Həyatımdan şikayət etməyi sevmirəm. Qəti narazı deyiləm, nə bir gün əvvələ, nə tələbəliyə, nə də uşaqlığıma dönmək istəyirəm. Yalnız bu gün və daha yaxşı gələcək üçün yaşamaq istəyirəm. İş qrafikim sıx ola bilər, gündəlik görüşlər, toplantılar saysız-hesabsız ola bilər, amma elə həyatı çəkib aparan da budur.
Srağagün həyat yoldaşıma zəng etmişdim. Bir saat sonra yenidən danışmalı oldum. Telefonda son zənglərdən adını axtardım, səhifəni aşağı çevirirəm, çevirirəm, amma tapa bilmirəm, sən demə, bir saat ərzində 29 fərqli adamla danışmışam. Bu qədər çox ünsiyyət çox enerji tələb edir, həm də hər kəsdən fərqli hiss, fərqli ab-hava alırsan.
Amma həyatda bəzi insanlar var ki, onlara hər zaman vaxt da, enerji də tapa bilirsən. Bunlardan biri əvvəllər dərs dediyim, sonra dost olduğum, son aylarda isə iş yoldaşım olan İkeldir.
İkeli kimlə tanış etsəm, ən birinci adının mənasını soruşur, hər dəfə də eyni cavabı verir: adı İlkəl olacaqmış, qeydiyyata səhv alıblar, səslənməsi də xoşlarına gəlib deyə elə İkel deməyə başlayıblar. Niyəsə, bu hekayə mənə çox mənasız gəlir.
Əziz oxucum, icazənlə kiçik bir haşiyə edərək bunu da yazım. İndi oxuduğun hekayəyə bu gün başlamışam, İkellə söhbətimdən sonra. İkelin danışdıqları o qədər qəribə idi ki, dediklərini yazmağı qərara almışam, sabah maraqlı nəsə olsa, onu da sənə danışacağam.
Birinci gün
Birinci gün sindromu var. Bu gün bir çox işçi istirahətdən işə yorğun dönür, normal iş günlərinə nəzərən daha gərgin olurlar. İkel də bu gün belə gəlmişdi. Gözləri şişmiş, yuxusuz və yorğun.
- Nə olub, yenə yatmamısan? - salam-kəlamsız soruşdum.
- Müəllim, bağışlayın, görmədim, necəsiz?
- Mən yaxşıyam, amma səni heç yaxşı görmədim.
- Hə, dünən gecə yuxudan ayıldım, sonra nə qədər elədim, yata bilmədim. Heç çıxmayıb yorğunluq canımdan.
Düzü, İkeli birinci dəfə deyildi belə görürdüm. Həftəsonları istirahət etməyi, əylənməyi sevir. Əyyaş deyil, amma içkisi yerindədir, diskoteka-bar həftəsonu mütləqdir. Bəzən düşünürəm ki, səhər 9-da bu adam işə gələ bilirsə, böyük hünərdir.
- Niyə yata bilmədin? - soruşdum.
- Vallah, mənə də qəribə qaldı. Gecə bərk ildırım çaxdı, ildırım çaxanda pişiyim bərk qorxub və üzümü cırmaqlayıb, mən də ildırımın səsinəmi, ya pişiyimin cırmağınamı, oyandım. Əslində çox yorğun idim, hətta cəmi bir saat idi ki, yuxuya getmişdim. Amma bu yorğunluğuma rəğmən yata bilmədim.
- Yaxşı, sən bu gün mənə lazımsan, amma belə yox. Müdirin istirahət otağı boşdur, soruşsa, mən izah edərəm, get bir-iki saat yat və dipdiri qayıt.
- Təşəkkürlər, hocam, - deyib otaqdan çıxdı.
Bu gün üçün planım belə idi: 10-da heyətlə iclas, 11-in yarısı birinci mərtəbədəki işin gedişi ilə tanışlıq, 11-də yeni gələn təcrübəçilərlə görüş, 12-də şəhərdən kənardakı yeni filiala səfər. İkel də mənə sonuncu üçün lazım idi.
