Bir neçə il "Yazıçı" nəşriyyatının folklor, klassik ədəbiyyat və incəsənət redaksiyasında bir yerdə işlədiyimiz, sadə, təvazökar olduğu qədər böyük insan Vaqif Səmədoğlunun bir şeirini xatırladım:
Şair kimi yox,
Şeir kimi ölmək istəyirəm...
Oxunmaq arzusuyla yaşayıram -
Əvvəldən axıra
kimi oxunmaq...
Əzbər qalmaq istəyirəm
kiminsə yadında!
Hə, qardaşım, elə yaşadın ki, əzbər qaldın yaddaşlarda. Şair kimi də, şeir kimi də diri qaldın hafizələrdə...
Sən - dərin zəkan, kəsərli baxışlarınla bütün stereotipləri sındırmağa qadir, yenilikçi bir şair, zamandaşları tərəfindən tam dərk olunmayan fövqəl istedad sahibi idin. Hər söhbətimizdə səndən nəyisə öyrənmiş olurdum. Ən ciddi söhbətlərində də xəfif bir yumorun vardı. Ova getməyi çox sevərdin. İşdən çox ovda olardın. Amma bu sərbəstliyin də səbəbi vardı. "Yazıçı" nəşriyyatı yarananda ölkənin sayılıb-seçilən yazarları redaktor və mütərcim kimi bu nəşriyyata cəlb edilmişdi. Bəzi redaktorlara əlyazma üzərindəki işini evdə də icra etmək səlahiyyəti verilmişdi. Onlara "ev redaktoru" deyirdik. Vaqif Səmədoğlu, Seyfəddin Dağlı, Fərman Kərimzadə mənim çalışdığım redaksiyanın "ev redaktorları" idi. Bu sərbəstliyə görə Vaqif müəllim zamanının çoxunu ovçuluqda, bölgələri gəzməkdə keçirirdi. Hər gələndə də yeni lətifələr, gülməli əhvalatlarla qayıdırdı.
Xalq şairi Hüseyn Arif də bu "ev redaktorluğu"ndan xəbərsiz olduğuna görə elə bilirdi ki, Vaqif müəllim işə nizam-intizamla gəlmir. Odur ki, günlərin birində "Yazıçı" nəşriyyatının uzun dəhlizində Hüseyn Arifin Vaqif Səmədoğlunun qolundan tutub "bu bəyi də iş yeri ilə tanış etməyə gətirdim" deməsi hamını güldürmüşdü...
O, çox azad və sərbəst bir adam idi. Azərbaycan öz müstəqilliyi uğrunda ayağa qalxanda Vaqif və qardaşı Yusif Səmədoğlular xalq hərəkatının öndərlərindən oldular. Qardaşlar ataları Səməd Vurğunun ilahi məhəbbətlə tərənnüm etdiyi Azərbaycanı azad, müstəqil, yurddaşlarımızı xoşbəxt görmək istəyirdilər. Məmləkətimizin istiqlal tarixində Xalq şairi Vaqif Səmədoğlunun və Xalq yazıçısı Yusif Səmədoğlunun öz yeri, öz xidməti var...
Vaqif müəllimlə söhbətlərimizdə həmişə xarici dili, o cümlədən, rus dilini öyrənməyi tövsiyə edərdi. Deyərdi ki, rus dili vasitəsilə dünya ədəbiyyatından xəbərdar olarsan, dünyaya baxışın dəyişər. Ona görə də mənə bağışladığı rusca-azərbaycanca üçcildlik lüğətin birinci cildinə yazdığı qeyd beləydi: "Əzizim, Adil! Rus dili Oktyabr dili olsa da, onu ilin bütün aylarında bilmək lazımdır. Vaqif Səmədoğlu. 7 may 1982, Bakı". "Rus dili Oktyabr dili olsa da..." eyhamı arif oxucuya, təbii ki, qaranlıq qalmır.
Vaqif müəllimin hər sözündə, söhbətində, yazılarında ikibaşlı, sətiraltı mənalar vardı. Onun müxtəlif janrlı əsərlərində, şeir və dramlarında bunun şahidi oluruq. "Bəxt üzüyü", "Yaşıl eynəkli adam", "İntihar" kimi əsərlərində sözün sətiraltı mənalarından o qədər ustalıqla istifadə edir ki, o frazalar dinləyici dilindən düşməyən aforizmlərə çevrilir.
Xalq şairi Vaqif Səmədoğlu şair kimi də, insan kimi də bənzərsiz idi:
Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb.
Bəli, əziz Vaqif müəllim, sənin Allahla aranda dayanan ömrün ölməzliyə qovuşdu. Bütün yazıların yaşayacaq və yaşadacaq qədər dəyərlidir. Ruhun şad olsun, böyük insan!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!