Möhtəşəm missiya - Sadıq ELCANLI

Dövrümüzün Mahmud Kaşğarisi, böyük türkoloq, unudulmaz müəllimim, akademik Tofiq Hacıyevin ruhuna rəhmət duası ilə...

           

Asiyanın dərdlə qolboyun dəlisov dağlarında, xam at kişnərtisi kimi cilovsuz çöllərində Oğuzun böyük cahan dövləti eşqiylə bir yol başladı. Oyanışın, dirilişin, quruluşun Tanrısal məqamlı meydanlarında, bəşəri missiya çağırışlı alın yazılarında qılınc təki qınından sıyrılan müqəddəs bir yol. Göy üzünə "çadırım", günəşə "bayrağım" deyən, gecələrin halal hilalına, gündüzlərin sayrışan sübh sevdalı şəfəqlərinə sığınan, haqqın və ədalətin Allahu əkbər zirvələrinə könül açan, bel bağlayan bənzərsiz bir yol. Bir yandan hiyləgər qoca Romanın bitib-tükənməyən namərd məkrinə, Bizansın xaçpərəst səlib yürüşlərinə, bir yandan qəzəbli Monqol vulkanının qanı sellər kimi axıdan şərəfsiz çapqınlarına sinə gərən, öz tarixi, keçmişi və gələcəyi, öz varlığı, haqq və həqiqəti uğrunda şəhadət şərbətini içib ayağa qalxan qazi bir yol...

Və qaynar qanlı qərinələr, əsir əsrarlı əsrlər, minlərlə döyüş görən min il bir göz qırpımı kimi keçib getdi. Namərdləri mərdlərindən çox oldu, dünyanın haqq, ədalət tərəzisi yenə əyildi, maskalı səlib yürüşləri, qurama iblisanə torpaq iddiaları yenə çoxaldı və bütün olanları yenidən yada salmağa zərurət, tarixi ehtiyac yarandı. Türkiyənin qeyrətli dövlət, elm və sənət adamları bu tarixi zərurətə, ehtiyaca, bu dünyəvi çağırışa cavab verdi, əslində bütün türk dünyasının yenidən layiqli səviyyədə səfərbər olunması missiyasını fövqəladə istedad və heyrətamiz hünərlə həyata keçirərək qlobal istəyinə nail oldu. Süleyman şah oğlu Ərtoğrulun, Ərtoğrul qazi oğlu Osmanın, yüz minlərlə, bəlkə milyonlarla igidin, alpın, sıravi insanın əyilməz qüdrəti, inam və ümidi, şəhadət sevdalı canı, qanı bahasına qazanılan tarixi uğurlar, misilsiz fəthlər, qadir qələbələr "Oyanış", "Diriliş", "Quruluş" serialları vasitəsilə yenidən yaşandı, ehya olundu. Və dünya bütün olmuşları, olacaqları yenidən gördü, tarixə xəyanət etməyən telemöcüzə vasitəsilə türk dünyasının mükəmməl səfərbərliyinə, qabaran qarşısıalınmaz qüdrətinə yenidən şahid oldu. Ərtoğrulların, Bamsıların, Alparslanların, Osmanların, Turqutların, Carqutayların, Ədəbalıların, Orxanların, Əlaəddinlərin... min il boyu gördüyü, görə bildiyi böyük işi, həyata keçirdiyi misilsiz missiyanı bu dəfə türk televiziyonçular ordusu təkrar etdi, özü də tam layiqli, sənətkarlıq zirvəsində, yüksək elmi-intellektual səviyyədə. Yadıma böyük alim Fuad Köprülünün məşhur sözləri düşür: "Türk ədəbiyyatının bütün inciləri tərəzinin bir gözünə, "Kitabi-Dədə Qorqud" dastanları digər gözünə qoyulsa, Dədə Qorqud tərəfi ağır gələr." Və mən tam səmimiyyətlə deyərdim ki, Türk televiziyasının bütün uğurları tərəzinin bir gözünə, "Oyanış", "Diriliş", "Quruluş" teleserialları digər gözünə qoyulsa, həmin seriallar tərəfi ağır gələr. O teleseriallar ehtiyac duyulan gərgin tarixi məqamda həqiqətən, böyük tarixi missiyanı həyata keçirdi. Türk çölünün yuxulu yaddaş enerjisini oyatdı; sanki coşqun çayların qarşısını kəsən bənd-bərələri uçuraraq, onları doğma yataqlarına, əzəli məcralarına yönəltdi; türk dünyasının etnogenetik potensial imkanları, tarixi yaddaş enerjisi çağdaş türk ürəklərinə, müasir türk qanına, qəlbinə nəql, transformasiya olundu və bu, gözlənilən effekti verdi; misilsiz missiya qeyri-adi qlobal miqyası və möhtəşəm uğurlarıyla tamamlandı; bu, Malazgirt meydan savaşında, Konstantinopolun İstanbul taleli fəthində, qazi Mustafa Kamal AtatürkünTürkiyəni xilas edən mərdanə mübarizələrində qazanılan heyrətamiz, tarixi qələbələrə layiq bir qələbə idi. Və deyərdim ki, bu mədəniyyət qələbəsi ilə türk bəşər tarixinə yeni bir səhifə yazdı...

