Məfkurə adamı - Adil Cəmil Ramiz Əskər haqqında yazır

Bu xəbəri eşidəndə inanmadım. Necə inanasan ki, bir neçə gün öncə bir yerdə oturub çay içə-içə olub-keçəndən və yaxın gələcəkdən danışdığın insan indi varlığını əbədi sükuta təslim edib...

Ramiz Əskər mənim tələbə yoldaşımdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə eyni vaxtda - 1972-ci ildə daxil olmuşuq. O, orta məktəbi qızıl medalla bitirdiyi üçün digər abituriyentlərdən fərqli olaraq cəmi iki imtahan verib, ikisindən də "əla" qiymət alaraq universitetə daxil olmuşdu. Birinci kursun ilk günlərindən hər kəsə qeyri-adi görünən arıq, çəlimsiz, lakin məntiqli və təfəkkürlü bu oğlanla səmimi münasibətlərimiz yaranmışdı. Mən tələbə yataqxanasında yer ala bilməyib məyus olanda Ramiz məni 2-ci Yasamal küçəsində kirayənişin qaldığı evə - Məsmə xalanın yarımzirzəmisinə apararaq öz otağında yer vermişdi... Bir il bir otaqda qaldığım müddətdə mən ondan çox şeylər öyrənmişdim. Bunların ən vacibi yuxusuz və gərəksə ac qalmaq idi ki, oxumaq naminə iradə nümayiş etdirməliydin. Məndən fərqli olaraq o, səbirli və dözümlü idi. Elə gecələr olurdu ki, sabahı əlində kitab açırdı... Üçüncü kursu əla qiymətlərlə bitirdi. Dördüncü kursdan Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirdi. Bakıya qayıdanda öncə Radio-Televiziya verilişləri Komitəsində, sonra isə müxtəlif mətbuat orqanlarında rəhbər  vəzifələrdə çalışmağa başladı. Ramiz jurnalistikaya azad fikir, sərbəst düşüncə gətirdi. "Odlar yurdu" qəzetinə rəhbərliyi dövründə bu demokratiyanın, yurddaşlıq və vətəndaşlığın bariz nümunəsini gördüm. Lakin mətbu yazılar onun mənəvi ehtiyacını tam ödəmək qüdrətində olmadığı üçün o, publisistikadan elmə baş vurdu. Azərbaycanda ilk dəfə olaraq Mahmud Kaşğarinin "Divanü-lüğat-it türk" və Yusif Balasaqunlunun "Qutadğu biliğ" əsərlərini araşdırmaya cəlb edərək onlar haqqında namizədlik və doktorluq dissertasiyaları yazdı.

Türkologiyamızda Ramizin müstəsna xidmətləri həm də onunla ölçülür ki, o, tədqiq etdiyi əsərin tərcüməsini, izah və şərhini də öz üzərinə götürməkdən çəkinməyib. Türk xalqlarının vahid kökdən qaynaqlanan, sonradan şaxələnmiş fərqli dilləri Ramiz Əskər üçün anlaşılmaz deyildi. Malik olduğu mütərcimlik səriştəsi ona 50-dən artıq kitabı dilimizə çevirmək imkanı yaratmışdı.

Rus, alman, türk, özbək, qazax, türkmən, qırğız, uyğur, tatar, başqırd, qaqauz dillərindən tərcümə etdiyi kitablar humanitariyamız, daha dəqiq söyləsək türkologiyamız üçün olduqca dəyərli nəşrlərdir.

Azərbaycanın şöhrət ordenli Əməkdar jurnalisti, filologiya üzrə elmlər doktoru, professor Ramiz Əskər Orta Asiyadakı türk dövlətlərinin, o cümlədən Türkiyə Cümhuriyyətinin ali mükafatlarını, orden və medallarını almış qürurverici yurddaşımız, dəyərli ziyalımızdır. Gələcək nəsillər onun araya-ərsəyə gətirdiyi kitablardan mənbə və məxəz kimi istifadə edəndə görkəmli tədqiqatçıya və tərcüməçiyə dönə-dönə rəhmət oxuyacaqlar...

İçində böyük bir türk sevdası qaynayan professor Ramiz Əskər yorulmadan, usanmadan həyatının mənasını bu məsləkə xidmətdə gördü. O, heç zaman sağlamlığının qeydinə qalmadı, istirahətin nə olduğunu bilmədi. Ümumtürk mənafeyinə xidməti özünün məfkurəsi hesab etdi.

Məkanın cənnət olsun, məfkurə adamı. Zaman səni bizdən alıb zamansızlığa, ölməzliyə yola saldı...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!