Xutorda yeni il gecəsi - İvan BUNİN

Hekayə

- Eşit, - xanımım dedi, - məni vahimə basır.

Aylı qış gecəsidi, biz cənubdan Peterburqa yolüstü Tambov quberniyasındakı xutorda gecələyirdik, bu evdə yeganə istiliyi olan uşaq otağında yatırdıq. Gözümü açanda lacivərd boyalı alaqaranlıqda vərməşlə örtülmüş döşəmə, bəmbəyaz yataq yeri gördüm. Dördkünc pəncərənin üst tərəfindən damın uzüaşağı sallanan, üstünə düşən qırovdan gümüşü rəngə çalan saman və küləş çöpü görünürdü. Belə lal sükut və səssizlik qış gecələrində yalnız boş çöllərdə ola bilərdi.

- Sən yatmısan, - narazılığını bildirən kimi dedı, - amma hey ora-bura daşınıram, heç yata bilmirəm…

O, qarşı divarın yanındakı qədim, böyük çarpayıda uzanmışdı. Mən ona yaxınlaşanda  sevinc doğuran pıçıltı ilə dedi:

- Səni oyatdığıma görə məndən incimirsən ki? Həqiqətən hər şeyin yaxşı olduğunu düşünürdüm və nədənsə bir az vahimələndim. Mənə elə gəldi ki, mən səninlə burda tamam təkik və məni uşaqlıq illərində olduğu kimi qorxu bürüdü…

O, başını qaldırıb ətrafı dinlədi.

- Görürsən, necə sakitlikdir? - güclə eşidiləcək səslə soruşdu.

Fikir, xəyal məni uzaqlara apardı, qarlı çöllərin çevrəsində hiss etdim özümüzü, - hər tərəf qış gecələrinin ölü sükutu içindəydi və bu arada yeni il yaxınlaşırdı. Uzun müddətidi ki, mən kənddə belə gecələməmişdim və xeyli vaxt olardı ki, öz qadınımla belə xoş söhbət etməmişdim! Mən bir neçə dəfə çox az zamanlarda olan əvvəlki sevgilə onun gözlərindən və saçından öpdüm, o da gözlənilmədən, anidən və şiddətli öpüşlərilə yeni sevən qız kimi qarşılıq verdi. Sonra bir anlığa mənim əlimi odlu yanağına sıxıb saxladı.

- Nə gözəl! - ürəkdən gələn bir əminliklə dilləndi. Və bir an susub əlavə etdi: - Bəli, yenə də mənə yeganə yaxın adam sənsən. Səni sevdiyimi hiss edirsənmi?

Mən onun əlini sıxdım.

- Necə oldu bu? - gözlərini süzdürüb soruşdu. - Belə anlaşılırdı ki, mən sevməyə-sevməyə, səninlə mənasız yaşayırıq, sən deyirsən ki, mənə görə dözülməz həyat sürürsən... Lakin daha tez-tez bir-birimizə lazım olduğumuzu görürük. Bu haradan yaranır və nəyə görə, ancaq bəzi hallarda? Yeni ilin mübarək, Kostya! - dedi o. Gülümsəməyə çalışdı və onun yanağından süzülən bir neçə isti göz yaşı əlimin üstə düşdü.

Sonra başını yastığa sıxıb ağladı və göz yaşlarını tökməsi anladığım qədər ürəyincəydi, ona görə ki, üzünü yastıqdan ayırmır, göz yaşları içində gülümsəyir və əllərimdən öpürdü, sanki bu nəvazişi bir az da uzatmaq istəyirdi. Mən onun saçlarına sığal çəkir, bununla demək istəyirdim ki, səni dəyərləndirirəm, bu göz yaşları, üzüntülərin mənim üçün aydındır. Mən ötən ilin bu günlərini xatırladım, o vaxt biz, adətən həmişəki kimi bu bayramı Peterburqda qarşıladıq, mənimlə bir yerdə qulluq edənlərin arasında, həmin günü təfərrüatı ilə xatırlamaq istəsəm də bacarmadım və yenidən yaddaşımda dolaşan, məni yoran, rahat buraxmayan fikirləri xatırladım: illər bir-birinə bənzəyir, nizamsız, yeknəsəq, xidmətdə keçən boz günlərlə dolu, ruhi, zehni qabiliyyətin zəifləyir, hər gün, hər həftə, hər ay daha artıq istəklərinin eləcə arzu olaraq qalacağına əmin olursan. Cənub tərəflərdə bir kənddə məskunlaşmaq, arvadın və uşaqlarınla üzümlük təsərrüfatı yaratmaq, əkib-becərmək, yay aylarında dənizə getmək, balıq tutmaq ümidlərin də getdikcə yox olur... Bir il əvvəl Olyanın bayramı birlikdə qarşıladığımız, bizim dostlarımız sayılan insanlara süni, uydurma sevgilə qayğı göstərməsini, onlardan hər birinin zəhmətinə qatlaşmasını, bəzi gənc qonaqlarımızı gülərüzlə qarşılayıb, yola salmasını, xülya dolu sağlıqlar söyləməsilə Peterburqdakı darısqal mənzilimizdə necə də o mənə yad və məlahətsiz biri kimi təsir bağışlayırdı...

