Çətənə kolu - Novella. Bahar BƏRDƏLİ

Səhər-səhər işə yeni gəlmişdi ki, növbətçi polis rəisin onu gözlədiyini dedi. Zəfər Zəfərov dərhal ikinci mərtəbəyə - kabinetə qalxdı. Zəfəri görən rəis birbaşa mətləbə keçdi:

- Deyildiyinə görə, Köhnə Yurd kəndində Bəsti adlı bir qadın öz bağçasında çətənə kolu əkib, becərir. Kənd yerində, həyətdə narkotik əkmək hər adamın işi deyil... Xüsusilə də, qadın xeylağının... Yəqin ki, hansısa dəstəyə qoşulub, kimlərsə ona kömək edir. Nadimi də götür, gedin, araşdırın.

- Oldu! - Zəfərov qapıdan güllə kimi çıxdı.

...Köhnə Yurda çatmışdılar. Soraqlaşıb Bəsti arvadın evini də tapmışdılar. Rəngsiz, paslı darvaza yarıörtülü idi. Döymədən, geniş açıb həyətə girdilər. Bünövrəsi daş, yuxarısı kərpicdən hörülmüş, kürsülü, köhnə evin əkin yerinə, bağ yerinə bölünmüş böyük bağı-bağçası vardı. Yayın əvvəli olmasına baxmayaraq bostan da, ağaclar da saralmış yarpaqlarla dolu idi. "Su həyatdır!" - deyənlər heç də yanılmayıblar....

Yaşlı qadın əkin yerində bardaş qurub oturmuşdu. Sanki qiymətli bir əşyanın keşiyini çəkirdi.

- Salam, ay nənə! Nə iş görürsən? - Zəfərov qadının qarşısına keçdi.

Bəsti başını qaldırıb sakit-sakit polislərə baxdı... deyəsən, ağlamışdı... gözləri qan çanağı idi.

- Xeyirdimi, qadanızı alım?

- Deyirəm, nə əkmisən belə?

- Heç nə, bala. Su olmayan yerdə nə əkmək olar ki... Əslində hər şey əkmişəm... Badımcan, kartof, lobya, xiyar... hərəsinin üstündə bir-iki məhsulu da var... Amma tağları su dərdindən quruyub tökülür... Heyif mənim zəhmətimdən... Hər il belədi... Yağış olsa, yenə bir az məhsulumuz olur... olmasa, bax, beləcə yanıb kül olur...

- Bəs bunlar nədir, ay nənə? - Zəfərov çətənə kollarını göstərdi. - Bir, iki, üç... on dənə çətənə koludu. Bunları necə sulayırsan bəs, yamyaşıldı...

- Hə, bala, onu vedrəynən su daşıyıb sulayıram. Bax, bu vedrəynən... Təzə sulamışam... eləcə yorulub oturmuşam... - qadının səsindən sonsuz ağrı, acı, hüzn, kədər süzülüb axırdı... Polislər bir-birinə baxdılar. Nənənin deyəsən, bu bitkinin narkotikə aid olduğundan xəbəri yoxdu. Bəlkə də narkotikin özünün nə olduğunu bilmirdi. Yoxsa, belə sakitcə danışmazdı. Elə bil, adi badımcandan, kartof bitkisindən danışırdı. Zəfərov bir az sakit, amma kəskin, bir az da qorxulu səslə danışmağa başladı:

- Nənə, bu bitkini əkmək qanunla qadağandır!

- Niyə, bala? - Qadın onun səsinin tonundan bir az üşəndi də.

- Ona görə ki, bu bitki narkotikdir, narkomaniyanın yayılmasına səbəb olur. Gəncləri zəhərləyir, özündən asılı vəziyyətə salır, xəstə edir...

- Oğlum, neçə yaşın var? - Qadının sualı polisi çaşdırdı.

- Otuz... amma nə dəxli var, ay nənə?

- Mənim də altımış beş. İki dəfə səndən böyüyəm... sən anadan olanda mən tibb işçisi işləyirdim...

- Olsun, nənə. Rəis mənə tapşırıb ki, bu kolları məhv eləyim.... sizə də xəbərdarlıq edim... əks halda, həbs olunarsız: beş ildən on ilə kimi... -  Nadimə baxdı. Bir anda Nadim kolları kökündən qopardıb otluğa atdı... və onlar sürətlə darvazadan çıxdılar...

Maşına minəndə Zəfərov: -Yaxşı qurtardıq, ha.... - çiynindən ağır yük götürülmüş kimi dilləndi. - Mən elə bildim arvad hay-həşir salacaq... səsi də çıxmadı.

