Mən onu ölmüş bilirdim. Uzun zaman idi ki, səsi-sorağı eşidilmirdi, valideynləri də əlini üzmüşdü. Deyirdilər, itkin düşüb. Amma bu günlərdə ondan məktub aldım. Yazırdı ki, "hekayələrini oxuyub səndən ümidimi üzdüm. Sən böyük yazıçı ola bilərdin, amma axırda cızmaqaraçı oldun. Onu da yazırdı ki, sənin hekayələrinin əvvəlini oxuyan kimi axırının necə qurtaracağı o dəqiqə bilinir".
Sözün qısası, məni yaş yuyub quru sərmişdi. Deyirdi ki, tale sənə gözəl fürsətlər vermişdi, yazı-pozuda nə gördün ki, özünü bu mənasız işə fəda elədin?
Dostumun bu sözləri zərrə qədər xətrimə dəymədi. Əksinə, çox sevindim ki, o, sağ-salamatdır. Bəs bu illər ərzində harada yaşamışdı, niyə valideynlərindən, dostlarından bir xəbər tutmamışdı? İlin-günün bu vaxtı kim-kimə məktub yazır? Poçtalyona ehtiyac olmayan bu dünyada bu zərfi kim gətirib mənim qapımın arasına qoymuşdu?! Zərfin üzərində ünvan yazılmamışdı. Sadəcə, ad yazılmışdı: Zakir.
Cavanlığında min hoqqadan çıxırdı, görünür, köhnə xasiyyətini heç tərgitməyib. Buna bax, hələ bir mənə öyüd-nəsihət verir. Tənqidçi olub mənimçün. Əlimə keçsəydi, ona dişimin dibindən çıxanı deyərdim. Ata-anasının gözünü illərdən bəri yolda qoyan oğula nə deyəsən? Dərd-qüssə yazıqların belini büküb, vaxtsız-vədəsiz qocalıblar. Bu qoçağın dünya-aləm vecinə deyil. Görəsən, onlara bir əlcə məktub yazıbmı?
Məktubun sonunda yazmışdı ki, sabah gecə saat on ikidə səni köhnə hamamın tinində gözləyəcəm. Köhnə hamam da kəndin qurtaracağında, dəmiryolu xəttinin keçdiyi yerdə idi. Uşaq vaxtı atam məni bu hamama aparardı, yadımdadır, qatar keçəndə hamamda ayağımızın altında yer silkələnirdi, elə zənn edərdin ki, zəlzələdir. Hamamın daimi müştəriləri bu titrəşmələrə öyrəncəli idilər. Bu hamama həftənin tək günləri arvadlar, cüt günləri kişilər gəlirdi. Zakir hardansa bir deşik tapıb arvadlara, qızlara baxırdı. Hətta orda gördüyü qızlardan birinə möhkəm vurulmuşdu da. O da yadıma gəlir ki, qıza onun adından şeir yazmaq üçün mənə ilan dili çıxarıb yalvarmışdı. İndi bu adam mənim yazdıqlarımı bəyənmirdi. Qızın evlərinin həndəvərində o qədər hərlənmişdi ki, idmançı qardaşı tutub onu xurd-xəşil eləmişdi. Odu-budu, bir də həmin qızın adını dilinə gətirmədi.
O vədələr dayımla bazarda gül satırdıq, yaxşıca qazanırdım. Zakirin borc adıyla məndən aldığı pulun sayını-hesabını çoxdan itirmişdim. Heç vaxt qaytarmayacağını bilsəm də, həmişə cibinə pul basırdım. Çünki Zakir dost üçün ölümə gedən oğlan idi. Dələduzluğu, fırıldaqçılığı olsa da, ürəyi təmiz idi. Ciyərli oğlan idi Zakir. Onu heç nəylə sındırmaq, ələ almaq mümkün deyildi. Özündən qat-qat güclülər onun cəsarəti qarşısında sarsılırdılar. Cəsarət onun üstünlüyü idi. Qorxu hissi bu adama büsbütün yad idi. Gecə vaxtı qəbiristanlığın içindən kəsə yolla kəndə girməyi mənə o öyrətdi. Bir dəfə gecənin bir aləmi hansısa naməlum qəbrin üstündə "düd" deyincə içib ağlamışdıq. O qəbir kimin idi, biz niyə ağlayırdıq? Bunu nə o bilirdi, nə də mən. Qəribə idi ki, içəndən sonra o, heç nəyi xatırlamırdı. Səhər gecəki əhvalatı ona mən danışırdım, təəccüblə üzümə baxırdı. İçki onun yaddaşını yuyub aparırdı. Mən isə içəndən sonra daha ayıq olurdum. Elə buna görə Zakir mənim yanımda arxayınca içirdi. Bilirdi ki, onu atıb heç yerə gedəsi deyiləm.
