Onun bir sıra şeirlərini oxumuşdum, poeziyasındakı özünəməxsusluğa, lakonizmə, qeyri-adi ədəbi azadlıq ab-havasına bələd idim; xüsusilə, uşaq poeziyası sehrli səslər, çapar çağırışlarla qapımı döymüşdü, hansısa bir yazı yazılmağını istəmişdi... Dostumuz Aydın Tağıyev vasitəsi ilə göndərdiyi yeni hekayələr kitabını ("İlk məhəbbətin intiqamı", Bakı, "Şirvannəşr", 2024) birnəfəsə oxudum və yazılmayan yazının köhnəlməyən köhnə kədəri duyğularımda yenidən tüstüləndi...
Xaqani, Nəsimi, Seyid Əzim, Sabir kimi nəhənglər, əlçatmaz, ünyetməz zirvələr yetirən Şirvan ədəbi mühitinin çağdaş nümayəndəsi Qəşəm İsabəylidən, onun bənzərsiz şeiri və nəsrindən, poeziyası və prozasından danışıram. Günlərin bir günü rəhmətlik Qabil yarızarafat-yarıgerçək mənim iş otağımda ondan söz düşəndə demişdi ki, "Özünə demə, Qəşəm İsabəyli balacaların böyük şairidir". Və mən bu sözləri yaza-yaza onu da düşünürəm ki, az qala, əlli illik yaradıcılığımda ilk dəfədir şifahi sitatdan istifadə edirəm.
***
Oyaq istedad, ciddi ədəbi nəfəs, bulaq kimi qaynar yaradıcılıq ruhu olan yerdə janrlar texniki vasitədən başqa bir şey deyil. Qəşəm İsabəylinin şeirlərini oxuyanda belə düşünmüşdüm, yeni hekayələr kitabıyla tanış olanda da eyni duyğuları yaşadım. Kiçik hekayələrin böyük dünyasında məni ilk cəlb edən qeyri-adi həyat nəfəsi, birbaşa, canlı yayımda olduğu kimi redaktəsiz yaşantılar, diri həyat mənzərələri oldu; sanki həyatın, saat əqrəbləri kimi irəliləyən zamanın müəyyən məqamları qayçı ilə kəsilib parça-parça təqdim olunur; hekayələri oxuduqca özünü həyatın eniş-yoxuşunda, bəzən sakit, susqun çöllərində, bəzən qabaran dalğalarında, bəlalı burulğanlarında hiss edirsən, bəzən həyatın bu qədər yaxın, bəzən zamanın əbədiyyət qədər uzaq olduğuna heyrətlənirsən; əlahəzrət söz duyğuların, düşüncələrin əlindən tutub gedər-gəlməz yollarla üfüqlərdən-üfüqlərə çəkib aparır. Hadisəçilik, əhvalatçılıq, təsvirçilik "azarı"ndan azad olan, bütöv dialoqlar üstündə qurulan adi mətn qeyri-adi möcüzələr yaradır, sanki heçdən yaranan, yoxdan var olan ədəbi cazibə, sənət sehri oxucunu tilsimləyir. Və qəfildən ədəbiyyatın qadir qüdrətinə qərq olursan, ruhunda sənətin qələbə sevincləri sayrışır...
Qabildən gətirdiyim şifahi sitat yenidən yadıma düşür və bu yazını oxuyacaq möhtərəm oxucuların qulağına pıçıldayıram ki, özü bilməsin, Qəşəm İsabəyli kiçik şeirlərində olduğu kimi, kiçik hekayələrində də ədəbi qələbələr sahibidir.
İki-üç səhifəlik "Ehtiras" hekayəsi, az qala, bir romanın yükünü təqdim edir. Narkotik alverçisi, qayda-qanun gözətçisi, prokuror, azadlığa can atan həyat eşqi, zalım, zülümkar pul, vasitəyə dönən bacı, qadın, namus alveri... Və həyatın bütün bu dəhşətli mənzərələrini sözün, sənətin qiyam qapısında məhşər ayağına çəkən soyuqqanlı sənətkar mövqeyi; nə ağlaşma, nə zəmanədən şikayət, nə qan-qadalı qarğış ritorikası, nə vətənpərvərlik pafosuna bürünmüş çağırışlar burulğanı; son abzasda ölçü-biçi, mizan-tərəzi işə düşür, həyatın ahəngdar ritmi bərpa olunur, ədəbi həqiqət həyat həqiqətinə əsil mənzərəni təqdim və təlqin edir, oxucunu qəflət yuxularından oyadır, əzəli və əbədi harmoniyaya səsləyir. Oxucu görür, duyur və qəbul edir ki, həyatın azadlıq kabinetində oturan, narkotikdən daha qanlı, pul və namus alverinə qurşanan prokuror daha dözülməz, daha qada-qanlı türmə, zəlil zindan sakini imiş; hekayə oxucu qəlbində bu inam və ümidin sönən, söndürülən çıraqlarını yandırır, ruhun əbədiyyət yollarında sayrışan şəfəqlərdən söz açır; azadlığın pullu, bərbəzəkli kabinetlərində yaşanan gerçək, ömürlük türmə, zavallı zindan həyatı qara-qışqırıqsız lənətlənir, əsil azadlıq bərəkətli sükut zəmilərində sözsüz-sədasız alqışlanır, İnsanı, Həqiqəti dar ağacına, çarmıxa göndərən prokuror Ponti Pilatlar sənətin tanrısal məhkəməsində yenidən məğlub olur və sənət qalib gəlir; bu, kiçik hekayənin böyük roman ağırlığında qələbəsidir; bu, bulaq suyu kimi qaynayıb axan mətn-dialoqun Qəşəm İsabəyli fenomenidir.
