Yekə, güclü və yaraşıqlıdır. Zavodun çoxdan buraxdığı, köhnəlmək bilməyən uğurlu modelinə oxşayır. Axtarsan, bəlkə də nəsil-nəcabət şəcərəsi əsrlərin dərinliyindən qızıl damar kimi keçib xanlara, xaqanlara calanar. Görəsən, indiyədək o haqda, bircə dəfə də olsa, düşünübmü? Özünün kran maşinisti ömrünün başqa bir həyat qəlibinə uyğunluğunu ölçüb-biçibmi? Əzələli yanaqlarından iki barmaqla möhkəm tutub buraxmasan, başını qaldırmaqla adamın ayaqlarını yerdən üzər, karusel kimi göydə fırlayar.
Əlləri tərtəmizdir, kranı çoxdan işlətmir. İdarəyə gəlib tanımadığı adamlarla görüşəcəyini bildiyindən iki hektarlıq dərə-təpəli üzünü gücü çatan qədər qaşıyıb. Köynəyinin ütüsü boyunluğunun qırağından görünür. Uzunboğaz çəkmələri qəzet yalanı kimi par-par parıldayır. Geyindirəsən buna general mundirini, yaxasına da beş-on medal taxasan, qabağında müdafiə nazirləri farağat durar - yoptvaymat!
Hər şeyin kəllə-mayallaq olduğu əyyamda bu boyda vücudun işsiz necə keçindiyini, ailəsini necə dolandırdığını düşünmək ağırdır. Onu ölkə iqtisadiyyatına bağlayan son ümidini - kranı da itirir.
Arxada oturub acizanə cütlədiyi uzun ayaqlarını "Jiquli" darısqallığına birtəhər yerləşdirib: "Uzaq yol döy ki, budu, buradı", - qabaqda oturmaqdan təvazökarcasına imtina edib. Yüngül dumana bürünmüş 15 kilometrlik şüarlı, böyürtikənli, itli-pişikli qış yolu maşının qabağınca qaçan tumançaq uşaq kimi hey burulub aradan çıxmaq istəyir. O, elə bil sifətinin güzgüdə görünməsindən, biz isə daymanın yubanacağından, stansiyada gözləyən vaqonun "prostoy"undan qorxuruq.
Gecəni pis yatmışıq. Qaçqınların arı pətəyi kimi daraşdığı rayon mehmanxanasında müdir öz kabinetini və qonaq-qara üçün yalnız bir otağı qoruyub saxlaya bilib. Gecə-gündüz uzağa getmir ki, birdən onlar da əldən çıxar. Axşamdan sönmüş işıqlar elektrik qızdırıcısının işə düşəcəyinə ümid yeri qoymadığından paltarlı yatıb paltomuzu da üstümüzə atmışdıq. Ancaq canımız qızmadı, hələ də üşüyürük.
Vəziyyətini yaxşı təsəvvür etdiyimizdən danışıqla kişinin ürəyini üzməməyə çalışırıq. Daha çox sussaq da, arada danışmamaq mümkün deyil.
- Maşının yanacağı qurtarmış olar, - Abışov geri qanrılmadan deyir. - Eləsə, buralardan salyarka alıb aparaq. Gedib orada məəttəl qalarıq.
- Yo-ox, yanacaq var, - Əbülhəsən inamla deyir. - Bakın ağzı qıfıllıdı.
- Neçə ay olar işlətmədiyin?
- Axırıncı dəfə sentyabr ayının 16-da orada olmuşam. Bağlıyıb, qarovulçuya təhfil verib çıxmışam.
- İndi yanvardı, beş ay keçib, - Abışov tez hesablayır. - Xoddanacaqmı? Akumlyatoru ölmüş olar...
Əbülhəsən başını qaldırmadan yüngülcə köks ötürür, sözləri elə bil xəyalən qıfılını açdığı kran motorxanasından bir ovuca götürüb sakitcə ortaya qoyur:
- Bu maşınlarda akumlyator olmur. Bunlar puskatelnən xoddanır.
- Hə-hə, kəndirnən, - Abışov səhvini düzəldir.