Yadıma 1993-cü ilin 12-13 fevralında "Azərbaycan" qəzetində, bir qədər əvvəl 28 may, 4-11 iyunda "Aydınlıq" qəzetində çap etdirdiyim silsilə məqalələr düşür. O silsilənin adı belə idi: "Antimillətdən millətə, özgədən özə qayıdış." Kiçik bir xatırlatma yerinə düşər: "Milli-tarixi köklərə söykənməyən, mənsub olduğu xalqın etnogenetik mənəvi enerjisi, qılınc və qələm gücü, məğlubedilməz mədəniyyət qala-qalxanı ilə silahlanmayan insan manqurtluğun astanasındadır; gizli imperiya niyyətləri belə insanların qəlbində - kosmopolit biganəlik "parniklərində" asanlıqla cücərir, kök atır, yetişib "bar-bəhər" verir; belə insanlardan, sosial məxluqlardan yaranır yad məmləkətlər, yaxın-uzaq imperiyalar qapılarında sülənən qulluq qulları. Və 250 ildir ki, yad qapılarında sülənən bu sosial sürü-səfillər Azərbaycana xəyanət edir! Çıxış yolu nədir? Nə etməli?

Nəsil-nəsil davam edən xalqa xəyanət girdablarından, yaxın-uzaq imperiyalara qulluq qulluğundan, köhnəlməyən köhnə köləlik zəncirlərindən qurtuluş yolu - özünə qayıdış yoludur. Elmi, intellektual, tarixi-siyasi, milli-mənəvi baxımdan bütöv, realist taktika və strategiya yönümündən konseptual, dövlət səviyyəli, ənənəvilik, varislik baxımından ardıcıl, dözümlü, məcburi qayıdış yolu!

Manqurt ürəklərin səfil səhralarında, duyğu və düşüncələri, arzu və ümidləri imperiyalar xeyrinə işğal olunan qulluq qullarının itkin vicdanında öz ilə özgənin, doğma ilə yadın, millət ilə antimillətin vətəndaş müharibəsi başlanmalıdır. Söhbət zaman-zaman qəlbimizə, beynimizə yeridilən antimillətin zəhərlərinə, xalqa xəyanətin manqurtizm modelinə, köləlik sisteminə qarşı qəlbimizdə və beynimizdə aparacağımız vətəndaş müharibəsindən gedir. Söhbət gizli imperiya niyyətləri ilə qəlbimizdə və beynimizdə məskunlaşan yadlığa qarşı duyğu, düşüncə döyüşlərindən, milli varlığımızda sıxışdırılan özümüz uğrunda mübarizədən gedir; bu, antimillətlə millət uğrunda müqəddəs müharibə, əbədi döyüş olmalıdır - tam və qəti qələbəyədək!"

Etiraf edim ki, mən ilk dəfə "Oyanış", "Diriliş", "Quruluş" seriallarında indicə dediyim istiqamətdə sənətin tam və qəti qələbəsinə şahid oldum. Onu da etiraf edim ki, ümumən uğurlu olan "Möhtəşəm yüz yıl" serialında müəyyən boşluqlar vardı. Məsələn, Səfəvi dövlətinin hökmdarı Şah İsmayıl Xətaidən söz düşəndə Sultan Süleyman Qanuni əsəbiləşirdi, "o, şah deyil, tayfa başçısıdır" deyirdi, yaxud uzun onillər boyu Səfəvi hökmdarı olan, tarixi qələbələrə, fəthlərə imza atan böyük dövlət xadimi Şah Təhmasibin teleobrazına rejissor münasibəti o qədər də uğurlu deyildi və s... Hətta yadımdadır ki, o vaxt baş redaktoru olduğum "Ədəbiyyat və publisistika" redaksiyasında hazırlanan "Ədəbi abidələr" verilişinin iki sayını məlum serialdakı bir sıra anlaşılmazlıqlara, boşluqlara həsr etmişdik...

Tale elə gətirib ki, orta məktəbi Siyəzəndə oxumuşam; uşaqlığımın, ilk gəncliyimin şəhəridir Siyəzən... Və günlərin bir günü "Diriliş: Ərtoğrul" serialına baxarkən ruhumda qəfil bir duyğu küləyi əsdi, deyilməz-bilinməz xatirə yolları çağırdı məni. Səhəri günü heç kimə demədən Siyəzənə getdim, təxminən, 60 il əvvəlin göynəmli yollarından, köhnə küçələrindən keçdim, sanki serialdakı yurd yerlərini, xatirə çöllərini dolaşdım.

