Portmanatda gizlənən sirr - Anar Turanın hekayəsi

Paltarını tez-tələsik əyninə geyinən Kənanı elə bil, qolundan tutub evdən bayıra atdılar. Çıxan kimi ilk işi dərindən nəfəsini dərmək oldu. Evdə boğulurdu. İşsizliyin ona verdiyi sıxıntılardan bezmiş, həyatını dəyişmək üçün gecə-gündüz düşünməkdən az qala başına hava gəlmişdi. Evdə onun-bunun uşağını misal gətirən anası onun ovqatını bir az da təlx edirdi.

- Kənan, sən diribaş olmadın. Mənim oğlum niyə fərasətsiz çıxdı, axı? Heyif buna çəkdiyimiz əziyyətdən. Təhsil verdik, oxutdurduq, qalıb işsiz. Gör, camaatın uşağı necə qaz vurub, qazan doldurur. A bala, Familə bax, səninlə yaşıddır, yetimçiliklə böyüsə də, gör, alver etməklə hara gəldi çıxdı. Özünə bir dənə də ev aldı, altında yaxşı maşını, uşağı-ailəsi. Sən hələ də subaysan, 31 yaşın var, üstəlik, işin-gücün yox, bizdən pul alırsan. İşləmək barədə də heç fikirləşmirsən. Elə bil, belə də olmalıdır. Vaxtında sənə deyəndə ki, ingilis dilini öyrən, kompüteri öyrən, getdin dost dediyin xeyirsiz adamlarla avaralandın. İndi o dost dediklərin hardadır? Düzəltsinlər də, səni bir işə. Hərəsi bir yerdə işləyir. Bir iş tapmırlar sənə...

Təngə gələn Kənanın əlindən ancaq o gəlirdi ki, anasının deyingənliyinə məhəl qoymasın. Uzağı, bir az donquldanıb evdən baş götürüb qaçırdı. Bir də gecə saatlarında qayıdırdı. Artıq oturub kiminsə zəngini də gözləmirdi, özü hamıya yığırdı. Heç kimlə görüşə bilmədiyi günü də kiminləsə görüş adıyla evdən çıxıb tək-tənha fırlanırdı.

Bu dəfə də anası bərk deyinmişdi. Yaşlı anasının nəfəs dərmədən dediyi ittihamlara dözməyən Kənan axır ki, dilləndi:

- Bəsdir də, yenə ondan-bundan misallar gətirdin. "Xalxın uşağı, camaatın uşağı..." Daha bezdirdin məni. Olanım budur da, neyniyim. Yoxdur da bu xarabada, ya adamın ola, ya da ingilis dilini elə biləsən ki, qabağa gedə biləsən. Öyrənə bilmirəm də bu zəhrimar dili.

Doğrudan da, Kənanın məzəmmətində bir həqiqət var idi. O iş axtarırdı, amma hamı söz verir, kimsə çağırmırdı. Arada fəhləlik üçün də müraciət etmişdi. Təxminən, 1 ay fəhləlik etdikdən sonra bel fəqərələrində qabarmalar yaranmışdı deyə, oranı da tərk etmişdi. Ağlına min cür fikirlər, qarabasmalar gəlirdi: "Elə bil, bütün dünyanın ağırlığı mənim üzərimə çöküb. Niyə axı mən? Mən niyə bu vəziyyətə düşməliyəm axı? Niyə evdəkilərin yanında utanmalıyam? Niyə dost-tanışın yanında utanmalıyam? Niyə mən boyda adam işsiz-gücsüz, pulsuz qalmalıyam. Hara əl atıramsa, elə bil daşa dirənir. Cavan olsam da, ümidsizlik, sanki üzümə çöküb".

Bəli, Kənanın nəsə etmək istəməsi ilə əlində olan imkanlar düz gəlmirdi. Onu narahat edən isə vəziyyətini dərk etməsi, fərqinə varmağı idi. Fərqinə varırdı deyə daha çox düşünüb narahat olurdu. Bəlkə də arsız, vecsiz olsaydı, belə narahat olmazdı. Elə gənc yaşında saçlarına düşən dən də işsizlikdən yaranan nigarançılıqla bağlı idi. Özü də deyinməyə başlamışdı. Elə hey deyinirdi ki, dəli olsaydı, indi hamı başına fırlanırdı, onun dərdini çəkirdi. Hər gün deyinirdi ki, vallah, anamgil axırda məni dəli edəcəklər. Heç kim məni başa düşmür: nə ana, nə ata, nə əmi, nə dayı. Mənə avara kimi baxırlar. Axı mən belə deyiləm. Hərdən 3-5 manat pul verirlər, vəssalam. Amma anlamırlar ki, mən iş axtarıram, tənbəl deyiləm.