- Mən onu kran kimi yox, "Jiquli" kimi işlətmişəm. Bu on ildə nə bir dəfə motoru açılıb, nə xadovoyu axsayıb, nə də oxunun bir seksiyası əyilib. Kitab-dəftəri də eləcə bardaçokda duroyur.
"Duroyur"! Rəhmətliyin oğlu, elə bil qız ərə verir: bu da bunun diplomu!
- Təzəsini almışdı idarə onun? - Abışov dəqiqləşdirməyə çalışır.
- Hə-ə... - Əbülhəsən cavabı gecikdirmir. - Stansıda vaqondan özüm endirmişəm.
Özün endir, özün mindir, - istər-istəməz fikirləşirsən. A nöqtəsində azalan, B nöqtəsində artır. Maddə itmir, halını dəyişir. İndi heç halını da dəyişmir, sadəcə, yerini dəyişir. Ancaq maddə qırx tonluq özüyeriyən kran qismində Əbülhəsən üçün itir. Əksini ona nə Dekart, nə Leybnits, nə də PMK-29-un rəisi Kərim müəllim sübut eləyə bilər.
Kran nə qədər güclü olsa belə, dünyanın yazılmamış bir qanununu da qaldıra bilməz. O qanunlara görə Əbülhəsən kranın idarədən çox, şəxsən ona məxsus olması qənaətindədir. Əmindir ki, bu illər ərzində onun yerinə başqası olsaydı, maşını belə saz vəziyyətdə saxlaya bilməzdi. Ya yük altında aşırıb zay eləyərdi, ya da hissələrini çıxarıb dəyər-dəyməzə satardı. İdarə rəisi onu pusan deyildi ki! İndi rəisin aldığı məbləğdən ona çatanı da, çox güman ki, çəkdiyi zəhmətə, göstərdiyi xidmətə müqabil saymır.
Sürüşüb arxada qalan kəndlərin küçə mənzərəsi o qədər eyni və dəyişməzdir ki, artıq hansının qurtarıb, hansının başlandığı yad göz üçün də fərq etmir. Bu minvalla lövhələrin də fərqinə varmadan gedib Gürcüstan sərhədinə çatmaq olar: çoçxeli, çoçxeli!
Sükutu pozmaq üçün Abışov radionun düyməsini basır, ancaq oradan xırıltı-pırıltıdan başqa bir səs çıxmır. Abışov onun içində oturmuş diktorlar, həkimlər və müğənnilərlə barmağının ucu ilə tezbazar vidalaşır: yaxınlıqdakı hərbi aerodroma görə danışmır Bakı!
- Musiqisiz ləzzət eləmir ki! - Alışov deyir və arxa təkərləri valaylayan eşşək arabasını ötüb keçəndən sonra əlavə eləyir: - Musiqisiz heç nə ləzzət vermir. Elə deyil, Əbülhəsən kişi?! - Əbülhəsən dinmədiyi üçün məni söhbətə çəkir: - Əcoşun məsələsini danışmamışam sənə?
- Yox, - mən deyirəm.
Dünyanın ən əcaib-qəraib işlərinin məhz Abışovun və Koroğlunun iki dəlisinin doğulduğu Qırtmıqlı kəndində baş verdiyini bilirəm. Ancaq musiqinin o kəndə nə dərəcədə dəxili olduğunu bilmirəm.
- Danışaram, - Abışov söz verir.
Yarımçıq tikintinin divarı önündə sarı qülləsindən qarmağını əyilməz polad qüruru ilə sallayıb durmuş kran Dədəbala kəndinin ətəyində texniki tərəqqinin yeganə heykəlidir. Onsuz bütün yol qırağı, tikinti meydançası qarışıq, dağılmaqda olan xarabazara bənzəyəcək.