Min ilin, yüz ilin, lap elə 60 ilin də xatirə yollarında eyni izlər dil açır, eyni qürub çağları göynəyirmiş; qan yaddaşında yağan yaralı yağışlar eyni dildə çağırırmış, kül altında yuxulayan köz kimi küləyə boylanıb eyni ovqatla gülümsəyirmiş... Düzü budur ki, o qəfil səfərdən sonra bu essenin üfüqləri çağırdı, yolları ruhumda dil açdı...

Bu kiçik haşiyədən sonra ruhumda qəribə bir aydınlıqla yazıya davam edirəm...

"Oyanış", "Diriliş", "Quruluş" seriallarının ən üstün cəhətlərindən biri haqqın, həqiqətin, ədalətin mövqeyindən çıxış etməsi, tarixi vəhdətin, mizan-tərəzinin qorunub saxlanılması, bir sözlə, ayrılan yox, qovuşan, birləşən, bütövləşən yollarla getməsidir. Daha bir vacib, önəmli cəhət həmin seriallarda az qala, ortaq türkcə dil mənzərəsinə, ortaq Oğuzcanın etno-linqvistik ab-havasına nail olunmasıdır. Elə məqamlar olur ki, serialların obrazlı dil materialı "Kitabi-Dədə Qorqud"un dil-düşüncə qatlarıyla üst-üstə düşür, biri digərini tamamlayır; Türkün şah əsəri qəfildən duyğularımızı sehrləyir, qəlbimizdə-qanımızda, ruhumuzun göylərində ulu Oğuzcanın cənnətməkan şəfəqləri sayrışır... Bu məqamda həmin serialların ssenari yazarlarına, xüsusilə, dil məsələlərinə cavabdeh redaktorlarına cani-könüldən minnətdarlıq etməyi özümə borc bilirəm. Onlar ortaq türkcə qaynaqlarına inanmağın, güvənməyin, Oğuz etno-linqvistikasına ana dili südü kimi sevgi və sayğının mükəmməl nümunəsini göstərdilər. Bu, unudulmuş, yaddan çıxmış qızıl laylalarının - qos-qoca dil süxurlarının tapılıb üzə çıxarılması, gen-qan yaddaşı çöllərində itkin düşən, sərgərdan dil həqiqətlərinin haqqa qovuşdurulması, milyonların sevgi hədəfinə, "oxayyy!" nidasına çevrilməsi kimi müqəddəs bir mücadilədir, adına vətən sevgisi deyilən müzəffər bir hərəkatdır. Ona görə, mən bir-iki dəfə demişəm, yazmışam, bir daha təkrar edirəm ki, haqqında danışılan serialların digər Oğuz qrupu dillərinə tərcüməsinə ehtiyac yoxdur; bu, çox halda ortaq Oğuzca etno-linqvistikasını zədələyir, serialların təbii dil mühitini pozur...

Bu məqamda başqa bir yazının, 32 il əvvəl, 6 mart 1992-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap olunan "Tarixin dərsləri və ya milli faciəmizlə üz-üzə" adlı bir müsahibənin göynəmli kədəri də yada düşür:

"Sadıq Elcanlı: - Elçin bəy, siz deyirsiniz ki, "Nərimanovun günahlarını bağışlamaq olmaz! - şübhəsiz belədir, lakin Nərimanovun fəryadını da qulaqardına vurmaq olmaz". Nərimanovun iniltili peşmançılığı, Kremlin soyuq divarları arasında sıxılan, üşüyən, göynəyən ürəyindən qopan hıçqırıqlar Şimalın qanlı Solovki düşərgələrində diri-diri çürüyən Azərbaycan fədailərinin yeri-göyü titrədən fəryad səslərinin müsibətli bolluğunda eşidilmir axı! Mən o hıçqırıqlardan daha əvvəl, illər boyu qürbət soyuğunda, həsrət buzlağında üşüyən böyük millət atası Məhəmməd Əmin Rəsulzadənin ölüm ayağında "Azərbaycan... Azərbaycan..." deyə müqəddəs bir kədərlə pıçıldadığını eşidirəm. O inilti və hıçqırıqlarda çarəsiz dilənçi yalvarışı, bu kədərli pıçıltılarda "Bir kərə yüksələn bayrağ"ın enməzliyi, ölümə qalib gələn millət fədaisinin əbədiyyət heykəli var. O hıçqırıqlar şəxsi məğlubiyyətə yas tutur, bu pıçıltılar xalqın qalibiyyətini təsdiqləyir. N.Nərimanov özündən başlayıb özündə qurtarır, M.Ə.Rəsulzadə özündən başlayıb xalqda qurtarır. Və xalqda qurtarmaq əslində qurtarmaq deyil, davamdır, əbədiyyətdir! N.Nərimanov 28 Apreldə özü öz qəlbini imperiya xeyrinə işğal etdi, qalib gəldi, qalib gələ-gələ məğlub oldu; M.Ə.Rəsulzadə həmin faciəli gündə məğlub ola-ola qalib gəldi!

