Vaqif müəllimlə poeziyadan kənar, başqa vərdişləri, hobbisi haqqında ayrıca bir müsahibə eləmək istəyirdim. Bir-iki dəfə zəngləşdik, onda hələ amansız xəstəliyin izi-sorağı yox idi. Razılaşdı, amma hər dəfə görüş vaxtı qeyri-müəyyən vaxta qalırdı. Sonuncu dəfə "İçərişəhər" metrosundan çıxanda Vaqif müəllimi gördüm. Əlində kitablar vardı, kimisə gözləyirdi. Görüşdük, hal-əhval tutdu, özü haqqında yazılmış yazıların, müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrin toplandığı kitabı mənə hədiyyə etdi.
- Başqa kitablarım səndə var? - deyə soruşdu. - Bütün kitablarınız məndə var, Vaqif müəllim. Hətta sovet dövründə çıxanları da axtarıb tapmışam, - dedim. Gülümsədi. 2000-ci ildə Vaqif müəllimin 60 yaşına bir yazı yazmışdım."Yaşıl uzaq ada"ya səyahət və ya azadlıqla baş-başa". Həmin yazı mətbuatda dərc olunmuşdu. Haqqında yazılanlardan ibarət kitabda öz yazımı axtardım, rastıma çıxmadı. Həmin yazını Vaqif müəllimə xatırlatdım. Əlini çiynimə qoyub dedi:
- Kənan, qadan alım, xatırlayıram o yazını. Vallah, kitab hazırlananda nəsə tapa bilmədim. İstəsən, təkrar çap etdirərsən.
- Yaxşı, - dedim. Sonrakı görüşümüz gənc şair Fərid Hüseynin toyunda oldu. Eyni masada oturmuşduq, Vaqif müəllimin əhvalı çox yüksək idi. Gənc yazarlarla özünəməxsus zarafatlar edir, düşündürücü fikirlər söyləyirdi. Ondan bir az əvvəl feysbuk hesabımda Vaqif müəllimin şeirindən bir bənd paylaşmışdım.
Qoy sevinim bu gün, utanım sabah,
Yarımçıq çıxmasın sinəmdən bu ah.
Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni.
Mənalı-mənalı üzümə baxıb: "Kənancan, gördüm şeirimi paylaşmısan, bəs niyə bir bənd? Şeiri gərək bütöv paylaşaydın", - dedi.
- Vaqif müəllim, nədənsə məhz həmin bəndi paylaşmaq istədim, - deyə cavab verdim. Bığaltı qımışdı: - Birdən çaşıb sən də belə günahlar edərsən ha, - söylədi. Gülüşdük. Sözarası müsahibəni yadına saldım, "mütləq, vaxt tapıb görüşək", - dedi.
Amma tale elə gətirdi ki, nə biz Vaqif müəllimlə görüşüb söhbətləşə bildik, nə də o yazını yenidən çap etdirməyə imkan oldu. Sonra şairin amansız xəstəliklə mübarizəsi başladı... Həmin yazı arxivimdə qalır, nə vaxtsa mütləq yenidən çapa verəcəm. Vaqif müəllimi bir də Akademik Dram Teatrında özünün 75 illik yubileyində gördüm. Cismən çox zəifləmişdi, amma həmişə olduğu kimi həyat eşqiylə dolu idi... Salona toplaşanların hamısı bilirdi ki, şair bu dəfə doğrudan da oxucuları ilə, dostları ilə, onu sevənlərlə sağollaşır. Səhnəyə çıxmazdan əvvəl kulisdə divanda əyləşmişdi, salamlaşdım. O anda Vaqif müəllim qayıtdı ki, Kənanın da cəmi bircə şeirim xoşuna gəlib, onu da yarımçıq paylaşıb. Yaddaşına heyrət elədim.
Bu, Vaqif müəllimin mənimlə sonuncu zarafatı idi...
Vaqif Səmədoğlu Azərbaycan poeziyasında hadisə idi... İstisnasız, bütün şeirləri, poemaları, pyesləri, "Gürzəçöl yazıları" fenomenal təfəkkürün məhsulu idi.
O, bu həyatda ölümü də ömür kimi yaşadı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!