Zəfər bizim zəfərdir - Hekayə. Salatın ƏHMƏDLİ

Müharibənin ilk günlərindən cəbhədə olmuşam. Bizim dəstə çox yüksək şəkildə hərbi biliklərə malik dəstələrdən idi. Bizim hərbi taktikamız, döyüş manevrlərimiz, düşmən üzərinə yerimə taktikamız, mühasirəyə düşmək ehtimalının çox olmasından doğan özünü müdafiə imkanlarımız - hər şey özümüzə həvalə olunmuşdu. Arxadan bizə gələ biləcək yardım, kömək deyilən bir şeyə arxalanmırdıq. Yaşamaq da, ölmək də, qələbə də - hər şey özümüzün imkanımız daxilində idi.

İllərlə hərbi təlimlər keçmiş hər bir hərbçimizin itkisi böyük fəlakət idi. Artıq hər birimiz bu ideya ilə yaşayırdıq ki, biz hərb üçün doğulmuşuq, vətən naminə daşıdığımız cismani və mənəvi nəyimiz var, bu yolda qurban verməyə hazırıq.

İlk gündən kəşfiyyat qruplarımız döyüşün, ümumən müharibənin bizim xeyrimizə həll olunması yolunda böyük igidliklərə imza atırdı. Biz düşmənin ən strateji hissələrini, hətta min kilometrlərlə yüksəkliklərdə yerləşən postlarını beş-on nəfərlik dəstələrlə burunlarının dibinə qədər gedib qəfil onları zərərsizləşdirərək alırdıq.  Qoşunlarımız aldığımız postlarda, hərbi nöqtələrdə yerləşirdi və biz irəli yeriyirdik. Bəzən qəfil gediş nöqtələrimiz dəyişdirilirdi. Biz on kilometrlərlə yolu piyada qət edir, əmri yerinə yetirirdik.

Növbəti həmləmiz Suqovuşan istiqamətində idi. Oradakı bir sıra yüksəklikləri ələ keçirib irəli yeriyirdik. Mənim olduğum dəstə düşmənin içinə girmişdi. Bizdən qabaqda da müəyyən istiqamətlərdə yeriyən qüvvələrimiz vardı. Biz beş nəfərlik qrup hədəfə çatmağa az qalmış həmin istiqamətdə düşmən hərbi sirrimizi ələ keçirib qarşımızı kəsmişdi. Səbrimiz tükənmişdi. Zülfüqar sağ tərəfimizdə yerini möhkəmləndirib bizə qarşı aramsız atəşlərdən yeriməyə imkan verməyən erməni snayperini görmüşdü və can atırdı ki, atəş altında özünü qarşıdakı balaca çökəkliyə atsın. Oradan təbii ki, həmin snayperçi açıq-aydın görünürdü. Amma o da peşəkar idi və buna imkan vermirdi. Amma Zülfüqar quş cədliyi ilə həmin çökəkliyə özünü ata bildi və az keçməmiş həmin istiqamətdə atdığı minamyot snayperi susdurdu. Baxmayaraq ki, həmin snayperçini vurmuşduq, ətrafda çoxlu sayda düşmən qüvvələr vardı və atəş dayanmırdı...

Sol tərəfə göndərilən kəşfiyyatçı geri döndü:

- Komandir, orada başqa qüvvələrimiz də var, o qrupun da yerimək imkanı yoxdu, qarşıda da uşaqlar var... taleyindən xəbərsizik.

Komandir Abışov bizə sarı baxdı:

- Bizim qarşımızı kəsən düşmən, görünür, onlara təslim olmayan qardaşlarımızı məhv etməyə çalışırlar. Artıq dözə bilmərik. Biz bu odlu meydandan keçib irəliləməliyik.

Hamımız əmrə hazır şəkildə ona baxırdıq.

- Biz dayanmayıb buradan keçəcəyik, işdir təhlükə artsa, koordinasiya ilə yeriməyə başlayın. Qarşıda yenidən bir yerə yığılarıq. Dağılışın və irəliləyin.