12-yə qədər işlərimi tamamlayıb otağa qayıtdım. İkel burada idi.
- Əlasan, tam zamanında gəlmisən. Dincini aldınmı?
- Necə?
- Deyirəm, yata bildinmi?
- Yox, hocam, yata bilmədim, 2 saat divanın üstündə fırlandım, sonra da gəldim.
- Eybi yox, deyirdim maşını sən sürəsən, üç saatlıq yolumuz var, daha nə etmək olar. Mən sürərəm, sən də yolda yatarsan.
- Deyirəm, hocam, ürəksiz e, vallah.
- Mən də deyirəm, günümüzə bax da. İşçimizi yatırmaq üçün min hoqqa çıxarırıq.
Saat on iki tamamda yola çıxdıq. Bakıdan üzü şimala gedirdik. Qusarda açılacaq yeni filial üçün həm alınacaqlar siyahısı hazırlamalı, həm də işçi vakansiyasını tamamlamalı idik.
Avtovağzalın qarşısına çatanda radionu "Retro" fm-ə dəyişdim. Əksər hallarda ya "Yurd" fm, ya da "Retro"ya qulaq asıram. "Ver mənim eşqimi" oxuyurdu. Mahnının səsini azaltdım, sonra Yalçın Rzazadə, sonra da Mübariz Tağıyev oxudu, mahnılar məni də keçmişə, uşaqlığıma apardı, həzin notlarda İkelin yuxuya getdiyini düşündüm. Xırdalan dairəsinə çatanda birdən İkel arxadan dilləndi:
- Hocam, "İnsomnia"ya baxmısız?
- Bıy, sən yatmamısan? - təəccübləndim, - mən dedim, sən çoxdan xumarlanmısan.
- Yox, deyəsən yata bilməyəcəm. Baxmısız?
- Hə, baxmışam. Liseydə dərs deyəndə bir şagirdim danışmışdı haqqında, elə baxmışam. Deyirsən, insomnia olmusan? Bilirsən də, belə xəstəlik də var.
- Bilirəm, elə oradan ağlıma gəldi. Heyətə baxın bir: rejissor Nolan, baş rollarda Al Paçino və Robin Vilyams. Dəhşətdi, hə?
- Rejissora fikir verməmişdim. Nə maraqlı...
- Eeh siz də, həmişə demirdiz bəs, filmə rejissora görə baxırsız? Bircə şey, Forest Qamp - Tom Hanks xaric.
- Yaddaşa bax a, azı 10 il olar bu sözü sizə deməyim.
- Çox olar, bəlkə də, hələ 9-da oxuyurdum onda.
Söhbətin davam etməsi mənim üçün xoş idi. Düzdür, İkelin yorğunluğunun çıxmasını da istərdim, ən azı bu boyda yolu sürməyimə dəyərdi, amma söhbət məni oyaq saxlayırdı.
Yolüstü pirdə dayandıq, ənənəvi "dadlı it əti kababı" zarafatını etdik, yenə ənənəvi arxada Beşbarmaq dağı düşən şəkil çəkdirdik və yola davam etdik...
Axşam saat 7-də yenidən ofisdə idik, ayrılmazdan öncə İkel mənə:
- Hocam, qorxuram, - dedi.
- Niyə, qardaşım, yatmamaqdan adam qorxar?
- Hə, qorxuram, deyəsən, mən, mənim otağımda... Yaxşı, danışacam, deyəcəksiz ki, dəli olmuşam, getdim.
- Yaxşı, get, şirin yuxular, - dedim.
İkel qapını aralı qoyub çıxdı.
- Bax, telefon oynatmırsan, televizor açmırsan, içmə özün də, varsa, bir sakitləşdirici at və yat, - arxasınca qışqırdım.