Elçin: - Mən Nərimanovla bağlı həmin fikri "Ədəbi proses: Olum ya ölüm?" adlı məqalədə demişəm, indi isə sənin icazənlə elə həmin məqalədən başqa bir sitat da gətirmək istəyirəm: "M.Ə.Rəsulzadə 28 Aprelə həsr etdiyi "Qara gün münasibətilə" adlı məqaləsində Nərimanovu və başqalarını kəskin tənqid etməklə bərabər, yazıldığı dövr üçün (məqalə 1936-cı ildə yazılıb) son dərəcə müdrik bir fikir söyləyir və biz də bu fikri ədəbi irsimizə münasibətdə metodoloji əsas kimi götürməliyik. Məhəmməd Əmin bəy yazır: "Unutmamalıyız ki, başda yalançı Moskvanın yıldızlı vaizlərinə uyan bu adamlar sonda ağla qaranı seçməyi başlayınca nisanda (28 Aprel nəzərdə tutulur - S.E.) yapılan işin istiqlal deyil, sözün bütün mənası ilə bir istila işi olduğunu anlamış və bundan lazım gələn nəticəni çıxarmaq cəsarətini göstərmişlər; başda müəllim və yoldaş gibi qarşıladıqları şimallıların sonda kolonizator olduqlarını anlamış və bunu onların üzlərinə vurduqları sillə ilə bildirmişlərdir". Bax, bu fikrin arxasında sənin dediyin o "müqəddəs kədər" dayanıb. "Azərbaycan... Azərbaycan" deyən o müqəddəs kədər həmin fəryadı da qulaqardına vurmağa qoymur... Nərimanovun 28 apreldə imperiyanın, indiki halda sistemin yaranması xeyrinə öz qəlbini işğal etməsi barədə dediklərinlə isə tamamilə şərikəm. Elə o fəryad da burdan başlayır.

Sadıq Elcanlı: - "Türk nüfuzundan", "türk zabitlərindən kor bir alət kimi" istifadə edən, Xəlil paşaları diplomatiya torunda çaşdırıb hiyləgərcəsinə neytrallaşdıran Oktyabr-Lenin imperiyası XI Qızıl Ordunun zirehli qatarlarıyla Azərbaycanı qəti işğal etmək üçün hücuma keçəndə M.Ə.Rəsulzadə Xəlil paşaya demişdi: "...bizi öz halımıza buraxın, yüz ildən bəri əsarəti altında olduğumuz rusları biz daha yaxşı tanıyırıq! Onlar hiylə ilə gələr, sonra bizi əzərlər" ("Hakimiyyəti-milliyə" qəzeti, Ankara, 5 avqust 1926-cı il. İstiqlal məhkəməsində Nail bəyin şahidlik çıxışından). Mən söhbətimizin axırına yaxın İstiqlal məhkəməsindəki bir çıxışdan həmin sözləri təsadüfən xatırlamadım. Əvvəla, "yüz ildən bəri əsarəti altında olduğumuz rusları biz daha yaxşı tanıyırıq!" nidasıdır ki, bu adi, üzdə olan, hər addımbaşı görünən çılpaq həqiqətdən möhtərəm N.Nərimanovun və onun azərbaycanlı silahdaşlarının, şübhəsiz, xəbəri vardı. Onlar 1736-cı ildə Birinci Pyotrun adından elan edilən, 1916-cı ildə "Dirilik" jurnalında çap olunan məşhur vəsiyyətnamədən də, şübhəsiz, xəbərdar idilər... Və o İstiqlal məhkəməsini bir də ona görə xatırladım ki, nə vaxtsa belə bir millət məhkəməsinin qurulacağına inanıram; ya hansısa nəhəng bir salonda, ya bu hadisələri ilk dəfə oxuyub öyrənən hansısa bir azərbaycanlı uşağın qəlbində, nə fərqi var. Lakin məncə, hansısa bir azərbaycanlı uşağın qəlbində başlayacaq millət məhkəməsi daha dəhşətlidir.