Biz verilən əmrə əsasən tək-tük, oradan-buradan, düşmənin gah gözündən oğurlanaraq, gah da onları zərərsizləşdirərək mühasirədən çıxmağa can atırdıq. Elə anlar olurdu ki, əlbəyaxa döyüşürdük. Düşmənin buralarda özünün XT-lılarını yerləşdirdiyi hiss olunurdu. Mükəmməl hərbi təlimlər keçmiş üç erməni ilə özüm əlbəyaxa döyüşə girmişdim və Sahil mənə yardım etməsəydi, onlarla axıra qədər döyüşə bilməzdim.

Sahillə birlikdə onları məhv edib sürünə-sürünə irəliləyirdik. Qəfil hardansa komandir özünü yetirib məni arxaya, bir yerə çəkdi. Əvvəlki olduğum yerə minamyot düşdü, komandir məni çəkməsəydi, ordan uzaqlaşdırmasaydı, param-parça olardım. Sahil məndən iyirmi metr kənarda idi...

Yenidən qüvvələrimizi birləşdirə bilmişdik və bir yerdə irəliləyirdik. İki yerdə düşmən yığılan nöqtələri dağıdıb irəlilədik. Biz yeriyirdik, bir xətdə uşaqlardan biri yaxında partlayan mina səsinə çevrildi. Xoşbəxtlikdən bu ərazilərin minalandığını da bildik. Komandir artıq ehtiyatlı olmağımızı bildirdi. İrəlilədikcə gördüyümüz səhnələr bizi dəhşətə gətirirdi. Ermənilərin mina yerləşdirdiyi istiqamətdə üç şəhidimiz vardı. Anladıq ki, bunlar kəşfiyyata gəlmiş olmalıdırlar.

Həmin yerdə düşmən bizi hər tərəfdən atəşə tutdu, sol cinahdan gələn XT-lılarımızla birləşdik. Qüvvələrimiz artdı. Qanlı döyüşlər oldu. Atılan qumbaralardan, yaxından yağan top mərmilərindən elə dəhşətli bir mənzərə yaranmışdı ki, insan əli, qolu, bədəni parçalara ayrılıb ətrafa səpələnirdi. Düşmən gördüyü mənzərədən qaçıb qurtarmaq üçün özü də bilmədən qaçırdı və biz də onları məhv edirdik. Bir saata yaxın qanlı döyüşlər getdi. Artıq arxadan bizim əməliyyatın düşmənə sızdığından xəbər tutmuşdular. Və əlavə qüvvələrimiz hərbi texnika ilə hücuma keçmişdi. Biz ətrafda yaxınlıqda gedən döyüşlərdə tankların, topların gurultusunu eşidirdik.

Döyüş nədənsə qəfil səngiyəndə biz yaralılarımızı və şəhidlərimizi meydandan çıxarmaq istədik.

Komandir qoymadı:

- Hələ bir durun. Bu, düşmənin hiyləsi ola bilər. Biz şəhidləri götürməklə düşmənin qurduğu tələyə düşə bilərik.

Asəf:

- Komandir, biz igidlərimizi burada qoymayacağıq.

Komandir:

- Biz ölümüzə də, dirimizə də sahibik. Bir az səbr edək, bunların planını bilək.

- Mən bir yoxlayım.

Komandir Talıbın xarakterinə bələd idi. Bilirdi ki, yerində durmayacaq.

Sərt bir səslə:

- Mən daha şəhid istəmirəm.

- Kim deyir ki, çaqqallara burada can verəcəm? Bir baxım görüm nə var, nə yox.

Talıb süründü, bizdən aralandı, yarım saat çəkdi, nə güllə, nə atəş səsi vardı. Talıb geri döndü. Qarşıda, qəsəbəyə doğru istiqamətdə otuz-qırx erməni, pulemyotları, snayperləri olduğunu xəbər verdi.

- O istiqamətdə deyirsən?

- Komandir, üçümüz bəsik.

- Necə?

- Snayperçiləri və o pulemyotun nöqtələrini susduraq...

- Şəhidlərimizi neyniyək? Yaralılarımız var...

- Siz burda qalın. Biz üç nəfər bəsik. Çünki qarşıda düşmən leşləri vardı, görünür, bizim qruplardan aralarına sızanlar var.

- Bizimkilərdən vardımı? - Komandirin səsi titrəyirdi.

- Yox, komandir, bizdən kimsə yoxdu. Amma əlbəyaxa döyüşdə öldürülmüş erməni cəsədləri vardı.

