Hərbi hissəyə çatanda bərk acmışdım. "Qarnımın qurultusunu tək mənmi eşidirəm, yoxsa, sağım-solum ürəyində bu səsə gülürmü?" - düşünürdüm. Sonra xatırladım ki, elə sağım-solumla birgə yola çıxmışıq.
Səhər 9-da Qubada çağırışçılarla bir yerdə toplaşmış, oradan Biləcəriyə, sonra Qala kəndinə gəlmişdik. Hərbi hissəyə nahar bitənə çatmışdıq.
Bu günə qədər əsgərlik xatirələrimdən çox, əsgərlikdən əvvəl mənə danışılan uydurmalar yadımdadır. Çoxunun yalan olduğu bu söhbətlərin qəhrəmanları "zabitin başına təpik qaldıranlar", "hərbi hissə komandirinin qızı ilə eşq yaşayanlar", "kürəyində stul sındıranlar", "hərbi hissə üçün darıxanlar" idi. Bir də belə söhbətlər vardı (bunu doğma xala oğlum danışmışdı):
Bir dəfə yeməklərin hazırlandığı yerə keçəndə görüb ki, əsgərin biri püre hazırlayır; girib qazana, ayaqyalın kartofu tapdalayır, alnında tər puçurladıqca da silib tökür qazanın içinə...
Bunaoxşar yemək söhbətləri o qədər çox idi ki, əsgər getməmişdən qabaq ən böyük çətinliyimin aclıq olacağını düşünmüşdüm. Hərbi hissəyə gəldiyim gün isə tam tərsini gördüm. Elə dadlı balıq qızartmışdılar, gəl, görəsən! Qıpqırmızı balıq, yanında zeytun yağında noxud, badımcan qovurmasıqarışıq salat, yumşaq çörək... Porsiya da iki adamlıq...
Elə ilk gündən narahatlığım uçub getdi.
Yeməkdən sonra bizi forma üçün anbara apardılar (bu, əsgərlik hekayəsi deyil):
Atamın təkidi ilə köhnə, "ağzını ayırmış" ayaqqabı, rəngi əvvəllər qara, hadisəni danışdığım günlərdə sarı olan şalvar geyinmişdim. Bircə köynəyimi özüm seçmişdim. Son kursda aldığım, bənövşəyi, üstünə də "Hermes" yazılmış köynəyim.
Atam niyə belə təkid etmişdi, onu da izah edim: əsgərlikdə əynindəki formanı çıxarıb atırsan, o paltarlar zibilliyə də gedə bilər, yer silmək üçün də istifadə oluna bilər, naməlum səbəblərdən geri də qayıda bilər. Ona görə minimum xərclə yaşamağa vərdiş etmiş ailənin üzvü kimi mən də köhnə-külə geyinib gəlmişdim.
Öz geyimimi tullayanda "Hermes" köynəyimin arxasınca həsrətlə baxdım. Son tələbə təqaüdümlə almışdım, çox yaraşdığını düşünürdüm. Köynəklə ayrılıqdan sonra bizi karantinə göndərdilər. Karantində ilk gördüyüm zabit Osmanov soyadlı gizir oldu. O Osmanov ki, sonralar üzüm sirkəsi içib intihar edəcəkdi. Daha sonra bölükdə də bizim üstümüzdə o idi. Osmanov həm sıra xəttini, həm dönmə hərəkətlərini məşq etdirdi, andiçməyə qədər bizi "adam elədi". Döymədi, söymədi, mənasız yerə cəzalandırmadı, amma bizi iyirmi günün içində vətəndaşdan əsgərə çevirdi.
Osmanov hərbi hissənin yerləşdiyi şəhərcikdə qalırdı. Ailəsi də burada idi, ona görə də yoldaş giziri təkcə növbədə olduğu günlərdə yox, yay-qış, hər gün görürdük. İstirahət günlərinin, az qala, hamısında içkili olurdu. Xidmətin ilk saatlarında da rəngi qırmızıya çalırdı.
Hərbi xidmətin altıncı ayında Osmanovun evinin yerini, onun və bütün zabitlərin həyətlərindəki ağ nar ağaclarını yaxşıca əzbərləmişdik, dəfələrlə girib oğurluq eləmişdik. Gün növbətçisi olan əsgər həm də nar oğrusu növbəsində olurdu.
Günlərin birində növbədə mən idim. Gecənin bir aləmi üz tutdum nar bağlarına. Osmanovun hasarından tullananda ehtiyatsız davrandığımı anladım. Səhv etmişdim, bağda kiminsə olub-olmadığına diqqət etmədən hasardan aşmışdım. Həyətdə Osmanovun yoldaşı Flora dayanmışdı. O telefonla danışırdı, telefonda kiminləsə yox, eləcə telefonla.