Bu gün də evin yeknəsək ab-havasından bezərək, evdən qaçırmış kimi dostlarının yanına tələsirdi. İki-üç gündən bir görüşdüyü tay-tuşları ilə vaxt keçirmək istəyirdi. Yolboyu beynində ancaq anasının deyinməyi, atasının tənələri və hərdən də dostlarının onun pulsuzluğunu üzünə vuran eyhamları yadına düşür, bir gün bunlardan xilas olacağını düşünürdü... Elə bunları düşünmüşdü ki, yerə düşmüş portmanatı az qaldı ki, tapdalasın. Özünü saxlayıb bu dəri pulqabıya, bir də ətrafa baxdı.

- Bu nədir? Yəni bu, portmanatdır? Görəsən, kimindir? Götürüm? Görəsən, içində nə qədər pul var? Kaş ki, içində pul olardı. Yaman kasıbçılıqdır. Türklər demiş, köşəyə dönərdik. Pul olsa, bu gün hesabı mən verəcəm, bütün çayın pulun verəcəm. Hətta pivə də sifariş verəcəm uşaqlara. Qoy, görsünlər ki, mən simic adam deyiləm, olanda xərcləyirəm. Bəs birdən tələ olsa? Bəlkə kimsə bura atıb ki, sonra məni şərləsin? Əşi, qalsın, lazım deyil. Götürüm, yoxsa, qalsın? Qərar ver, Kənan! Cəhənnəm olsunlar. Nə olsa da, deyərəm ki, tapmışam, oğurlamamışam ki? Nə olar, olar...

Yerə atılan pulqabına işıldayan nəzərlərlə baxan, bir növ, sevincək olan Kənan içindəki qeyri-müəyyənliyi dayandırdı. Cəld əyildi və portmanatı yerdən götürüb açdı.

İçində sənədlər, kartlar və pul var idi. Pulu saydı. Düz 355 manat. Bu onun istədiyi, qane olduğu maaş qədər pul idi. Hətta "eybi yox, 300 manatlıq iş olsun, təki işləyim, hər gün işə gedim" dediyi məbləğ idi. İndi ona hava-su kimi lazım olan pulu dərhal götürüb cibinə qoydu. Portmanatı yerə atdı və ordan uzaqlaşdı. Bir xeyli getmişdi ki, birdən fikrini dəyişdi. Ani qərar vermişdi. Geri dönərək, pulqabını atdığı yerə doğru qayıtdı. Nə edib-etməli olduğunu düşünmədən geri döndü. Sanki hansısa ruh onun qarşısını kəsərək, əmr vermişdi ki, pulqabını atdığın yerə qayıt. O da qorxusundan iti addımlarla geri qayıdırdı. Ürəyini yemişdi ki, bircə portmanatı kimsə götürməsin. Nəhayət, aralandığı yerə gəlib çatdıqda, pulqabını orda görcək gözlərinə işıq gəldi. Yenə bir göz qırpımında əyilib bu dəriyə oxşayan, üzü timsah dərisini xatırladan pulqabını yerdən götürdü. Pulları cibindən çıxararaq səliqəylə içinə düzdü. Kartları çıxarıb bir-bir baxmağa başladı ki, bəlkə sahibinin əlaqə nömrəsi olar. Kartların içində cəmi biri diqqətini çəkdi, hansı ki, üzərində qələmlə telefon nömrəsi yazılmışdı.

- Həə, deməli, nömrə budur. Ancaq bu olacaq üstündəki nömrə. Kimdirsə ağıllı adamdır. Bu olmasaydı, polisə təhvil verəcəkdim. Onlar da sahibini nə vaxt tapacaqdılar, Allah bilir. Bəlkə də tapmayacaqdılar. Aha, bu da şəxsiyyət vəsiqəsi. Yazığın nəyi varsa, burdadır ki?

Kənan dərhal həmin nömrəyə yığıb sahibi ilə danışdı və ona portmanatının itdiyini dedi.

Cəmi 5 dəqiqə keçməmişdi ki, yaxınlıqdakı restoranların birindən bir cavan oğlan yaxınlaşdı.

- Siz tapmısınız?

- Bəli...

- Taksidən düşəndə cibimdən düşüb. Necə hiss etməmişəm.