- Demək, bizimkilərdən irəliləyənlər olub, amma hansı istiqamətə?!

- Komandir, icazə ver, o gördüklərimizi aradan götürək, xəbər verərik.

Komandir:

- Biz şəhidləri qoyub gedə bilmərik, yaralılarımız da var. Onları ortadan qaldırsanız, geri dönməyin, irəli gedin. Nadir, qrupa rəhbərlik elə. Bizimkilərlə lazım gəlsə birləşin.

- Oldu, komandir.

Talıb, Nadir, Ərəstun bizdən aralandılar.

Komandir yerində qərar tuta bilmirdi... çabalayırdı...

Orda qəribə bir möcüzə oldu. Qəfil göz-gözü görməyən bir duman gəldi...

Komandir pıçıldayırdı:

- Gözə görünməz bizə köməyə gəldi. Bu duman bizi qurtaracaq.

- Komandir, dumandan istifadə edəcəyik.

- Tez olun, yaralılarımızdan özü yeriyə bilənlər özləri yeriyəcək, şəhidləri biz çıxardacağıq.

Tez bir zamanda sürünüb şəhidləri götürdük. Düşmən elə bil aldanmışdı dumana, inanmırdı ki, bu dumanda əl-qol ata bilək.

Biz şəhidləri də götürüb aşağıya doğru sürünəndə düşmən gördü. Artıq oradan xeyli aralanmışdıq. Salxım kimi sallanan  duman qəfil də yoxa çıxmışdı.

Yaralılarımızdan əli silah tutan döyüşürdü. Biz həmin istiqamətdə erməni postlarından birini məhv edib postu təmizlədik. Orada Vasif yaralandı. Qanı dayanmırdı. Novruzla İslam onu yarasını sarıyaraq bir sutkalıq yolu min bir əziyyətlə gedərək onun həyatını xilas etdilər.

Biz, nəhayət, yaralılarımızı da, şəhidlərimizi də döyüş meydanından çıxarmağa müvəffəq olmuşduq. Çox yaralımız vardı, məktəblərdə yerləşdirildik. Hamıya yardım edirdilər. İlkin yardımdan sonra oradan ayrılanda silahdaşım, yaxın dostumuz, şöhrəti aləmə yayılmış Qasımov Əlini gördük. Yaralı dostu Maqsudu yola salırdı. Onun yaralanması Əliyə çox təsir eləmişdi.

- Məni qoyub gedirsən?

Maqsud:

Qayıdacağam, - dedi.

Onun sonra şəhid olduğunu eşitdim. Tez-tez əsgərlərə zəng edirdim, hal-əhval sorurdum, qayğılarını çəkirdim.

Əsgər yoldaşlarımızdan biri də elə son döyüşdə şəhid olmuşdu. Anasına yazdığı məktubu cibindən çıxardıq. Bu  məktub bizi güllədən də bərk yaraladı.

Onların cəsarəti, qorxmazlığı, düşmən üzərinə qorxmadan gedişi, o şəhidlərin necə döyüşdüyü biz sağ qalan adamların gözünün qabağında olmuşdu. Onlar şəhadətə yüksələn vaxtı belə qorxmadan düşmənə qan uddururdular.

Məntəqədə qardaşım Əlinin şəhid olduğunu eşidib dayanmadım, intiqam hissi içimi yandırırdı...

Komandir məktəbin həyətindəki dağılmış bir skamyanın üstündə oturub fikrə dalmışdı. Qrupdan sağ qalanlarımız onun başına yığışmışdıq. Sanki başını qaldırıb bizə baxmağa qorxurdu. Verdiyimiz şəhidlər onu sarsıtmışdı.

Orada bizim qazaxlı uşaqlar vardı, Xətayi adlı bir əsgər çox dilli-dilavər idi. Sükutu o pozdu.

- Komandir, Nadirgili tapmalıyıq.

- Onları itirmişik ki, tapaq? - Mən dözmədim.

Komandir:

- Biz onlarla, inşallah, Şuşada görüşəcəyik. İndi əmr gəlib, biz Xocavəndə doğru hərəkət edəcəyik.

- Biz beş nəfər qalmışıq.