Sonra da öz-özümə at, yat, sözlərinə uyğun qafiyələr tapmağa başladım... Corat, boyat, sat, tat, qanat... "Qanat - qulaq qafiyəsi proqramda yoxdur" düşüncəsi ağlımdan keçdi, sonra da "mənə nə" deyib otaqdan çıxdım.
Son sözləri səsli deməyimdəndir ki, mühafizəçi "Mənimləsiz?" deyib yaxın gəldi, əlimlə "yox" işarə edib telefonu açdım.
Bu gün baş verənləri qeyd etməyə başladım, məni narahat edən İkelin çıxarkən demək istədiyi, amma demədiyi cümləsi idi.
İkinci gün
Otağa keçib səbirsizliklə İkeli gözləməyə başladım. Dünən onu yola saldıqdan sonra bir neçə dəfə zəng etmək istəsəm də, "bəlkə, yuxudadır, oyatmayım", deyə düşündüm.
İkel əlində kofe mətbəxdən gəldi.
- Nə tez gəlmisən? - soruşdum, - baxım gözlərinə?
- Əleyküm salam, ay müəllim, - səsindəki incik tonu hiss etdim.
- Nədir, qardaşım, deyəsən...
- Hə hocam, vallah, üzrlü say, belə də dərd olar?
- Hmm, deyəsən, yenə az yatmısan?
- Az? Heç bir saniyə də...
- Bəs necə edək? İstəyirsən, icazə verim, həkimə get.
- Yox, həkimə ehtiyac yoxdu. İnternetdə oxudum, çox işləməkdən, stressdən olur əsas.
- Sən və çox işləmək?
- Elə deməyin, niyə? Mən həyatım boyu işləməmişəm axı, sizsiz ki, məni işlədə bilirsiz.
- Onda icazə verim, evə get. Hətta istəsən, sabah da gəlmə, ya da yox, sabah yenə Qusara getməliyik.
- Yox, - gözünü kofeyə dikib dedi, - evdə nə edəcəm guya.
- Özün bilərsən, onda iş başına, ortalıqda az veyillən.
İkelə gözlərimlə iş masasına keçməli olduğunu göstərdim. O da sakitcə yerinə keçdi. Nahara qədər bir-birimizi dindirmədik. Nahar vaxtı İkel mətbəxdən zəng etdi:
- Hocam, bir lahmacun, bir ət dönəri sizi gözləyir.
Hər dəfə "az yeyəcəm" sözünü verib evdən çıxsam da, doyunca yeməyi sevirəm. Odur ki, son illərdə 73 kilodan 103 kiloya çatmışam.
Yeməkdə gözüm İkelin üstündə idi. Onun üzündə təkcə yorğunluq yox, həm də qorxu var idi, stəkana su süzəndə əlləri əsirdi, rəngi göyərmişdi.
- Qardaş, sən yaxşı deyilsən, bəlkə, gedəsən həkimə.
- Yox, bu gün yox, yaxşı olmasam, sabah gedərəm. Axşam mama da gələcək. Telefonda danışanda narahat oldu, indi yola çıxıb.
- Yaxşı edib, - əlimi İkelin çiyninə qoydum, - qorxmusan elə bil.
- Yaxşı olmasam, sabah danışacam, bu gün məni üzrlü sayın.
- Get, - dedim, - get, amma sabaha salamat gəl.
Üçüncü gün
Bu gün xeyli gözləsəm də, İkel gəlib çıxmadı. 11-də telefonuna yığdım, anası açdı.
- Salam müəllim, İkel yatır, müəllim, telefonu buradadı, necəsiz? Allah sizdən razı...
- Yatıb? Nə yaxşı, çox narahat idim.
- Yatmamışam, - arxadan ağlamsınan səs gəldi, - yata bilmirəm.
Telefonun anasının əlindən stola, ya nəyinsə üstünə qoyulduğunu hiss etdim, nəvazişli ana səsi, üsyankar övlad səsindən başa düşdüm ki, ana da yuxudan mənim zəngimə oyanıb, dünən İkelin yatması üçün saatlarla gözləyib, özünü yuxu aparıb.
