Yuxulu mələklər - Qəşəm İsabəyli Fidan Abdurəhmanovanın kitabı haqqında yazır

Səhərin gözü açılıb, idarə-müəssisələr işə başlayan kimi, mərhum dostum İlqar bəyin mətbəəsinə - kompüterçi qıza zəng edib, "Yuxulu mələklər" kitabının nübar nüsxəsini "Azərbaycan" nəşriyyatının yan girişinə - mühafizə polisinin yanına qoymasını xahiş elədim. Günün ikinci yarısı əminliklə qanun keşikçisinin qapısını döydüm.

- "Yuxulu mələklər"?! - Polis diqqətlə üzümə baxdı. - Kitabı siz yazmısınız?

- Xeyr, Fidan Abdurəhmanovadı müəllifi.

- O kitab bizdə yoxdu.

- Sizin yanınıza qoymalıydılar, axı?!

- Bizdə yox, əsas girişdədi!

Düzü, bu cavabdan razı qalmadım. Ürəyimdən, "polis ərindiyindən kitabların arasına baxmaq istəmir", - fikri keçdi. Odur ki, təkid elədim:

- Bir baxın, da.

- Axı mən həmin kitabı əsas girişdə görmüşəm. Hətta adı diqqətimi çəkdi, əlimə alıb, vərəqlədim. Bunu görən yoldaşlarım bir-birinə qarışdı: "Oxumaq istəyirsən, nədi?! Bizi biabır eləmə, sən Allah, qoy yerinə kitabı!"

- Kitabın adına baxın, -  dedim, - "Yuxulu mələklər"... Bu ad heç nə demir sizə?

- Nə deyəcək, addı da, - öz cavablarından məmnun halda mənə çəpəki baxıb, şaqqıldayıb-qaqqıldadılar da.

- Mələklər də yuxulu olar?!

Polisin bu anlayışı, sanki yuxudan elədi məni - gör ey, düşündüm, söz adamı, naşir olasan, bu həqiqəti polis səndən yaxşı dərk eləyə...

Düzdü, ilk baxışda bu reallıq olsa da, toplunu oxuyandan sonra "yuxulu" kəlməsinin bədii vasitə kimi işləndiyini görürsən.

Kitabın oxucudan aralı düşdüyü indiki zamanda, biri adı bəlli bir yazıçıya, başqası şöhrəti "yerlə-göylə əlləşən" elmi dərəcəli bir alimə "Ön söz" yazdırmaqla, digəri kitabının təmtəraqlı çapıyla (təbaşirli kağız, qalın qapaq, parlaq cild) oxucunu yolundan eləyib, diqqətini öz əsərinə yönəltmək istəyir. Belə gözə kül üfürməyin təbii ki, nə oxucuya bir faydası olur, nə də müəllifə.

Uşaqlar üçün yazdığı hekayələr toplusuna ilk baxışda sirli görünən - "Yuxulu mələklər" adını qoymaqla istedadlı cavan yazıçı Fidan Abdurəhmanova, necə deyərlər, yaxşı gediş edib. Bunu uğura yönəli müsbət addım saymaq olar. Deməli, lap elə kimsə mühafizə polisi kimi əl atıb kitabı yerindən eləyib, güman ki, vərəqləyəcək də. Alan da olacaq, güman ki.

Bu gün ədəbiyyat küll halında zamanla ayaqlaşa bilməsə də, zamanın diqqət mərkəzindən də yayına  bilmir. Tarixdə az-az yazıçı olub, bu gün də, həmçinin, rus inqilabçısı V.İ.Leninin sözlərilə desək - Demyan Bednıy kimi "kütlənin dalıyca" sürünsün. İndinin özündə belə min ilin şeirlərini yazırlar, "Bustan", "Gülüstan" dövrünün hekayətlərini quraşdırırlar. Tənqidçiləri də, bağışlayın, tərifçiləri də başlarının üstündə. "Şöhrəti" göyə qaldırılan kitablar da bilinmir hansı dövrün "istehsalı"dı. Əksinə, zamanın nəfəsindən mayası tutulan ədəbiyyat isə əsrlərə, nəsillərə ərməğan olur.

Bu baxımdan, "Yuxulu mələklər"ə yanaşsaq, deyə bilərik ki, müəllifin bəxti gətirib - qardaş Türkiyədə baş verən zəlzələdə həlak olmuş, ata-anasız qalmış, yurd-yuvasından didərgin düşmüş uşaqların acı taleyi onun yazmış olduğu kitabın canına-qanına hopub.