Komandir, nəhayət, başını qaldırdı, üzünün dörd yerində yara, çapıq vardı, qan quruyub qalmışdı:

- Qarşıda əlavə uşaqlarımız olacaq. Hazırlaşın...

Biz məktəbin həyətindən çıxdıq, qapının ağzındakı UAZ-a oturub arxaya belə baxmadan yola düşdük. Qəfil rabitəçi xəttə qoşuldu və onun bağırtısı maşına yayıldı, az qala UAZ-ın şoferi maşını aşırmışdı...

Bir-birimizə dəysək də gözümüzü rabitəçiyə dikmişdik. O isə komandiri belə unudub bağırırdı:

- Suqovuşanı almışıq...

Sevinc göz yaşlarımızı silmək belə ağlımıza gəlmədən bir-birimizlə sıx oturmuşduq, əllərimizi qaldırmağa imkan olmasa da, başımızla qucaqlaşırdıq...

Komandir sanki bunu bilirmiş kimi sakitliklə qarşıda oturmuşdu, irəli baxırdı.

- Komandir, biz Suqovuşanı almışıq...

- Biz Şuşanı almağa gedirik. Suqovuşanı alarkən verdiyimiz şəhidlərin intiqamını almağa gedirik... Biz yarımçıq qalmış işimizi tamamlamağa gedirik...

Zöhrab mənimlə yanaşı oturmuşdu, o, qardaşımın şəhid olduğundan xəbərdar idi, məni bərk qucaqlamışdı. Onun məni qucaqlamağı içimə bir qor saldı... mən anamı düşünürdüm. Bu saat onun nə qədər sarsıldığını bütün varlığımla hiss edirdim.  Gözümü maşından çölə dikib içimdəki böyük itkiylə baş-başa idim. Ağlamağa, bağırmağa, içimdəki qardaş itkisini bəyan etməyə gücüm çatmırdı, ürək eləmirdim... bu gün neçə şəhidi, yaralını arxaya yola salmışdıq, nə qədər qapıları faciələr açdığını, anam kimi şəhid anaları olduğunu düşündükcə içimdə qəribə bir səbr hakim idi, mənim anam da o şəhid analarından biridir.

Maşın yolun kənarında dayandı, qalan yolu piyada gedəcəyimizi komandir bildirəndə maşından düşdük. Sıraya düzüldük. Komandir:

- Qardaşlarımızın arzusunu yerinə yetirmək bizim boynumuza düşüb... Allah onlara rəhmət elsin.

Zöhrabın boğazına dolan qəhəri sakitcə boğaraq dediklərini eşitdim.

- Komandir, Mahmudun qardaşı şəhid olub.

Komandirin bənizi ağardı.

- Nə vaxt? Harada?

- Hadrutda... Sabah onun dəfnidir.

Komandir mənə yaxınlaşıb boynumu qucaqladı, onun necə çırpındığını hiss elədim. Qulağıma pıçıldadı, o pıçıltı bir parça köz kimi məni yandırdı:

- Səni and verirəm, özünü qoru, ananın yanına getməyə, qardaşına görə ona başsağlığı verməyə üzüm olsun! Mənə zülm verməyin!

Mən qeyri-ixtiyari olaraq:

- Biz Vətənə əmanətik, komandir! Analarımız bizi bu haqq yolunda döyüşə göndərəndə şəhid olacağımızı bilirdi. Vətən sağ olsun!

Əsgərlər yerbəyerdən "Vətən sağ olsun!" - deyəndə komandir bir daha məni sinəsinə sıxıb aralandı:

- Mənim dağ ürəkli igidlərim! Sizinlə birlikdə biz bütün igidlərimizin qisasını alacağıq. 30 il düşmən ayağı altında inləyən torpaqlarımızı azad etməklə, qələbə bayrağımızı o torpaqlara - Suqovuşana olduğu kimi Şuşaya, Xankəndiyə sancmaqla bu intiqamı almış olacağıq. Onlar vətən uğrunda can veriblər. O şəhidlərin istək və arzularını həyata keçirmək üçün öz canımdan belə keçməyə hazıram.

- Biz də hazırıq... - bir ağızdan dilləndik.

Komandir susurdu, bir kəlmə belə daha danışmadan biz irəliyə doğru addımlamağa başladıq...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!