Elçin: - İstiqlal məhkəməsini, sənin dediyin Millət məhkəməsini qurmaq üçün, ilk növbədə, İstiqlalın özünü əldə etmək lazımdır, yəni İstiqlal kağız üzərindəki qərarlığından çıxıb həyatımızın, yaşayışımızın Ana xəttini təşkil etməlidir. Yalnız bundan sonra, fanatik deyil, obyektiv İstiqlal məhkəməsi qurula bilər. Sən Birinci Pyotrun "Vəsiyyətnamə"sinin adını çəkdin və mən qəti əminəm ki, biz həmin bədnam "Vəsiyyətnamə"dən bu günün özündə şüurlu və əməli nəticələr çıxarmasaq, istiqlalımızın üfüqləri xeyli dumanlı olacaq. Həmin "Vəsiyyətnamə"nin 9-cu bəndinə diqqət edək: "Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olar İstambul olsun. Tez və yerli-yerində çalışıb İstanbulun torpaqlarına sahib olmaq lazımdır. Əlbəttə, İstambula sahib olan şah dünyada ilahi şah olacaqdır. Bu məqsədi həyata keçirmək üçün, həmişə Türkiyə ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə Sünni və Şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur. Rusiya nüfuzunu Asiyada qaldırmaq üçün Sünni-Şiə ixtilafları yaxşı bir vasitədir. Türkiyə ilə İran dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil tapa bilməsinlər. Həm İran, həm də Türkiyəni Avropa xalqları ilə təmas tapmağa imkan verməmək. Əgər bu ölkələrin müsəlmanları göz açıb hüquqlarını qansalar, o, bizə böyük zərbə olar. Həm Türkiyə, həm də İran din xadimlərini ələ almaq və onlar vasitəsilə Sünni-Şiə ixtilaflarını qızışdırmaq lazımdır. İslam əqidəsini Asiyadan uzaqlaşdırmaq, xristian dini əqidəsini və mədəniyyətini orada ciddi təbliğ etmək, yaymaq zəruridir." Daha sonra Birinci Pyotr mütəmadi xatırladır ki, bu "böyük" məqsədə nail olmaqdan ötrü, ilk növbədə, Qafqazı və təbii ki, Azərbaycanı işğal etmək lazımdır. Əlbəttə, indi dövr dəyişib, XVIII əsrin birinci yarısında yox, XXI əsrin astanasındayıq, lakin buna baxmayaraq imperiya iddiaları bu gün də son dərəcə aktual əhəmiyyətə malikdir. O iddiaların qarşısını almaq üçün biz imperiya siyasətini bütün incəliyi, çalarları ilə görməyi, saf-çürük etməyi bacarmalıyıq, yoxsa ki, hər şey yenə də əvvəlki məcrasına qayıda bilər. "Biz", yəni adi pinəçidən tutmuş, respublika Prezidentinəcən hamı! Eləcə də qonşu Türkiyə və İran da bu "Vəsiyyətnamə"nin müddəalarını bir an belə yaddan çıxarmamalıdır və öz siyasətlərini öz xalqlarının mənafeyinə uyğun olaraq əks istiqamətdə aparmalıdırlar. Mən, əlbəttə, heç kimə, xüsusən də, Türkiyə və İran kimi böyük və təcrübəli dövlətlərə siyasət öyrətmək fikrində deyiləm, adicə olaraq bir daha diqqəti fakta cəlb edirəm. Əzizim Sadıq, mən bizim söhbətimizin də belə bir sonluqla qurtarmağına təbii baxıram, çünki bu söhbətin əsasında da vətəndaş narahatlığı dururdu (6 mart 1992-ci il, "Ədəbiyyat qəzeti")".

 

Bu gün tariximizin yalan yuxularından oyanmaq, dərin köklərindən güc alıb pöhrələnmək, dirilmək, heç bir səhvə, yanlışlığa yol vermədən bütün taktiki, strateji hədəfləri ilə əbədi dövlət müstəqilliyinə aparan müqəddəs yolda yenidən qurulmaq zamanıdır. Böyük mənada, qlobal miqyasda tam işlək, tam dürüst, tam həqiqətçi, tam ədalətçi, dünyəvi dövlət mexanizminə qovuşmaq, sahiblənmək, bir sözlə oyanmaq, dirilmək, qurulmaq zamanıdır. Azərbaycan Prezidenti, Qarabağ xilaskarı İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, bütövlükdə qardaş türk dövlətləri başçılarının, getdikcə yeni beynəlxalq gücə çevrilən, məqsədyönlü fəaliyyəti ilə dünyəvi miqyasda ciddi addımlar atan Türk Dövlətləri Təşkilatının tarixi hədəflərə uyğun, layiqli uğurlar qazanması daha möhtəşəm, daha qüdrətli ümumtürk gələcəyindən xəbər verir.