Süni zəka proqramlarından birində qızğın söhbətdə idi. Hətta söhbət elə qızışmışdı ki, dörd addımlığında dursam da, məni görmədi. Floranın proqrama heyran olduğunu gözlərindən, intonasiyasından, mimikasından başa düşmək olurdu. O, "ağzının suyunu axıdır", proqramın səsi ilə xumarlanırdı. Sonralar bu söhbəti yada salanda Floranın proqram üçün bəzəndiyini, proqrama cilvə satdığını xatırlayırdım.
Floranın danışdığı söhbətlərin heç bir mənası yox idi: bir sualı "Sevgi nədir?" idisə, ardınca "Merkuridən torpaq almaq olarmı?" soruşurdu. Gah "Göz yaşını ən tez nə qurudar?" kimi suallar verirdi, gah da "İçməli su ehtiyatı nə zaman bitəcək?" soruşurdu. Proqram da səbirlə dinləyir, hər suala uzun-uzadı cavab verirdi.
Əvvəl qorxudan, sonra çaşqınlıqdan donub qalmışdım, bir az da yerimdə tərpənmədən gözləyirdim ki, Flora üzünü çevirib getsin, mən də qayıdım. Floranın getmək fikri yox idi, başqa çıxış yolum olmadığı üçün çevrildim. Hasara dırmaşdım, tullananda "Adəm, Adəm!" - deyə qışqırıq səsi eşitdim. Hər halda məni görmüşdü.
O gecə nar yemədik.
Növbəti gecələrin birində özümü Osmanovun bağına yol alan yerdə tutdum. Bu dəfə məni ora aparan nar həvəsi yox, Floranın davranışları idi.
Flora bu dəfə də həyətdə idi. Yenə bəzənmişdi. Amma telefon əlində deyildi. Qutuları üst-üstə yığmış, telefonu onların üstünə qoymuş, özü də yerdə diz çökmüşdü.
O, telefona, daha doğrusu, süni zəka proqramına sitayiş edirdi. Tez-tez səsi titrəyir, yalvarış, hıçqırıq səsləri artırdı. Proqram isə heç dəyişməmişdi. Eyni templə bütün suallara cavab verməkdə idi.
Floranın suallarının məzmunu əvvəlki kimi dağınıq deyildi. O yalnız konkret suallar verirdi: "Dəyərli olan nədir? Dəyərli olan kimdir? Varlıq nədir? Fədakarlıq nədir? İmtina nədir?" və sairə. Əvvəlki dağınıq fikirli Flora məni görməmişdisə, budəfəki "həbs olunmuş" Flora heç hiss etməzdi. Elə də oldu.
Hasardan içəri tullanıb xeyli nar yığdım, qayıdanda Floranın sualını eşitdim. "Övlad nəyə gərəkdir?"
Bölüyə daxil olanda hamının nar gətirib-gətirməyəcəyim barədə mərcə girdiyini gördüm. Xüsusən, keçəndəfəki "fərasətsizliyim"dən sonra əlidolu gələcəyimə ümidləri azalmışdı.
Narı yeyib yatağa uzandıq.
Kazarmadakı səssizliyi ayaqyolundan gələn damcı səsi pozurdu. Bu altı ayda nə illah eləmişdiksə, o suyu bağlaya bilən olmamışdı. Yuxuya gedənə qədər hər damcı mismar kimi beynimizə sancılırdı. Əsgərlikdə məni əqrəb sancıb, paltarıma bit düşüb, xəstələnmişəm, doxsan altı kilodan altmış beş kiloya kimi arıqlamışam, günlərlə yuxusuz qalmışam, amma heç biri məni o su damcısı qədər yormayıb. Bəlkə, Flora və davranışlarını o günlərdə beynimdə dolaşdırmamağımın səbəbi də bu damcılar idi.
Gündüzlər baş qarışır, axşam sıra düzülüşündən sonra da əsgərlərlə hər cür mənasız söhbətlər gedir, gecələr də damcı imkan vermirdi ki, özümlə baş-başa qalım.
Bir neçə gün də keçdi, artıq nar mövsümünün son dəmləri idi və biz əsgərlər bu kral meyvəsinə ac idik. Yenə mən getdim - bu dəfə öz istəyimlə.
Osmanovun bağına çatanda dayandım.
Özümə söz vermişdim ki, Flora bağda olmasa, heç içəri girməyəcəyəm, başqa həyətə keçəcəyəm. Çünki gəlişimin səbəbi bəlli idi: Flora.
O, yenə bağda idi; mən də özümü xəlvət bağa saldım. Amma Flora tək deyildi. Telefon da yox idi. Yanında on dörd-on beş yaşında bir qız vardı.
Qızın gözlərindən yuxu tökülürdü, uzun saçları dağılmışdı, ayağında ayaqqabı yox idi, qısa şort və kimano geyinmişdi. Qızı, sanki yataqdan götürüb həyətə qoymuşdular.
Flora isə yenə öz kefində idi - bəzənmişdi.
