Fattahov Roma - ən arxa sıra! - Ulucay Akifin hekayəsi

Dünən Roma öldü...

Sinfimizin ən yekəpər uşağı idi. Ona əyripəncə ayı ("kosolapıy medvedğ") deyirdik. Doğrudan da, ayı boyda idi. Ona belə deməyimiz heç xətrinə dəymirdi, əksinə, çox xoşuna gəlirdi. Hərdən mənə elə gəlirdi, onun, doğrudan da, pəncələri var. Kimləsə dalaşanda, ya öz aramızda zarafatlaşanda, uzun qollarını, böyük əllərini havada ayı pəncəsi kimi yelləyirdi, heç kim yaxınına düşə bilmirdi, qabağına çıxanı vurub aşırdırdı.

Hansımızınsa davası olanda, Romaya deyirdik, "bez problem, bratan", - deyib düşürdü qabağa.

Yadıma düşür, bir dəfə elə məktəbin yaxınlığında, JEK-in aşağısında onu Azərbaycan bölməsinin uşaqları təkləmişdi. Biz iki-üç uşaq idik, onlar isə bizdən daha çox və yaşca da böyük idilər. Düzü, bizə nəsə eləmirdilər, elə Romanı döymək istəyirdilər, onunla dalaşırdılar. Davanın bir məqamında Roma qurumuş ağacın budağını qoparıb nəriltiylə cumdu onu təkləyənlərin üstünə. Arxalarına baxmadan qaçdılar. Belə idi Roma.

Ləzgi idi. Çox qalın səsi var idi. O danışanda, elə bilirdim ayı donquldanır. Amma heç kobud deyildi. Öz gücünün fərqində idi, amma gücü ilə kimisə əzmək, qorxutmaq, incitmək niyyəti yox idi. Zarafat eləməyi xoşlayırdı. Düzdü, bunu elə də yaxşı bacarmırdı, amma şən oğlan idi.

Çox vaxt nadinc, oxumayan, şuluq uşaqlar arxa partada otururdu ki, müəllimin gözündən uzaq olsun. Roma da belə idi. Həmişə ən arxa partada otururdu. Birinci sinifdən arxa sıranı özünə məskən seçmişdi. Amma nə qədər arxada otursa da, gizlənə bilmirdi. Çünki hamımızdan nəhəng idi. Astaca danışmaq istəyəndə belə səsini hamımız eşidirdik.

Dərslərini heç oxumurdu. "Dvoyşnik" idi. Aldığı ən yaxşı qiymət "3" olurdu. Amma müəllimlər onu çox istəyirdilər. Çünki ürəyi təmiz idi. Müəllimlərə qarşı hörmətsizlik eləmirdi. Ən çox da, Ziyədxan müəllimin hər dəfə onun gicgahındakı saçından tutub dartaraq ayağa qaldırmağına şaqqanaq çəkib gülürdük.

Yadımdadı, ədəbiyyat dərsində Turgenevin "Mumu" əsəri haqqında ifadə yazırdıq. Əlbəttə ki, bütün dərslərdə olduğu kimi, Roma bu dərsə də hazır deyildi, əsəri oxumamışdı. Amma ifadəni yazmağa məcbur idi. Hamı kimi Roma da vərəqi doldurub müəlliməyə vermişdi.

Növbəti dərsdə müəllimə yoxlama yazımızın qiymətlərini bizə açıqlayanda Romanı ayağa qaldırdı:

- Fataxov Roma! Vstanğ! (Ayağa qalx!) Rasskaji rebətam çto tı napisal v izlojenii! (İfadədə nə yazdığını uşaqlara danış!)

Ədəbiyyat müəllimimiz Elmira xanımın sözlərində qəzəb yox idi. Gülürdü. Roma da gülməmək üçün özünü sıxıb saxlamışdı.

- Sədğ! Ə sama rasskaju! Neqodəy! (Otur! Özüm danışacam! Yaramaz!) - Elmira xanım bu dəfə bir az daha ciddi dedi. Ayağa qalxıb Romanın Turgenevin "Mumu" əsəri haqqında yazdığı ifadəni oxumağa başladı:

"Bir gün Gerasim (red. əsərin baş qəhrəmanı) tək yaşamaqdan bezib bazardan özünə 5 şirvana it aldı"

Müəllim elə ilk cümləni oxuyan kimi bütün sinif gülməyə başladı. Roma özü də arxa partada başını aşağı salıb gülürdü. Biz gah müəllimimizə, gah da Romaya baxıb əylənirdik.

"Gerasim itin adını Mumu qoydu. Onu evə gətirib "Head and Shoulders" şampunuyla yaxşıca çimizdirdi" - müəllim növbəti cümləni oxudu.

Müəllimimizin gülməkdən gözləri yaşarmışdı.

"Gerasim Mumuya çoxlu yemək alırdı. Hər gün 2 şirvan pul xərcləyirdi ona. Mumu kef eləyirdi" - növbəti cümlə...

Əyləncə böyüdükcə daha da ürəkdən gülürdük.

Sonra müəllim Romanın yazdığı ifadənin son cümləsini oxudu:

"Bir gün Gerasimin pulu qurtardı. Gördü ki, Mumuya yemək ala bilmir. Aparıb Mumunu bazarda 5 şirvana satdı".

Sizə yalandan bu cümləyə çox kədərləndiyimizi, sinfə sükut çökdüyünü deməyəcəm. Bu sonluğa da xeyli gülmüşdük. Deyəsən, həmişə "2" alan Roma həmin gün ömründə ilk dəfə yoxlama işindən "3" almışdı.

Mən çox sonralar, tələbəlik illərimdə ədəbiyyatın postmodernizm cərəyanı ilə tanış olanda, ədəbiyyatda dekonstruktivizmin nə olduğunu öyrənəndə fərqinə varmışdım ki, mənim tanıdığım ilk postmodernist, dekonstruktivist yazıçı da elə bizim Roma idi.

- Fattahov Roma! Ən arxa sıra! Ruhun şad olsun!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!