Ofisdən çıxdım, maşına minib birbaş İkelin qapısına sürdüm.
İkelin vəziyyəti heç yaxşı deyildi, anasının dediyinə görə, dünəndən heç su da içməyib.
Otağına keçəndə məni görüb özünü düzəltməyə çalışdı, bu onda o qədər də yaxşı alınmadı. Yanına keçib oturmaq istədim:
- Orada yox, orada yox, - dedi, - bu tərəfə gələ bilərsiz?
- Yaxşı, əleyküm salam, necəsən?
- Bilmirəm, kömək elə, bunlar məni dəli edəcəklər, nə olar, kömək elə.
İkel hıçqırıqla ağlamağa başladı. Deyəsən, yuxuda görməli olduğu rənglər, səslər və obrazlar gündüz işığında görünməyə başlamışdı.
- Kimi deyirsən, İkelim? Kim səni dəli edir?
- Mənim yuxum... atamın yuxusu...
- İkel, bax, məncə, sakitləşməlisən, gəl, həkimə gedək. Hər halda onlar bir yolunu tapar.
- Yox, necə? Susun, sus görüm, sən də sus, ikiniz də. Həkimlik deyil, sən nə bilirsən həkimlik deyil?
İkel mənimlə danışmırdı, əvvəl mənə cavab verdiyini düşünsəm də, sonra gördüm ki, o öz aləmindədir, kiminləsə söhbət edir.
- Kimdi o, İkel? - soruşdum, - sənin yuxun danışa da bilir?
Bu vaxt qapıda İkelin anasını gördüm, başını bağlamışdı, qara şal örtmüşdü, gildir-gildir göz yaşı axıdırdı.
Yanına gəlib sakitcə:
- Heç düz eləmirsiz, - dedim, - uşağa dəstək olmalısız, nədir bu yas havasına bürünmüsüz?
- Atası da belə oldu, 6 gün heç nə yemədi, içmədi, danışmadı, yatmadı, sonra bir gün səhərdən gecəyə qədər qışqırdı, sonra da birdəfəlik gözünü yumdu. Mənim qara bəxtim, mənim bədbəxt oğlum, atasından bunu miras alıb.
İkelin anasını çölə çıxardım, xeyli danışdırdım, sakitləşdirməyə çalışdım, danışdıqlarından öyrəndim ki, atası 27 il əvvəl - İkel doğulanda bu qəribə mərəzə tutulub, 6 gün ərzində dediyi tək söz oğlunun adını İkel qoymaq istəməsi olub, başqa da heç nə...
Yenidən İkelin yanına qayıtdım, bu dəfə İkeli dinləmədən təcili yardım çağırdım. Ona sakitləşdirici iynə vurdular, çıxanda dedilər ki, dərmanı elə dozada vurmuşuq ki, div də olsa, ən azı 10 saat yatmalıdır. İkel sakitləşdi, həkimlər getdilər, amma yuxuya gedən olmadı.
İkel sabah yenidən gəlməyimi istədi, dedi, mənə danışacaq, hər şeyi danışacaq.
Çıxanda anası yenə ağlayırdı. Bu dəfə tək deyildi, İkelin qohum-əqrəbası evə gəlməyə başlamışdılar.
Dördüncü gün
- Müəllim, məktəbdə Rəna müəllimə var idi, xatırlayırsız?
- Hə, qardaşım, nədir ki?
- Bir dəfə onu öpmüşdüm, yuxuda...
- Ay səni xatakar, - yalandan gülmək istədim, İkelim elə zəif görünürdü ki, özümü ağlamaqdan güclə tuturdum, - deməli, sənin belə işlərin də var imiş.
- Hə, bunu da mühafizəçi görür, guya gizlənib, qarın yekə, özü də şüşə qapının arxasında... əlindəki silah da nə olsa, yaxşıdır?
- Nə?
- Balış... mən onda birtəhər özümü yuxudan oyadıram, amma sən demə, elə orada da davam edirəm, indi bir mən var orada, Rəna müəlliməni hər gün öpməyə gedir, hər gün də mühafizəçiyə tutulur.
