Hekayələr - Novruz NƏCƏFOĞLU

Ovcuma qazdığım yazı

 

(Esse-hekayə)

 

Onu hər gün daha çox sevməyə başlamışdım. Gecələr eşikdə açıq havada qalmaq, səhərlər erkən oyanıb yataqdan qalxmamış, onu alaqaranlıq otaqda düşünmək xoş gəlirdi mənə. Bu halıma, belə xəfif duyğularıma əvvəl ciddi yanaşmamışdım, özümə inanmamışdım bəlkə də, onu sevməyimin səbəblərini anlamamışdım. Sonradan, əslində heç bir səbəb olmadan sevmək əsl səadət imiş, - deyə düşünmüşdüm.

Həyat yavaş-yavaş rənglənir, dondan-dona düşürdü. Saralıb xəzəl olan yarpaqlar, solan çiçəklər yenidən oyanır, ləçəklənir, yaşıllaşır və yerbəyer olub günəşə doğru boylanırdı.

Eşq adlı həyat bağçasında yenicə bitən, rişəsi-kökü gün-gündən qəlbimin dərinliklərinə işləyən bu kövrək tağı necə, becərə biləcəkdimmi?..

Necə olacaqdı, bilmirəm, hünərim yetsə, əlimi ona tərəf uzadacaqdım, əlini sıxacaqdım, qollarım dolansa, çiyinlərini qucaqlayıb kövrələcəkdim, iradəmə, qüruruma yenilib bəlkə də dəlilər kimi dayanmadan ağlayacaqdım.

Təkadamlıq kamerada yatan xəstə məhbus kimi bir gün adını sayıqlamağa başlayanda qorxmuşdum. Qorxmuşdum ki, qəflətən ölərəm, o bunu bilməz. Nəinki o, heç kim bilməz nədən belə qəfil öldüyümü, eləcə üstümə başqa ad qoyarlar.

Pencəyimin yan cibindən tələkə qələmimi çıxarıb əlimə aldım, ölsəm, ilqarım, həm də etirafım olsun, - deyə nəsə yazmaq istədim, daim qoltuq cibimdə, qoynumda gəzdirdiyim dəftəri açıb baxdım, dəftərdə boş ağ vərəq qalmamışdı. Bəs mənə ağ vərəq gətirəcəkdilər?..   Eşiyə çıxarıb bir az gəzdirəcəkdilər? Nə oldu? Gəzmək o yana qalsın, kaş ki ağ vərəq gətirəydilər. Eeh.. kaş ki...

O tələkə qələmimlə ovcumun içinə kiçik hərflərlə adını yazdım. Elə kiçik yazdım ki, heç kim oxuya bilməsin. Ən böyük əsərini yazıb bitirmiş böyük söz sultanları kimi sinədolusu dərin bir nəfəs alıb fərəh hissi ilə köks ötürdüm. Barmaqlarımı ovcumun içinə qatlayıb, bərk-bərk sıxıb açdım. Dırnaqlarımın yeri ad olan hissənin üstündən çəpər çəkmişdi. Ad isə silinməmişdi. Öpdüm adından, qəlbim, ruhum elə  ətirlənmişdi ki, onun rayihəsini duyurdum, sanki.

Sonra yenə əlimi büküb ovcumu sıxdım, bəlkə də indicə ruhumu cilalayan, ürəyimə su səpən o adın pozulub silinəcəyindən qorxurdum. Yatağıma uzanıb gözlərimi yumdum. Qızdırmalı adam kimi titrədirdim, yorğanı sinəmə çəkib bərk-bərk büründüm. Beləcə, yatağımın içində xeyli vurnuxdum, gah sağ, gah da sol böyrüm üstə çevrildim. Uzun-uzun hey yuxuya getmək, yatmaq keçdi ağlımdan. Ancaq mən, yatdığım zaman, yuxuları çıxmaq şərti ilə, yaşamadığımı hiss eləmişdim. Anlamışdım ki, yatmaq yaşamaqdan deyilmiş. İndi necə yataydım?

...Ayaqlarım yaman ağrımağa başlamışdı. Neçə gün idi ki, adətimcə əməlli-başlı gəzib-dolaşmırdım deyə keyimişdilər. Canım da yaman ağrıyırdı. Çox küskün idim, incimişdim özümdən. Pəncərədən zəif işıq düşürdü otağa, gözlərim o işığın işartısına dikilmişdi. Aynanın açıq nəfəsliyindən xəfif küləklə azacıq hava dolurdu içəri. O azacıq  hava  sıxılmaqdan pörşələnən ürəyimi az da olsa, sakitləşdirirdi. Sanki onun dayanması ilə gözlərimdə həyat sönəcək, qəlbim vurmaqdan duracaqdı.

Əllərimi açıb bir də ovcumun içinə baxdım, ad hələ də ordaydı, qazdığım yerdə. Səhərin tülküuyumazında axır ki, yuxu tutmuşdu məni, yorğan da üstümdən sürüşüb düşübmüş yerə.  Üşüdüyümü hiss edəndə artıq hündürnahar idi,  günəş şəfəqdən xeyli aralanmışdı, saat 10-u göstərirdi. Heç sevmirdim gec oyanmağı. Yerimdən dik atıldım, sonra işimin adının məhbusluq olduğu yadıma düşdü, rahatlandım, sanki. Nə qədər rahatlana bilir ki, insan?..

Ovcumun içinə qazdığım ad düşdü yadıma, tez əlimə baxdım, qazdığım yerdən silinmişdi adı. Bəlkə heç bir ad yazmamışdım ora. Yuxu görmüşdüm, bəlkə də... Yoxsa, məni günün günorta vaxtı qara basırdı?