 

***

Xalqın öz dilindən böyük sərvəti, tükənməz enerji qaynağı yoxdur. Dil xalqın min illər boyu yaşadıqlarının, qələbə və uğursuzluqlarının, sevinc və kədərinin möhtəşəm mənəvi mənzərəsi, ən doğru, pozulmaz salnaməsi, ən canlı, əbədi saxlancıdır; etnogenez və qlottogenez hadisələri dilin müqəddəs vətən meydanında öz əzəli və əbədi həqiqətlərini, öz varlığını car çəkir, uca ədalət, hakim kürsüsündə sübuta yetirir. Ona görə dilə adicə və sadəcə, ünsiyyət vasitəsi kimi baxmaq olmaz, cənablar! Dil kütləni xalq, xalqı millət, milləti dövlət edən müzəffər və müqəddəs bir dünya, yadla yaddaşın ayrılan və qovuşan sirlər xəzinəsidir. Və mən böyük Fuad Köprülünün məşhur fikri ilə anologiya apararkən, "Oyanış", "Diriliş", "Quruluş" seriallarının təkcə yüksək telesənətkarlıq səviyyəsini yox, daha çox dərəcədə həmin serialların qlobal strateji hədəflərini, o həqiqətlərin ümumtürk, ümumoğuz genişliyində murada çatmasını, anti-millətdən millətə, özgədən özə qayıdışın etnogenetik çağırış yollarını düşünürəm. Təəssüf ki, Dədə Qorqud ruhuna söykənib qolça qopuzu dilləndirən ozanların, yaxud məsələn, fəth məclisində Yunus Əmrədən söz deyən, çalıb oxuyan alp ərən Boranın yaddaşoyadıcı, coşqun ruhu naşı dublyaj nəticəsində yarı yolda qalır, sınıb çiliklənir, beləliklə, dilə səviyyəsiz münasibət etnogenetik oyanışa, dirilişə, quruluşa mane olur, əngəl törədir. Yeri gəlmişkən, xalq təbabətində az qala tibbi-terminoloji vahid olan "türkəçarə" sözünün linqvistik alt qatlarında çarələri türkün bildiyinə (sözün dar yox, geniş mənasında - S.E.) bir işarə, bir incə eyham da var; eynilə "türkün məsəli" sözündə olduğu kimi, adətən başqa yerə yozula biləcək fikri, eyhamı doğru yola, həqiqi hədəfə yönləndirmək üçün işlədilir bu ifadə...

Dilin yad və yaddaş fenomenindən danışdıqca çəkib aparır ruhu və qəfildən "Quruluş Osman" serialında qanlı bir döyüşün çıxılmaz girdabına düşürsən. Tamaşaçını daha yüksək səviyyədə cəlb etmək, yaddaşoyadıcı effektə yeni bir meydan açmaq üçün yeni bir oyun qurulur, təzə konflikt yaradılır və bu düyün ilmə-ilmə açılır, son nəticədə türkün fenomenal gücü ilə  - ağıl və qılıncın birgə iştirakı, vəhdəti ilə həll mümkün olur. Bu, tam elmi-sənədli dizi, serial deyil, tarixi həqiqətlərin ümumi axarına sadiq qalan bədii-yaradıcı özünütanıma modeli, teleserial nümunəsidir. Hər üç serialın müxtəlif bölümlərində tarixə uyğun olaraq Qəzzaliyə də, Nizamülmülkə də, hətta Ömər Xəyyama da, İbn Ərəbiyə də, Həsən Səbbaha da, Şeyx Ədəbalıya da, Yunus Əmrəyə də... rast gələ bilərsən (Qəfil bir sual inildəyir ki, dahi Azərbaycan şairi Şeyx Nizami Gəncəvi beş roman-poemasında Sasani imperiyasını yox, məsələn, Alp Ər Tonqaları, Atillaları... dövrün ədəbi gündəminə gətirsəydi, nə olardı?..). Əsası odur ki, bu və digər tarixi şəxsiyyətlər ayrıca zirvələr kimi diqqəti cəlb etmir, onlar ümumi strateji xəttə xidmət edir, bədii, elmi və islami ab-hava yaradır, türkün azad, müstəqil dövlətyaratma yolunda təkanverici iş görür, xalqla birliyin, vəhdətin, sevginin əsas sütunlarına çevrilir. Onlar dar ayaqda az qala, Xızır kimi peyda olur, şəfanın ən təsirlisini, yolun ən doğrusunu, həqiqətin ən böyüyünü göstərir, xilas üfüqlərindəki işığı nişan verir. Beləliklə, haqqında danışdığımız seriallar göz önündə möcüzələr yaradır, milli ruhun, etnolinqvistikanın sirli yollarında, dəli dolaylarında, quşqonmaz aşırımlarında kütləyə xalq, millət olmanın tanrısal xoşbəxtliyini təlqin və təşviq edir. Böyük şairimiz Rəsul Rzanın misrası ilə desəm, insanda insan, kütlədə xalq, xalqda millət oyadılır; tarixin yaddaş enerjisi torpağın bağrından qılınc kimi sıyrılıb çıxır, keçmişin böyük gücü-qüdrəti bu günə transformasiya olunur...