- İmkan oldumu, səsini çıxartsın? Bəlkə də şoka düşüb indi! - Nadim bərkdən güldü...

Qadın doğrudan da, bir anlıq şoka düşdü. Gözünü, ümidini bu kollara dikmişdi. Pulunun bir hissəsini də almışdı... Nəvələrinin pal-paltarına, məktəb ləvazimatlarına xərcləmişdi... İndi bu kollar məhv olsa, o da məhv olacaqdı... Bu boyda bağ-bağça kor olub gedirdi... Nə meyvəsi, nə bostanı qaldı... Halbuki bu bağın mer-meyvəsi ilə böyümüşdülər... Atası da, babası da burda çətənə, küncüt... kətan... daha nələr əkməyiblər... Sovet dönəmində çörək bişirənlər çətənə toxumunun üstündə dava salardılar... İndi on kol üçün ona on il iş oxuyurdular???... Noldu? Bu dünyanın nizam-tərəzisi niyə pozuldu? Nə dəyişdi? Dünyanı, insanları nə dəyişdirdi belə? - Qadın qalxıb kökündən çıxarılmış çətənə kollarını yenidən əkmək üçün bağın başqa tərəfində yer hazırladı. Səliqə ilə əkib suvardı. Üzərinə bir-iki budaq atdı ki, diqqəti cəlb eləməsin. Qayıdıb yenə oturdu. Nə edəcəyini bilmirdi. O, yaşamaq üçün, dəryanın ortasında boğulmamaq üçün saman çöpündən yapışmamışdı ki? Bununla hara qədər gedəcəkdi? Onun nənəsi də, anası da xalq təbabətiynən məşğul olmuşdular. Çətənə toxumundan, reyhandan, yarpızdan, nanədən, gicitikandan, baldırğandan, həmənköməncindən, daha nələrdən məlhəm, dərman hazırlayırdılar.... Ölü içsəydi, dirilərdi... Bu kolları da bir oğlan gətirmişdi... Atası ağır xəstə olan bir oğul: - Onun ağrılarını azalt, bir az ömrünü uzat, yata bilmir... heç morfi də kömək eləmir... - demişdi və ehtiyacın içində boğulduğu vaxtda ona pul da vermişdi... İndi o bütün qüvvəsilə çalışıb o məlhəmi hazırlamalı, ən azından, borcundan çıxmalı idi... Əlbəttə, aman-imkan versələr... - Bəsti arvad yerindən qalxdı, bağa, çətənə kollarına tərəf bir də baxdı. Elə ağlamaq, hönkürmək, bağırmaq-çığırmaq istəyirdi ki... Niyə bu duruma düşdü? Niyə dünyası qaraldı? Niyə ailəsi dağıldı?.. Pis-yaxşı, iki oğul böyütmüşdü, axı. Ərini, böyük oğlunu Qarabağ hadisələrində itirdi... Qalan bir oğlunu tez evləndirdi ki, evdəki boşluğu doldursun, gedənlərin əvəzi gəlsin dünyaya... olmadı... Oğlu iş dərdindən Rusiyaya getdi, qayıtmadı. Gəlin də iki uşağı onun üstünə atıb Türkiyəyə ərə getdi... İndi bu yaşında yenidən, təkbaşına iki oğul böyüdürdü... Onları bu gedişlə, bu çətinliklərlə boya-başa çatdıra biləcəkdimi?

Hadisədən bir neçə həftə keçmişdi. Zəfərə rəisin onu çağırdığını dedilər. Kabinetə qalxdı. Kişi onu təəccüblə süzdü:

- Zəfər Zəfərov! Sənə bu adı kim qoyub?

- Cənab rəis, babamın adı olub. Hansısa bayramda doğulub... Necə bəyəm?

- Basdırdığınız ölü yaman tez dirilib?

- Anlamadım, rəis?

- O Bəsti arvadın çəltik kolları bar verməyə başlayıb...

- Ola bilməz! Biz onu kökündən qoparıb atdıq!

- Yenidən o köklə əkmək olmazdı?!

- Nə danışırsız? Ola bilər?

- Olub ki, indi də bar verir də... Bu qadın bizimlə "çiling-ağac" oynayır, ya "Gizlən-paç", ya "Qaçdı-qovdu"?

- Bilmirəm ki... İndi nə məsləhət görürsüz? Nə edək?

- Polislərdən bir neçə nəfər götür, gedin, kolları yandırıb məhv eləyin, özünü də həbs eləyin. Qərarı məhkəmə verər!

- Rəis, onun himayəsində iki məktəbli oğlan uşağı var... Valideynləri yoxdu.