Əlimin içinin isindiyini hiss etdim, bir də dönüb baxdım, yanaqlarımdan axıb düşən iki damcı göz yaşı göllənmişdi ovcumun ortasında.

Qapı açıldı. Günəşin ziyaları axdı içəri. Çıxdım, mənim üçün darıxan Günəşin sevənlərə açılan qanadlarını öpməyə. Qayıdanda qucağımda bir topa ağ vərəq də vardı... Hara getmişdim, niyə qayıtmışdım, bilmirəm. Ancaq öz zindanımda onun xəyalıyla tək qalmaq, sanki bir alın yazıma çevrilmişdi...

9 dekabr 2020

 

Bir ovuc badam

(Novella)

Yuxuda onu görmüşdüm, məni qonaq çağırmışdı. Yerdən, elə döşəmənin üstündəcə süfrə açmışdı. Süfrənin ortasına dəmir çörək qabı, tabaq qoyulmuşdu. Tabağın içində də bir ovuc badam ləpəsi... Boynuma alıram ki, həqiqətən, mən əntiq dəmir məişət əşyalarını, elə badamı, badam ağaclarını çox sevirəm. Qəribəydi, axı o mənim dəmir məişət əşyalarını  və badam ağaclarını belə çox sevdiyimi haradan bilirdi?..

...Ata-baba həyətimizdə bir badam ağacı vardı. Alma ağacıyla  qonşuydu.  Badam ağacımız şümərək idi, nazik, düz budaqları vardı. Hətta yarpaqları o qədər xırda, nazik idi ki, adam onların tez saralacağından, ilk yağışdan, ya xəfif bir küləyə dözməyib töküləcəyindən ehtiyat edərdi.

Alma yetişən zaman mən o ağacın altında oturub ətirli, qıpqırmızı, dadlı meyvələrindən yeyə-yeyə badam tərəfə baxardım və düşünərdim ki, görəsən, bu ağacın meyvəsi necə olur?  Sonrakı illərin birində badam ağacı çiçəklədi, meyvə də gətirdi. Düzdür, az gətirmədi, üstündə bar vardı, ancaq heyif ki, tez qurudu.  Anlamadıq dərdini. Olmaya, ətrafında iri ağaclar  vardı, kölgələndi, günəş ziyalarından doymadı?  Yoxsa, alma ağacının bol bar-bəhrə verməyinə dözə bilmədi, hövlündən çatladı. Mənim də gözüm badamdaydı, qurudu. Bəlkə də mən qurutdum ağacı.

O vaxtlar arxlar yaxşı işləyərdi, su sarıdan bolluq idi. Badam ağacı da zoğal ilə alma ağaclarının arasındaydı, arxın üstündə. Sonralar başa düşdüm ki, badam suyu sevən ağac deyilmiş. Yoxsa, zoğal, alma ağacı kimi o da uzun yaşayar, öz bol bar-bəhrəsini əsirgəməzdi bizdən.

Həyətimizdəki badam ağacı quruyanda çox məyus olmuşdum, ağlamışdım, hətta. O ağacı heç indi də unutmamışam. Dostlara, tanışlara həyətimizdəki o badam ağacından, onun bəhrəsiz acı taleyindən bəhs edəndə: "yenisini ək, becər, sapsağlam, təptəzə badam ağacın olsun  - sənin badam ağacın", -  deyə ağızdolusu məsləhət verir, yeni dəbdə olan badam növlərindən də bəhs etməyi unutmurdular. Mən isə razılaşmırdım, nə gizlədim, qorxurdum  ki, birdən yeni əkib-becərəcəyim badam ağacı köhnə həyətimizdəki o badam ağacına bənzəməz və yaddaşımdakı unudulmaz təəssüratları alt-üst edər.

Nəhayət, dost-tanış "badam ağacı ək", - deyə-deyə saqqızımı oğurladılar, badam bağı saldım, xeyli, lap çox badam pöhrəsi əkdim, o qədər çox ki, indi sayını da xatırlamıram.

Pöhrələr filizləndi, budaqları pardaxlandı. Hər bahar ağaclar şövqlə tumurcuqlayıb ləçəkləyir, sıx budaqlarından yamyaşıl, titrək yarpaqlar sallayırdı. Di gəl, meyvəyə çatanda, nə oldusa, bağ əlimdən çıxdı, saxlaya bilmədim, yenə meyvəsini dadmadım.

...İndi də yuxuda, mən dostumun açdığı süfrədə həmin o dəmir çörək tabağındakı  badamları əlimə alıb deyirdim ki, birinci dəfədir badam görürəm.

- Həə, yuxum çin oldu, nahaq danışdım yuxumu. Əslində yuxuda nəsə vermək istəyirdi mənə, çox bahalı hədiyyə. Dedim, "yox, bu bahalıqda hədiyyəni qəbul edə bilmərəm", götürmədim. Sonra dəmir çörək qabını götürmək istədim. Dəmir əşya yığmaq hobbim var axı, ancaq çatdıra bilmədim. Qapı döyüldü,  kimsə gəlirdi. O məni mətbəxin yanındakı otaqda gizlətdi, şkaf vardı, onunla şkafla divarın arasındakı küncə sığındıq. Onu qollarımın arasına alıb, "Badam gözlüm", - deyib köksümə sıxdım. Orada o qədər qaldım ki, yuxu məni apardı.

Ayılanda gördüm səhər açılıb, oğlum: - Ata, ata, - deyib, məni çağırırdı. Mənim qonaq getdiyimi, burda olduğumu ona kim demişdi, kimdən öyrənmişdi?..

                                                               

14 yanvar 2021

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!