- Yetər, Olya! - dedim.

- Dəsmal ver mənə, daha mən ağlamıram, - deyib  uşaq kimi köks ötürdü, o.      

Ay işığında gümüşü rəng alan hava axını pəncərədən düz xətt kimi yataq yerimizə düşürdü və qeyri-adi solğun nur saçırdı, qalan hər şey alaqaranlıqdaydı və üzərində mənim çəkdiyim papirosun tüstüsü aram-aram burulurdu. Və döşəmədəki toxunma, ay işığında bir az da bəyaz görünən yataq yeri - bütün hər şeydən kənd həyatının, doğma evin rahatlığının şirinliyi duyulurdu...

- Bizim bura gəlməyimizə sevinirsənmi? - mən soruşdum.

- Dəhşətli dərəcədə, Kostya, dəhşət sevinirəm! -  çox səmimiyyətlə cavab verdi Olya. - Sən yuxuda olanda mən bu barədə düşünürdüm. Fikrimcə, - artıq gülümsəyərək dedi, - nikah mərasimini iki dəfə keçirmək lazımdır. Ciddi deyirəm, həyatı yaşayıb, onun çətinliklərini arxada qoyduğun bir adamla bir cələng altında dayanmaq - bu nə böyük xoşbəxtlikdir! Bütün ömrünü fasiləsiz öz evində, öz küncündə, hardasa hamıdan uzaqda yaşayasan... Mopassanın dediyi kimi: “Doğulasan, yaşayasan və öləsən öz doğma evində”.

O, fikrə getdi və yenidən başını yastığa qoydu.

- Bunu Sent-Byev deyib, - düzəliş etdim mən.

- Fərqi yoxdu, Kostya, ola bilsin ki, doğrudan da sənin fikirləşdiyin qədər savadsızam, amma bununla belə tək səni sevirəm... İstəyirsən gəzməyə çıxaq?

- Gəzintiyə? Hara?

- Həyətə. Mən sənin gödəkçəni, keçə çəkmələri geyinim... Məgər, sən indi yuxuya gedəcəksən?

Yarım saat sonra biz geyindik və gülə-gülə qapının yanında dayandıq.

- Sən hirslənmirsən ki? - əllərimdən tutan Olya soruşdu.

Onun mehriban baxışları gözlərimə zilləndi, bu dəqiqələrdə onun sifəti qeyri-adi xoş görünürdü və o, indi kənddəkilər sayağı başına doladığı boz şalda və onu bəstəboy göstərən yumşaq keçə çəkmələrdə qadın kimi daha lətafətliydi.

Biz dəhlizə çıxdıq, bura zirzəmi kimi qaranlıq və soyuq idi, qonaq otağına, zala boylandıq. Zala açılan qapının cırıltısı bütün evə yayıldı, bu boş böyük otağın qaranlığında bağcaya açılan iki hündür pəncərə bir cüt iri göz kimi görünürdü, üçüncüsü yarısınıq taxta qapaqlarla örtülüydü.

- Au! - deyə, - qapının kandarında dayanan Olya ucadan səsləndi.

- Lazım deyil, - dedim, - yaxşısı budur, bax, gör o tərəf necə gözəldir.

O, sakitləşdi və biz bu qaranlıq otaqdan, daha düzü, pəncərədən baxanda bağça yerinə geniş qarlı düzə səpələnmiş kol-kos gördük və bu qış gecəsi, bu mənzərənin tən yarısı evdən bir xeyli aralı kölgədəydi, o biri yarısı ulduzlu səma altında, ay işığında bəyaz və işıqlıydı. Qəfil bir pişik pəncərənin dabanından yumşaq sıçrayışla ayağımızın yanına düşdü, onun gözləri qızılı-narıncı parıltı saçırdı, mən diksindim, həyəcanlanan Olya pıçıltıyla məndən soruşdu:

- Sən tək olsan, burda qorxardınmı?