Bir gün mənsiz hansısa qonaqlığa getdi və qayıtmadı. Deyilənə görə, möhkəm içibmiş. Sonuncu dəfə onu həmin məclisdə görüblər və Zakir o məclisdən necə çıxıb, hara gedib, bunları bilən yox idi.
İndi də bu məktub... Ay səni, Zakir! Bircə bu oyun qalmışdı ki, başımıza açmayasan.
Fikir məni götürmüşdü. Zakir görüş yeri kimi niyə o köhnə hamamın yanını seçmişdi? Bir də, niyə gecə saat on ikidə? Bəlkə kiminsə onu görəcəyindən ehtiyat edirdi? Axı bu səfeh niyə qaçaqlar kimi kəndə gizlicə gəlir? Bu müəmmadan heç cür baş aça bilmirdim. Bütün gecəni gözümə yuxu getmədi. Zakirlə uşaqlıqdan başlayan dostluğumuzun müxtəlif anlarını, birgə yaşadığımız macəraları bir-bir gözümün önündən keçirdim, bunların bəzilərini əsərlərimdə yazmışam. Amma yazılmayanlar daha çoxdur və mən nəyəsə görə o əhvalatları heç cür yaza bilmirəm. Mən axı Zakiri ölmüş bilirdim. Fikirləşirdim ki, hər şeyi çılpaqlığı ilə yazsam, onun ruhunu narahat etmiş olaram. Sən demə, bu avara hardasa oturub mənim yazdıqlarımı oxuyur, mənim yazıçı olmağıma heyfislənirmiş. Köhnə hamam bunun ağlına hardan gəlib? Orda çılpaq gördüyü qız çoxdan ərə gedib, oğul-uşaq yiyəsidir. Hamamın sahibi Camal kişi elə o zaman Zakirin qulağını burub şapalağının altına salmışdı. "Bir də burdan arvadları güdsən, sənin şalvarını çıxarıb lüt anadangəlmə kəndə göndərəcəm, it balası!" - demişdi.
İşdə də fikrim Zakirin yanında qalmışdı. Müdir altdan-altdan məni süzüb soruşdu:
- Səhərdən diqqət edirəm, yaman fikirlisən. Nəsə bir hadisə baş verməyib ki?
- Yoox, hər şey qaydasındadır, - dedim, - bir az başım ağrıyır.
Zənnlə xeyli üzümə baxıb bir söz demədi. Hiss elədim ki, inanmadı. Qəliz bir kitabın redaktəsini tapşırmışdılar, fikrim dağınıq olduğundan cümlələri təkrar-təkrar oxusam da, heç nə anlamırdım. Bu da əsəblərimə toxunurdu. Bir neçə cəhddən sonra mətni yaddaşa verib kompüteri söndürdüm. Belə vəziyyətdə işləmək mümkün deyildi.
***
Gecənin qaranlığı köhnə hamamı da udmuşdu. Dünya büsbütün səssizliyə bürünmüşdü. Bu səssizlik qaranlıqla əlbir olub Zakirə şərait yaradırdı ki, o, bu zülmətin dibində Səriyyəni ağuşuna çəkib kamına çatsın. Bu, həmin Səriyyə idi ki, Zakir ona görə elə bu hamamın böyründə yaxşıca döyülmüşdü.
Gecə Səriyyənin xəyanətinin üstünü ört-basdır edirdi. Səriyyə bu qaranlıq gecələrdə sevmədiyi ərini sevdiyi Zakirə dəyişirdi. Gecənin də elə bil qulaqları kar, gözləri kor olmuşdu. Heç nə görmürdü, heç nə eşitmirdi.