Mən İkelin danışdığını başqa vaxt eşitsəydim, alnının ortasından çırtma vurar, ya ənsəsinə yüngül qapaz vurardım, sonra da "boşboğazlıqda üstünə yoxdur" deyərdim. Amma qıymadım, sadəcə:
- Maraqlıdır, - dedim.
- Hə, hocam, bilirəm, inanmırsız. Amma sizə bir şey deyim, mən bir də yuxuya gedə bilməyəcəm, düzü, bu məni qorxutmur daha. Çünki minlərlə mən var, onlar yaşayırlar.
- Bax, İkelim, bilirsən ki, mən səni nə qədər çox istəyirəm, bəlkə, mənə belə sirli-sehrli cümlələr qurmayasan?
- Gülmək yoxdu ki?
- Əlbəttə, yox.
- Onda xahiş edirəm, məni çölə çıxar. Apar buradan, buradakıların hamısı məni dəli hesab edir, sənə inanıram, səncə, mən dəliyəm?
- Məncə, deyilsən, sadəcə, yuxusuzsan.
- Onu keç, hoca, onu keç daha.
İkel ayağa qalxmağa cəhd etdi, amma bacarmadı, nitqi dünənə nisbətən yaxşı idisə də, bədəni olduqca zəif idi, hətta gözlərinin də yaxşı görmədiyi hiss olunurdu, ağzının yanından axan tüpürcəyin belə fərqində deyildi.
Maşına İkeli qucağımda gətirdim, nə anası, nə də qohumları etiraz etdilər.
İkel yolboyu danışdı:
- Bütün suallarına cavab verəcəm, hamısına, onsuz da bunu kimə desəm, inanmaz, amma sən inanarsan.... Bazar günü evə içkili gəlmişdim, pişiyimi də qucağıma alıb yatmışdım.... Aaaaa, pişiyim, neçə gündür, görmürəm heç.
- Maman aparıb, ayağını qırmısan yazığın, baytara verib.
- Mən? Yaaazııq. Yaxşı, mamam ağıllı adamdı, qoymaz kimsə xəstə qalsın. Hə. Bazar günü yatmışam. Yaxşı, başqa yerdən başlayım. Biz yuxuya gedirik, düzdürmü? - mən başımla təsdiq etdim, - biz yuxuya gedəndə yuxumuz, sən başa düşəsən deyə, yuxu ruhumuz deyim, o, bədənimizdən çıxır və oyanmaq istəyəndə yenidən bədənimizə girir. Mənim yuxum bazar günü çıxır, Amerikaya gedir, sonra ildırım çaxanda geri qayıdır, amma pişik üzümü cırmaqladığı anda fikri yayınır və bədənimə girə bilmir. Gör, trilyonlarla insan və mənim bəxtimə düşənə bax. Hə, bilirəm, inanmırsan, bəlkə də, inanarsan, mənə qulaq as. Yuxum bilirsən, niyə dayanır? Pişiyə görə yox, atasını görür, yəni mənim atamı.
Mən İkelə qulaq asdıqca hallüsinasiyanın insana necə də dərin təsir edə biləcəyini düşünürdüm. Yəni bir insan hallüsinasiya halında doğrudanmı bu qədər uzun hekayə qura bilər?
- Hocam, fikrin məndə deyil. Ölürəm e, diqqətlə dinlə. Deyəcəksən ki, atamın orada nə işi var? 27 il əvvəl anamın məni doğurmaq üçün sancısı tutur, elə bir qışqırıq olur ki, atam yataqdan yerə düşür, beləcə atamın yuxusu bədəninə girə bilmir, beləcə atam 6 gün yuxusuz qalır, sonda da ölüb gedir. Yazığın bir sizin kimi müəllimi, müdiri də olmur ki, açıb dərdini desin. Bircə deyir ki, mənim adımı İkel qoysunlar, İkel bilirsiz, kimdi? Hipnosun oğlu. Nəsə, bunu özün araşdırarsan. Atamın yuxusu 27 ildir ki, mənim, əvvəllər də atamın yatdığı otaqda imiş. O gün yuxum öz atasının ruhuna ilişir və bədənimdən çöldə qalır. İndi mən hansı iztirabları çəkirəmsə, yuxum da eyni ağrıları çəkir. O da evinə qayıtmaq istəyir, amma onu da bilir ki, heç vaxt qayıtmayacaq.