Mən susdum, bir-birimizə sığınıb zal otaqdan qonaq otağına, sonra da ikiqat şüşəli qapısı olan eyvana çıxdıq. Bir vaxtlar tələbəlik illərində kəndə gələndə üstündə yatdığım taxt hələ də yerindəydi. Nahar etmək üçün ailəliklə eyvanda oturduğumuz  günləri xatırladım, sanki hər şey dünən olmuşdu... İndi qonaq otağı kif qoxuyurdu, nəm çəkib ağırlaşan divar kağızları qopub sallanırdı... Bu, mənə ağır gəldi, ona görə də keçmiş haqqında düşünmək istəmədim, xüsusilə də bu gözəl qış gecəsinin qonağı olduğumuz bir vaxtda. Burdan baxanda ulduzlu səma altındakı bağça, əl dəyməmiş, toxunulmamış hər qar topası, bəmbəyaz bələkli hər şam ağacı və qarşı tərəfdəki qarlı çöllər qəlbə sakitlik gətirirdi.

Olyanın bağçadan o tərəfdəki xırman yerinə getmək xahişinə cavab kimi bildirdim ki, - xizəksiz orada yeriyə bilməzsən, qurşağa qədər qara batarsan. - Amma vaxt vardı, xırman yerində, yulaf tayasının üstündə yalan olmasın, bütün gecəni keçirərdim... Yəqin indi dovşanlar da lap eyvanın qabağına qədər gəlirlər.

Qapının yanından yöndəmsiz şəkildə sallanan divar kağızının bir böyük parçasın qoparıb otağın küncünə tulladım və biz yenidən dəhlizə döndük, böyük tirlərin nizamla düzüldüyü dəhlizdən keçib şaxtalı havaya çıxdıq. Mən taxta pilləkanın bir yanında oturub papiros yandırdım. Olya da keçə çəkmələrlə qarı xışıldada-xışıldada qar topası və yığını düşən tərəfə qaçdı və indi ondan geridə qalan uzun daxmanın qara qapısının yanında üzünü solğun, aydınlıq gecəyə sarı tutdu, o daxmada bu mülkün və ətraf yerlərin gözətçisi və bizə bələdçilik edən çaparxan yatmışdı.

- Qızıl xəzinə mənim, qızıl buynuz sənin olsun, bu gecənin aydınlığı! - deyib Olya geniş qarlı həyətdə qız kimi dövrə vurdu. Onun gur səsi havada elə cingildədi ki, bütün ətraf yerləri başına aldı. O, fırlanıb daxmanın gölgəsində qaralan üstü çadırlı at arabasının yanına qədər getdi və onun gedə-gedə söylədiyi çox aydın eşidilirdi:

Bu geniş həyətə Tatyana

Yaxası açıq köynəkdə gəlir,

Aydınlığa güzgü tutur.

Amma qaranlıq güzgüdə bir tək

Solğun aydı qəmli-qəmli titrəyir...

- Artıq mən heç vaxt gələcək qismətim, baxtım haqqında nəsə öyrənmək üçün düşünməyəcəm! - Olya bunu deyib təmiz, şaxtalı havanı uda-uda, təngnəfəs  mənə tərəf gəldi və çox xoşhal böyrümdə oturdu. - Sən yuxuya getməmisən ki, Kostya? Əzizim, dəyərli dostum mənim, sənlə yanaşı oturmaq olarmı?

Artırmanın altından çıxan sarı-qırmızı köpək iri-tüklü quyruğunu bulaya-bulaya, mülayim və sakit bizə yaxınlaşdı. Olya onun boynuna, başına sığal çəkdi, it də ağıllı, həm də müəmmalı gözlərilə ona baxdı.

Mən də insan sifəti kimi solğun gecənin aydınlığına, uzun və qara daxmaya, bəmbəyaz bərq saçan qarlı ətrafımıza baxa-baxa itin soyuq, qalın xəzini tumarladım və özümə ürək-dirək verə-verə düşündüm: “Həqiqətən də, ola bilərmi artıq hər şey bitdi? Kim bilir, yeni il  nə verəcək, mənə?”

- Bax, indi Peterburqda nə var? - Olya əlilə yüngülcə iti özündən aralayıb məndən xəbər aldı.- Nə haqda fikirləşirsən, Kostya? - soruşdu, şaxtada cavanlaşan üzünü mənə yaxınlaşdırıb. - Mənə elə gəlir ki, kişilər heç vaxt yeni ili qarşılamırlar və bütün Rusiyada artıq hamı çoxdan bəri yatır...