- Uşaq evlərindən birinə təhvil verərik. Gedə bilərsən!

...Zəfərov dəstəsilə Bəsti arvadın həyətinə girəndə sürprizlə qarşılaşdı. Qadın bir əlində yanan zopa-məşəl, digərində benzin dolu qab eyvanda-pilləkanın başında dayanmışdı. Əlləri əsirdi. Heç özündə-sözündə deyildi. Hər dəqiqə yanğın ola bilərdi.

- Gəlmisiz? Bilirdim gələcəksiz... Amma... yaxına gəlməyin! Evi də, uşaqları da, özümü də onsuz da yandıracağam! Sizin də canınız qurtarsın, bizim də... Bizimçün yaşamağın yolları bağlanıb, demək... Olsun, bala... Uzaqdan baxın, bir ailənin necə məhv olduğunu gözünüzlə görün...

Səs-küyə qonşular, yoldan keçənlər həyətə doluşmağa başlamışdı. Çəpərdən aşan kim, ağaca dırmaşan kim... Qonşu Fatma gələndə Bəsti artıq aynabəndə, pilləkənlərə benzin səpirdi. Tez nəvəsini harayladı, - Əliii, qaç Camal müəllimi tap gətir! Denən maşınla gəlsin, tələssin!

Zəfərov işlərin "şuluq" olduğunu görüb Nadimə baxdı: - Yaxına getmirik. Nəsə olsa, bizim üstümüzdə qalacaq. Sən Fövqəladəyə zəng elə, yanğınsöndürənlər gəlsin. Qarayev, Təcili yardıma zəng elə, Ambulans göndərsinlər! Sarıyev, rəisə zəng elə, əlavə qüvvə göndərsin, kənd caamatı ilə qarşıdurma ola bilər.

Az sonra kəndin girişi, çıxışı bağlandı. Yeni gələn polis qüvvələri yolboyu kəndi mühasirəyə aldı. Təcili yardım maşını vahiməli səsiylə darvazanın çölündə özünə yer eləyib dayandı. Daha sonra yanğınsöndürənlərin susuz maşınları fövqəladə səsləriylə özlərinə mövqe seçdilər. Əgər su tapsalar, darvazanın üstündən həyətə fışqırda bilərdilər. Zəfərov son tapşırığını verdi: - Müdaxilə etmirsiz. Yalnız diqqətlə izləyirsiz. Üstünə getməyək, bir az gözləyək, görək, nə olar...

Nisbi sakitlik yaranmışdı. Kənd camaatı nə edəcəyini bilmirdi. Polislərin olduğu yerdə nə edə bilərdilər ki... Əslində kənddə qadınlardan, uşaqlardan və qocalardan başqa kimsə yox idi. Cavanlar, orta yaşlı kişilər iş üçün dünyaya səpələnmişdilər... Bəstinin oğlu kimi...

Qadının əlindəki qabda benzin qurtarmışdı. Evi, ətrafını, demək olar ki, benzinlə suvarmışdı. Sol əlindəki yanan zopa-məşəli indi yerə atmaq kifayət idi ki, bir anda hər şey-içi özü qarışıq od tutub yansın. Başını qaldırıb tamaşaya yığışan adamlara baxdı, hədəqəsindən çıxmış gözlər.... Əlləri havada nəsə deyənlər... Bağlı qapı arxasında, evin pəncərəsindən əl-qol ata-ata ağlayan nəvələri... Səsləri eşitmirdi... sanki səssiz filmə baxırdı... "Yanmağına hər şey dərhal alışacaqdı..." - qadın şüuraltı düşünürdü. - "Amma onlar ölməyə bilərdilər... ömürlük şikəst olardılar..." Məşəl qadının əlinə yapışmışdı elə bil. Yerə ata bilmirdi... Əlləri elə sıxılmış, elə qurumuşdu ki, sözünə baxmırdı... Ayaq üstə dayanmağa da taqəti qalmamışdı... yıxılmamaq üçün divara söykəndi...

Təqaüddə olan Camal müəllim - kəndin keçmiş sovet sədri, məktəb direktoru darvazaya çatmamış maşından düşdü. Köhnə kişilərə xas zəhmlə qışqırdı:

- Dağılın, burdan! Çıxın, həyətdən!!! - Səsi darvazaya dəyib əks-səda verdi.