- Elə arzulayırdım ki, səndən bir uşağım olsun, özü də qız istəyirdim.
Qadının uçunan səsi Zakirin bütün varlığını cuşa gətirdi, damarında qanı qaynadı, sinəsinə sıxılmış dolu döşləri ovuclayıb ağzına təpdi. Hıçqırıq, inilti, zarıltı bu gecənin dərinliyində baş verən günahdan xəbər verirdi. Zakirin o anlarda işin sonrasını fikirləşəsi ağlı qalmamışdı, o, nəfsinin əsirinə çevrilmişdi. Nəfs ona günah hissini unutdurmuşdu. Bu vədələr nəfsin xırmanında dən üyüdürdü. Səriyyənin də bədəni torpaq kimi canlanırdı, dirçəlirdi. Arzularının bu qaranlıqda it-bat olacağından qorxub möhkəm-möhkəm Zakirə sarılmışdı. İçindəki güclü istək, təbii instinktlər qorxu hissinə qalib gəlmişdi.
Bu məqamda müəllif özünü saxlaya bilməyib hadisəyə münasibətini bildirir: Qadın nəsə etmək istəyirsə, heç bir qüvvə bu istəyin qarşısını ala bilməz. Zakirin əməlinə gəldikdə isə belə deyirlər: xəyanət kişilərin fitrətindədir. Qadını xəyanətə sürükləyən sevgisizlikdir, vəssalam. Onu zorla sevmədiyi oğlana ərə vermişdilər, bu da nəticəsi.
***
Gecə saat on ikini gözləməyə səbrim çatmadı, evdən çıxıb kəndin küçələrində veyil-veyil dolaşmağa başladım. Çayçı Yaşarın çayxanasında zəif işıq közərirdi, kənd cayılları domino çırpır, arada mübahisə edirdilər. Heç mənə əhəmiyyət verən olmadı, bir küncdə oturub çay sifariş verdim. Yaşarın xoruzquyruğu çayından içə-içə televizorda nümayiş etdirilən mənasız filmə baxmağa başladım. Qumarbaz Tofiq canhövlü özünü içəri təpəndə hamının diqqəti ona yönəldi. Tofiq pırpız qaşlarını oynada-oynada şalvarının cibindən çıxardığı yaylıqla üzünün tərini silib nəfəs dərdi.
- Alə, xəbərüvüz var? Köynə hamamın yanından meyit tapıblar.
Çayçı Yaşarın təəccübdən sifəti uzandı:
- Nə danışırsan? Orda neçə gündür ustalar yer qazırdı, nəsə obyekt tikirlər, deyəsən.
- Hə də, traktor yeri qazanda görüblər ki, yerdən sür-sümük çıxır. Polisə xəbər veriblər, prokurorluqdan da tökülüb gəliblər.
Damarımda qanım dondu, çay boğazımda qaldı. Çayxanadan necə çıxdığım yadıma gəlmir. Uzaqda polis maşınlarının sirenasını görəndə ayaq saxladım. Köhnə hamamın yaxınlığına heç kəsi buraxmırdılar. Cavan polis çavuşuna yaxınlaşıb soruşdum:
- Qardaş, burda nə baş verib?
O da laqeyd görkəmdə mənə əhəmiyyət vermədən dodaqucu dilləndi:
- Kişi meyidi tapıblar.
Saata baxdım, on ikiyə beş dəqiqə qalırdı. Ora-bura vurnuxsam da, təzə heç bir məlumat ala bilmədim. Hələ də ətrafa boylanıb Zakiri axtarırdım. Fikirləşirdim ki, bəlkə hadisədən xəbəri var, məni elə buna görə bura çağırıb. Zakir gözə dəymirdi. Saat bir oldu, camaat yavaş-yavaş dağılışmağa başladı. Yeyin addımlarla evə tələsdim.
Gecəni səhərə qədər dəli kimi evin bütün künc-bucağını ələk-vələk elədim. Zakirin məktubu yağlı əppək olub göyə çəkilmişdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!