Mən söhbəti uzatmaq istəmədim, artıq hava çox soyuq idi, əynimizdəki geyimə-kecimə baxmayaraq, şaxta bizi üşüdürdü. Bizdən sağa darvazadan qızıl kimi parlayan bəyaz tarlada çılpaq tənək və meynələrin nazik, quru çubuqları görünürdü, sanki hər şey nağıllardakı kimiydi. Gündüz orda, mən inək leşinin skeletini gördüm, indi də it səs eşidib qulaqlarını şəklədi: uzaqda söyüdlükdən çıxıb parlayan buzlu gölün  üstüylə balaca və qara nəsə ötüb getdi, - ola bilsin ki, tülküydü və tam sakitlikdə donub qalan qarın buz tutmuş üstünün çat verməsilə yaranan, sirr kimi qalan o səs çox çətinlikə sezilirdi.

Bu sakitliyi dinləyən Olya soruşdu:

- Bəlkə, biz burda qalaq?

Mən fikrə getdim və dedim:

- Sən necə, darıxmazsan?

Elə bunu dediyim dəqiqələrdə hər ikimiz anladıq ki, burda heç bir il də yaşaya bilmərik. İnsanlardan, dostlardan uzaqlaşıb bu qarlı çöllərdən özgə heç nə görməmək? Tutaq ki, təsərrüfat işlərilə məşğul olmaq olar... Bu unudulub, illərlə sahibsiz qalan mülklərdə, bu ucsuz-bucaqsız torpaqlarda hansı təsərrüfatı yaratmaq olar? İndi hər tərəfdə belə mülklər var, - yüz verstlik ətrafda bir ev belə yoxdur ki, gözünə adam dəysin. Kəndlərdə olanlar da ac-yalavacdı...

Gec də olsa, biz bərk yuxuya getdik. Obaşdan, yatağımızdan qalxan kimi yola hazırlaşmalı olduq. Pəncərənin qabağından, - divarın o üzündə qarın üst-üstə yığıldığı cığırla qoşqu atları keçdilər. Olya yarıyuxulu, qəmli-qəmli gülümsəyirdi; hiss olunurdu ki, bu isti kənd evini tərk etmək ona da ağır gəlir...

“Bu da yeni il! - özlüyümdə fikirləşdim, çadırı qırov tutmuş arabadan boylanıb - qarşıda olan üç yüz altmış beş günü necə yaşayacağımızı düşündüm.”

Lakin zınqırovun yolçuları duyğulandıran seyrək-seyrək səslənişi fikrimi qarışdırdı, gələcək haqqında düşünmək o qədər də xoş olmadı. Arabadan ətrafa göz gəzdirəndə, mən artıq getdikcə daha çöx bu düz və qarlı çöldə şaxtalı, sisli-dumanlı günün dumanlı gələcəklə aramla qarışan tablosundan və bu yerlərdə boz-bulanıq mənzərədən fərqli bir şey görməkdə çətinlik çəkdim. Qırov basmış atlara çımxıran çaparxan ayaqüstə dayanmışdı, zahirən onun yeni ilə, bu qarlı çöllərə, bizə və özünə də etinasız olduğu görünürdü. O, qalın mahuddan tikilmiş kəndli paltarının cibindən tənbəki çubuğunu çıxardı və bir az sonra soyuq qış havasına maxorka iyi qarışdı. Bu, məndə doğma və xoş olan bir əhval-ruhiyyə oyatdı. Sanki yaddaşımı silkələdilər, xutorla bağlı xatirələrimi oyatdılar. Arabanın küncünə sıxılan, bu soyuqda üşüyən, qar dənələri döymüş uzun kirpiklərini bir-birinə sıxan xanımımla aramızda yaranan bir neçə günlük mehribançılıq da məni mütəəssir etdi. Lakin içimdən gələn bir istəyə boyun əyib bu vəziyyətdə yaranan bihudə ümidlərdən ayrılmağı bacardım və adətən olduğu kimi, şən və qeyri-təbii qışqırdım:

- Atları qov, Stepan, haydı! Gecikirik!

Qabaqda və uzaqlarda artıq teleqraf dirəklərinin nəzərimdə dumana bürünmüş, anlaşılmaz silueti qaçışırdı və zınqırovun seyrək, hərdən də artan sədaları qarşıda məni gözləyən sevmədiyim, bağlanmadığım mənasız həyat haqqındakı fikir və düşüncələrimin üstünə gəlirdi... 

Tərcümə edəni: Şükür ŞƏNOL


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!