Müəllifin səy və qabiliyyəti nəticəsində böyük ağrıları yaşayan kiçik taleli insanların əsərə dönən dolğun obrazı gözümüzün qarşısından bir an belə kənara çəkilmir. Onların mənəvi sıxıntılarını, az qala, ruhumuzda hiss edirik. "Tənha uşaq" hekayəsini oxumaq kifayətdi ki, cavan yazıçının hələ tam püxtələşməmiş yaradıcılıq qabiliyyətinin - üslubunun işıqlı tərəflərini görək. F.Abdurəhmanova, bir qayda olaraq hekayələrini qara-qışqırıqdan uzaq, sentimentallığa yad, sakit, səmimi sözlərlə oxucuya təqdim edə bilir.

Xanım yazıçının topludakı ilk hekayəsi "Yerdən göyə qalxan Günəş" adlanır. Hekayənin adı ilk baxışda diqqəti cəlb edir. Bu obrazlı ifadənin mənası, hekayəni sona qədər oxuyub çıxmayan uşağa aydın olmur... 

Zəlzələdən qabaq kiçik mağazaya gedib, günəbaxan tumu almaq istəyən, son dəfə də satıcının şit hərəkətindən diksinən qız toxumu atıb qaçır. Sonra da zəlzələ baş verir. Fəlakətlər gətirən təbiətin bu vəhşi - dağıdıcı gücü  qəflətən xeyirxah əkinçiyə dönür: "Avqust ayında - hekayənin qəhrəmanı deyir, - çadırda qalan qonşularımızla köhnə məhəlləmizə getdik. Möcüzə... ilə qarşılaşdıq. Ensiz, uzun bir günəbaxan tarlası vardı. Dükançı əmi peşmanlıq hissi ilə başımı sığallayaraq: "bu günəşə boylanan günəbaxanlar sənin ovuclarından tökülmüşdü....

...günəbaxanlar torpaqdan qalxan Günəş kimi  yer üzünə ümid bəxş edən şüalar idi.".

Necə deyərlər, zəlzələnin yerə sancdığı həyat rişələri - günəbaxan tumları, sanki öz xatirələrinə heykəllər ucaltmışdılar.

Maraqlıdır ki, müəllif oxucunu son cümləyə qədər intizarda saxlaya bilmişdi. Bu da bir yaradıcılıq fəndidi, desəm, yanlış olmaz.

Daha başqa bir hekayəyə diqqətinizi cəlb etmək istəyirəm. "Möcüzə" adlı bu hekayə iki qardaşın zəhərə dönmüş həyatından bəhs edir. Anaları öləndən sonra  yeni bir qadınla evlənən ata, iki oğlan uşağını fəslin soyuq vaxtında evin buz kimi bir guşəsinə sıxışdırır. Bir gün də hamı kimi bu uşaqların başının üstündə ölüm mələyi dayanır - zəlzələ evlərini yerlə bir eləyir, özlərini də uçuq divarın altına salır...

Əsl möcüzə də bu zaman baş verir - canı ölmüş ana... ruhunun gücüylə övladlarının harayına gəlir. Qardaşları dağıntıların altından dünya işığına çıxardan xilasedicilər onları sorğu-suala tutur:

"- Ananız hara getdi?

- Anamız?! Anamız iki ildi rəhmətə gedib.

Qardaşımı yoxlayan həkim onun büründüyü jaketi görüb, təəccüb qaldı:

- Axı... bu paltarları geyinmiş qadın idi həyəcanla sizin yerinizi nişan verən: - "bu divarın altında uşaqlarım yatıb, xilas edin oları... - deyirdi".  

Bu uğurlu hekayənin adını "Ana ruhu" da qoymaq olardı...

"Yuxulu mələklər" toplusunu belə cidd-cəhdlə təqdim etməkdə məqsədim oxucunun diqqətini kitaba cəlb etmək istəyimdən irəli gəlir. Deyə bilərəm ki, kitabın müəllifi istedadlı cavan yazıçı Fidan Abdurəhmanova uşaqların yaş xüsusiyyətinə uyğun qısa, konkret yolla gedib, bitkin, təsirli səhnələrlə dolu hekayələr yarada bilib. Bu həqiqəti dərk eləmək üçün sadəcə, kitabı oxumaq lazımdı.

Peşman olmazsınız!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!