Əbülhəsən maşının başına fırlanıb ora-burasına - qıfıllarına, qülləsinə, tros mancanağına, işıq faralarına, sepin içindəki qoşa təkərlərə göz gəzdirir, sonra yekə ayağının pəncəsilə kiçik nərdivan pilləsini cırıldadıb yuxarı qalxır. Elə bil padşah taxta çıxır, çəkmələrinin parıltısı yuxarıda bir az da artır. Paltosunu soyunub kabinədən çıxardığı köhnə sırıqlısını döyüş libası kimi əyninə geyinir və puskatelin şkiflərini əllə bir-iki dəfə fırlayandan sonra onu kəndirlə işə salmağa çalışır. Doladığı kəndiri bir neçə dəfə dartandan, motorun ora-burasını şübhə ilə qurdalayandan sonra başını pəncərədən çölə çıxarıb qış sükutuna bürünmüş, yarımcan tikintiyə təzə xəbəri çatdırır:
- Təpir, zəhrimar!
Maşının nazı ilə oynayırmış kimi, Əbülhəsən böyük hövsələ və səbirlə yenə gödək kəndiri şkifə dolayıb dartışdırır, yenə puskatel tırıldayıb-pırıldamadan, inadla susur - onun istədiyini vermir.
- Təpir, - bu dəfə Əbülhəsən tikintiyə, maşına yox, özünə astaca deyir və aşağı düşüb bir siqaret yandırır. Sanki zarafatı kənara qoyub, bütün ciddiyyətilə özünə və puskatelə fikirləşmək üçün vaxt verir.
- Həmişə belə xoddanırdı? - Abışov narahatlıqla soruşur.
- Yo-o, bu mənə əziyyət verməyib. Olub ki, ilnən dayanıb, ancaq heç vaxt belə dirəşməyib. Qoy, bir az özünə gəlsin görək, dərdi nədi...
Elə bil bir azdan maşın umu-küsünü kənara qoyub onu uzun müddətə tərk etmiş sahibi ilə barışacaq, dil açıb dərdini deyəcək.
Bu vaxt daymanın sual işarəsinə oxşar əyri, qoşa buynuzunu özünün dəmirçixana kimi bərbad dalına soxmuş "K-700" fit çala-çala gəlib yolda dayanır. Bunun da rəngi nə vaxtsa kran kimi sarı olub, ancaq indi ləkəli şəkildə bozarıb, qoturlayıb. Eybəcərliyi və xallılığı ilə çənədən möhkəm Afrika kaftarlarına oxşayır. Abışov mənə kranın korpusu üzərindəki yerimdən tərpənməməyi tapşırıb deyinə-deyinə daymana yüklənmək üçün münasib yer axtarmağa gedir. Guya mühərrik işə düşmüşdü, guya kran yeriyib darısqal tikinti ərazisini tərk etmişdi, bircə qalırdı onu daymanın belinə mindirmək.
Gün günorta yerindədir, seyrəlmiş duman arxasından uzaq dağların qara yerləri və aerodromun uca qülləsi görünür. Daymanı sürüyüb gətirmiş K-700 yolun qırağında gücənə-gücənə özünə yüklənmə yeri düzəldib qurtarıb, amma Əbülhəsən hələ də mühərriki işə sala bilmir. Puskatel inadla təpməyinə davam edir. Abışovun qabağına qatıb köməyə gətirdiyi "K-700" sürücüsü tam komplekti ilə Azərbaycan əsgərinin qış geyimindədir. Rütbəsi, paqonu-filanı olsa, ən azı mayordu. Qışqıra-qışqıra danışır, səsi yeddi yüz at gücündə mühərrikin ahəngdar, fitli döyüntüsünə qarışıb göy üzünün qatığını ox kimi deşərək itmiş günəşi axtarmağa gedir.
Çatan kimi də gözünü qıyıb, altdan-yuxarı kranın oxundan sallanan qarmağa baxa-baxa kiməsə xitabən mızıldanır:
- Siyim sənin lebyodkana! - Sonra da sepin üstünə tullanıb içəridə itmiş Əbülhəsənin yanına keçir. - Bəlkə yanacaq nasosu işləmir, a qa! - bilər-bilməzə səslənir.
- Yo-o, nasos işləyir, şlanqı çıxardıb baxmışam, - Əbülhəsən deyir. - Yanacaq gəlir. Elə bil nəsə tərsliyi tutub andırın...
