəlildən zəng gəldi. Hal-əhval elədi, kefini soruşdum. Sən demə, Şuşaya gəldiyimi eşidib, vəziyyəti öyrənmək istəyir. Ətraflı nəql etdim... Sağollaşanda birdən Həsən müəllimin torpaq məsələsi yadıma düşdü, ətraflı danışıb hacıdan məsləhət aldım. Dedim, hacı, Xocalıdan torpaq gətirməli polis nəfəri minaya düşüb, bir yaxın yoldaşa söz vermişəm, bilmirəm, neyləyim...
Dünyagörmüş hacı Cəlil gülümsədi, Qurandan və Peyğəmbərimizdən(s.s.) misallar çəkdi. Sonra mətləbə keçdi:
- Sən indi hardasan?
- Şuşada... Cıdır düzündə...
- Nəfəsin dəyən o torpağa qurban olum... Xocalı da, Şuşa da Vətən torpağıdır, nə fərqi var, ay oğul, Şuşadan, yaxud Xocalıdan oldu, fərq etməz. O ananın gözü yoldadır, ağır xəstədir, onu arzusuna çatdırmaq ən böyük savabdır. Sən ona Şuşadan bir ovuc torpaq gətir, amma oğluna demə, ana da bilməsin. Bu xeyirxah yalan olsa da, günah deyil, çünki gözü yol çəkən həsrətli bir ananı arzusuna çatdırmadır!
Hacını diqqətlə dinləyib məni neçə gündür düşündürən suala cavab almaq istədim:
- Hacı, axı bir məsələ də var: mən o torpağı gətirən kimi yataq xəstəsi olan ananın arzusu çin olacaq, onun Xocalı həsrətinə son qoyulacaq, amma o biri tərəfdən ana canını tapşıracaq. Belə çıxır ki, bir tərəfdən savab qazanıram, o biri tərəfdən isə bir insanın ölümündə günahkar oluram, elə deyil?!
Hacı duruxdu, telefonda səsi eşidilmirdi. Nəhayət, hənirtisi gəldi:
- Yox... Sən bir xəstə insanı uzun illərin yataq xəstəliyi əzabından qurtarmış olacaqsan. Axı, onsuz da ölüm haqdır! Bu isə günaha yazılmır. Tibb elmində, Quranda da, müqəddəs kitablarda da oxşar izahlar var...
Hacının məsləhəti məni xeyli ürəkləndirdi. Yağışa baxmadan Cıdır düzünə tərəf qaçdım, sürüşkən yamacdakı kolun dibini eşib balaca məxməri kisəyə torpaq doldurdum, üç dəfə öpüb islanmasın deyə gödəkçəmin altında gizlətdim.
***
...Bakıya gecə saat 03:00 radələrində çatdıq. Səhər yarıyuxulu yerimdən qalxıb işə tələsdim. Redaksiyaya təzəcə çatmışdım ki, Həsən müəllimin zəngi gəldi. Torpaq maşında idi. Hələ də məni sakit buraxmayan tərəddüdlərin arasında çabalayırdım. "Axı mən necə yalan danışım? Yox, - hacı dedi, bu günaha yazılmayan müqəddəs yalandır, nə fərqi var - Xocalıdan, ya Şuşadan olsun, ikisi də vətən torpağıdır, müqəddəs ünvanımızdır. Yaxşı, bəs torpağı verəndən sonra ana canını tapşırsa, onda necə?!"
Yenidən bu suallar məni havalandırdı. Amma yadıma saldım ki, Şuşada olanda Həsən müəllimlə danışmışdım, anasını soruşdum, dedi, dünəndən gözlərini açmır, hissiyyatı demək olar, yoxdur, can verir, su da qəbul etmir. Həkimlər də iki gün əvvəl deyiblər ki, dava-dərman verib incitməyək, Allahın məsləhəti belədir, qoyun rahat canını tapşırsın. Axund da belə məsləhət görüb...