Bir epizoda diqqət edək: Veysəlin - Vasilusun xəyanəti, casusluqla məşğul olması üzə çıxır; onu xilas etmək üçün tacir Ayxan adıyla tanınan xaçpərəst Ustad Gera və monqol komandanının qurduğu tələ-oyun özünü sultan elan edən Yaqub bəyin səhvi səbəbindən qeyri-bərabər döyüşə çevrilir. Yaqubun oğlu Mehmet, Osmanın oğulları Orxan və Əlaəddin yaralanır, Gürmüz alp və başqa neçə-neçə türk igidi şəhid olur. Son anda atdığı xəncərlə qardaşını ölümdən xilas edən Orxan qızıl qanıyla qara torpağı suvara-suvara, Vətən edə-edə "Allahu Əkbər!" nidasına söykənib ayağa qalxır, qınından sıyrılan qılınc kimi qəfləti qışqırığıyla şəhadətlə vüsal dəminin gəldiyinə gülümsəyir; eynən şəhadət şərbətini içib düşmənlə təkbaşına döyüşə atılan Mübariz kimi; eynən şəhid əsgər yoldaşını Şuşa döyüşlərində çiyninə qaldırıb ona güllələr dəyməsin deyə sinəsini qabağa verən Azərbaycan qazisi kimi...

Haqqında danışdığım döyüş səhnəsi mükəmməl rejissor quruluşu və sənətkarlıq həlli ilə heyrət doğurur. Rejissorun zərgər dəqiqliyi ilə gördüyü işi qüdrətli gen mühəndisinin möcüzələri ilə müqayisə etmək olar. Analitik xırdalıqlar və sintetik bütövlüklə, analiz və sintezin vəhdət yoluyla gedən rejissor döyüş səhnələrinin səbəb və nəticə kontekstində real, realist mənzərələrini yarada bilir, ekranda türk döyüş sənətinin şanlı, şərəfli səhifələrinə imza atır. Və dünya dönə-dönə türkün tarixi qüdrətinə, çağdaş bayraktar möcüzələrinə şahid olur; dünya türklə düşmən yox, dost olmaq haqqında düşünür; bir sözlə, missiya qalib gəlir, məqsədə, murada qovuşur, ürəklərin məscid minarələrində ay-ulduzlu azan səsləri sayrışır. Və demək olar ki, sənətin qarşısına qoyulan dövlət məqamlı missiya, zamana uyğun səfərbərlik dalğası həyata keçirilir. Sənət qalib gəlir!

Mən milli mədəniyyətimizdə sənətin belə qüdrətli qələbə çağırışlarına M.F.Axundzadə komediyalarında C.Məmmədquluzadə tragediyalarında, M.Ə.Sabir "Hophopnamə"sində şahid olmuşam. Və hər dəfə də ruhumun çöllərində sərgərdan bir kədərin boğuq iniltisinə diksinmişəm. Makedoniyalı fateh, "İskəndərnamə" əvəzinə, Avropanın xilaskar kimi gözlədiyi türk-hun fatehinə "Atillanamə" roman-poeması yazılsaydı, nə olardı, görəsən? Təxminən, 950 il əvvəl, 1070-ci illərdə yazılan Mahmud Kaşğari "Divani-lüğət-it-türk"ünə, Yusif Balasaqunlunun 13200 misralıq "Qütadqü-bilik" poemasına (Yadıma düşür ki, bu bənzərsiz poemanı çinlilər "Ədəbi-mülk, maçinlilər "Ayinül-məmləkət", ərəblər "Zinətül-üməra", farslar "Şahnameyi-türk" adlandırırdılar, təqdir və təsdiq edirdilər - S.E.), Oğuzun şah əsəri, ana kitabı "Kitabi-Dədə Qorqud"a ölü, yad Sasani imperiyası əvəzinə, "Xəmsə" meydanı verilsəydi, nə olardı, görəsən? O köhnəlməyən köhnə kədər, o sərgərdan iniltilər öz ocağı başında Yəzdigürdlər, Xosrovlar, Bəhram Gurlar əvəzinə, Alp Ər Tonqalar, Atillalar, Babəklər görmək istərdi... Xalqlar xalqı Şumerin dilində öz sözləriylə danışan Azərbaycan dilinin buna halal haqqı vardı!