- Yəqin gücü çatmır, - sürücü deyir. - Sən ipi dola, reski çək, mən də şkifi əlimnən hərriyəcəm!
Deyir və yüz belə mühərriki öz əli ilə yığan adam kimi bir təpiyə yatmış vulkanı oyadır! Maşın haradansa qarnının dərinliyindən gələn, bayaqkılardan fərqli və zəif səslə, sanki dəqiq say hesabı ilə bir neçə dəfə öskürür, sonra tələsik "pır-pır-pır-pır" tırıltısı ilə işləməyə başlayır. Mühərrikin getdikcə şənlənən bu döyüntüsü yarımçıq qalmış tikintinin ölü sükutuna dərhal nəfəs verib onu canlandırır. Abışov sevincək ətrafa boylanır. Elə bil altı-yeddi aylıq nahar fasiləsindən qayıdan inşaatçılar bu dəqiqə dəstə ilə həyətə girib fermanın tikintisini davam etdirəcəklər. Naxır çöldən gəlib tövlələrə dolacaq, sağıcı qızlar inəklərin süd sızan yekə əmcəklərinə ovucları ilə toxunan kimi, güclü çırtımlar əvvəlcə vedrələrin dibini danqıldadacaq, sonra isə qalxan ağappaq köpüyün içinə fışqıraraq südü altdan yuxarı qaldıracaq. Bununla da Dədəbala kəndində həyat coşqusu və kolxoz firavanlığı yenidən çağlayacaq.
Sürücünün qalib hərbi formasından aşıb-daşan məmnunluğun kiçicik bir hissəsi də Əbülhəsənin sifətində təcəlla edir. İti baxışları nisbətən sakitləşib xəcalət kölgəsindən azad olmağa başlayır.
- Heç məni bu qədər incitməmişdi, - yerə düşüb əlinin yağını cında ilə silə-silə gileylənir və Abışov tərəfə baxmağa, sanki ehtiyat edir.
- Sür, gəlsin görək, axşam oldu! - deyə sürücü ot-ələf basmış çınqıllı cığırla qayıdıb gedir.
Güclü mühərrik işlədikcə döyüntüsünün ahəngini nizamlayıb porşenlərə normal nəfəs verir. Bir azdan səliqəli, artıq-əskiyi olmayan qıvraq mexanika səsi "K-700"ün pəltək fitinə qoşulub ətraf dərələrə yayılır.
Qısa sevincini siqaret kimi, bir-iki qullaba çəkib qurtarmış Abışov tükənməz mühəndis qayğılarının növbəti mərhələsinə qədəm qoyur.
- Bircə sağ-salamat daymana mindirsəydik, - narahatlıqla mənə deyir. Sanki kran burada hələ də hansısa təhlükə altında qalmaqdadır.
Ondansa, şadlıq coşqusunda Əcoşun haqq-hesabını danışsa, yaxşı olar. Unudub.
Əbülhəsən uzaqda bir neçə kimsəsiz evi və çılpaq həyətləri görünən kəndlə, yarımçıq tikinti ilə vidalaşırmış kimi, dərindən köks ötürüb kabinəyə qalxır və bir azdan sapsarı dəmir oxu aşağı endirməklə maşının mancanaq hissəsini beş aylıq sükunətdən çıxarır. Abışov gedib oxun ucunda qoşa tros dolamalardan sallanan ağır qarmağı dartışdırmaqla, sanki kranla salamlaşır. Bəlkə də ürəyində özünü maşına onun yeni sahibi kimi təqdim edərək tapşırır ki, bundan sonra şıltaqlıq eləməsin. Mühərrik havaya qara tüstü püskürüb gücənir və seplərinin ətürpəşdirici ciyiltisilə kran yerindən tərpənir. Torpağa həkk olmuş sep pəncələrinin izlərindən qara böcəklər, termitlər çıxıb qaçışır, bir qurbağa kənara tullanıb qışın gəldiyinə təəccüblə domba gözlərini bərəldir. Şüşə kabinədə qoşa linklərdən möhkəm yapışmış pəhləvan cüssəli Əbülhəsən kosmik gəmi pilotu kimi səriştəli, azman və sarsılmazdır.