Əvvəlcə uşaqlar, sonra qadınlar qaça-qaça həyətdən çıxdılar. Özünü ayaqüstə qurumuş Bəstiyə yetirdi. Yumşaq səslə, - a Bəsti, bu nədi? İndiyə kimi sənin səsin çıxmayıb bu kənddə, sən neyləyirsən? - Qadının sıxılmış əlindən məşəli güclə çəkib aldı və həyətin ortasına atdı. - Sən bu tifil nəvələrini niyə qan-bağır edirsən? - Qadın yerə çökdü. Gözlərindən yaş sel kimi axmağa başladı... Camal kişinin səsini-sözünü eşitmirdi... Amma özünü görürdü... elə bil ölüm ayağında atası özünü yetirmişdi... demək, onu xilas edəcəkdi...

- A Fatma, a Telli, - qonşu qadınları səslədi, - gəlin buraları yığışdırın, nefti təmizləyin. Bəstini də evə aparın, sakitləşdirin. Bir yaxşı da çay hazırlayın, gəlirəm. A Mustafa, - bu dəfə üzünü yəqin ki, səs-küyə gələn kəndin dükançısına tutdu, - nə ərzağın varsa, hərəsindən 3-5 kilo çək, gətir bura, indi qayıdıram. - Cərgə ilə düzülmüş polistlərə yaxınlaşdı, - komandiriniz kimdi? - Zəfərov irəli çıxdı. - Polisləri tez burdan çıxardın!

- Rəisin əmridir, ağsaqqal, mən bacarmaram.

- Rəisini telefonla yığ, ver mənə.

- Cənab rəis, kəndin ağsaqqalı sizinlə danışmaq istəyir. Yaxşı... Buyurun, Camal müəllim.

Kişi telefonu alıb sakit, amma hökmlü səslə dedi:

- Rəis, yanlışlıq, anlaşılmazlıq olub. Xahiş edirik, polisləri kənddən çıxardın!

- Ağsaqqal, o qadın həbs olunmalıdır! Nəvələri də uşaq evinə göndərilməlidir!

- Dedim ki, yanlışlıq olub! Məsələni böyütməyin! Şişirtməyin!

- Araşdırmışıq...

- Yaxşı araşdırmamısınız, rəis! Bizim kənddən indiyə qədər namərd, nakəs, mərdimazar, qatil, narkoman çıxmayıb!.. Bundan sonra da çıxmaz, inşallah! Ətrafına yaxşı bax. Gör, səni bu vəziyyətə salanlar kimlərdi? Məqsədləri nədir? Əvvəla, o qadın təhsilli tibb işçisidir, çətənə kolundan məlhəm-dərman hazırlayır, narkotik yox! İkincisi, yaşlı qadın həbs olunsa, ya orda şəraitə dözməyib öləcək, ya da düşdüyü bu duruma dözməyib intihar edəcək... Üçüncüsü, o uşaqlar böyüyüb uşaq evindən çıxandan sonra mütləq bu kəndə qayıdacaq. Yeganə ümid yeri olan dağılmış evlərini görəndə, nənələrinin həbsdə öldüyünü eşidəndə səbəbkarların məhv edilməsi üçün çalışmayacaqlarına kimsə zəmanət verə bilməz!.... Demək, bu kənd üçün biz uşaq evində iki real düşmən - qatil böyüdəcəyik! Üç-beş çətənə koluna görə buna dəyərmi? O sərt qanun əsl narkomana, qatilə tətbiq edilər, nəvələrini saxlamaq üçün dişiylə, dırnağıyla yer qazan nənəyə yox! İndi, ya polisləri geri çağırırsız, ya da Bakıda olan lazım adamlara zəng edirəm, məlumat verirəm, məsələni prezidentə çatdırırlar! Sonrasını özünüz düşünün...

Yaxşı... - rəis hikkə ilə razılaşdı... Camal müəllim telefonu qaytarıb nəvəsini səslədi: - Həsən, uşaqları da götür, darvazanı çöldən bağlayın, həyətə kimsəni buraxmayın. Özünüz də buralarda olun... - Hələ də hadisələri qeyri-ixtiyari izləyən polislərə tərəf çönüb əlavə elədi: - Bu yanğınsöndürənləri, Təcili yardımı kim çağırıbsa, yola salsın. Polislərin komandiri, bələdiyyənin sədri, İcra nümayəndəsi, bizə gedirik, söhbətimizi orda sakitlikdə davam etdirəcəyik. - Özü maşınına minib qabağa düşdü. 

Camal müəllimin həyətinə girəndə hər kəs dərindən nəfəs aldı. İkimərtəbəli, aynabəndli, üstü kirəmitli, göz oxşayan ağ ev idi. Al-yaşıl həyət gül-çiçəyə bürünmüşdü. Əsl kənd həyəti idi. Bağdan əsən xəfif meh gül-çiçəyin cənnət qoxusunu da gətirirdi. Kölgəlikdə - üzüm çardağının altında qoyulmuş stolun ətrafında cəm oldular. Camal kişi xanımını səslədi:

- Ay Zəriş, bizə dədə-baba çayı hazırla. Mixəkli, zəncəfilli, kəkotulu....