Və mən dahi Azərbaycan şairi İlyas Yusif oğlu Nizami Gəncəvinin türk oğlu türk olduğuna zərrə qədər şübhə etsəydim, onun "İskəndərnamə"də Məhəmməd peyğəmbəri vəsf edərkən, söylədiyi "Ərəb əbalı türküm" misrasına qəlbən inanmasaydım, bu qəfil, dar macalda bu sözləri yazmazdım. Ensiklopedik bilik, bəşəri zəka sahibi Şeyx Nizami Gəncəvinin ölü, yad imperiya modelini böyük poeziyanın gündəminə gətirməsinin, ona ədəbi ehya verməsinin, onu tədqiqatçıların intibah dövrü kimi dəyərləndirdiyi yeni epoxanın düşüncə hədəfinə çevirməsinin sirləri, bəlkə də aşkar gizlinləri yəqin ki, tez-gec açılacaq; ən səmimi arzum odur ki, mənim bu balaca abzasda yazdıqlarım tamam yanlış ola...

 

***

Avroasiyanın cilovsuz çöllərində, dəlisov dağlarında bir atlı çapır... Ruhu özündən də qabaqda şahin kimi şığıyır, xəyalları ruhundan da irəlidə qartal kimi qıy vurur...

Gözətçi sınağa çəkir, soruşur ki, "Yolun hayanadır?" Atlı cavab verir ki, "Qızıl almayadır"; "Mənzil haradır?" soruşur, "Şəhadətdir" deyir; "Vüsal haradır?" soruşulur, "Bütün dünyadır" deyilir...

Və sınaq başa çatmış, atlı "Yurdun uluları" məclisinə qovuşmuş, onu uzun çəkən həsrətin, xəyalın vüsalı ilə müjdələmişdilər; "Göytürk olub, Ali Səlcuq olub, indi "Ali Osman" zamanıdır, - demişdilər. Babası Süleyman şahdan, atası Ərtoğrul qazidən belə on illər boyu müqəddəs mücadilə meydanlarında göz qırpmayan Osman bəyin gözləri dolmuşdu; dolan gözlərin fırtınasıyla böyük oğul böyük atanın hüzuruna, məzarına can atırdı, ən böyük həqiqət anına tələsirdi...

"Quruluş: Osman" serialının 460-cı bölümündəki uğurlu səhnələrin sevdalı ab-havasını, qan qaynadan, göz güldürən epizodların ruhunu möhtərəm oxucuya çatdırmağa çalışdım...

Yurdun ulularıyla gizli görüşdə tarixi müjdə ilə yanaşı, Osman bəyə bir mühüm, taleyüklü tapşırıq da verilir: Monqol başçısı Əmir Çobanın öz övladı kimi sevdiyi Görklü xanla bizans şahzadəsi Mariyanın Konstantinopolda başlayan toyuna, yəni türkə qarşı Monqol-Bizans ittifaqına mane olmaq, şahzadənin toy karvanını ələ keçirmək...

Və beləliklə, tamaçaşı yeni bir intizar burulğanına çəkilir, Yaqub bəy və tərəfdarları ilə Ali Osman qarşıdurmasının ayrılan və qovuşan axınları mahir rejissor təqdimatında analiz və sintez olunur, həqiqətə aparan yolların üfüqlərində şahin kimi şığıyan, qartal qüruruyla qıy vuran türk sevdası sayrışır; eynən min il sonrasının türk səmalarında Bayraktarlar sayrışan kimi; eynən Şuşanın azadlığına üz tutan "Şuşa, sən azadsan! Şuşa, biz qayıtmışıq! Şuşa, biz səni dirçəldəcəyik!" cümlələrində çırpınan, gözləri dolan və xoşbəxt olan milli ruhumuz kimi; eynən yeni dünya nizamında yeni güc mərkəzlərindən birinə çevrilən Türk Dövlətləri Təşkilatının tarixi töhfələri kimi; eynən möhtəşəm Qarabağ quruculuğu kimi...

Ulu Bilgə xaqanın "Ey Türk, Oğuz bəyləri! Özünə dön! Sən özünə dönəndə böyük olursan!" çağırışı yenə at belindədir. Dövlətini bəyan etdiyi divanda "Qut ocağa düşdü, ocağımız alışdı", - dedi Osman bəy. "Boran, vur qopuzun tellərinə, sevincimiz şahə qalxsın!" - söylədi Osman Ərtoğrul oğlu. "Oyanışa", "Dirilişə", "Quruluşa" baxdıqca tariximizin bünövrə daşlarına dönən o müqəddəs, susmaz çağırışa, o alovlanan ocağın sönməz, əzəli-əbədi işığına, o şahə qalxan sevincin fateh zirvələrinə and içirsən; Orxan-Yenisey daşlarına - öz əlifbanla öz qəlbinə həkk etdiyin həqiqətlərlə unutqan dünyaya özünü, öz varlığını bir daha təqdim və təsdiq edirsən; ruhumuzda, etnogenetik varlığımızda antimillətdən millətə, özgədən özə bütöv qayıdışa sevinirsən, heyrətlənirsən; bu müqəddəs və mübarək qayıdışın sınmaz, sarsılmaz, daim səfərbər və əbədi qalib olsun, Ulu türk!

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!