Flora uşağı "Eden", - deyə çağıranda onun öz qızı olduğunu bildim. Neçə ay əvvəl Osmanovla adlar haqqında danışanda qızına Eden adı qoyduğunu demişdi.
Flora asta səslə:
- Eden, bunu mən yox, O istəyir, - dedi.
- Mama, gecədir, yuxunu qarışdırmısan, gecə-gecə məni buna görə çağırmısan?
- Hə, buna görə çağırmışam. Dedim axı, mən yox, O çağırıb.
- Of-f, dəli olacam! Özün kimi məni də dəli edəcəksən, mama. Girək içəri, o, yox, bir bu biri, - qız başını buladı.
İçəri keçmək istəyəndə Flora yenə qızın qolundan tutdu:
- Sənə deyirəm, bu, hökmdür, mənim iradəmlə olan şey deyil. Onun yanına çatmaq istəyiriksə, yeganə yol budur, - danışdıqca səsinin tonu tez-tez dəyişirdi.
- Nə, mama, nədir yol?
- O səni istəyir, qızım, mənim gözəl balamı...
Eden anasına yazığı gəlirmiş kimi baxdı:
- Vallah, mama, daha bəsdir. Sabah papaya da deyəcəyəm, sən xəstəxanalıqsan, səni həkimə aparmaq lazımdı.
- Sabah yoxdu, qızım. O bu gün deyib, günəş çıxana qədər deyib, Günəş doğanda sən də yenidən doğulacaqsan, mən də...
- Mama, ilin-günün bu vaxtı, belə gic-gic söhbətləri hardan tapırsan, bilmirəm, burax qolumu, gedirəm, papanı oyadım.
Eden içəri keçmək istəyəndə anası qolundan bir az da bərk yapışdı. Özünə tərəf çəkdi, qucaqladı və hönkürtü ilə ağlamağa başladı.
Flora ağladıqca Eden sakitləşdi. O da anasını qucaqladı, sonra birlikdə pilləkənə yaxınlaşıb çöməldilər.
Flora:
- Bağışla, qızım, bağışla! - dedi, - Səni incitmək istəmirdim. Bağışla məni!
Eden yenə:
- Keçək içəri, mama. Sabah hər şeyi danışarıq, - dedi.
Flora razılaşanda artıq hasardan aşıb kazarmaya tərəf üz qoymuşdum.
Bu dəfə hasardan tullananda ağacdan qopardığım nar əzilmişdi. Kazarmaya çatanda şalvarımın qıpqırmızı olduğunu gördüm, narın suyu axmışdı.
Qəribəsi bu idi ki, bu dəfə də meyvəni həmişə ağ nar dərdiyim ağacdan qoparmışdım. "Yəqin, necəsə qarışdırmışam", - düşündüm.
Şalvarımı çıxarıb ayaqyoluna girdim. Kranın altına tutdum, qırmızı ləkəni nə qədər yumağa çalışsam da, ləkə azalmadı, hətta mənə elə gəldi ki, qırmızı ləkə getdikcə böyüyür və elə bil, kimsə şalvarımın üstünə dayanmadan qırmızı boya tökür.
Şalvarımı heç cür təmizləyə bilmədiyimi görüb onu kranın altına qoydum və yerimə uzandım.
Bu gecə ilk dəfə idi damcı səsi yox idi. Şalvarım kazarmanı xilas eləmişdi. Səssizlik isə bir neçə dəqiqə sürdü.
Hərbi hissədə heç vaxt eşitmədiyim səs gəlirdi. Qoyun mələyirdi.
Qoyun elə mələyirdi, elə mələyirdi... Fasiləsiz, boğazını yırtaraq.
Qoyun hava işıqlanana qədər susmadı.
Hava işıqlananda hərbi hissənin həyətini çığır-bağır bürüdü.
Hamı çölə qaçdı. Mən də ayaqyolundan yaş şalvarımı əynimə keçirib bayıra cumdum. Hamı eyni istiqamətə gedirdi - şəhərciyə...
Gəldik, gəldik, gəlməz olaydıq. Bəlkə də, mən dünən getməz olaydım...
Osmanovun həyətinə çatanda o dəhşətli mənzərəni gördüm.
Eden yerdə uzanmışdı. Ayaqları gömgöy göyərmişdi. Dizindən aşağı hərbi forma atmışdılar. Əlləri yana açılmışdı, saçları hələ də dağınıq, gözləri isə açıq idi...
Boğazı kəsilmişdi...
Ağacların arasında hələ də var qüvvəsi ilə mələyən qoyun dayanmışdı.
Qoyundan bir az aralıda gözləri alışıb-yanan, üzündən məmnuniyyət yağan Flora dizlərini yerə atmışdı. Ağacdan salladığı telefona baxır, telefondan cavab gözləyirdi.
O bir əlində tutduğu bıçağın qanını o biri əlindəki köynəyə silirdi.
Köynəyin üstünə "Hermes" yazılmışdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!