Kran belə daşınmanın ən primitiv variantlarına hesablanıb: zəif manevr imkanları ilə yalnız düz xətt üzrə yeriyir, sağa, sola çətinliklə dönür. Mühərriki necə işə düşmürdüsə, daymanın belinə minməyi də o cür alınmır. Yolu eşib bərbad hala salır, Əbülhəsənin üz-gözünü məyusluğun xəcalət tərinə qərq edir, Abışovu əsəbiləşdirir, az qalır sürücünü də hövsələdən çıxara, bu müsibətin qızğın yerində, haradansa bir toy karvanı peyda olur: gəlin maşını, ardınca başqa maşınlar, ağzınacan dolu avtobus. Kranın uzun oxu isə yolu elə qapayıb ki, maşın nədir, heç velosiped də keçə bilməz. "K-700"ün cıyıltılı dəmir qanmazlığından bezmiş sürücüsü keçid məntəqəsinin hərbçi rəisi kimi tez karvanın qarşısına çıxıb musiqiçilərə maşından enməyi əmr edir.
- Yo, yo, nəmər istəmirəm, - toyun ağsaqqalına deyir. - Amma oynayajam! Oğraşın malı minmir, - krana işarə ilə deyir. - Bəlkə qabağında oynayam, rəhmə gələ! Manısları çağır!
Kranın daymana minmək cəhdləri hər dəfə, sanki mexanizm dəqiqliyi ilə eyni vəziyyətdə, eyni cür boşa çıxa-çıxa Abışovu bayaqkından da betər əsəbiləşdirib. Uğursuz cəhdlərdən yorulmuş Əbülhəsən üçün də toy elə bil göydəndüşmə olur. Daymana minmək istəməyən kranın primitiv texniki inadından yaranmış bu çarəsiz qaranlıqda toy öz şən görüntüsü ilə ən azı təskinlik verəcək bir ümid işığı kimi yanır: məmləkətdə hələ evlənərək sabaha inamla yaşayanlar, əlindəki işi uğurla başa çatdıranlar var. Aşağı düşüb maşından aralanmadan onun yorğun canını "Prima" tüstüsünə tutur.
- Bizim kənddə bir Əcoş olub, - Abışov əsəbi məzhəkə fasiləsində mənə deyir. Unutmayıbmış! - Bu, əsgərlikdən gələndə dədəsi bir hinduşka kəsir... Əcoş da dirəşir ki, "Yo-o-o, bez muzıka net xleb!"- musiqisiz mən çörək yeyə bilmərəm.
Gedib zurnaçı Qələndərnən nağaraçı OndaBeşi gətirirlər. OndaBeş, yəni sıfır tam onda beş: maşın qəzasında bir gözü, bir xayası gedib, bir qoluynan, bir ayağı da şikəst olub. Camaat kəndçilik xatirinə hələ də toya bunu çağırır. Bunlar gəlir, basıb hinduşkanı yeyəndən sonra başlayırlar çalmağa. Əcoş düşüb ortada meymunnuq edir, arada da musiqiçilərə səslənir: "Davay, davay, çastuşka Tambovskaya!" Dədəsi baxır bunun ədalarına, deyir, köpəyoğlu, oyna, oyna, axşam hinduşka yerinə OndaBeşin tay ...ğını yeyəssən!
"K-700"ün sürücüsü isti gödəkcəsini soyunub ulduzlu general toqqasını bərkidir, ölkədəki fövqəladə vəziyyətin komendantlarından biri kimi musiqiçilərə Şəki rəqsi çalmağı sifariş verir. Bircə anın içində, sanki kran müsibətini unudaraq əl-qolunu açır və ortada qartal kimi süzməyə başlayır: küçənin daşına, torpağına baxmadan əsgər çəkmələrinin gah burnu, gah da dabanı üzərində dolu bədənini yüngül əsintilərlə oynadır, tullanıb dizi üstə yerə düşür, təzədən sıçrayıb dövrə boyu fırlanır. Vəcdə gəlmiş toy əhli ona qoşulur.
