Səhər yeməyi hazırlayırdım. Mətbəxin pəncərəsi Ağa Nemətulla küçəsinə baxdığından şütüyən maşınların səsi otağı işğal etməsin deyə pəncərəni bağlı saxlayıram. Amma səhərə pendirli qayğanaq hazırladığım üçün pəncərəni açmalı oluram. Maşınların hay-harayına qızarmış pendir qoxusundan daha asan dözmək olur.
Mənzilim ikinci mərtəbədədir. Soyuducunu açanda səkinin o biri üzündə qara 07 markalı avtomobildə iki gənc diqqətimi çəkdi. Oğlan sükan arxasında, qız isə yanındakı oturacaqda əyləşmişdi. Qara qısaqol köynək geyinən oğlan əllərini havada yelləyirdi; üzünü görməsəm də, gərgin və pörtmüş olduğunu sezirdim. Çəhrayı donlu qız isə qolları ilə özünü qucaqlamış, sol yanağını sol çiynindən dirsəyinə qədər tökülmüş dalğalı, qəhvəyi saçlarına sıxmışdı. Oğlan çığıra-bağıra deyinəndən sonra əllərini sükana qoyub susdu. Sonra yenə nəsə dedi. Sakit cümlə qıza qapaz kimi dəydi. Əllərini açıb, saçlarını kürəyinə atdı. Bir saniyəlik dodaqları tərpəndi. Bir, uzağı iki söz demiş ola bilərdi. Oğlan o an əlini qızın saçlarına atıb, başını yan pəncərəyə çırpdı. Maşından düşüb, siqaret yandırdı. Qız iki əli başında yumağa döndü. Bir neçə saniyə sonra qız maşından düşüb qaçmağa başladı. Oğlan dalınca qaçıb onu tutdu. Qolundan tutub maşına atdı - hə, torba kimi atdı. Qız müqavimət göstərmirdi. Yəni ciddi müqavimət göstərmirdi. Elə bil ona görə qaçmışdı ki, tutulub yenidən maşına atılsın. Oğlan maşına oturdu. Bir xeyli vaxt ikisi də çiyinləri ilə nəfəs aldılar. Sonra oğlan qızın sol əlini ovuclarına alıb öpdü. Qız sağ əli ilə başının pəncərəyə çırpılan hissəsinə işarə elədi, oğlan bir az da əyilib qızın başını çırpdığı yeri də öpdü. Qucaqlaşdılar, öpüşdülər.
Maşının qarşısında dayandığı şirniyyat mağazasından da onlara iki qız tamaşa edirdi. Onlara baxıb, elə bil öz üzümü gördüm. Üzümdəki heyrət nə qədər eynidir, - deyə düşündüm. Oğlan mühərriki işə saldı, qız əvvəlcə maşının tavanına sıxılmış güzgünü açıb özünə, sonra təbəssümlə oğlana baxdı. Maşın yerindən götürüldü.
Ağlıma baş verən bu hadisəyə aid onlarla dialoq, süjet doldu. Xəyanətmi, yalanmı, bezginlikmi, sadizmmi, mazoxizmmi, intriqamı, şeytanmı?.. Ayağımın baş barmağıma nəsə düşdü. Diksindim. Ovcumda sıxdığım yumurta pəncərənin məhəccərinə, ordan da döşəməyə axırmış. Günortaya qədər o gəncləri fikirləşdim. Onlar ehtirasın əsiridirlər. Sevgi incitməyə qıymaz. Bu onların xoşlarına gəlir: əsəbiləşmək, əsəbiləşdirmək, söymək, söyülmək, döyülmək, qaçmaq, tutmaq, qaçırtmaq, tutulmaq, ağrımaq, əzab çəkmək, dözmək... Çünki heç kim xoşlamadığına, sevmədiyinə dözməz. Heç nəyə baxmadan yoxa çıxar. Dözmək fədakarlıq deyil, şüuraltı həzdir.
Bir yaşlı qadından soruşurlar ki, qırx üç il yoldaşınızla mehriban dolanmağı necə bacarmısınız? Qadın cavab verir ki, biz oyuncaq qırılanda onu təmir edən dövrün adamlarıyıq, siz isə sınanın yerinə təzəsini alan. Ona görə münasibətdə çat yaranan kimi siz yeni sevgi axtarırsınız, biz isə yaraları sağaltmaqla yaşamışıq. Mehribanlıq isə hər ikimizin özümüzə hörmətindən irəli gəlir. Mən heç vaxt ona məni incidib, sonra peşman olacağı bir hərəkət eləməyinə şərait yaratmamışam. O da həmçinin.
Məncə, bu gənclər kompyüter oyunlarının nəslidir. Öldürə, sonra start verib yenidən heç ölməmiş kimi dipdiri qəhrəmanla yenidən oyuna davam edə bilirlər. Restart dövrünün adamları...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!