Mən də heç vaxt yuxuya gedə bilməyəcəm.
Mən danışılanlara inanmaq istərdim, amma bütün bunlar psixologiyası sağlam olan, qərarlarını ağılla verən insan tərəfindən danışılmırdı.
- Bilirsən, müəllim? Bizə öyrədirlər ki, ən sürətli olan işıqdır, amma yuxu üçün sürət anlayışı yoxdur. Harada istəsə, orada olur, hətta nəinki olan, olmayan yerləri də gəzə bilir. Dünən danışdım sizə, sənə... daha nədirsə, o. Rəna müəlliməni öpməyimi. Yuxum deyir ki, biz hər gördüyümüz yuxuda yeni bir aləm qururuq, yeni bir kainat. Orada nə görürüksə, hamısını biz yaradırıq və oyananda hər şey olduğu kimi davam edir. Paralel dünya bunun yanında çox bəsit qalır. Hər bir insan hər gecə onlarla dünya qurur və onların hər biri bu gün də davam edir. Bəzən yüksəklikdən yıxılırıq, amma yerə dəymədən yuxudan oyanırıq ha, bax, onların hamısında yerə çırpılırıq, şil-küt oluruq. Əksər dünyalarda da elə şil-küt həyatımıza davam edirik. Uçmağımızı görürüksə, o dünyada uçuruq. Min illər əvvələ gediriksə, orada da yaşayırıq. Mənim təkcə yüzdən çox orta məktəb dünyam var. O qədər maraqlı dünyalar var ki... Cənnətdə olan kim, cəhənnəmdə olan kim, allah olan kim... Sonsuz olan nəsə varsa, o da qurduğumuz dünyalardır.
İkelin səsi getdikcə zəiflədi, onu evlərinə gətirdim.
Beşinci gün
Yenə Qusara getməli idim. Təxirə saldım. Səhər tezdən İkelin yanına tələsdim. Sanki dünən bütün danışacaqlarını mənə söyləmişdi. Bu gün eləcə susurdu. Mən nə İkelin dünən danışdıqlarının ciddiyyətində idim, nə də bu düşüncələri götür-qoy etmişdim.
Həkimlər yenə gəldilər, arxayın etdilər ki, İkel yaxşılaşacaq, artıq sakitləşib və yuxuya gedəcək.
Qəfil zəng gəldi. Qusara, yeni filiala getməli olduğumu dedilər, izah edə bilmədim. Məcbur yola çıxdım. Filialın rəhbərliyi məni həyəcanla qarşıladı:
- Belə iş olmaz, belə əməkdaşlıq olmaz. Kameralara da baxmışıq, sizdən, bir də o oğlandan başqa gələn olmayıb.
- Əleyküm salam.
- Salam, ay müəllim, vallah, salam vaxtı deyil. Bir buna bax, - işçilər üçün yeməkxana kimi nəzərdə tutduğumuz otağın qapısını açıb həyəcanla dedi. - Nə idi oğlanın adı? İkel? Hə, bax, İkel yazıb bunu.
İkelin qırmızı boya ilə divar ölçüsündə yazdığı yazını oxumaq istəyirdim ki, telefonuma mesaj gəldi.
İkicə kəlmə: "İkel öldü".
Hönkürtü ilə ağladım, ya huşumu itirdim, ya səndələdim, bir də baxdım ki, stulda oturmuşam, əlimdə soyuq su və qarşımda İkelin birinci gün yazdığı sözlər:
"Biz də kiminsə yuxusundayıq".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!