- Sizə çox minnətdaram, indi sizin kimi insanlar tapmaq çox çətindir. Buyurun, bu da məndən sizə şirinlik deyib, təxminən 30 manat pulu Kənana doğru uzatdı.

- Qardaş, qalsın. Mənim buna ehtiyacım yoxdur. Mənə pul lazım olsaydı, elə pulu götürüb gedərdim, deyib güldü. Çox sağ ol, qardaş. Pulunu cibinə qoy, xeyirliyə xərclə. Bunu tapıb sənə qaytarmaq mənə o qədər xoşdur ki, izah edə bilmirəm. Allah savaba yazsın. Sənin duan mənə bəsdir, - deyib oğlanla əl-ələ görüşərək sağollaşdı.

Kənan gedə-gedə dərin xəyala daldı və etiraf monoloqu başladı: "Düz elədim, yoxsa, səhv? Əlbəttə, düz! Amma pul mənə lazım idi, axı. Bir az vəziyyətdən çıxardım. Əşşi, yox! Mən təslim olmayacam. Kasıblıq, pulsuzluq məni sındırmayacaq. Mənə o pul lazım deyil. O pul müvəqqətidir. Xərclənib qurtaracaq, amma həmişə deyəcəm ki, mən kiminsə itmiş pulqabısını tapdım, bəlkə də sahibinin son ümidi olan pulunu xərclədim. Hələ ordakı sənədləri demirəm. O sənədləri yenidən əldə etmək nə qədər çətindir. Yox, çox düz iş gördüm. İndi cibimdə pul olmasa da, rahatam. Vicdanım rahatdır.

Hadisənin üstündən bir-iki həftə keçdi... Kənanın günləri bomboz keçirdi.  Düz getməyən işlərinin arasında bir ümidsizlik də lövbər salmışdı.

Növbəti cansıxıcı günlərindən biri idi. Axşama doğru birdən telefonuna zəng gəldi:

- Salam, Hüseynov Kənandır?

- Bəli, buyurun.

- Kənan bəy, sizi "BERNİ" Otellər Şəbəkəsindən narahat edirik. Müraciət etdiyiniz vakansiya üzrə məsləhət aparılıb və sizin tərcümeyi-halınız, müsahibəniz bəyənilib. Vakansiyaya siz münasib bilinmisiniz. İki gündən sonra işə başlaya bilərsiniz. İlk iş günü tanışlıq olacaq, ikinci gün isə tam gücüylə işləyəcəksiniz. Xahiş edirəm, rəsmi geyimdə olarsınız.

Zəngin şokundan həyəcanlanan, dodaqları əsə-əsə xanıma təşəkkürünü bildirib sağollaşan Kənan qonaq otağındakı divana sərələndi. Sanki bir KamAz kubik boşaldıb evə gəlmiş və boğazından su da keçirməyib yorğunluğunu çıxarmağı düşünürdü.

Bu, düz iki həftə əvvəl Kənanın müraciət etdiyi və heç götürəcəklərini zərrə qədər ümid etmədiyi şəhərin dördulduzlu, tanınmış oteli idi. Hansı ki, ingilis dilini bilmədiyinə görə götürülməyəcəyini yəqin etmişdi. Amma budur, indi onu yüksək maaşlı işə çağırırdılar. Kənan bu oteldə menecerlərdən biri olacaqdı. Artıq kasıbçılığın daşını atmağa gedən yolun düz başlanğıcında idi. Bundan sonra işləyib yüksəlməsi üçün yaxşı şans yaranmışdı.

"Necə oldu axı, məni çağırdılar? Möcüzədir! Göstəricilərim düz gələn işlərdən xəbər çıxmadı, amma heç ümid etmədiyim işdən isə dəvət aldım. Axı bu necə ola bilər?" Bunları fikirləşən Kənanın dodaqları birdən tərpənməyə başladı.

- Eh, tapdım... Sənin üstünü qaramat kimi alan bu bədlik bir sirr idi. Bu sirr o itən portmanatda gizlənmişdi. Mən bu sirri çözdüm. Onu sahibinə qaytardığım üçün göndərilən mükafat da budur. Bax, deyirlər e, həyat, dünya böyük enerjidir. Nə etdinsə, özünə qayıdır. Bax, budur. Bax, "ilahi ədalət" deyillər e, elə budur. Nə etdinsə, qabağına çıxacaq, taledir. Bu bir sınaq idi və nə yaxşı ki, mən bu sınaqda səhv etmədim...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!