Sonda Əbülhəsən oxu qaldırır və musiqisiz toy karvanı bənddən buraxılmış su kimi sürətlə sorulub asfalta tərəf gedir.
- Sür, gəlsin! - sürücü bayaqdan süzdüyü göylərdən rahatlıqla daymanın üstünə enib oxu yönləyən Əbülhəsənə səslənir. - İndi minər daha, qaramatını tökdük!
Əbülhəsən maşını maksimum sürətlə yerindən tərpədir, bu dəfə kranın burnu daymanın ortası ilə bərabərləşməyənə qədər sol sepi yoldan aşağı salmır. Yalnız daymanın ortasına çatanda eynən sürücünün rəqsdə fırlandığı yüngül, sərt hərəkətlə sol sepi aşağı endirib dərhal da sağa burmaqla daymanın körpüsü üzərinə minib dayanır. Həmişə bu anda sol sep sürüşüb aşağı gedir, daymanı itələyib özündən uzaqlaşdırır və oxun ağırlığı olmasa, maşını aşırmaq halına çatdırırdı. Bu dəfə dayanır. Saatlarla davam edən işgəncə, nəhayət, belə, gözlənilməz asanlıqla, bitir. Belə çıxır ki, həqiqətən də "bez muzıki net xleb!"
Abışovun üzü yenə gülür, dodaqları səxavətlə onun ağappaq dişlərini sarı maşına, yarımçıq qalmış tikintiyə və Əbülhəsənə göstərir:
- Yolda sənə demədimmi, musiqisiz iş olmaz?!
Sürücü Əbülhəsəni öz yanında oturmağa dəvət edir. Əbülhəsən az qalır səhərki kimi "budu, buradı da" desin və ani tərəddüddən sonra gəlib "Jiquli"də öz yerini tutur.
- Orada mənə görə bir iş olmazmı? - yolda əhvalı düzəlmiş Abışovdan soruşur.
- Harda, Bakıda?
- Aha.
Abışov məsələnin vələzzaliminə getmir, kranı iş sahibi Turqut bəyə satdığımızı demir.
- Olsa, xəbər eləyərəm, - inamla müxtəsərcə deyir. - Telefonun məndə var.
Kəndlər çılpaq ağacları və bozumtul damları ilə stansiyaya gedən asfalt yola lülə-kabab kimi bülənib. Sapsarı kran yüklü "K-700" həngaməsinin gözqamaşdıran işıqları qış yuxusuna getmiş daşın-divarın arasından bayram atəşfəşanlığı kimi keçib gedir. Hərdən səsə çıxan adamlar maşına baxa-baxa öz aralarında nəsə danışır, bəlkə də dağların arxasında mürgü vuran müharibədə nəsə baş verdiyini fikirləşirlər.
- İtə-qurda rast gəlmiyək, - xeyli yorğun görünən Əbülhəsən deyir. Elə bil at belində qılınc vurmaqdan qayıdır.
- İt-qurd bizə neyləyəsədi? - Abışov dərhal cavab verir. - Oğurluq eləmirik ki... Sənədimiz qaydasındadı. Elə sənədlərə görə düz, üç ay ləngimişik, yoxsa, payızda gəlib aparasıydıq.
- Olsun da... Deyir, tülkü tülkülüyünü sübut eləyincə dartıb dərisini boğazından çıxarırlar.
- Biz xozan tülkülərindən deyilik! - Abışov zarafat eləyir. - Biz qütb tülküləriyik!
Əbülhəsən daha heç nə demir, kranın arxaya çıxmış on metrlik oxunun başından sallanan qarmağın ağır-ağır yırğalanmasına baxa-baxa stansiyaya qədər susur.