- Çay hazırdı, ay Camal, bildim ki, qonağın olacaq... indi gətirirəm...

- Gətir, evimin dirəyi! Halaldı... Havanın qoxusundan, fövqəladə vəziyyətdən, üzümü görmədən məni başa düşənim!

Şanı balla çay ortaya gələndə Camal müəllim yenə tərifə keçdi:

- Bu çayı içənlər ən azından on yaş cavanlaşar! Ürəyindən kin-nifrət gedər, əvəzində məhəbbət dolar... Ömrü uzanar!

Doğrudan da, isti havada, gərgin, çətin, ağır, qorxulu vəziyyətdən, boğazı da, dili-dodağı da qurumuş haldan çıxıb, birdən-birə cənnət kimi bir yerdə şanı balla çay içmək dünyaya təzədən gəlmək demək idi... Deyir, yaxşı işdən gül iyi gələr, pis işdən fəlakət qoxusu!

- Ay Zəriş, balı bol elə ki, dilimiz bu gün daha çox şirin olsun!

Nəhayət, Camal kişi söhbətə polislə başladı:

- Siz elə bir günah eləmisiz ki, bunun ağrısı heç vaxt keçməyəcək. Qadın bəlkə də bağışlayacaq... amma uşaqlar... Onlar elə böyük travma alıblar ki... çətin ki, unutsunlar. İndi günahınızı necə yuya bilərsiz? Mən deyim, sən yadında saxla və rəisinə də çatdır. Bəstinin bir oğlu on-on beş ildir Rusiyaya işləməyə gedib. Elə o vaxtdan da səsi-sorağı kəsilib. Günü sabahdan rəisiniz Rusiya və Ukraynada onu axtarışa versin. Birinci növbədə, həbsxanalarda, xəstəxanalarda, qəbirsanlıqlarda axtarsın. Çünki qafası salamat olsaydı, çoxdan evinə qayıtmışdı... Demək, nəsə olub. Ya həyatda yoxdu, ya da həbsxanada, nə bilim, xəstəxana küncündədi... Kim bilir?..

- Yaxşı... Çatdıraram və sizi də hər addımdan xəbərdar edərəm.

- Gözləyəcəm... 

 

***

...Bəsti arvadın həyətində qələbəlik idi. Qonum-qonşular gözaydınlığına gəlmişdilər. Danışırdılar ki, sən demə, oğlu sağ imiş. Həbsə düşübmüş, sənədlərini itiribmiş... Rusiyanın küçələrində dolaşırmış... Bizim Azərbaycan polisi onu axtarıb tapıb. Xızır İlyas kimi dadına çatıb. İndi sənədlərini hazırlayırlar... Ayın axırına kimi gələcək...

...Bəstinin sevinci yerə-göyə sığmırdı... Evdə ustalar işləyirdi. Aynabənd, darvaza rənglənməli idi. Ustalara Camal kişi özü göstəriş verirdi...

...Bu payız günlərində Bəstinin bağçası yazı xatırladırdı. Barlı-bəhərli yaşıl ağaclar üzə gülürdü. Həyətdə əkilən güllər tabaq-tabaq açılmış, göz oxşayır, könül açırdı. Günəş də erkən oyanmışdı. Göy üzündə elə gülümsəyirdi ki... hər kəsin üz-gözünə bu təbəssümdən pay düşmüşdü!

...Qonşu Fatma hamının eşidəcəyi səslə dua edirdi: - Yaradan heç bir eli-obanı, kəndi-kəsəyi, ailəni başsız, böyüksüz, ağsaqqalsız qoymasın! Allah Camal qardaşa da uzun ömür versin, bu kənddən əskik eləməsin! Amin!!!

- Deyirəm, ay Fatma, vallah, Camal kişi kimi ağsaqqaldan hər kəndə, obaya lazımdı. Yoxsa, vəzifəlilər vəzifəsindən qorxub kəndin, xalqın dərdini yuxarılara çatdıra bilmir ki... - Telli də ürəyindən keçənləri dilə gətirdi. - Amma bu gün çox gözəl gündü! Günəş də, elə bil, həmişəkindən çoox parlaqdı, işıqlıdı, istidi, doğmadı!!!

...Məktəbdən qayıdan nəvələr nənəni qucaqlamışdılar: - Atamız doğrudan gəlir, hə, nənə?!

 

Sentyabr 2023

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!