***
"İlk məhəbbətin intiqamı" kitabının "Özüm, sözüm, həyatım" adlı "Ön söz"ündə müəllif yazır: "40-a yaxın kitabım işıq üzü görüb...
London, Moskva, Belarus, Ukrayna, Qırğızıstan və Türkiyədə jurnallarda əsərlərim çap edilib. Moskvada məşhur "Murzilka" jurnalında 2 səhifə şeirlərim verilib.
Həm uşaq və yeniyetmələr, həm də böyüklər üçün şeir və nəsr əsərlərimi eyni həvəslə yazıram".
"Ön söz"ü oxuyuram, 75 yaşını adlayan istedadlı şair, nasir, fədakar nəşriyyat xadimi, daim qəlbi vətənlə, doğma Azərbaycanla bir vuran böyük ziyalı Qəşəm İsabəylinin zəngin bioqrafiyası ilə daha ətraflı tanış oluram, onun ciddi ədəbi uğurlarına qəlbən sevinirəm və elə bu sevincin yanındaca qəfil bir göynərti ruhumu üşüdür. Dünya Uşaq və Gənclər Kitabı Şurasının (İsveçrə) 2014-cü ildə verdiyi Andersen Şərəf Diplomu və "Qızıl Kəlmə" (2015-ci il) mükafatından başqa, o, heç bir ödül, fəxri ad almayıb. Əlbəttə, deyə bilərlər ki, fəxri ad, ödül almaq əsas məsələ deyil, əsası ciddi uğurlar qazanılması, mənsub olduğun vətənə, xalqa, dövlətə şərəflə xidmət göstərməkdir. Bu da düzdür, lakin mənsub olduğun xalqın, dövlətin təqdirini qazanmaq, ad və ödüllərini almaq da sənətkar üçün mənəvi stimuldur, fəxarət, ruhi rahatlıq qaynağıdır...
***
Mənsub olduğu ədəbi nəslin seçilmiş nümayəndələrindən olan, uğurlu poeziya və prozası ilə, eləcə də "Yazıçı", "İşıq", "Şur", "Şirvannəşr" nəşriyyatlarında layiqli fəaliyyəti ilə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə sanballı töhfələr verən Qəşəm İsabəyli bu gün də ədəbi işini, naşir missiyasını layiqincə davam etdirir. O, asta yazan, usta yazan sənətkarlarımızdandır. İstər nəsrdə, istər şeirdə özünəməxsus ədəbi üslub, bənzərsiz ədəbi dil sahibidir. Pafosdan, qışqıran ritorikadan, kosmetik, reklamçı bəzək-düzəkdən uzaqlığı, lakonik ifadə, realist təsvir, təqdim tərzi ilə seçilən həmin üslub, ədəbi dil ciddi elmi, filoloji tədqiqat materialı ola bilər. Bütövlükdə çağdaş Azərbaycan, eləcə də ümumtürk ədəbiyyat təhlil və tədqiqatlarında Qəşəm İsabəyli irsi unudulmamalı, bəlkə ilk məqamlarda yada salınmalı, monoqrafik araşdırmalara cəlb edilməlidir. Onun "Ay külək, nə əsirsən?!", "Cin nağılı", "Əkil-Bəkil", "Hii... aaa...", "Boz sərçələrlə Oğrubaşı Qara Pişiyin ölüm-dirim savaşı", "Ölü bilər, mən bilərəm", "Leyləyin intiqamı", "Bu şəhər mənə göz dağı olub", "İlk məhəbbətin intiqamı" və başqa çoxsaylı kitabları buna haqq verir. Haqlının haqqını vermək, haqqı olanın haqqını tanımaq bütün dövrlərin və zamanların ən ədalətli, ən mərdanə missiyasıdır.
Tale elə gətirib ki, mənim 2003-cü ildə 928 səhifəlik "Sükutun sonu" adlı romanlar, povestlər, hekayələr kitabım Qəşəm İsabəylinin rəhbərlik etdiyi "Şirvannəşr"də çap olunub. Böyük alimimiz, professor Yaşar Qarayev "Qalın və qalan kitab" məqaləsi ilə o kitabı müjdələmişdi. Təxminən, iyirmi il keçəndən sonra o kitab üstündəki gərgin əməyinə görə naşir Qəşəm İsabəyliyə minnətdarlığımı bildirirəm. Və bu sözləri yaza-yaza mənim özümün də haqlının haqqını verməkdə iyirmi il gecikdiyimə qəlbən təəssüflənirəm. Nə etmək olar, haqlının haqqını vermək və almaq məsələsi dünya yaranandan, Habil-Qabil savaşından üzü bəri həmişə aktual olub. Haqq tərəzisinin bir gözü, adətən əyilib. Bəlkə buna görədir ki, Adəmdən Xatəmə Allah əmanəti olan söz qaranlıqdan işığa, əyrilikdən düzlüyə, haqsızlıqdan haqqa can atıb, insanın qələbəsi naminə döyüşüb. Bu, ədəbiyyatın əzəli və əbədi missiyasıdır.
Şabran,
22 may 2024-cü il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!