Stansiyada kimsə gözə dəymir. Yolların o üzündə boş yük vaqonlarından ibarət heyət quyruğunu Qarayazı çölünə qədər uzadıb yatıb. "K-700" anbarlar tərəfə ayrılan, relsləri güclə görünən dərin yolu bütün maşınların keçdiyi yerdən keçəndə daymanı aşırır. Kranın motor və kabinə hissəsi öz oxu ətrafında ağır ballast qarışıq fırlanıb daymanın belindən sürüşərək küncünü yerə qoyur. Daymanın təkərlərinin yarısı göydə qalır. "Jiquli"nin dörd gözü önündə hər şey o qədər yavaş, səliqəli və hesablanmış kimi baş verir ki, heç kim səsini də çıxara bilmir. Proses tam bitəndən sonra Abışovun "vay" deyə sükana ikiəlli vurduğu qapaz, sanki arxada Əbülhəsənin başına dəyir. Sonra dəqiqələr çəkən ani bir sükut yaranır və bu sükut sərhədlərinin yaxınlığında qəflətən Abışovun radiosunun itmiş musiqisi gurlamağa başlayır. Elə bil şıdırğı oyun havası müğənninin oxuduğu mahnı avazına qarışıb kranın aşmağından, soyuq mehmanxana gecəsindən, Əbülhəsənin qayğılarından və bütün tikinti dünyasından xəbərsizcəsinə, kimlərinsə sərxoşluq nəşəsilə çuğlaşaraq maşındakılar üçün cəza yanğısı yaradır. Xoşbəxtlikdən, bu çox sürmür, qapı şıqqıltı ilə açılanda bitir. Əbülhəsən gedib kran motorxanasının yerə dəyib əzilmiş küncünü diqqətlə müayinə edir, əlini dəmirə sürtür. Onun pəhləvan cüssəsi, uzun qol-qıçı, qulaqlı papağını qısa saçları üzərinə üskük kimi taxmış başı da duruşunu itirmiş nəhəng kranla müqayisədə kiçik, köməksiz və lazımsız görünür.
- Ayə, bu on ildə mən bir çöpü də qoymamışdım bunu cızmağa! - Geri dönəndə deyir. - Ancaq ballast xilas elədi, qoymadı motora ziyan dəyə. Əzilən yerini dəmirçi düzəldər.
Bu çökək yerdən, sanki bütün vağzal ərazisinə, oradakı bütün dəlmə-deşiklərə hadisə haqda ultrasiqnal gedir və beşcə dəqiqənin içində təkərlərinin yarısı göydə qalmış daymanın ətrafına xeyli adam toplaşır. Kran çox ağır olmasa, bəlkə də həmin adamların gücü ilə onu itələyib yerinə oturtmaq olar. Ancaq deyirlər ki, bunu qaldıra bilsə, yalnız dörd avtokran qaldıra bilər, çünki onların hər biri 4-5 tondan artıq qaldırmır.
Abışov bir camaata baxır, bir hərbi geyimli sürücüyə baxır, bir çökəkliklə gedən, yolun qırağına tökülmüş köhnə tank, top və minamyot mərmilərinin qorxunc, paslı təpələrinə baxır və heç kimdən yox, az-çox, etibar etdiyi stansiya rəisindən soruşur:
- İndi mən dörd kranı hardan tapım?
- Sən dördünü tapma, - rəis deyir, - birini tap. O özü zəngləşib yığacaq o biriləri. Mən də tapşırım, vaqonu versinlər bura. Elə qaldırmışkən birdəfəlik qoysunlar platformanın üstünə.
Bu sözlərdən sonra elə bil krana ciddi ziyan dəymədiyinə, ondan yenə də istifadə etməyin mümkünlüyünə inanırıq. Dəmirin əziyi düzələr!
Abışov vaxtı itirmədən maşına əyləşib, ən yaxın kran ünvanı kimi deyilmiş Vidadi küçəsini axtarmağa gedir. Tələsir, qışda hava tez qaralır.
- Deyirəm, yaxşı ki, mən sizin yanınızda oturmuşdum, - bir azdan mümkün qədər həlim səslə Əbülhəsən mənə deyir.
Mən onun yorğun, qayğılı gözlərinə, mis rəngli üzünə baxıram, təskinlik üçün nəsə deyirəm. Fikirləşirəm: "Görəsən, Turqut bəyə kran maşinisti lazım olsa, bu necə gedib Bakıda işləyəcək?"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!