Bu həm də mənim üçün ağır imtahan idi.
İndi ananı o müdhiş əzabdan qurtarmağın yeganə yolu bir ovuc torpağın ruhunda, sirrində yatırdı...
***
...Həsən müəllimin ardıcıl zənginə, nəhayət, cavab verməli oldum. "Allah, günahımdan keç, amma izn ver, bu torpağı bir gün də gecikdirim, verməyim, ananın ömrünü bir gün də mən uzadım ki, əbədi təsəllim bu olsun", - ürəyimdə pıçıldadım. Sonra Həsən müəllimə zəng etdim, hal-əhval tutub mətləbə keçdim:
- Qardaş, gözünüz aydın olsun, düz sizin həyətin girəcəyində, qalıqları qalmış darvazanın yanından topaq gətiriblər, məndədir. Amma təcili iş çıxıb, Gəncəyə dəyib qayıdıram...
Telefonda hıçqırtısını aydın eşidirdim... Mən də susub danışmasını gözlədim. Hannan-hana dilləndi:
- Qadan alım, xəcalətindən necə çıxacam, bilmirəm, Allah köməyin olsun, bu mənim üçün, ailəmiz və anam üçün qiymətsiz bir hədiyyədir...
Səsi titrəyirdi. Dərindən ah çəkib susdu... Bildim ki, dindirməyin yeri yoxdur, sağollaşıb telefonu qapatdım...
1 gün sonra
Axşam saatlarında maşını Həsən müəllimgilin binasından xeyli aralıda, gözədəyməz bir yerdə saxlayıb ona zəng etdim. Yüyrək addımlarla mənə tərəf tələsirdi. Nəfəsi təntimişdi.
Pencəyinin düymələrini açdı, əynindən çıxarıb bükmələdi, sonra səliqə ilə sol qolunun üstünə aldı. Uşaq sevinci ilə torpağı götürdü. Üç dəfə öpüb gözünə sıxdı... Yaz buludu kimi dolmuşdu. Bir neçə addım geri çəkilib dayandı. Səkinin kənarındakı yaşıllıqda yerə oturdu, bardaş qurub torpağı ən əziz bir adamın tabutu başında dayanıb ağı deyirmiş kimi qarşısına qoyaraq süzdü, əlini qoşalaşdırıb Tanrıya dua etdi. Sonra əlini torpaq kisəsinin üstünə qoydu. Yasin oxudu... Ardınca başını qaldırıb gülümsədi, üzümə baxdı. Nəyə görəsə çox sevinirdi... Özündə deyildi. Birdən qaşlarını çatdı, üzünə qeyri-adi bir hüzn çökdü, bayaqkı sevinc çalarları göz yaşlarında yuyulub yox oldu... Hönkürüb ağlayırdı. Dodağının altında kiməsə ağı deyirdi...
***
...Səhəri gün işə çatdım... Fikrim Həsən müəllimin yanında qalmışdı. Əlimi telefona uzadıb zəng etmək istəyirdim ki, özündən zəng gəldi. Demək, telepatiya var, o məni hiss edir və duyurdu.
- Həsən müəllim...
O, sözümün ardını deməyə qıymadı:
- Allah sizdən razı olsun... Mən sizə dərin minnətdarlığımı bildirirəm...
- Nə üçün, Həsən müəllim? Axı mən neyləmişəm?!
Həsən müəllim kövrəlmişdi. Hüznlü səslə:
- Anamı həkimlərin on ildir qurtara bilmədiyi əzablardan xilas etdiyinizə görə...
Həsən müəllimin hıçqırıqlı səsi məni xəyallardan ayırdı. Məsələ aydın idi. Ürəyimdə gücüm yalnız bu sözləri deməyə çatdı: "Bu, otuz ildir əsirlikdə qalmış torpağın möcüzəsi, gücü deyildimi?!"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!